Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəhman Rəhmanov: “İndi hər kəs tükü-tükdən seçməyi bacarır…”

Aktyor Rəhman Rəhmanov artıq 40 ildən çoxdur ki, öz həyatını A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına bağlayıb. Bununla yanaşı, aktyor bir sıra bədii filmlərə çıkilib, tamaşa və komediyalarda rol alıb. Əməkdar artist adına və Prezident Mükafatına layiq görülən R.Rəhmanov bu gün də öz yaradıcılığına ustalıqla davam edir

Beləliklə musavat.com-un bu dəfəki qonağı sevimli aktyor Rəhman Rəhmanovdur. Onunla çalışdığı Kukla Teatrındakı qrim otağında tamaşa öncəsi görüşdük, söhbətləşdik:

- Yaradıcılığınızda son vəziyyət necədir?

- Yaxşıdır. Əgər teatrda, kinoada sənət adamına tələbat, yer varsa, deməli onun vəziyyəti yaxşı sayılır. Şükürlər olsun ki, mənə də bu gün tələbat var, televiziya kanallarının hər biri məni verilişlərə dəvət edir. Hazırda isə yeni filmə çəkilmişəm, yaxın günlərdə premyerası keçiriləcək. Doğrudur, yeni seriallara çəkilmirəm. Səbəb də budur ki, səhhətimdə bir sıra problemlər var və bu da mənə imkan vermir. Seriala xüsusən də baş rola çəkilmək üçün hər seriala heç olmasa bir dəftər söz əzbərləmək lazımdır. Lakin səhhətim imkan vermir ki, mən çoxlu sayda mətn əzbərliyim, hazırlayım və yaxud saatlarla çəkiliş meydançasında qalım.

- Yeni çəkildiyiniz film bədii filmdir?

- Bəli, professional şəkildə hazırlanan filmdir. Təxminən yanvar ayında təqdimatı olmalıdır. Filmin hələlik şərti adı “İkili həyat” adlanır. Yəqin ki, təqdim olunanda adı dəqiqləşəcək. Qeyd edim ki, rejissoru İzzət Əzizovdur.

- “İkili həyatı” televiziya ekranlarında görə biləcəyik?

- Əlbəttə, yanvar ayında kinoteatrlarda, daha sonra isə televiziya ekranlarında təqdim olunacaq. Bildiyim qədər kinoetatrlarda film 1 seriya, televiziya ekranlarında isə 2 seriya şəklində veriləcək.

- Bu günə qədər sizi televiziya ekranlarında yayımlanan 2 filmdə, “Kişi sözü”, “Yoxlama”da görmüşdük...

- Yox, çəkildiyim filmlərim çox olub. Bunlardan başqa “C.Cabbarlı” adına film studiyasının çəkdiyi 8 filmdə rol almışam. “Kişi sözü”ndə kiçik epizoda çəkilmişdim, lakin bu da bir işdir. Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Gənc qadının kişisi” filmində də iştirak etmişəm. Həmin filmdə mənim tərəf müqabillərim görkəmli sənətkarımız Həsən Turabov, xalq artisti Əjdər Həmidov olub. Onu da qeyd edim təxminən 80-ci illərə təsadüf edən bu filmi görkəmli rejissorlarımızdan biri Cahangir Mehdiyev çəkib. Həmin illərdə digər filmlərdə, o cümlədən “Dəvətnamə”, “Kəndim+nizə qayıdın!?” çəkilmişəm. Hazırda digər filmlərin adlarını xatırlamıram... Lakin qeyd edim ki, zamanında, təxminən 7-8 il bundan əvvəl türklərin çəkdiyi serialda da yer almışam. Hətta bir-birinin ardınca 50 serialda oldum. Komediya üslubunda olan bu serialda yaxşı bir tipi canlandırırıdım. Lakin sonradan serial tipini tərgitdim, daha çəkilmədim.

- Səbəb sırf səhhətiniz və vaxtla bağlıdır, ya başqa məqamlar da var?

- Yox, qeyd edim ki, hazırda gözəl seriallarımız, aktyor kollektivi var, işləyirlər. Doğrudur, zəif seriallar da var, lakin yaxşılarını da demək lazımdır. Bir az öncə də qeyd etdim ki, mənim hazırda seriallara çəkilməyə fiziki imkanlarım yoxdur, 61 yaşım var, çox mətn əzbərləyə bilmərəm. Lakin teatrda bu vəziyyət başqadır. Burada bir ay məşq edib, mətni tam qavrayır, əzbərləyirsən, bu zaman tapıntılar da olur. Serial isə mətni əlinə alıb, 1-2 günə çəkiliş meydançasına çıxırsan. Belə olduqda yaradıcılıq da olmur.

- Bir qədər öncə komediyalardan söz açdız. Hazırki komediyalar sizi qane edirmi?

- Doğrudur, məni qane etmir. Buna baxmayaraq gəncləri qane edir və qoy elə bu cür də olsun. Çünki dövr, zaman başqadır. Məsələn, bizim kohnə komediya filmlərinə yüz dəfə baxdıqca yenə də doymursan, bir daha baxmaq istəyirsən. Çünki zamanında böyük sənətkarlarımız həmin komediyalara öz möhürlərini vurublar. Lakin indiki filmə bir dəfə baxdıqdan sonra ikinci dəfə baxmaq istəmirsən.

- Sizi daha çox nə qane etmir?

- Bayağılıq, sünilik bir qədər çoxdur. Lakin yaxşı aktyorlarımız var, onlardan yaxşı istifadə etmək olar. Bayağılıq tamaşaçının da zövqünü korlayır. Həmçinin ləhcələrə də çox yer verilir. Bu, düzgün deyil. Ləhcədən bir- iki filmdə istifadə etmək olar, o da hansısa obrazı yaratmaq üçün. İndi isə aktyor özü hansı rayondandırsa, o ləhcə ilə işləyir, bu qəbuledilməzdir. Məsələn, əgər film bir kənddə çəkilirsə, həmin kəndin ləhcəsindən istifadə etmək olar. Lakin baxırsan ki, bir kənddə çəkilən filmdə müxtəlif ləhcələr səslənir. Məsələn, filmdə hadisələr Gəncədə baş verirsə, təbii ki, burada Gəncə ləhcəsi olmalıdır. Amma maşallah, görürüsən ki, filmdə həm Quba, Qazax ləhcəsi qarışıb bir-birinə. Bunu nə məzə üçün, nə də maraq üçün etmək olmaz, tamaşaçını nəzərə almaq lazımdır. Axı camaat avam deyil, indi hər kəs tükü-tükdən seçməyi bacarır, elə şeylərə qiymət vermir.

- Bəzən rejissorlarımız bu haqda söz düşəndə Türkiyə seriallarını nümunə göstərirlər ki, “baxın, onların ən məşhur filmlərində ləhcələrdən istifadə edilir, tamaşaçılar da qəbul edir”...

- Əlbəttə ki, ləhcədən qaydasında və yerində istifadə olunanda qəbul edilir. Bizim də bir çox aktyorlarımız var ki, onların ləhcədən istifadə etməsi yerinə düşür, yaxşı alınır. Məsələn, Fərda, Müşfiq, Elməddinin bir neçə filminə baxmışam, onlar qaydasında istifadə edir. Eləcə də “Bozbaş Pictures”in aktyorlarının da ləhcəsi yerinə düşür.

- Bəs “Bu şəhərdə”nin konsertlərini bəyənirsiz?

- “Bu şəhərdə”nin aktyorları peşəkardır, onlar çox yaxşı işləyir. Mən onlara heç irad söyləyə bilmərəm.

- İllər öncə bu cür dueti ilk dəfə siz və Çingiz Əhmədov başlatmışdız. “Ordan-burdan” adalanan komediyalarınız xeyli tamaşaçı kütləsi də toplaya bilmişdi. Lakin sonra nə baş verdi, niyə birliyiniz pozuldu?

- “Ordan-burdan” təxminən 10 il davam etdi, birlikdə xeyli çalışdıq. Lakin sonra mənim başıma işlər gəldi, övladım dünyasını dəyişdi, beləliklə bədbinləşdim, komediya işləyə bilmədim. Yəni komediya ab-havası artıq məndə alınmırdı. Bunun üçün də “Ordan-burdan” dağıldı. Bəlkə də davam edə bilərdik, lakin alınmadı, mənə görə oldu… Amma qeyd edim ki, bu işin birincisi mən və Çingiz Əhmədov olub.

- O zamankı tamaşaçı ilə indiki tamaşaçısının arasında hansı fərqləri görürsüz?

- O vaxtkı tamaşaçı teatra gedirdi, tamaşalardan, bədii filmlərdən, klassik və xalq musiqilərindən, baletlərdən mənəvi qida alırdı. Lakin indiki tamaşaçı internetdən, xaricdə çəkilən filmlərdən mənəvi qida alır, bəhrələnir. Bildiyiniz kimi xaricdə çəkilmiş filmlərdə də aqressiya, stress çoxdur. Əlbəttə ki, bu da insanların psixologiyasına pis təsir göstərir.

- Uzun illərdir ki, Kukla Teatrında çalışırsız. Ötən illərlə müqayisədə indiki uşaqları təəccübləndirmək çətin deyil?

- Çox qəribə olsa da deyim ki, çox çətindir. Lakin Kukla Teatrının kollektivi olaraq bu çətinliyin öhdəsindən gəlir, bacarırıq. Bəli, uşaqlar bizə, oynadığımız nağıllara inanır, bəzən özləri də səhnəyə çıxıb iştirak edirlər. Bununla da mən və sənət yoldaşlarım çalışırıq ki, uşaqlar bizə inansın və bu bizdə alınır.

- Artıq bir neçə gündən sonra 2018-ci ili də geridə qoyacağıq. Geridə qoyacağımız ildə hansı olaylar sizi sevindirdi, təəccübləndirdi və yaxud kədərləndirdi?

- Şəxsi həyatımda bu il sakitlik olub, yəni elə bir qanı qaraldan hadisə yaşanmadı. Lakin çox sevinirəm ki, bu ildə sənətdən geri qalmadım, çalışdım, hətta filmə çəkildim. Bir sirri də açım, bu yaxınlarda AzTV mənim yaradıcılığım haqqımda sənədli film çəkdi. İlk dəfədir ki, dövlət televiziyası Kukla Teatrının aktyorunun işinə müraciət edib. Çünki zarafat deyil, artıq 45 ildir ki, mən kişik tamaşaçılara xidmət edirəm. Sözsüz ki, teatrın tamaşalarında, filmlərdə mənim də sözüm olub, mütəmadi tamaşaçıların qarşısında olmuşam. Çox sevinirəm ki, sənətdə ad siyahısında mənim də yerim var.

- Bəs qarşıdan gələn yeni ildən hansı gözləntiləriniz var?

- Teatrda yeni tamaşa hazırlamağı düşünürük. Abdulla Şaiqin “Tülkü və leylək” tamaşasını hazırlamaq istədim. Çox sağ olsun ki, teatrın rəhbərliyi bu istəyimi qəbul etdi. Düşünürük ki, gələn il bu tamaşanı hazırlayaraq, təhvil verək”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Ən çox oxunanalar