Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Duqinə görə Ərdoğan və Putinin görüşü yeni dünyanın başlanğıcıdır... - Kremlin ətrafından verilən bu mesajlar nədən xəbər verir?

Soçi görüşündən sonra Rusiya-Türkiyə tərəfdaşlığı hansı məsafəni qət etdi və bundan sonra bu tərəfdaşlıq hansı səviyəyə qədər inkişaf edə bilər?..

Politoloq: “Duqinin açılması Rusiyanın maraqlarına xüsusilə geosiyasi maraqlarına xidmət edir. Duqin strateqdir. O, bu açıqlaması ilə Türkiyəni üzvü olduğu NATO-dan uzaqlaşdırmaq niyyətindədir”.

“Türkiyənin Qarabağda Azərbaycana hərbi, siyasi, mənəvi dəstəyi fonunda Azərbaycanın zəfər çalması bütün dünyanı silkələdi. Bu bütün Asiya ölkələrinə örnək oldu”.

Bu sözləri politoloq Natiq Miri Aleksandr Duqinin son sensasion açıqlamalarını PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyənin “Ulusal” kanalına danışan Aleksandr Duqin çox önəmli, sensasion açıqlamalar verib. ABŞ-ın liderliyinin bitdiyini önə sürən rusiyalı strateq hesab edir ki, çoxqütblü dünyanın Qərbi Asiyadakı əsas qütbləri Rusiya və Türkiyədir. Qərbi Asiyanın taleyinin Putin və Ərdoğandan asılı olduğunu vurğulayan Duqin Rusiya-Türkiyə ittifaqının qarşısında əsas əngəl olaraq Ukraynanı görür. Duqin həmçinin NATO-nun zamanının bitdiyini və bu üzdən də Türkiyənin NATO ölkəsi kimi deyil, müstəqil güc olaraq davranmasını önə sürür. Duqin hesab edir ki, Ərdoğan və Putinin Soçi görüşməsi yeni dünyanın başlanğıcıdır.

Duqinin bu açıqlamalarını necə dəyərləndirmək olar və Soçi görüşündən sonra Rusiya-Türkiyə tərəfdaşlığı hansı məsafəni qət etdi və bundan sonra bu tərəfdaşlıq hansı səviyəyə qədər inkişaf edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Duqinin dediyi əslində bir Avrasiya modelidir. Bu da Türkiyə və Rusiyanın birliyi fonunda Mərkəzi Asiya ölkələrinin də daxil olduğu böyük regionda güclü ittifaq deməkdir”.

Duqinin dediklərinin Rusiyanın sadəcə Türkiyəni sevdiyi üçün olmadığını düşünən politoloq PİA.az-a bildirib ki, Moskvada getdikcə güclənən və regionda əsas söz sahiblərindən birinə çevrilən Türkiyəni gördükləri üçün Rusiyadan belə mesajlar verilir. Bu mesajların iki ölkə prezidentinin Soçi görüşündən bir gün əvvəl verilməsi isə xüsusi önəm daşıyır:

“Duqinin açılması Rusiyanın maraqlarına xüsusilə geosiyasi maraqlarına xidmət edir. Duqin strateqdir. O bu açıqlaması ilə Türkiyəni üzvü olduğu NATO-dan uzaqlaşdırmaq niyyətindədir. Çünki NATO-nun ikinci ən böyük və ən güclü ordu məhz qardaş Türkiyənin ordusudur. Türkiyənin NATO-dan uzaqlaşması, dolayısı ilə NATO-da çözülmənin, dağılmanın, parçalanmanın əsasını qoyacaq. Bildiyimiz kimi artıq NATO-nun özündə müəyyən narazılıqlar, narahatlıqlar baş verir.

ABŞ NATO-da strateji müttəfiq olan Avropa ölkələrini yanına almadan Sakit Okean və Hind hövzəsində İngiltərə və Avstarliyadan ibarət August İttifaqı yaratdı. Bu İttifaq ABŞ-ın əsas rəqib kimi göstərdiyi Çinə qarşı yaradıldı. Bu da yetmədi, ABŞ Hindistanın və Yaponiyanın daxil olduğu dördlük ittifaqını yaratdı. Bu İttifaq da Çinə qarşı düşünülmüş bir siyasi ittifaqdır.

Bu faktlar onu göstərir ki, ABŞ əsasən bundan sonra xarici siyasətində prioriteti Sakit Okean və Hind Okeanı hövzəsinə üstünlük verəcək. Buna görə də Duqinin dediyi məsələ özündə müəyyən qədər həqiqət yükü daşıya bilər. Bu gün Cənub-Şərqi Asiyada, eyni zamanda Qərbi Asiyada və bütövlükdə Avrasiyada Rusiya-Türkiyə əməkdaşlığı həlledici geosiyasi amil rolunu oynaya bilər. Çünki Türkiyə getdikcə regionda güclənən bir ölkə kimi çıxış edir. Türkiyə artıq təkcə oyun pozan deyil, həm də oyun quran ölkəyə çevrilib.

Natiq Miri: “Türkiyə Suriyanın şimalında ard-arda üç zəfərlə yekunlaşan hərbi əməliyyatlar keçirdi. Bunu da heç bir dünya dövləti proqnozlaşdıra bilməzdi”.

Çox maraqlıdır ki, ABŞ-ın qlobal səviyyədə qurmaq istədiyi oyunu pozan yeganə ölkə Rusiya olmadı. Bu oyunu qardaş Türkiyə də pozdu. Bildiyimiz kimi “Böyük Ortadoğu layihəsi” var. Bu layihənin tərkib hissələrindən biri də İsraildir. Maraqlıdır ki, bu layihə regionda yeni kiçik dövlətciklərin, yəni İran, İraq, Suriya və nəhayət Türkiyənin də parçalanması ilə yeni dövlətciklərin və idarə olunan terror dövlətlərinin, bunun müqabilində də terror koridorundan yaradılması hədəfləyirdi. Bu planı da Türkiyə pozdu.

Bildiyimiz kimi Türkiyə Suriyanın şimalında ard-arda üç zəfərlə yekunlaşan hərbi əməliyyatlar keçirdi. Bunu da heç bir dünya dövləti proqnozlaşdıra bilməzdi. Türkiyənin Afrinə qarşı keçirdiyi ilk əməliyyat elə bir həlledici məqamda baş verdi ki, artıq terror koridorunun yaradılmasına və PKK-a terror dövlətinin yaradılmasına rəvac verilirdi. Afrin də terrorun yönləndirildiyi həmin mərkəzlərdən biri olacaq. Bütün dünya dövlətləri, eyni zamanda ABŞ və hətta PKK-a terrorçuları da hesab edirdi ki, Türkiyə ABŞ-ın olduğu əraziyə, həmçinin ABŞ-ın dəstəklədiyi hansısa qüvvəyə qarşı hərbi əməliyyatlar keçirə bilməz. Buna çox əmin idilər.

Bütün bunlara rəğmən Türkiyə ortaya ciddi iradə qoymaqla Afrinə qarşı çətin olsa da, uğurlu hərbi əməliyyat keçirdi. Bundan sonra Türkiyəyə münasibət qlobal səviyyədə dəyişdi. 2016-cı ildə Türkiyədə çevrilişə cəhd hadisəsindən sonra düşünürdülər ki, Türkiyə ordusunda ciddi parçalanma və boşluqlar yaranıb. Bunu da yaxın 10 illiklər ərzində Türkiyə bərpa edə bilməz. Amma Türkiyə bunun əksinin qısa müddətdə isbatladı və uğurlu hərbi əməliyyat keçirməklə Türkiyə ordusunun qüdrətini, gücünü və sarsılmazsiyasi iradəsini, ən əsası bütün ordunun mərkəzi komanda sisteminə tabe olduğunu ortaya qoydu. Bu təbii ki, ilk növbədə Türkiyənin Qərbdəki müttəfiqlərini məyus etdi.

Düşünürəm ki, bu buzun sındığı an idi. Bundan sonra Türkiyə ciddi siyasi iradəyə malik olduğunu digər iki hərbi əməliyyatlarla göstərdi ki, bölgədə onun maraqlarını tapdalamaq mümkün deyil. Türkiyə Suriyanın şimalında özü üçün təhlükəsizlik zolağı yaratdı. Bu ərazilər demək olar ki, İdlibə qədər terrorçulardan təmizləndi. Bu gün həmin ərazilərə nəzarət edən Türkiyədir.

Natiq Miri: “Türkiyənin dəstək verdiyi istənilən bir güclü ölkə regionda böyük ağırlıq mərkəzi yaradacaq. Bu mərkəz bir çox regional dövlətlər üçün cəlbedici olacaq”.

Mən bunları deməklə ona diqqəti çəkmək istəyirəm ki, Türkiyə region üçün qlobal səviyyədə hazırlanmış ən böyük oyunu pozan yeganə ölkədir. Buna görə də Türkiyənin dəstək verdiyi istənilən bir güclü ölkə regionda böyük ağırlıq mərkəzi yaradacaq. Bu mərkəz bir çox regional dövlətlər üçün cəlbedici olacaq. Çünki bu gün Türkiyə harada varsa, orada qalibiyyət var.

Xatırladım ki bütün dünya dövlətlərinin, həm Rusiyanın, həm ABŞ-ın, həm də Fransanın müdafiə etdiyi Haftar qoşunları Liviyanın paytaxtına qədər gəlmişdi. Türkiyə ordusunun prosesə ciddi müdaxiləsi ilə bu hücumun qarşısı alındı və Türkiyə PUA-ları Haftarın qoşunlarını darmadağın etdi. Bir daha qeyd edim ki, Haftarın ordusu ABŞ, Rusiya, Fransa, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Misir kimi ölkələrdən hərbi texnologiya və mütəxəssis yardımı alırdı. Türkiyə çox qısa zamanda Haftarın qarşısını alaraq Aralıq dənizinin şərqi ilə bağlı bütün bu ölkələrin kirli planlarını pozdu. Türkiyə məzlumların yanında olmaqda, qalib ölkə olduğunu bir çox regional dövlətlərə sübut etdi.

Bunun nəticəsidir ki, Mərkəzi Asiya ölkələri, türk cumhuriyyətləri də tədricən Türkiyə ilə yaxınlaşmaq siyasətini ortaya qoyublar. Bunun ardınca Türkiyənin Qarabağda Azərbaycana hərbi, siyasi, mənəvi dəstəyi fonunda Azərbaycanın zəfər çalması bütün dünyanı silkələdi. Bu bütün Asiya ölkələrinə örnək oldu. Buna görə də bu gün Rusiyanın Türkiyə ilə bir yerdə olması və bu istəyi ortaya qoyması normaldır. Çünki əgər belə birlik mümkün olmayacaqsa, Türkiyə Rusiyanın ağırlığı və özünü əhatə dairəsi saydığı bir çox regionları tədricən Rusiyanın əleyhinə, özünün leyhinə doğru əridəcək.

Natiq Miri: “Şuşa bəyannaməsindən dərhal sonra Qazaxıstan və Qırğızıstanın xarici işlər naziri Azərbaycana gəldi. Onların səfərində əsas məqsəd Şuşa bəyannaməsinin əsas qayələrini öyrənmək idi”.

Ortada Mərkəzi Asiyada türk cumhuriyyətləri var. Şuşa bəyannaməsindən sonra Mərkəzi Asiyada türk cumhuriyyətləri bu məsələyə ciddi maraq ortaya qoyub. Xatırladım ki, Şuşa bəyannaməsindən dərhal sonra Qazaxıstan və Qırğızıstanın xarici işlər naziri Azərbaycana gəldi. Onların səfərində əsas məqsəd Şuşa bəyannaməsinin qayəsini öyrənmək idi. Onlar gələcək perspektivdə Türkiyə ilə yaxınlaşmaq və Türkiyə ilə özlərinin gələcək təhlükəsizlik sistemini qurmaq istəyirlər. Çünki zaman-zaman həmin ölkələr Rusiyanı özlərinə təhlükə sayırlar.

Məlumdur ki, Rusiya Qazaxıstan kimi bir ölkəni də təhdid etməyə başladı. Belə olan halda da, əlbəttə ki, Qazaxıstan türksoylu ölkələrlə, xüsusilə güclü Türkiyə ilə əməkdaşlıqda maraqlıdır.

Duqinin dediyi əslində bir Avrasiya modelidir. Bu da Türkiyə və Rusiyanın birliyi fonunda Mərkəzi Asiya ölkələrinin də daxil olduğu böyük regionda güclü ittifaq deməkdir. Bu həm də regionun birmənalı olaraq Rusiya və Türkiyə tərəfindən idarəolunması deməkdir. Onu da qeyd edim ki, Türkiyənin olduğunu bir yerdə Türkiyəyə dost-qardaş ölkə olan Pakistanın da birlikdə olmaq ehtimalı böyükdür. Bu kontekstdə bir də Azərbaycanı düşünün. Ona görə də geosiyasi planda Duqinin də qeyd elədiyi kimi, Rusiya çoxqütblü dünyaya keçid dönəmində Türkiyə ilə ilə birlikdə addımlamağa maraqlıdır.

Vaşinqtonun atdığı addımlar Yaxın Şərqə ölkələrinin də tədricən ABŞ-ın nüvə orbitindən qaçma meyillərini gücləndirir. Son zamanlarda özünü Türkiyəyə düşmən elan edən Birləşmiş Ərəb Əmirlikləri artıq Türkiyə ilə yeni münasiblər sistemi qurmaqda maraqlı olduğunu bildirib. Bu yöndə də ciddi danışıqlar və razılaşmalar var. Dünənə kimi Liviyada Türkiyəyə qarşı olan Misir Ərəb ölkəsi bu gün Türkiyə ilə danışıqlar aparır. Həmçinin Misir Liviyada Türkiyənin dəstəklədiyi hökumətə düşmən olan hakter qoşunlarına yardımın edilməsindən imtina edib. Bunlar çox ciddi göstəriciləridir.

Natiq Miri: “ABŞ-ın qlobal səviyyədə qurmaq istədiyi oyunu pozan yeganə ölkə Rusiya olmadı. Bu oyunu qardaş Türkiyə də pozdu”.

Duqinin dedikləri sadəcə Türkiyəni sevdikləri üçün deyil. Getdikcə güclənən Türkiyəni gördükləri üçün Rusiya bu addımları atır. Bu gün bütün ölkələr güclünün yanında olmaqda maraqlıdır. Hətta güclü inkişaf edən İngiltərə belə postpandemiyadan sonra Türkiyə ilə ikitərəfli əməkdaşlığa daha çox üstünlük verir. Buna görə də Duqinin dediklərini bir də bu kontekstdə dəyərləndirmək lazımdır.

Amma hər bir halda nəzərə alınmalıdır ki, bir çox regionalda - Suriyada, Lidiyada, Qarabağda, Ukraynada, hətta Aralıq dənizində, Egey dənizində Rusiya və Türkiyənin maraqlarının uzlaşmadığı nöqtələr var. Rusiya ilə Türkiyə arasında Suriya hakimiyyətinin gələcək perspektivi ilə bağlı uzlaşmayan, tamamilə fərqli fikirlər fikirlər var. Eyni fikri Krım məsələsi ilə də bağlı demək olar və qeyd edim ki, Krım məsələsi ilə bağlı iki ölkə arasında fikir ayrılığı dadaha dərindir. Amma bütün bunlara rəğmən Duqin Rusiya və Türkiyənin birliyini təmin etməklə bütün bu problemlərin razılaşdırıla biləcəyi və dünyanın ən cəlbedici mərkəzlərdən biri olacağını proqnozlaşdırır.

Düşünürəm ki, Duqin bu məsələdə doğru düşünür. Amma bu məsələnin perspektivi Rusiyanın bundan sonra aparacağı siyasətdən nə qədər asılıdırsa, bir də Türkiyənin üzvü olduğu NATO-nun və NATO-nun İpini çəkən ABŞ-ın Türkiyə ilə apardığı siyasətdən asılı olacaq. Əgər Türkiyəyə qarşı həqiqətən də haqq etmədiyi təzyiqlər davam edəcəksə, Rusiyanın forpostu olan kiçik Ermənistanın irqçi və faşist maraqları Türkiyənin maraqlarından üstün tutulacaqsa, Türkiyənin ətrafında bir terror kolidoru yaradılmaq istəniləcəksə və Türkiyəyə qarşı yenə də terrora yardım ediləcəksə, Türkiyəyə qarşı Yunanıstanı gücləndirəcəklərsə, həm Aralıq, həm də Egey dənizində ABŞ güclənməklə Türkiyəni hərbi cəhətdən mühasirəyə almaq siyasətini davam etdirəcəksə, əlbəttə bu Türkiyəni Avroatlantik məkandan digər güc mərkəzlərinə doğru itələyəcək. Buna görə də Türkiyənin əsas seçimində ABŞNATO-nun Türkiyə ilə münasibətində yürütdükləri siyasət böyük rol oynayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay