Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hitlerin sevimli generalı – Qeyts Stalinqrada sovet generallarını... 

Yaxın tarixin maraqlı faktları...

1942-ci ilin aprel ayında Vermaxtın 8-ci ordu korpusu Stalinqradda dislokasiya olunan Fridrix Paulyusun komandanı olduğu 6-cı səhra ordusunun tabeliyinə göndəriləndə Adolf Hitler bununla bağlı əməliyyat müşavirəsi keçirib. Fürer müşavirədə hərbçilər qarşısına konkret tapşırıqlar qoyub. O, sonda 8-ci ordu korpusunun komandiri general-leytenant Valter Qeytsə böyük inam bəslədiyini də dilə gətirib. General bu etimada görə Hitlerə minnətdarlığını bildirib:

Mənim fürerim, mənə göstərdiyiniz etimaddan şərəf hissi keçirirəm. Sizi əmin etmək istəyirəm ki, qarşıya qoyulan bütün vəzifələr maksimum dərəcədə icra olunacaq. Stalinqrad cəbhəsində sovet qoşunlarına rəhbərlik edənlərin bəzilərini müharibənin gedişatında tanımışam və onların nəyə qadir olduğuna da bələdəm. Sizi əmin edirəm ki, nə Vasilevski, nə Timaşenko, nə Çuykov, nə də Vatutin Vermaxt qoşunları qarşısında tab gətirə bilməyəcəklər. Bu generallar şəxsən mənim tərəfindən əsir götürülərək sizin hüzurunuza gətirələcək...
Valter Qeytsin bu kiçik nitqini Hitler ayaq üstə alqışlayıb.

Beləliklə, Valter Qeyts 1942-ci ilin aprelin sonunda komandiri olduğu korpusla Stalinqrad cəbhəsinə yollanıb. Hərbi əməliyyatlarda uğur qazanacağına, fürerin etimadını doğruldacağına inanan general ilk növbədə öz hərbi peşəkarlığına arxalanıb.

Valter Qeyts 1878-ci ildə Berlində anadan olub. İlk zabit rütbəsini 21 yaşında artilleriya alayında alıb. Qeyts hərbi fəaliyyətində ilk uğurlarını Birinci Dünya müharibəsində qazanıb. Müharibədən sonra artilleriya qoşunlarında yüksək vəzifələr tutub, 1931-ci ildə polkovnik rütbələri daşıyıb.

Qeyts həmkarlarından qatı nasist təbliğatçısı olmağı ilə fərqlənib. Bu fərqli cəhət hələ 1920-ci illərin sonlarında onu Hitlerlə yaxınlaşdırıb. Nasistlər hakimiyyətə gələndə Qeytsin hərbi karyerasında yüksəliş mərhələsi başlanıb. 1933-cü ildə fürer ona general-mayor rütbəsi təqdim edib.

1936-cı ildə general-leytenant rütbəsi alan Qeyts Hitlerin təşəbbüsü ilə Hərbi məhkəməyə sədr təyin edilib.

Almaniya İkinci dünya müharibəsinə hazırlaşanda Qeytsin yüksək hərbi peşəkarlığı nəzərə alınıb, onu kabinet işindən ayıraraq 8-ci ordu korpusuna komandir təyin ediblər. Polşanın, Fransanın və digər Avropa ölkələrinin işğalında Qeyts uğurlu hərbi əməliyyatlara imza ataraq fürerin ən sevimli generallarından birinə çevrilib. Hitler bu uğurların davamını görmək üçün Qeytsi Stalinqrada göndərib.

Qeyd edək ki, Stalinqradın işğal edilməsi hərbi-strateji əhəmiyyəti ilə yanaşı, Adolf Hitler üçün həm də mənəvi zövq məsələsi sayılıb. Fürer Stalinin adını daşıyan şəhəri işğal etməklə Stalin üzərində mütləq qalib fikrini formalışdırmağa cəhd edib. Ancaq Stalinqrad döyüşləri nəinki Hitlerin zövqünü təmin edib, əksinə, müharibənin gedişatını dəyişərək dünya iddialı Hitleri məğlubiyyətə daha da yaxınlaşdırıb və Qeyts Stalinqradla bağlı öz planlarını, sovet generallarını əsir götürmək istəyini gerçəkləşdirə bilməyib.

Stalinqrad döyüşlərindəki məğlubiyyətlərinin son gününə qədər nə Hitler, nə də Qeyts ümidlərini tam itirməyiblər. Hitler 30 yanvar 1943-cü ildə, hakimiyyətə gəldiyinin 10-cu ildönümündə Qeytsi general-polkovnik rütbəsi ilə mükafatlandırıb, bununla bir daha generala böyük ümid bəslədiyini bildirib. Ancaq Qeyts fürerin bu ümidini doğrulda bilməyib. Elə general-polkovnik rütbəsi taxdığı günün səhərisi, yanvarın 31-də sovet hərbçiləri tərəfindən əsir götürülüb.

Əsir düşmək təhlükəsi yaxınlaşanda Qeyts intihar etməyə cəhd edib. O, tabel silahını çıxarıb özünü vurmaq istəyəndə köməkçisi ona mane olub.

General əsirlik həyatını “həzm” edə bilməyib. Bəzi mənbələrə görə onun psixoloji durumunda nəzərəçarpacaq dərəcədə kəskin problemlər yaranıb. Şahidlərin söylədiklərinə görə təkadamlıq kamerada saxlanılan Qeyts boş kamerada döyüşçülər üçün sıra baxışı keçirib, onlara müxtəlif komandalar verib, gah əsəbiləşib, gah da kimisə tərifləyib.

Generalın əsirlikdə bu cür acınacaqlı həyatı uzun sürməyib. O, 9 fevral 1944-cü ildə, 65 yaşında saxlanıldığı Krasnoqorsk şəhərindəki həbsxanada vəfat edib. Onun vəfatının əsl səbəbi bilinməsə də ölümü haqqında rəsmi arayışda xərçəng xəstəliyi göstərilib. Bəzi versiyalara görə Qeyts əsir düşməyi general şərəfinə sığışdırmayaraq intihar edib.

Sovet hərbçiləri Qeytsi peşəkar hərbçi kimi xarakterizə ediblər. Marşal Semyon Timoşenko xatirələrində alman generalını aşağıdakı kimi xatırlayıb:

“Stalinqrad döyüşlərində Qeyts Almaniya tərəfindən ən əsas simalardan biri idi. Son dərəcə ciddi və ciddi olduğu qədər də amansız olan Qeyts Vermaxtda ən nüfuzlu generallardan biri sayılırdı. Hitler onu Stalinqrada böyük ümidlərlə göndərmişdi. Tez-tez rütbə, mükafat verməklə onu ruhlandırırdı. Amma nə həmin rütbələr, nə də mükafatlar Qeytsə uğur qazandırmadı. Onun Hitlerə verdiyi vəddən də xəbərdar idik. Qeyts Stalinqrada bizi əsir götürməyə gəlmişdi. Hər şey əksinə oldu, özü əsir düşdü. Amma onu da qeyd edim ki, bir hərbçi kimi Qeyts əsl peşəkar idi...”

İlham Cəmiloğlu(Musavat.com)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Ən çox oxunanalar