Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Time: Zelenski Qərbin onu satdığını düşünür

“Ən qəribəsi odur ki, dünyanın bir hissəsi Ukraynadakı müharibəyə öyrəşib”

Ukrayna Prezidenti Volodimir Zelenski dünyanın müharibədən yorulduğunu, Qərbin isə onu satdığını düşünür. Ona görə Kiyevdə artıq çoxdan heç də hər kəsin qələbəyə inanmadığını bildirib.

Bu barədə “Time”-ın reportyoru Saymon Şusterin oktyabrın 30-da dərc  etdirdiyi Ukrayna prezidenti və onun mübarizə yoldaşları ilə danışıqlarını əks etdirən məqaləsində deyilir.

Məqalə Volodimir Zelenskiyə, komandasının üzvlərinə, həmçinin Ukrayna prezidentinə yaxın anonim mənbələrə əsaslanıb.

Reportyor 2022-ci ilin aprelində iki həftə prezidentin ofisində olub, bundan sonra müharibənin ilk aylarında V.Zelenski haqda mətn yazıb.

Məqalədə 2024-cü ilin yanvarında S.Şusterin Ukrayna müharibəsini əks etdirən kitabının nəşr olunacağı qeyd edilib.

Saymon Şusterin yeni materialı Volodimir Zelenskinin ABŞ-a sentyabr səfərinin təsvirindən başlayır.

Mətndə Zelenskinin səfər zamanı dalğın və həyəcanlı göründüyü yazılır. O özü bunu müttəfiqlərini onların köməyi sayəsində Ukraynanın rus ordusuna qalib gələ biləcəyinə inandırmaqdan yorulması ilə izah edib.

“Heç kəs bizim qələbəmizə mənim qədər inanmır. Heç kəs”, – deyə Zelenski bu səfərdən sonra “Time”-a verdiyi müsahibəsində deyib.

Prezident əlavə edib ki, amerikalı siyasətçilər ona Ukraynanın ABŞ-ın köməyindən məhrum olduğu təqdirdə nə baş verəcəyi ilə bağlı birbaşa sual veriblər.

“Biz uduzacağıq”, – Zelenski onlara cavab verib:

“Ən qəribəsi odur ki, dünyanın bir hissəsi Ukraynadakı müharibəyə öyrəşib. Müharibədən yorğunluq dalğa kimi üstümüzə gəlir. Siz onu ABŞ-da da, Avropada da görürsünüz. Və biz görürük ki, bir az yorulan kimi baş verənlər onlara (Qərb ölkələrinin sakinləri) serial kimi görünür. Mən buna onuncu dəfə baxa bilmərəm”.

Mətndə qeyd edilir ki, Zelenskinin səfəri Ukraynanın ABŞ tərəfindən dəstəklənməsinin aşağı düşməsinə təsir göstərməyib. “Reuters”in sorğusu göstərib ki, Ukraynaya tədarükün artmasını amerikalıların 41%-i dəstəkləyir, iyunda bu rəqəm 65% idi.

“Time”ın həmsöhbətlərindən biri, Zelenskinin yaxın çevrəsinə daxil olan şəxs qeyd edir ki, Prezident Kiyevə “hirsli” dönüb:

“O gəlir, xəbərlər alır, əmrlər verir və gedir”, – komandasının qocaman iştirakçılarından biri prezidentin davranışını bu cür təsvir edir. Daha bir mənbə isə deyir ki, Zelenski Qərb müttəfiqlərinin “onu satdığını” hiss edir, belə ki, Ukrayna qələbə üçün zəruri olan silahları almır”.

Zelenski komandasının “Time” tərəfindən sorğu edilmiş üzvləri, bununla yanaşı, qeyd ediblər ki, Prezident qəti şəkildə Ukraynanın tam qələbəsinə inanır:

“O özünü aldadır, – onlardan biri deyib. – Bizim variantımız yoxdur. Biz qələbə çalmırıq. Amma gəl bu gerçəyi ona söylə”.

Prezidentsə jurnala müsahibəsində Rusiya hakimiyyəti ilə danışıqlara getmək ehtimalını nəzərdən keçirmədiyini söyləyib:

“Bu, bizim üçün gələcək nəsillərə açıq yara qoymaq deməkdir. Bəlkə bu, ölkə daxilində və ya onun hüdudunda kimisə sakitləşdirər. Ən azından, hər şeyi unutdurmağa çalışanları. Amma mənim üçün bu problemdir”.

Zelenski ehtiyatlanır ki, əgər Ukrayna Rusiyanı tam miqyasda dayandırmazsa, vəziyyət daha da pisləşər:

“Üçüncü dünya müharibəsi Ukraynada başlaya, İsraildə davam edə, sonra isə Asiyaya keçə bilər. Daha sonra başqa bir yerdə partlayar”.

“Time” ehtimal edir ki, qarşıdan gələn qış Ukrayna üçün öncəkindən də çətin ola bilər:

“O zaman Rusiya qoşunları infrastruktur obyektlərini müntəzəm şəkildə bombalayaraq, ölkənin energetika sistemini sıradan çıxarmağa çalışırdı. Əgər bir il əvvəl ukraynalılar işığın sönməsində təkcə Rusiyanı günahlandırırdısa, indi narazılıq məmurlardan da ola bilər. Soyuğun düşməsi döyüşçülərin cəbhədə hərəkətini də çətinləşdirəcək. Nəticədə Ukrayna rəhbərliyində mühüm dəyişikliklər baş verə bilər”.

Onların məlumatına görə, guya nazirlərdən və yüksək rütbəli generallardan kimsə işdən çıxarılacaq:

“Əks-hücum zamanı “cəbhədə yavaş irəliləmə”nin məsuliyyəti onların üzərinə qoyulacaq”.

Mətndə ölkə rəhbərliyində və orduda adı çəkilməyən mənbələrə əsaslanaraq yazılır ki, Ukrayna Silahlı Qüvvələri həm texnika, həm də insan sarıdan qıtlıq çəkir.

Yazı müəllifinin həmsöhbətlərinin bildirdiyinə görə, bu səbəbdən bəzi komandirlər əmrləri yerinə yetirməkdən imtina edirlər, bu əmr hətta prezident ofisindən gəlsə belə:

“Silah hardadır? Artilleriya hardadır? Yeni çağırışçılar hardadır?”.

“İnsanlar elə oğurlayırlar ki, sanki sabah gəlməyəcək”

Mətndə ayrıca qeyd olunub ki, Qərb partnyorları Ukraynadakı korrupsiya vəziyyətindən narazıdırlar. Volodimir Zelenski buna cavab vermək üçün bir neçə qətiyyətli addım atıb. Məsələn, 2023-cü il sentyabrın əvvəli məhz korrupsiya qalmaqallarının fonunda müdafiə naziri Aleksey Reznikov işdən azad edilib.

Prezident ofisinin rəhbəri Andrey Yermak “Time”la söhbətində qeyd edib ki, rəhbərlik “dəbdəbəli həyat yaşamır”.

Jurnal yazır ki, Prezident Ofisində orta məvacib min dollara yaxındır, vəzifəcə daha yüksək olanlar isə min beş yüz dollara yaxın əməkhaqqı alır.

Eyni zamanda Zelenskinin adını çəkməyən müşaviri məqalənin müəllifi Saymon Şusterə söyləyib ki, insanlar elə oğurlayır, sanki sabah gəlməyəcək.

Reznikovun vəzifəsindən uzaqlaşdırılması da vəziyyəti dəyişməyib. “Time”ın həmsöhbəti bundan əvvəl “daha sərbəst danışa bilməsi” üçün reportyordan diktofonu söndürməsini xahiş edib.

“Bu məntiqlidir. Əlbəttə ki, biz Yaxın Şərqdəki hadisələrdən uduzacağıq. İnsanlar ölürlər, həyatları, bəşəriyyəti xilas etmək üçün ora dünyanın köməyi lazımdır” – deyə Volodimir Zelenski yeni müharibənin Ukraynadakı vəziyyətə təsirini belə təsvir edib.

Daha sonra “Time” qeyd edir ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Ukrayna Prezidenti Qərb partnyorları ilə danışıqlara daha çətin nail olur. Bununla belə, Prezident müharibənin davamı üçün alternativlər görmür:

“Düşünmürəm ki, Ukraynanın müharibədən yorulmaq kimi bir imkanı var”. (Meydan TV)

Poliqon.info 


Etiket: Zelenski


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Lənkəranskidən "oğru" adını almaq istəmişdi - Cinayət aləminin liderinə ömürlük cəza

Bloqer Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxılıblar

Azərbaycan Ordusunun geyim forması dəyişdi    

Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədə "Doğanbey" təlim sahəsində olublar

Ayxan Hacızadə Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə iddialarına münasibət bildirib

Türkiyəli məşhur aktrisa 38 yaşında vəfat etdi

Ən çox oxunanalar