Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Parkovka” pulu saatı 1 manata – Nazirlər Kabinetinin yeni qərarı kimlərin cibini dolduracaq?..

Belə görünür ki, Azərbaycan Nazirlər Kabineti ölkədəki bütün iqtisadi, sosial, infrastruktur, nəqliyyat və s. problemlərin yeganə və olduqca “kreativ” həlli yolunu tapıb - qiymətlərin artırılması!..

Bir müddət əvvəl Nəqliyyat naziri bəyan etdi ki, taksi xidməti qiymətləri çox aşağıdır və mütləq artırılmalıdır. 3 gün əvvəl isə Nazirlər Kabineti nəqliyyat vasitələrinin parklanmasına görə yeni ödəniş məbləğlərini təsdiq etdi. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzaladı. Qərardan belə məlum olur ki, parkinq qiymətləri Bakının mərkəzində 1 saata görə 1 manatdan başlayaraq, mərkəzdən kənar zonalara keçdikcə, 70, 40, 30 qəpik müəyyənləşdirilib. Bu o deməkdir ki, qiymətlər, məsələn, paytaxtdakı iri ticarət mərkəzlərinin dayanacaqlarındakı onsuz da yüksək olan hazırkı qiymətlərdən də xeyli baha olacaq. Əgər əvvəllər bu dayanacaqlarda birinci saata görə bir manat, sonrakı saat intervallarında isə daha az məbləğ ödənirdisə, indi hər saata görə bir manat ödənməli olacaq.

Məlum məsələdir ki, bu qərarı verənlər işə, yəni yayda sərin, qışda isti, lyuks kabinetlərinə yüz minlərlə qiyməti olan xidməti maşınla gəlirlər, parklamaya görə pul ödəmirlər və təbii ki, “quru maaşla” da dolanmırlar. Belələri ayda 600-700 manat maaş alan, işə ucuz və köhnə maşında gələn müəllimi, hansısa texniki işçini, satıcını, tibb bacısını və “qara camaat” kateqoriyasına aid olan digər vətəndaşları necə anlaya, başa düşə bilər?

Ayda ortalama 25 iş günü və hər gün saatı bir manatdan 8 iş saatı nəzərdə tutsaq, bu, aya 200 manat edir. Yəni, şəhərdə işləyən vətəndaş ayda azı 200 manat parklamaya görə pul ödəməlidir. Azərbaycanda minimum əmək haqqı 345 manat, orta əmək haqqı isə (guya) 830 manatdır. Deməli, maşını olan vətəndaş üçün gündəlik parkinq xərci minimum əmək haqqının təxminən 60 faizi, orta aylıq əmək haqqının isə az qala 25 faizini təşkil edəcək. Görəsən, hər qiymət artımında “beynəlxalq təcrübə”, “dünya bazarındakı qiymətlər” bəhanəsi gətirən hökumət üzvləri və onlara haqq qazandıran “ekspertlər” dünyanın hansı ölkəsində minimum və orta aylıq maaşlarla parkinq qiymətləri arasında belə bir “mütənasiblik” olan ölkə göstərə bilərlər? Bəli, Avropanın varlı ölkələrinin paytaxtlarında parkinq bir neçə avro təşkil edir. Ancaq orada insanların minimum əmək haqqı 200 dollar, orta əmək haqqı isə 490 dollar deyil... 

Əgər məqsəd şəhərdə nəqliyyatın sıxlığını azaltmaqdırsa, bunun üçün ilk növbədə bərbaddan da bərbad durumda olan ictimai nəqliyyatı qaydaya salmaq lazımdır. Bakının ətraf qəsəbələrindən işə öz ucuz avtomobili ilə gələnlərin böyük əksəriyyəti bunu kefindən etmir. Normal ictimai nəqliyyat olsa, heç kim öz pulunu və əsəblərini sərf edib şəxsi avtomobililə mərkəzə gəlməz. Əgər Bakıdakı hazırkı ictimai nəqliyyata ümid etsələr, bu insanlar işə çatmaq üçün az qala bir gün əvvəldən yola çıxmalıdırlar...

Digər yandan, hazırda paytaxtdakı ən nəzarətsiz, “başıpozuq”, pərakəndə sahələrdən biri parklama yerləridir. Onların nə rəsmi xəritəsi, nə bəlli yerləri, nə də sahibləri məlumdur. Bilinmir, hansı dövlətindir, hansı özəldir və sair. Burada işləyən imkansız, yaşlı adamların isə böyük əksəriyyətinin nə əmək müqaviləsi var, nə də buna uyğun sosial təminatı. Bu gün parklanma nəzarətçiləri faktiki qeyri-leqal işçilərdir və çalışdıqlarının qarşılığı olaraq onların təqaüdü, sosial təminatı həyata keçirilmir. Həmçinin, parklanmaya nəzarət edən müasir elektron cihazlar, avadanlıqlar olmalıdır, parklanma yerlərinin ünvanları şəffaf şəkildə müvafiq qurum tərəfindən müəyyən və elan edilməlidir, parklanma nöqtələrindən yığılan pulun normal şəkildə vergisi ödənməlidir. Bütün bunların hansı var? Heç biri. Bəzi mütəxəssislər hesab edirlər ki, bu sahədə ildə 50 milyon manata yaxın vəsait vergidən yayındırılır. Yəni, tam sistemsiz, nəzarətdən və rəsmiyyətdən kənar, cəngəllik qanunları ilə idarə olunan sahə. Ancaq nə olsun? Əvəzində, bu “başıpozuq bazar”a yeni və baha qiymətlər təyin edən Nazirlər Kabinetimiz var...

Bəs bu qiymət artımı nəyə və kimə xidmət edir? Xüsusilə də Bakıda parkinq yerlərinin kimlərə məxsus olduğu, kimlərin arasında bölüşdürüldüyünü bu sahədən xəbərdar olanlar çox yaxşı bilirlər. Bu barədə mətbuatda dəfələrlə yazılar gedib, açıqlamalar verilib, konkret adlar çəkilib. Nazirlər Kabinetinin iyulun 25-dən qüvvəyə minəcək yeni parkinq qiymətlərinin də məhz həmin adamların ciblərinin doldurulmasına xidmət edəcəyi heç bir şübhə doğurmur.

Ümid edək ki, Nazirlər Kabinetimiz bununla məhdudlaşmayacaq, “kreativlik” göstərməkdə davam edərək, məsələn, dayanacaqda avtobus gözləyən vətəndaşlardan da dayancaqda durduqları üçün hər dəqiqəyə görə ödəniş tələb edəcək...

Cəlal Məmmədov (AzPolitika.info)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar