Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlk sovet terrorçusu – o, gödək boyunun və diaqnozunun qisasını başqalarından alıb

1971-ci ilin iyun ayında Krasnodarda baş verən hadisə SSRİ-də ilk terror aktı sayılıb. Düzdür, bu hadisəyə qədər ölkə ərazisində partlayışlar, səbəbi məlum olmayan qəzalar, silsilə qətllər baş verib, amma həmin hadisələr terror aktı kimi qiymətləndirilməyib.

Məlum olduğu kimi, hər bir terror hadisəsinin arxasında bir məqsəd dayanır, onun konkret sifarişçisi və icracısı olur. Krasnodarda sərnişin avtobusunda törədilən partlayışın sifarişçisi də, icraçısı da eyni adam olub. Terrorun hansı məqsədlə törədilməsi isə çoxlarını təəccübləndirib.

İyunun 14-də səhər saat 08.30 radələrində “Gertsen küçəsi - Radiozavod” xətti ilə işləyən “LAZ-695” markalı 1 nömrəli avtobusdakı partlayışın səsi bütün Krasnodarda eşidilib. Adətən, səhər saatlarında bu marşrutdan daha çox tələbələr və radiozavodun işçiləri istifadə ediblər və bu ərəfədə avtobusda həmişə sıxlıq müşahidə olunub. Avtobusda 89 nəfər (digər mənbələrə görə, 93) sərnişin olub. Partlayış nəticəsində 10 nəfər dərhal həlak olub, 5 nəfər isə xəstəxanada dünyasını dəyişib. Digər sərnişinlərin hamısı müxtəlif dərəcələrdə bədən xəsarətləri alıblar.

Hadisə ilə bağlı dərhal cinayət işi açılıb, əməliyyat-axtarış qrupu yaradılıb. Şahidlərin ifadəsinə əsasən partlayış törədənin ehtimal edildiyi şəxsin fotorobotu hazırlanıb. Bir sutka keçdikdən sonra Krasnodarın mərkəzi avtovağzalında Pyotr Volınski şübhəli şəxs qismində saxlanılıb. O, istintaqa verdiyi ilk ifadədə törətdiyi əməli etiraf edib.

Belə ki, Pyotr Volınski 8.20 dəqiqədə avtobusa minib. İçərisində partlayıcı maddə olan çamadanı avtobusun yanacaq çəninin yaxınlığına qoyub və növbəti dayanacaqda düşüb. Bir neçə dəqiqədən sonra Turgenev küçəsində hərəkətdə olan avtobusda güclü partlayış baş verib.

SSRİ-də ilk terror aktını törədən Pyotr Volınski kim olub və o, hansı səbəbdən bu hadisəni törədib?

Pyotr Volınski 1939-cu ildə Krasnodarda anadan olub. Valideynlərini müharibədə itirdikdən sonra bir müddət uşaq evində böyüyüb. O, əvvəlcə Stavropolda orta ixtisas hərbi məktəbində oxuyub. Sonra Kuban Tibb İnstitutunda ali təhsil alıb və həkim-terapevt ixtisasına yiyələnib.

İnstitutu bitirdikdən sonra Volınski Krasnodar diyarının ayrı-ayrı rayonlarında xəstəxanalarda və poliklinikalarda işləyib. Həkim kimi işlədiyi müddətdə onun haqqında Krasnodar səhiyyə idarəsinə tez-tez şikayətlər daxil olub. Şikayətlərdə göstəilib ki, Volınski xəstələrə fiziki təzyiq göstərir, cəza tədbiri olaraq onların barmaqlarını yandırır. Nəhayət, ardı-arası kəsilməyən şikayətlərdən sonra onun həkim kimi fəaliyyətinə rəsmi qadağa qoyulub və işdən çıxarılıb. Əsas kimi Volınskinin həkim müayinəsinin nəticələri göstərilib. Belə ki, psixoterapevt professor Xromov Volınskiyə şizofreniya diqanozu qoyub.
Həkimlikdən uzaqlaşdırıldıqdan sonra Volınski tikintidə fəhlə işləyib. O, bu kollektivdə də qeyri-adi hərəkətləri və davranışı ilə fərqlənib.

Boyunun balaca olması (160 sm) Volınskidə kəskin natamamlıq kompleksi yaradıb. Ona elə gəlib ki, hündürboylu insanlar ondan qisas almağa çalışırlar. O, bu daxili qorxunu keçirərkən əvvəlcə özü qisas almağı qərarlaşdırıb. Beləliklə, Volınski kiçik bir partlayıcı qurğu düzəldərək, ona şizofreniya diaqnozunu qoyan professor Xromovun mənzilinin giriş qapısının çöl tərəfindəki hissəsinə yerləşdirib. Təsadüf nəticəsində professorun mənzilinə gələn dostları qurğunu aşkar ediblər və zərərsizləşdiriblər. Xromov bu məsələni çox da qabartmayıb.

Daha sonra Volınski onu işdən çıxardıqlarına görə şəhər rəhbərliyindən qisas almağı planlaşdırıb. Krasnodarın kinoteatrlarından birində yeni filmin təqdimatı keçiriləndə Volınski öyrənib ki, şəhər rəhbərliyi də tədbirdə iştirak edəcək. O, kiçik bir çamadana partlayıcı yerləşdirərək kinoteatra gedib. Lakin dəvətnaməsi olmadığından onu təqdimata buraxmayıblar.

Avtobusun partladılması ilə bağlı istintaqı Krasnodar diyar dövlət təhlükəsizliyi idarəsinin əməkdaşları aparıblar. Volınski onların “hansı səbəbdən partlayış törətmək qərarına gəldiniz” sualına o, belə cavab verib: “Mən insanlara nifrət edirəm...”

Volınskinin mənzilində axtarış aparılan zaman partlayıcı maddələr, onları çamadanlara yerləşdirmək və bağlamaq üçün xüsusi qurğular aşkar edilib. Daha sonra mənzildən avtubusu partlatdığı partlayıcı maddənin tərkibinin nələrdən ibarət olduğunu əks etdirən siyahı, siyahıda göstərilənlərə sərf etdiyi pulun məbləğinin qeydləri də tapılıb.

Məhkəmə prosesində tibbi ekspertiza Volınskinin ruhi xəstə olduğunu təsdiqləyib və o, məhkəmə tərəfindən məcburi şəkildə Smolenskdəki qapalı psixiatriya xəstəxanasına göndərilib.

Volınskinin sonrakı taleyi müəmmalı qalıb. Hadisəni araşdıran jurnalist Eduard Safronov yazılarının birində qeyd edib ki, Volınski Smolenskdən sonra Krasnodardakı psixiatriya xəstəxanasına yerləşdirilib və 2000-ci illərin əvvəllərində bu xəstəxanada vəfat edib. Digər bir versiyaya görə, Volınski bu gün də 82 yaşında Krasnodarın ucqar kəndlərindən birində yaşayır.

Bütün variantlarda isə Pyotr Volınski SSRİ tarixinə öz ölkəsində ilk terror törədən terrorçu kimi düşüb.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar