Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ən xoşbəxt teatr odur ki, orada Fuad Poladov var”


Teleqraf.com tanınmış tənqidçi, teatrla bağlı səs-küylü yazıların müəllifi Əsəd Cahangirlə müsahibəni təqdim edir:


– Siz Azərbaycan ədəbi mühitində teatrı ən yaxından izləyən, mütəmadi teatrla bağlı yazan, bəlkə də, yeganə müəllifsiniz. Bu sevginin tarixçəsi bizim üçün çox maraqlıdır…
 
– İlk baxdığım rejissor Əliheydər Ələkbərovun İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesi əsasında hazırladığıl eyniadlı məşhur tamaşa olub. Altı yaşım vardı. Oxumağı bacarmırdım. Məndən 5-6 yaş böyük bacım qəzetdən həftəlik proqramı oxuyurdu. İlyas Əfəndiyev və “Mahnı dağlarda qaldı” sözlərini ilk dəfə onda eşitdim və bu sözlər məni sehirlədi. Elə bil bu ifadəni nə vaxtsa eşitmişdim, mənə çox doğma gəldi. Ürəyimdə qərar verdim ki, necə olursa-olsun o İlyas Əfəndiyev kimdirsə, o “Mahnı dağlarda qaldı” nədirsə, ona hökmən baxmalıyam. Amma bizim televizor xarab olmuşdu. Gərək qonşuda gedib baxaydıq. Tamaşanın olacağı axşamı bir neçə gün həsrətlə gözlədim. Ağlayıb özümü yerdən-yerə vurandan sonra axır ki, bacım məni də özüylə qonşuya apardı. Və mən teatr adlı sehirli bir dünyaya düşdüm. O vurulan... Ondan sonra yüzlərlə tamaşaya baxsam da, bu gün də İlyas Əfəndiyev mənim üçün dünyanın ən böyük dramaturqu, “Mahnı dağlarda qaldı” dünyanın ən gözəl dram əsəri, baş rolun ifaçısı Amaliya Pənahova dünyanın nə gözəl aktrisasıdır.
 
Ondan sonra televizorda göstərilən bir tamaşanı belə ötürmür, müxtəlif qəzet jurnallardan teatr tamaşaları haqda resenziyaları hökmən oxuyurdum. Uşaqlıqda şəkil çəkməyə həvəsli idim. Neçə-neçə şagird dəftərini Amaliya xanımın portretləri ilə doldurmuşdum. Dəmir darvazamız vardı, hətta onun üstünə də sevimli aktrisamın portretini çəkmişdim. Orta məktəbin son siniflərində artıq aktyorlar haqda kitablar, aktyorların memuarları, hətta Stanislavskinin “Mənim sənət həyatım” kitabını da oxumuşdum. Cəfər Cəfərovun Azərbaycan teatrının inkişaf tarixi ilə bağlı fundamental monoqrafiyası stolüstü kitabım idi. Özüm orta məktəbdə bir neçə tamaşa hazırladım – Cəfər Cabbarlının “1905-ci ildə”, Səməd Vurğunun “Vaqif” pyeslərini.
 
Orta məktəbi bitirəndə sənədlərimi İncəsənət İnstitutuna vermək istəyirdim. Nə qədər eləsəm də, atamı razı sala bilmədim. Dedi ora getsən, sən adda oğlum yoxdur. Mən də teatra, heç olmasa, bir az yaxın sahə kimi ədəbiyyatı seçdim. Məncə, bu qədəri kifayətdir...
 
– Bəs necə oldu ki, teatra bu qədər sevgisi olan Əsəd Cahangir oranı “şeytan yuvası” adlandırdı?
 
– Bu fikrin arxasında konkret bir şəxs və ya teatrı aşağılamaq məqsədi yox idi. Təkcə teatr yox, ümumən sənət şeytani xarakter daşıyır. Çünki insan sənətdə Allahla yaradıcılıq bəhsinə girir, bir növ özünü ona şərik qoşur.
 
– Axı Quran “Şüəra” surəsində deyir ki, sənət imanlı və imansız ola bilər. Teatr da bu yöndən imanlı ola bilməzmi?
 
– Doğrudur, Quran belə deyir. Amma məsələ bundadır ki, həyatda da, onun güzgüsü olan sənətdə də şeytanilik öz apogeyinə çatıb. Bu, özünün ən qabarıq ifadəsini allahsızlığın dövlət ideologiyası səviyyəsinə qaldırıldığı sovet quruluşunda tapmışdı. İndi o dövr arxada qalıb. Amma bəzi adamlar fəlsəfi-estetik yöndən hələ də sovetizm erasında yaşayırlar. Yenə eyni maarifçi materializm, yenə eyni imansız qafa, yenə Kefli İskəndər, Şeyx Nəsrullah nağılları... Məntiqlə isə sənət yenidən ilahi mövzulara qayıtmalıdır. Amma qayıdırmı? Hikmət Rəhimov olayı, məncə, bu suala ən dəqiq cavabdır.
 
– Əsəd müəllim, sizcə, Azərbaycan teatrının qızıl dövrü hansı dövrdür?
 
Azərbaycan teatrı bir neçə mərhələyə bölünür. 1873-1920 birinci mərhələdir; 1920-60-cı ikinci mərhələdir; 1960-90 üçüncü mərhələdir və nəhayət, 1990-dan sonra dördüncü mərhələdir. Məncə, qızıl dövr 1920-60-cı illər idi. O illərdə iki ən böyük dramaturqumuz vardı – Cavid və Cabbarlı. O dövrdə Abbasmirzə Şərifzadə, Ülvi Rəcəb, Mərziyə Davudova, Fatma Qədri, Ələsgər Ələkbərov, Barat Şəkinskaya, Hökumə Qurbanova, Leyla Bədirbəyli kimi aktyorlar vardı. Adil İskəndərov, Mehdi Məmmədov kimi rejissorlar vardı. Səməd Vurğunun min dəfə göstərilən, 20 il repertuardan düşməyən “Vaqif” pyesi vardı. “Maqbet”, “Romeo və Cülyetta”, “Otello”, “On ikinci gecə”, “Qış nağılı” kimi Şekspir tamaşaları vardı. Mərziyə xanımın Sevilinə baxan qadınlar çadralarını teatr zalında atıb gedirdi. Fatma Qədrinin “Cehizsiz qız” tamaşasındakı Larisası Moskvanı heyran qoyurdu. Baratın “On ikinci gecə”dəki Violasından rus tənqidçiləri, Hökumənin “Qış nağılında”kı Hermionasından erməni mətbuatı heyranlıqla yazırdı. Bu teatrımızın monumental romantik dövrü idi. O səslər, o temperamentlər bir daha təkrar olmadı.
 
1960-90-cı illər teatrın gümüş dövrü idi. Belə çıxır ki, hazırda teatr özünün bürünc dövrünü yaşayır.
 
– Maraqlıdır, bürünc dövrdən sonra hansı dövr gələcək: tənəzzül?
 
– Platonun dairəvi tarix konsepsiyasına inansaq, yenidən qızıl dövr başlayacaq. Hər şey çevrə boyunca yenidən təkrarlanacaq, əlbəttə ki, yeni səviyyədə. Yox, tarixi bir geridönməz düz xətt kimi təsəvvür etsək, onda gərək teatr sənətinin ümumən aradan qalxmasına inanaq.
 
– Bəs bu gün Azərbaycan teatrında baş verənləri necə qiymətləndirirsiniz? Söhbət Hikmət Rəhimovun teatrdan uzaqlaşdırılmasından, daha sonra xalq artisti Fuad Poladovun “Azdrama”nı tərk etməsindən gedir...
 
– İyirmi il əvvəl rəhmətlik Həsən Turabov yazılarıma görə teatra girişimə qadağa qoymuşdu. Bu söhbətdən sonra olsun ki, bu qadağa bir də təkrarlansın. Amma madam ki soruşursan, deyəcəm. Hikmət bu gün Milli Teatrın ən istedadlı gənc aktyorlarından biridir. Təkcə elə Elçinin “Qatil” tamaşasındakı obrazı göstərir ki, Hikmət teatrda yeni nəfəsdir. Və ən azı buna görə, məncə, Elçin müəllim də məsələyə biganə qalmayacaq. Hikməti işdən uzaqlaşdırmaq teatrın gələcək perspektivlərini nəzərə almamaq deməkdir. Bəlkə də, onun cavanlıqdan irəli gələn emosionallığı var, davranışında müəyyən problem olub, amma bu, ciddi perspektiv vəd edən bir aktyoru işdən uzaqlaşdırmaq səviyyəsində radikal qərar qəbul etməyə ciddi əsas vermirdi. Məncə, Azərpaşa müəllim bir ağsaqqal kimi daha yumşaq qərar qəbul edə bilərdi. Çünki istedadlar hər gün yetişmir. Fuad Poladovun bu olaya etiraz olaraq işdən könüllü çıxmasına münasibətimi isə mən artıq sosial şəbəkədə bildirmişəm. O bu hərəkəti ilə göstərdi ki, sadəcə istedadlı sənətkar deyil, “Velikiy Magistr”, yəni “Ustadi-Kəbir”dir – Böyük Ustaddır. Teatrda baş verən bu hadisənin mahiyyətində inzibatiliyin, administrativliyin istedada basqısı durur. İnanıram ki, əlaqədar və səlahiyyətli şəxslər məsələyə qarışacaq və problem Azərbaycan teatrının xeyrinə, istedadın xeyrinə həll olunacaq.
 
Ən xoşbəxt teatr odur ki, orada Fuad Poladov var.
 
– Teatrımızın müasir dramaturqlarla işindən razısızmı?
 
– Vaxtilə Adil İskəndərov Səməd Vurğunun, Tofiq Kazımov İlyas Əfəndiyevin bir dramaturq kimi formalaşmasında böyük rol oynamışdı. Bəs indi necə? Hansı rejissorun hansı dramaturqun formalaşıb üzə çıxmasına təsiri var. Bu yöndən müəyyən qədər Gənc Tamaşaçılar Teatrı seçilir. Gənclərə yol açır. Orada cavanlardan bəzilərinin pyesləri oynanır. Teatrın baş rejissoru Bəhram Osmanov da, rejissor Cənnət Səlimova da yeni dramaturq imzası yetişdirməyə maraqlıdır. Amma hələ ki, real nəticə yoxdur.
 
Bizim teatrların bu yeni imzaya çox ciddi ehtiyacı var. 90-ların əvvələrində dramaturji fəaliyyətə başlayan Əli Əmirlidən sonra belə bir imza hələ də meydana çıxmayıb. Təəssüf ki, bəzən dramataurq əvəzinə həvəskarların yazılarını səhnələşdirirlər. Şübhəsiz ki, hansısa amillərin müqabilində. Məncə, dramaturji istedadı olan cavanlardan bir neçəsi dövlət xətti ilə Moskvaya, ya da müvafiq təhsil verən digər şəhərlərə oxumağa göndərilməlidir. Bunun başqa yolunu görmürəm.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əməkdar artist vəfat edən xanımından danışdı

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ən çox oxunanalar