Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şərq və Qərb: Romeo Məcnuna qarşı

Vüsal Məmmədov


Şərq və Qərb təfəkkürü arasındakı fərqi anlamağın ən yaxşı yolu Romeo ilə Məcnunu müqayisə etməkdir. Çünki onlar sadəcə iki nakam aşiq deyillər; biri Qərb praqmatizminin, digəri isə Şərq dekadans romantizminin tipik örnəyidir. 

Romeo qızı sevir və qarşısına konkret məqsəd qoyur: onunla evlənmək, heç olmasa sevişmək. Və bunun uğrunda mübarizə aparır, lazım gələndə lap qılınca əl atır. Məqsədinə də qismən çatır – Cülyetta onu yatağına buraxır.

Məcnun isə qızı sevir və `yox` cavabı alanda üz tutur səhraya. Hətta ikinci dəfə cəhd belə etmir. Burada ən maraqlısı Leylinin atasının verdiyi rədd cavabıdır: `Məcnun deyə tən edir xəlayiq...` Yəni hələ Leyliyə elçi getməmişdən Qeys dəli (məcnun) olmuşdu. Olmasaydı, qızı verəcəkdilər. Belə bir qəribə qapalı dairə alınır: Leylini ona görə vermirlər ki, Qeys dəlidir, Qeys isə ona görə dəlidir ki, Leylini vermirlər. 

Baxın, Şərqin (mən Uzaq Şərqi yox, islamın yayıldığı Yaxın və Orta Şərqi nəzərdə tuturam) bütün `müdrikliyi` bu cür qapalı darələrin içində gəzişməkdən ibarətdir. Bölgədə kütləvi şüura hakim olan din bu cür qapalı dairənin içində qurulub, Şərq fəlsəfəsi bu cür qapalı dairənin ətrafında fırlanmaqdan başqa bir şey deyil.

Romeo onu Cülyetta ilə evlənməyə qoymayan ictimai normalara qarşı savaşır. Onun protestinin konkret hədəfi var. Məcnun isə cəmiyyəti protest edərək, səhraya gedir. Onun bu protestinin heç bir konkret ünvanı, məqsədi yoxdur. Məqsəd Leyliyə qovuşmaq deyil (imkan düşəndə bundan imtina edir); məqsəd Leylini ona verməyənlərin cəzalandırılması da deyil (Məcnun onların tərəfində Nofələ qarşı vuruşur). Sadəcə olaraq, Qeys məcnunluq prosesinin özündən ləzzət alır. Sevgilisi üçün ağlayıb-sızlamaq, çöllərə düşmək, ata-anasını çərlədib öldürmək ona həzz verir. O, bir növ `emo-boy`dur, mazoxistdir. 

Romeo sanki qışqıraraq, bütün cəmiyyətə deyir: `Əl çəkin,imkan verin, istədiyim kimi xoşbəxt olum!`
Məcnun sanki qışqıraraq, bütün cəmiyyətə deyir: `Əl çəkin,imkan verin, istədiyim kimi bədbəxt olum!` 

Bax, bu, çox vacib nüansdır. Qərbdəki bütün canatmaların hədəfində insan və onun xoşbəxtliyi durur. Şərqdə isə mücərrəd ideyalar və insanın bədbəxtliyi. Şərq öz insanını daha keyfiyyətli şəkildə, daha ustalıqla bədbəxt olmağa dəvət edir. Bunun üçün böyük fəlsəfələr, dinlər, incəsənət növləri yaranıb. Məsələn belə: Qardaş, bədbəxtsən? Lap yaxşı, amma belə quru-quru bədbəxt olma, al, sənin üçün əruz vəzni - poetik bədbəxt ol; al, sənin üçün mərsiyə və muğam – musiqili bədbəxt ol; al, sənin üçün din – ümidli bədbəxt ol... İnsanlar da bunları alır və çox mükəmməl şəkildə, peşəkar bədbəxt olurlar. 

Şərq öz insanına protest mədəniyyətini öyrətmədi. Ona görə də, Avropada üçüncü məzhəb – Protestantlıq formalaşanda, Şərqdə onun anoloqu ortaya çıxmadı... ortadakı bütün mərhələləri buraxaraq, işin nəhayətinə gəlirəm ki, bugünün özündə də protest kontrkulturasının incəsənətdəki əksi olan rok musuqisi Şərqdə yoxdur, `rok` adı altında isə elə həmin dekadans sevgi mahnıları oxunur: `Ne olurdu, benim olsan`. Oysa, Con Lennon hələ 60-cı illərdə `Xəyal et ki, heç bir din yox` oxuyurdu. Bu gün Kırac formaca roker olsa da, məzmunca elə həmin Məcnun yolunun davamçısıdır.

Bizi əsrlərdir inandırmağa çalışırlar ki, Məcnununku saf, təmiz sevgi olub. Söhbət bunda deyil. Romeonun da sevgisi saf, təmiz və güclü idi: sevgilisi olmadan yaşamayacaq qədər. Söhbət ondadır ki, bu sevgi, bu enerji nəyə yönəlib? Romeonun sevgisi konkret qıza yönəlmişdi – bayaqkı `hər şeyin kökündə insan dayanıb` mövzusuna qayıdırıq. Məcnunun sevgisi isə mücərrəddir, konkret insana yönəlməyb. Belə deyək, avtonom bir sevgidir. Leyli sadəcə bəhanədir, o, həmin sevgi mexanizminin işə düşməsi üçün açardır – bir dəfə buruldu, vəssalam, daha bundan sonra Leyli lazım deyil. Əhvalatın qalan hissəsində Leyli sadəcə butaforiyadır. Məcnunun sevgisi tətbiqi olmayan enerjini xatırladır. Məsələn, Atəşgahdakı od kimi - əsrlərdir ki, yanmaq xətrinə yanır, amma hansısa Avropa ölkəsində olsa, yəqin, çoxdan onun üstündə buxar turbinindən-zaddan qurmuşdular. Romeonun sevgisi tətbiqidir, ona görə də enerjisinin yönəldiyi ünvan var və bu enerji işə çevrilir. Məcnunun enerjisi isə içində qalır və onu dəli edir. Bugünün Şərq cəmiyyətləri kimi.

Fikir vermisinizmi, Şərq cəmiyyətləri nə qədər aqressivdir? Həmin məsələdir – onların da enerjisi içində qalıb, tətbiq sahəsi yoxdur. Onlar da son məqsədlərlə maraqlanmırlar, prosesin özündən həzz alırlar – dəlilik edək, yıxaq, dağırdaq, sonra da baxarıq da...

Bu yerdə qadın amilinə də toxunmaq lazımdır. Məsələ ondadır ki, Məcnun Romeodan xeyli fərqlənsə də, Leyli Cülyettadan o qədər də fərqlənmir. Cülyetta Romeo ilə yatdığı kimi, Leyli də Məcnunla yatmaq istəyir, hətta buna imkan da yaradır. Amma bu, Romeoya lazım olduğu halda, Məcnuna lazım deyil. Leyli daha praqmatikdir, məqsədəyönümlüdür. Onun üçün sevgi bir yerdə olmaq üçün vasitədir. Amma Məcnun üçün yox – Məcnuna görə sevgi heç bir məqsədə yönəlməyən abstraksiyadır, praktikada tətbiqi ola bilməz.

Yəni Şərqin qadını Qərbin qadınından fərqlənmir; kişisi fərqlənir və məhz kişinin fərqlənməsi arada bu boyda bir uçurum yaradır. 

Zənnimcə, Şərq kişisində - xüsusilə də sami mədəniyyətini daşıyan xalqlarda,- buna görə qadınlarla bağlı bir qorxu var: onlar daxilən, alt şüurlarında bilirlər ki, qadınlar daha realist və praqmatikdirlər. Ona görə də həmişə qadının qarşısını kəsməyə, imkanlarını məhdudlaşdırmağa çalışırlar.

Bu gün Şərq hələ də Məcnun təfəkkürü ilə yaşayır. Məni qınaya bilərsiniz, amma orada oturuşmuş dövlətçilik institutlarının yoxluğu, işlək siyasi sistemlərin formalaşmaması, kütlələrin başıpozuqluğu həm də bununla bağlıdır. Onlar üçün son məqsəd olaraq Dövlət hələ də yoxdur, necə ki, Məcnun üçün son məqsəd olaraq Ailə yox idi. Şərq cəmiyyətləri üçün bugünün özündə də yalnız mücərrəd ideyalar var. 

Şərq xalqları da babaları Məcnun kimi prosesdən həzz alırlar. Onlarda bir növ siyasi mazoxizm var. Çıxış yolu isə təfəkkürün dəyişməsidir. Romeo təfəkkürünə keçmək lazımdır. Yəni mübarizənin, çarpışmanın və qurbanların MƏQSƏDİ olmalıdır. Abstraksiyalardan uzaqlaşmaq vaxtıdır. Əks halda Qərbin sevgilisi ilə yatıb kama çatmış romeoları Şərqin nakam məcnunlarını hələ çox idarə edəcək.(azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

İslam dünyası niyə geridədir? – Tarixi dəyişən mıx

Dünyanın ən gözəl ölüsü, yaxud, ölümün səlis məntiqi

“Ölüm” sözünün türk şüurundakı gizli kodu

“Game of Thrones”dan çıxan 10 dərs – Siyahı

Ən çox oxunanalar