Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın kürd sevgisi və Türkiyə hədəsi – Yaxın Şərqdə daşlar yerindən oynayır

Suriya münaqişəsi Yaxın Şərq regionunda yeni geosiyasi reallıq yaradır

Politoloq: “ABŞ-ın Yaxın Şərq və eyni zamanda Avrasiya siyasətində uğur qazanması üçün regionda həlledici ölkələrdən olan Türkiyənin dəstəyinə ehtiyacı var”

“Trampın hədələyici fikirləri reallığa dönüşsə, zərər çəkən tərəf ABŞ özü olacaq”.

Bu sözləri politoloq Natiq Miri ABŞ prezidenti Donald Trampın kürd məsələsində Türkiyəni hədələməsini şərh edərkən PİA.AZ-a müsahibəsində qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “Twitter” sosial şəbəkəsindən Türkiyəyə xəbərdarlıq edib. Tramp yazdığı “tvit”də “Ankara Suriyada ABŞ-ın dəstəklədiyi kürd qüvvələrə hücum edərsə, Amerika Birləşmiş Ştatları Türkiyəni iqtisadi cəhətdən məhv edər”, deyə yazıb. Trampın bildirib ki, “Birləşmiş Ştatlar Suriyadan “uzun, vaxtı çatmış çıxarılma” prosesinə başlayıb, ancaq eyni zamanda İŞİD yaraqlıları ilə mübarizəni də davam etdirir. Türkiyə bundan öncə İŞİD yaraqlıları ilə savaşan, ABŞ-a müttəfiq olan kürd qüvvələrə hücum etməklə hədələyib”.

Həmçinin Tramp “tvit”ində kürdlərə də xəbərdarlıq edib ki, “Türkiyəni təhrik etməsinlər”.

Suriya münaqişəsinin Yaxın Şərq regionunda yeni geosiyasi reallıq yaratması hər kəsə məlumdur. Bu reallıq Suriyanın vahid dövlət kimi parçalanmasını, İŞİD, Ən-Nüsrə Cəbhəsi kimi radikal qruplaşmaların qısa müddətdə önəmli gücə çevrilməsinə, Avropanı terror dalğası və suriyalı qaçqınların kütləvi axınından ibarətdir.

Eyni zamanda kürd problemi olan Türkiyə rəhbərliyi terrorçu təşkil adlandırdığı YPG-ni PKK-nın Suriya qanadı sayır və ABŞ administrasiyasına kürd probleminin həlli ilə bağlı xəbərdarlıqları olub. Lakin Qərb analitikləri hesab edirlər ki, Vaşinqton kürdləri Yaxın Şərqdə ən etibarlı tərəfdaş görür və 40 milyonluq kürd xalqının xidmətlərindən imtina etmək niyyətində deyil. Bu fonda isə Tramp administrasiyası ilə Ərdoğan arasında münasibətlər normal qurulsa da, kürd amili bu münasibətlərin daim gərgin qalmasına şərait yaradır.

Ərdoğanın sözçüsü İbrahim Kalın isə hər zaman bildirib ki, Türklərin kürdləri hədəfə alması iddiası ağılasığmazdır. Türkiyənin hədəfi kürdlər deyil, İŞİD, PYD/YPG/PKK terror təşklatlarıdır. Lakin buna baxmayaraq, zaman-zaman ABŞ “kürd kartı”ndan istifadə edərək, Türkiyəyə hədə-qorxu gəlməkdə davam edir.

Natiq Miri: “ABŞ prezidenti Trampın məlum açıqlamasını məsuliyyətsiz davranış kimi qiymətləndirmək olar”.

Trampın hədələyici bəyanatlarının ABŞ-Türkiyə münasibətlərinə təsiri ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Natiq Miri ilə müsahibə hazırlayıb.

PİA.AZ həmin müsahibəni təqdim edir:

- Natiq bəy, Trampın bu şəkildə bəyanatlar verməsi fonunda Türkiyə-ABŞ münasibətləri yenidən korlana bilərmi və ABŞ prezidentinin belə bir hədələyici bəyanatından sonra yaxın zamanlarda Türkiyənin kürd yaraqlılarına hücumunu mümkün hesab edirsinizmi?

- ABŞ prezidenti Trampın məlum açıqlamasını məsuliyyətsiz davranış kimi qiymətləndirmək olar. Çünki həmin ifadə bir dövlət başçısına yaraşmır və heç bir diplomatik qaydalara uyğun deyil. Ayrıca, bu təhdidlər təkcə Türkiyə dövlətinə qarşı yönəlik bir açıqlama deyil. Tramp daha əvvəl İrana və eyni zamanda Avropa Birliyində olan ABŞ-ın strateji müttəfiq dövlətlərinə qarşı da çox ciddi təhdid xarakterli ifadələr işlədib.

Trampın Türkiyəyə yönəlik açıqlaması bir növ iqtisadi zərbələr vuracağını özündə ehtiva edib. Hesab edirəm ki, Trampın bu açıqlamalarını ciddiyə almaq lazım deyil. Çünki Trampın İrana qarşı da çox ciddi təhdidlər vardı, lakin İran hələ də ayaqda durmaqda davam edir. Hətta ABŞ tərəfindən hərbi planların masada olduğu ilə bağlı açıqlamalar verilsə də, İrana qarşı hansısa hərbi əməliyyatların keçirilməsi planlaşdırılmır. Ona görə ki, hərbi məsələsi böyük maliyyə vəsaiti tələb edir və ABŞ-ın indiki iqtisadi böhran vəziyyətində heç də uyğun davranış olmaz. Əksinə Tramp iqtisadi böhrandan çıxmaq üçün öz qoşunlarını Suriyadan belə çəkməklə bağlı qərar verib.

Trampın hədələri ABŞ-ın Avropa Birliyinin strateji müttəfiqi olan ölkələrinə qarşı da edilib. Hətta bu yaxınlarda ABŞ-ın Almaniyadakı səfiri alman şirkətlərinə, xüsusən də “Şimal Axını-2” qaz layihəsində iştirak edən bütün şirkətlərə təhdid xarakterli məktub göndərib. Məktubda bildirilib ki, əgər bu şirkətlər layihədə iştirak etsələr, ABŞ-ın sanksiyalarına məruz qalacaqlar.

Bu cür təhdidlər demək olar ki, ABŞ-ın dünya miqyasında təklənməsinə səbəb olub. BMT-də səsvermələrin bir neçəsində də bu təklənmə müşahidə olunub. Bu baxımdan düşünmürəm ki, Türkiyə Trampın fikirlərinə ciddi reaksiya versin. Çünki bu yöndə Türkiyə tərəfindən ABŞ-a konkret cavablar verilib və Türkiyənin hədəfinin kürd xalqı deyil, əksinə kürd xalqını istismar edən PKK terrorçularının olduğu ifadə edilib.

Natiq Miri: “Türkiyə artıq Suriya sərhədinə 80 min türk əsgəri yığıb və bu, çox böyük miqyaslı hərakatdan xəbər verir”.

Eyni zamanda Türkiyə diqqətə çatdırıb ki, Tramp kimi şəxslərin verdiyi açıqlamaların Türkiyənin əməliyyatlarına hansısa təsiri olmayacaq. Əgər söhbət Türkiyənin təhlükəsizliyindən gedirsə, öz təhlükəsizliyini təmin etmək üçün istənilən etnik və dini məsələnin olub-olmamasından asılı olmayaraq, planlaşdırdığı əməliyyatı həyata keçirəcək.

Türkiyə artıq Suriya sərhədinə 80 min türk əsgəri yığıb və bu, çox böyük miqyaslı hərakatdan xəbər verir. 1974-cü ildə Kipr sülh əməliyyatında 40 min əsgər iştirak etmişdi. Lakin bu gün Suriya sərhədlərinə onun ikiqatı civarında türk əsgəri və buna adekvat bütün zirehli texnikalar, raket sistemləri cəmləşdirilib.

Bu fakt göstərir ki, Türkiyə mövcud məsələdə qətiyyətlidir və Tramp kimi insanların açıqlamalarına rəğmən öz təhlükəsizliyinə yönəlik hərbi əməliyyatı həyata keçirəcək. ABŞ bu məsələdə həqiqətən iddialı davranarsa, Türkiyə ilə ABŞ arasında ciddi fikir ayrılığı yarana bilər və münasibətlər yenidən pozula bilər.

Fikrimcə, Trampı bu istiqamətdə başa salmaq istəyən insanlar tapılacaq. Çünki bu gün ABŞ strukturlarında Suriyadan qoşunların çəkilməsi ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Yəni, Tramp adminstrasiyası ilə Pentaqonda olan dərin dövlət tamamilə fərqli müstəvidə fikir bildirir və Trampa qarşı çox ciddi təzyiqlərin olduğu da birmənalıdır. Ona görə də Trampın dediklərini bu kontekstdə də dəyərləndirmək olar. Çünki Tramp telefon danışıqlarında Ərdoğan ilə çox normal və isti münasibətlər çərçivəsində danışır.

Natiq Miri: “Düşünürəm ki, Tramp çox ciddi təzyiqlər altındadır və müəyyən şəbəkələrin köpünü yatırmaq üçün bu cür hədələyici ifadələrdən istifadə edir”.

Trampın birdən-birə Türkiyə ilə bu şəkildə hədəliyici tonda danışması Türkiyənin özü üçün də anlaşılmaz vəziyyət yaradır. Bu baxımdan düşünürəm ki, Tramp çox ciddi təzyiqlər altındadır və müəyyən şəbəkələrin köpünü yatırmaq üçün bu cür hədələyici ifadələrdən istifadə edir. Hər bir halda Trampın açıqlaması münasibətlərə ciddi təsir etməyəcək. Əgər təsir edərsə, zərər çəkən ABŞ olacaq. Ona görə ki, münasibətlərin gərginləşməsi NATO-nun daxilində də ciddi parçalanma vəd edir. Hesab edirəm ki, belə bir həssas vəziyyətdə ABŞ öz rəqibi olan Rusiya və Çinin əllərini gücləndirmək istəməyəcək. Trampın elementar açıqlaması reallaşarsa, görünür, ABŞ-ın zəifləməsi və parçalanması o qədər də uzaqda deyil.

Natiq Miri: “ABŞ özünün və İsrailin birbaşa İrana hərbi müdaxiləsini istəmir. Sadəcə regionda münaqişə yaratmaqla, müsəlmanlar əli ilə digər müsəlmanları qırdırmaq istəyir”.

- ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsi Yaxın Şərqin geosiyasətində hansı mənfi təsirlərə səbəb ola bilər?

- ABŞ-ın Yaxın Şərq və eyni zamanda Avrasiya siyasətində uğur qazanması üçün regionda həlledici ölkələrdən olan Türkiyənin dəstəyinə ehtiyacı var. Bu dəstək olmazsa və iki müttəfiq dövlət arasında münasibətlər gərgin müstəviyə daşınarsa, bu proses ABŞ-ın regiondakı böyük uğursuzluğu deməkdir. Ona görə də Türkiyəsiz ABŞ regionda heç bir uğur qazana bilməz. ABŞ Türkiyə ilə münasibətləri korlayarsa, regionda böyük bir məğlubiyyətə düçar olacaq. Bu isə ABŞ-ın qlobal səviyyədə liderliyinə böyük şübhə yaradacaq.

- ABŞ-ın İsraillə, həmçinin ərəblərlə olan ittifaqı Yaxın Şərqin coğrafiyasını idarə etmək üçün yetərli ola bilərmi?

- Əslində ABŞ-ın ən böyük layihələrindən biri budur. Jurnalist Camal Qaşıqçının vəhşicəsinə öldürülməsindən sonra ABŞ-ın ərəb ölkələrindən ibarət bir “NATO” layihəsi vardı ki, müvəqqəti təxirə salınmışdı. Qaşıqçı məsələsi nisbətən səngidikcə, ABŞ yenidən aktiv fəaliyyətə keçib.

Bu kontekstdə ABŞ-ın dövlət katibi Mayk Pompeo Yaxın Şərq turnesinə çıxdı. Burada əsas məqsəd ərəb NATO-su layihəsində iştirak edəcək ərəb ölkələri liderləri ilə görüşmələr keçirməkdən ibarət idi.

Bu fakt göstərir ki, ABŞ İrana yönəlik birbaşa hansısa hərbi müdaxilə deyil, məhz müsəlmanların iştirak etdiyi bir hərbi birliyin yaradılması ilə təzyiq etmək istəyir. ABŞ özünün və İsrailin birbaşa İrana hərbi müdaxiləsini istəmir. Sadəcə regionda münaqişə yaratmaqla, müsəlmanlar əli ilə digər müsəlmanları qırdırmaq istəyir.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Ən çox oxunanalar