Türkiyə prezidentliyinə keçmiş namizəd bu gün seçkilərin ikinci turunda Ərdoğanı dəstəkləyəcəyini açıqlayacaq...
Poliqon xəbər verir ki, bu barədə Türkiyənin Hürriyet qəzeti mənbələrə istinadən məlumat yayıb. Qəzet yazır ki, “Ata” ittifaqından Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan bu gün, mayın 22-də prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğana dəstək verəcəyini açıqlayacaq.
Nəşrin məlumatına görə, Sinan Oğan Türkiyənin hazırkı prezidenti ilə danışıqlar nəticəsində əldə olunan razılaşmaları da açıqlayacaq.
Qəzetin köşə yazarı Abdulkadir Selvi öz mənbəsinə istinadən yazır: “O, Kılıçdaroğlunu (dəstəkləməyəcəyini bəyan edəcək, çünki terror CHP təşkilatlarını dəstəkləyir”.
Hürriyet qəzeti yazır ki, Rəcəb Tayyib Ərdoğan Sinan Oğanla şəxsi görüş keçirib. Danışıqlar bir saata yaxın davam edib və görüşün nəticələri hər iki tərəf üçün uyğun olub.
Sinan Oğan Türkiyənin hazırkı prezidentinə dəstək elan etməklə yanaşı, cənab Ərdoğanla görüşdən sonra əldə olunan razılaşmanın bəndlərini də təqdim edəcək. Onların arasında, Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi; bütün növ terror təşkilatlarına qarşı mübarizə; qaçqınların tədricən deportasiyası; iqtisadi siyasətin beynəlxalq bazarlara uyğun inkişafı və faiz siyasətində daha çox çeviklik kimi maddələr var.
Qeyd edək ki, seçkilərin birinci turunun nəticələrinə görə, Sinan Oğan seçicilərin 5,17 faizinin dəstəyini qazanıb. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb. Ana müxalifət namizədi Kamal Kılıçdaroğlu - 44,88%. Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.
Poliqon.info