Ukraynanın xarici işlər naziri Kuleba bildirib ki, Kiyev Rusiya ilə “Minsk razılaşmaları” kimi sazişlər bağlamaq niyyətində deyil…
PİA.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu barədə Amerikanın “Politico” nəşri üçün yazdığı məqalədə bildirib. Məqaləsində Kuleba Donbasdakı münaqişənin nizamlanması üzrə 2014 və 2015-ci illərdə Rusiyayla Almaniya və Fransanın vasitəçiliyi ilə əldə edilmiş “Minsk razılaşmaları”na bənzər sülh sazişinin bağlanmasının mümkünlüyünü istisna edib.
“Minsk prosesinin səhvləri təkrarlanmamalıdır”, deyə yazan Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, “əslində bu tip sazişlər Rusiya ilə danışıqlara getməmək üçün nümunə olmalıdır”.
Ukrayna diplomatı qeyd edib ki, Minsk razılaşmalarının memarları hesab edirdilər ki, status-kvonun bərqərar olması və hərbi əməliyyatların intensivliyinin azaldılması münaqişənin səngiməsinə gətirib çıxaracaq, lakin bu baş vermədi. Onun fikrincə, “istənilən hipotetik “Minsk-3”ün yalnız bir nəticəsi olacaq. Bu daha geniş miqyaslı və daha qanlı bir müharibəyə yol açacaq”.
Kuleba hesab edir ki, Ukraynaya Rusiya ilə danışıqlara getməyi tövsiyə edənlər Ukraynanı deyil, Rusiyanı güzəştə getməyə məcbur etməlidirlər.
pia.az