Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yola saldığımız il: Zəngəzur, hakimiyyətdən yuxarıda dayanan Əliyev və Sovet relslərində Ştadler

Yola saldığımız il Azərbaycanda qəribə şəkildə, ancaq harmonik olaraq daha əvvəlki illə çulğaşdı. Əgər reallığı kəskinləşmiş və qeyri-adekvat qavraması ilə Selincerin məşhur romanının qəhrəmanı Holdenə bənzəyən Ermənistan üçün yola saldığımız il uçurumun qarşısında fasiləsiz fəlsəfi axtarışlara vadar edən tarixin sonudursa, Azərbaycan üçün bir taledə qovuşan son iki il yeni tarixin başlanğıcına çevrildi.

İlham Əliyev tarixi ədalət uğrunda iki əsrlik ağır və qanlı savaşı uddu. Və çox yüksək qiymətə və fövqəladə səylər hesabına əldə olunan bu ədalət Mark Urnovun dəqiq ifadəsi ilə desək, fantom deyil, real kateqoriyadır, hətta mədəniyyətin vacib elementidir. İkinci Qarabağ müharibəsi sübut etdi ki, ədalət üçün zaman müddəti yoxdur. Üstəlik, yalnız tarixi ədalətin təntənəsi ağır psixoloji travmanı aradan götürməyə yardım edə bilər. Qarabağ qələbəsi xroniki Fələstin intifadasından sonra yaranan köhnəlmiş münaqişələrlə bağlı daha bir stereotipi puç etdi.

Müharibədə qələbə və Qarabağın qaytarılması, xüsusən də Azərbaycan ordusunun Şuşaya daxil olması hələ 2020-ci ildə ilğım və fantom kimi görünürdü. Ancaq Qarabağ müharibəsi daima şiddətli hərbi qarşıdurmadan informasiya və diplomatiya müstəvisinə keçdi. Yola saldığımız ildə İlham Əliyev əbədi erməni-türk qarşıdurmasında daha bir simvolik elementi cızdı - Zəngəzur dəhlizini.

Tarixi qələbədən sonra azərbaycanlıların təsəvvüründə İlham Əliyev hakimiyyətdən də yuxarıdadır...

Əliyev özünün yeni geosiyasəti ilə həm də tarixi yaddaşı oyatdı - əsatirləri yox, keçmiş haqda refleksiyaları. Və Şərqi Zəngəzurun küldən dirçələn tarixini - axı solluq uşaq xəstəliyindən əzab çəkən və Lenindən sonrakı dövrdə millətçilik məstliyi ilə zəhərlənən bolşeviklər Zəngəzuru “Qırmızı Kürdüstan”a çevirməyə çalışmışdılar - Əliyev isə sözarası qərbi Zəngəzurun anneksiyasından da bəhs etdi. Əliyev özünün yeni geosiyasəti ilə ermənilərin siyasi leksikonuna itirilmiş toponimi qaytardı. Tarixi ədalət yalnız Azərbaycanı Naxçıvanla birləşdirmədi, həm də bütün Qafqaz bölgəsini qlobal nəqliyyat dəhlizlərinə və kommunikasiyalara qaytardı.

Bütün ölkələrin milli və dövlət maraqları sərhədləri dəyişməyə çalışan separatçı cəhdlərdən üstün oldu. Paradoksaldır, Əliyev bənzərsiz geosiyasi inqilaba nail oldu - o, SSRİ-nin son dövrlərinin status-kvosunu qaytardı. Ötən il Azərbaycanla Ermənistanın arasındakı tarixi sərhədlərin bərpasının ulduzu altında keçdi. Bölgə 1988-ci ilin reallığına döndü. Azərbaycan hərbçiləri bolşeviklərin böldüyü Zəngəzurun sərhədində dayandı! Daha bir böyük qələbə!

Əliyevin geosiyasi inqilabı-"Zəngəzur dəhlizi"

Liberal dəyərlərin ucuzlaşdığı, xəstəliyin və dünya böhranının hücum çəkdiyi, bəşəriyyətin Yaltaya qədərki milli dövlət dominantına - dövlət-millətə qayıtdığı deqlobalizasiya, Berdyayevin öncədən gördüyü Yeni Orta əsr dövründə Əliyevin “güclü milli suverenlik” konsepsiyası köhnə dağınıq Qafqaz üçün yeni arxitekturanın inşasına çevrildi. Əliyevin Şuşada elan etdiyi “altı bərabərhüquqlu dövlət” - “3+3” konsepsiyası birqütblü bölünmüş dünyadan sonrakı yeni reallıqları - bölgə dövlətlərinin dünya düzənini tarazlaşdırır. Və bu yeni dünya koordinat sistemində Əliyev Azərbaycanı Rusiyanı Türkiyə ilə, Ermənistanı Türkiyə ilə, Gürcüstanı Rusiya ilə, Türkiyəni İranla, Ermənistanı İranla birləşdirən yeni bölgə körpüsünə çevirdi… Əsası ötən il qoyulan bu unikal bölgə sistemini öz miqyasına və perspektivinə görə yalnız Nazarbayevin Avrasiya doktrinası ilə müqayisə etmək olar.

Əliyev “birqütblü çoxmərkəzçiliy”in iflasını, beynəlxalq təhlükəsizlik sisteminin dağılmasını, təhlükəsizliyə görə kollektiv məsuliyyət sisteminin gücdən düşdüyü yeni münaqişə və xaos qaydalarının, daha dəqiq desək, qaydasızlığının yaranmasını dəqiqliklə sezdi. Yalnız milli dövlətlərin özləri öz təhlükəsizliklərini təmin edə bilərlər. Hüququn gücü yerini gücün hüququna verib. Və insan ruhunun azadlığı artıq cəmiyyətin və dövlətin maraqlarından yuxarıda dayanmır. Üstəlik bu azadlıq planetin bir hissəsi ilə sivilizasiya münaqişəsinə girən bir dövlətin maraqları naminə qan içində boğulur. Və bu münaqişənin sərhədləri kəskin silinib. Müharibə təkcə Bağdadda, Tripolidə və Dəməşqdə yox, Londonun, Frankfurtun və Nyu-Yorkun küçələrində də genişlənməkdədir. Sivilizasiya münaqişəsi cəmiyyətin dövlətlə toqquşmasına çevrilib, bu isə marksizmin yaranmasından bəri formalaşmış ictimai müqavilənin tamamilə təftişi deməkdir. Qərb cəmiyyətinin əsasında dayanan və bütün dünyaya təlqin edilən sütunlar, ideologiyalar, dəyərlər iflasa uğrayır…

Əliyevin tarixi nailiyyəti-"3+3" formulu

Əliyev uçqunlarının altında Azərbaycanın da qala biləcəyi qlobal düzənin dağılmasını hələ 15 il əvvəl sezmişdi və dərk etmişdi. Əliyevin qeyri-məxməri inqilabların Şərqə doğru genişlənməsinə qarşı irəli sürdüyü milli dövlət konsepsiyası Ermənistanda, Ukraynada, Gürcüstanda, Qırğızıstanda və Moldovada dövlət institutlarının tamamilə dağılması və süqutu fonunda öz üstünlüyünü göstərdi.

Daxili siyasətdə dövlət orqanizminin güclənməsini formalaşdıran və Qərbdə Əliyevin “polis rejimi” adlandırılan bu konsepsiyanın sayəsində Əliyev müharibədə qalib gələn və bölgəyə özünün gündəliyini, inkişaf proqramını təlqin edən güclü milli dövlət yaratmağa nail oldu.

Əliyev təkcə öz dövrünü yox, həm də öz hökumətini xeyli qabaqladı. Azərbaycanın liderinin beynəlxalq və bölgə siyasətində, habelə bölgədə təhlükəsizliyin yeni sisteminin yaradılmasında fenomenal uğurları prezidentin daxili, o cümlədən iqtisadi siyasəti etibar etdiyi yeni komandasının üzvləri üçün nümunə olmalıdır.

Əliyev daxili siyasi vəziyyətə Azərbaycan xalqının və hakimiyyətinin vəhdəti kimi baxmaqda tam haqlıdır. Belə ki, xalq Azərbaycandakı hakimiyyəti Əliyevsiz təsəvvür etmir. Dünya erməniçiliyi üzərində tarixi qələbə prezidentin ideya rəqiblərini tərksilah etdi, onun adeptlərini və tərəfdarlarını isə silahlandırdı. Azərbaycanlıların təsəvvüründə Əliyev artıq hətta hakimiyyət də deyil, hakimiyyətdən yuxarıda dayanan ayrıca substansiyadır. Hakimiyyət daha aşağıda dayanır. Nazirlər kabineti və məmurlar səviyyəsində.

Bəs problemlər varmı? Bəli, iqtisadiyyat! Hansı ki, sovet relslərinə buraxılmış Ştadler qatarına bənzəyir

Azərbaycanın yeni texnokrat islahatçı hökumətə ehtiyacı vardı. Prezidentin kadr siyasəti ölkənin və bölgələrin idarəçiliyinə yeni nəslin nümayəndələrini gətirdi. Cəmiyyətin mütərəqqi hissəsi də məhz bunu arzulayırdı. Gənc qvardiya traybokratiyadan və məmur kapitalizmindən miras qalan Avgi tövlələrini təmizləməyi bacardımı?

İlk növbədə güc aparatının uğurları nəzərə çarpır. İqtisadiyyat qaydasında olmayanda güc strukturlarının uğurları daha görünən olur. Bu, məmur aparatının digər hissəsinin yaratdığı problemlərin nəticələrinin aradan qaldırılması missiyasıdır. Qapalı dövrə yaranır: məmurların bir hissəsi problemlər yaradır, digər hissəsi isə onları dəf etmək üçün mübarizə aparır.

Adi həqiqəti təsdiqləməliyik - ölkə iqtisadiyyatının sistemli islahatların sürətləndirilməsinə ehtiyacı var. Vaxtı çatmış islahatların reallaşması yolunda böyük maneə rolunu orta əsr pandemiyası oynasa da, burada bürokratik əngəlləri də qeyd etməliyik.

Aqrar islahat yerində sayır. İllər keçir, ancaq ziyanla işləyən dövlət şirkətlərinin özəlləşdirilməsi ölü nöqtədən tərpənməyib. Halbuki hələ 2019-cu ildə Əliyev iqtisadiyyatın idarə olunmasının tam demontajına çağırıb! Xırda və orta biznes hələ də məmur süründürməçiliyi ilə qarşılaşır və ağır vergi-gömrük yükünün altında boğulur. Azərbaycan iqtisadiyyatı yeni Vergi Məcəlləsinə hamilədir. Bank sisteminin də islahatlara ehtiyacı var… Milli təhlükəsizliyin əsas probleminə isə daha bir çağırış qoşulub - ölkənin ərzaq təhlükəsizliyi böhranı. Azərbaycan iqtisadiyyatının inhisarçılıqla mübarizə aparmağa gücü çatmır, Azərbaycan bazarının təkmilləşməsi daha çox rəqabət tələb edir.

Bəzən banal və üzdə olan əyani köhnə problemləri əyləncəli, ancaq mənasız ritorika ilə gizlətməyə çalışırıq. Baxmayaraq ki, hər şey çox banal və sadədir - axmaqlar, yollar və büdcə talanı. Digər böyük rusun - Karamzinin söylədiyi kimi, orta əsr Rusiyasının üç məlum bəlası…

Texnokratlar hələ də Azərbaycan biznesinə bazar iqtisadiyyatının yeni modelini təklif etməyib - dövlətin müdaxiləsi olmadan necə inkişaf etməli və mövcud olmalı?

Təəssüf, Azərbaycan iqtisadiyyatı Ştadlerin Sumqayıtda Sovet relslərinə qoyulmuş ultramüasir İsveçrə qatarını xatırladır.

Ölkə ləng sürətlə insan həyatı barədə təsəvvürlərimizi tamamilə dəyişdirən dördüncü sənaye inqilabına doğru hərəkət edir. Bəlkə yeni inqilab həyatımıza nüfuz edən orta əsrlərə də son qoyacaq?

Bizim Ştadlerimiz irəliyə şütüyür. Yola saldığımız 2021-ci ilə sonuncu dəfə nəzər salıram. Uğursuzluqlara və çətinliklərə baxmayaraq, bu, böyük tarixi sıçrayış ili idi… (müəllif: Eynulla Fətullayev, virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ən çox oxunanalar