Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Valensa niyə Navalnı üçün Nobel istəyir?

Kommunist Polşası dövründə Nobel sülh mükafatına layiq görülən, kommunist rejiminin süquta uğradığı zamanda Polşanın demokratik yolla seçilmiş ilk prezidenti olan Lex Valensa rusiyalı müxalif lider Aleksey Navalnını 2021-ci ilin sülh üzrə Nobel mükafatına namizəd irəli sürüb.

1943-cü il təvəllüdlü Lex Valensa Nobel mükafatını 1983-cü ildə alıb. O, bir dissident kimi Polşanın azadlığı uğrunda apardığı dinc mübarizəyə, “Solidarnost” fəhlə hərəkatının rəhbərliyindəki fəaliyyətinə görə bu mükafata layiq görülüb. Lex Valensa 1990-1995-ci illərdə Polşanın prezidenti olub.

Novator.az-ın məlumatına görə, Lex Valensa “Euronews” telekanalına müsahibəsində Aleksey Navalnının namizədliyi üzərində dayanmasını belə izah edib: “Navalnının namizədliyini irəli sürməkdən məmnunam. O, cəsarətlə mübarizə aparır. Navalnı korrupsiya əleyhinə faktları ictimailəşdirir, siyasi plüralizmə, Rusiyada avtoritar rejimin aradan qaldırılmasına çalışır. Onunla danışmaq imkanım olsaydı deyərdim mənim kimi mübarizə aparmağa çalış.

Mən heç vaxt xalqın mənafeyinə zidd üsullara əl atmamışam. Polislərlə, generallarla yox, sistemlə savaşmışam. Həmin sistemi dəstəkləyənlərə deyirdim ki, yeni quruluş sizə də yaxşı olacaq, sizin daha çox azadlığınız olacaq. Deyirdim arxamca gəlin, sizin gözəl həyatınız və çoxlu pulunuz olacaq. Rusiyada da Putinlə, yaxud başqa konkret şəxslərlə, polislə savaşmaq gərək deyil, yeni sistem qurmaq uğrunda mübarizə aparmaq gərəkdir”.

Lex Valensadan bir neçə gün öncə bəzi Qərb universitetlərinin professorları da Aleksey Navalnını Nobel sülh mükafatına namizəd irəli sürüb.

1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.

Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.

Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.

Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.

Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Həmin gün o, paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb. Omskda reanimasiya şöbəsinə yerləşdirilən Navalnı avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub.

Müxalif siyasətçinin sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.

“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran Navalnı bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.

2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub.

Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozması ittihamı ilə Navalnı barəsində 30 sutka həbs qətimkan tədbiri seçib.

Aleksey Navalnı paytaxt Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında saxlanır.

Ximki Şəhər Məhkəməsinin həbs qərarından bir gün sonra internetdə Aleksey Navalnının Rusiyanın Qara dəniz sahilində yerləşən dəbdəbəli malikanə haqda araşdırması yayılıb. “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” başlığı altında təqdim olunan araşdırmada malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.

Araşdırmanı Navalnının həmkarları yayıblar. Onlar Rusiya vətəndaşlarını Navalnının həbsinə biganə yanaşmamağa, etiraz aksiyaları keçirməyə səsləyiblər.

Tutulduğu gün Navalnı özü də rusiyalıları despot rejimi qarşısında susmayıb etirazlara qalxmağa səsləyib.

Yanvarın 23-dən Rusiyanın bir çox şəhərində və regionunda kütləvi etiraz aksiyaları start götürüb. Həmin gün və ayın 31-də keçirilən aksiyalarda əsas tələb Aleksey Navalnının azadlığa buraxılması olub.

Fevralın 2-də Moskva Şəhər Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Hökm Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.

Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.

Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.

Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.

Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.

Məhkəmə Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ən çox oxunanalar