Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sanksiyaların caynağındakı İran: Tehran nüvə proqramını bərpa etsə nə olacaq? – Müsahibə

“Əgər İran yenidən nüvə araşdırmalarına başlayacaqsa, gedişat ilk növbədə ABŞ-ın Yaxın Şərqdəki strateji müttəfiqi İsrail üçün daha çox təhlükə yaradacaq”

“Bu gün İran sanksiyalarının işləməməsini istəyən bir çox böyük dünya dövlətləri mövcuddur. Onlar da ABŞ-a qarşı İranın bu səviyyədə dirənməsində, ABŞ-ın getdikcə zəiflədilməsində və qlobal səviyyədə təklənməsində maraqlıdırlar”.

Bu sözləri politoloq Natiq Miri İranın nüvə proqramının geosiyasətə təsirlərini şərh edərkən PİA.AZ-a müsahibəsində qeyd edib.

Ötən həftə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani Britaniyanın xarici işlər naziri Ceremi Hantla Tehranda görüşüb. Görüş zamanı İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şamxani Avropaya xəbərdarlıq edib. Belə ki, Şamxani görüşdə AB-nin ABŞ rəhbərliyi nüvə müqaviləsindən çəkildikdən sonra bu müqavilənin qorunması üçün lazımi əməkdaşlığı etmədiyini bildirib. ABŞ-ın hərəkətinin AB-nin siyasi nüfuz və heysiyyətini heçə saymaq sayıldığını bildirən Şamxani, nüvə müqaviləsinin digər tərəflərinin Amerikanın əlverişsiz hərəkətinə qarşı passiv mövqeyi səbəbindən İranın da əvvəlki dövrə qayıtmaq üçün lazımi qərarları aldığını vurğulayıb.

Xatırladaq ki, İran və altı beynəlxalq vasitəçi (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci il iyul 14-də İranın nüvə proqramı ilə bağlı uzunmüddətli problemin həlli barədə razılıq əldə edib və birgə hərtərəfli fəaliyyət planı (BHFP) qəbul edilib. Lakin İranın məlum xəbərdarlığı onun nüvə sınaqlarını bərpa etməsi anlamına gəlir. Tramp milli təhlükəsizlik məsləhətçisi Con Bolton isə açıqlamasında “İran həqiqətən ciddi olarsa, masa arxasına gələcək", fikrini qeyd edib. İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmış Ruhaninin məsləhətçisi Məcid Təxt-Rəvançi isə müsahibəsində “Nəticələri olan danışıqlar aparmaq istəyirik. Biz bu şərtlərdən heç birini görmürük. Açıq şəkildə deyirik ki, mövcud mühitdə aparılan danışıqlar faydasızdır, bəzi hallarda hətta zərərlidir”- deyə qeyd edib.

Mövcud vəziyyətdə ABŞ-İran münasibətlərinin və İranın nüvə proqramına start verdiyi təqdirdə geosiyasi gedişata təsiri ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Natiq Miri ilə müsahibə hazırlayıb.

PİA.AZ politoloq Natiq Miri ilə olanı müsahibəni oxucularına təqdim edir:

-Natiq bəy, ABŞ-ın kəskin sanksiyalarından sonra İranın nüvə proqramını bərpa etməsi bölgədə və bütövlükdə beynəlxalq siyasətdə hansı kataklizmlər və transformasiyalar yarada bilər?

-İran tərəfindən nüvə müqaviləsini imzalayan dövlətlərə xəbərdarlıq edilməsi ilk dəfə deyil. Əslində İran həqiqətən də nüvə müqaviləsini imzalayan və müqavilənin şərtlərinə riayət etməyə dair öz üzərinə öhdəliklər götürən ölkələrin qaydalara əməl etməsini istəyir. Müqaviləyə uyğun olaraq, İran nüvə araşdırmalarını dayandırdıqdan sonra ona bir çox konkret vədlər verilmişdi ki, bu vədlər müəyyən iqtisadi sanksiyalar və o günə qədər dondurulmuş yüz milyonlarla dolların donunun açılması istiqamətində idi. Eyni zamanda iqtisadi və ticari əlaqələrin də tamamilə normal məcraya düşməsi ilə bağlı konkret öhdəliklər götürülmüşdü. Avropa ölkələri, həmçinin Rusiya və Çin bu müqavilənin hələ də qüvvədə qaldığını bəyan etsələr də, müqaviləyə imza atan bəzi Avropa ölkələri ABŞ sanksiyalarından dolayı geri çəkildilər və İranla iqtisadi-ticari əlaqələrdə müəyyən məhdudiyyətlər yaratdılar. Baxmayaraq ki, sözdə ABŞ-ın sanksiyalarına riayət etməyəcəklərini demişdilər. Əməldə bir çox Avropa şirkətləri sözün əsl mənasında İranda fəaliyyətlərini tamamilə dondurmuş vəziyyətdədirlər.

Ayrıca İranın enerji daşıyıclarının satın alınması məsələsində də bu ölkələr ABŞ sanksiyalarından qorxaraq özləri üçün müəyyən məhdudiyyətlər yaradıblar. Təbii ki, bu davranış İranın imzaladığı nüvə müqaviləsinə uyğun gəlmir. Belə olan halda İran əvvəlki statusuna qayıdacağı, yenidən nüvə reaktorlarını işə salacağı və araşdırmanı davam etdirəcəyi ilə müqavilə tərəfdaşlarını təhdid edir. İran rəsmiləri tərəfindən müqaviləni imzalayan ölkələrə qarşı bir neçə dəfə bu cür xəbərdarlıqlar edilib.

Natiq Miri: “Çünki İran nüvə araşdırmalarına başlayacağı təqdirdə bu gün Avropa dövlətlərinin, xüsusilə də ABŞ və onun dəstəklədiyi İsrailin narahatçılıqları yaranır”.

Əslində bu xəbərdarlıqlar boşuna deyil. Çünki İran nüvə araşdırmalarına başlayacağı təqdirdə bu gün Avropa dövlətlərinin, xüsusilə də ABŞ və onun dəstəklədiyi İsrailin narahatçılıqları yaranır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Belə ki, İran çox qısa zamanda nüvə silahı əldə edə bilər. İranın xəbərdarlıqlarının mahiyyəti budur ki, əgər nüvə bombası əldə etməyini istəmirsizsə, nüvə müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirin. Öhdəliklərə uyğun davranılmasa, İran öz köhnə statusunda qalacaq və nüvə müqaviləsinin şərtlərinə əməl etməyəcək. Bu isə regionda yeni nüvə dövlətinin ortaya çıxmasına səbəb ola bilər.

Bu proses bütövlükdə regionda nüvə bombası yarışına rəvac verə bilər. Çünki başda Səudiyyə ərəbistanı olmaqla, Yaxın Şərqdə bir neçə ərəb ölkələri İrana adekvat olaraq nüvə bombası əldə etmək istəyəcək. Bu istiqamətdə artıq İsrailin dəstəyi ilə Səudiyyə Ərəbistanında bəzi nüvə araşdırmaları aparılır.Ona görə də gələcəkdə İran həqiqətən nüvə bombası əldə edəcəksə, bu, regionun nüvə təhlükəsinə şərait yaradacaq. Bu məsələdə Türkiyə kimi regional dövləti də unutmaq olmaz. Əgər regionda ərəb dövlətləri də nüvə bombası əldə etmək istəyəcəksə, təbii ki, təhlükəsizlik baxımından Türkiyə də bu yöndə konkret araşdırmalara başlayacaq. Bu gedişat bütövlükdə dünyanı nüvə təhlükəsi ilə üzə-üzə qoyacaq.

Natiq Miri: “Təhdid dili və sanksiyalarla İranı çökdürmək bütövlükdə Yaxın Şərq bölgəsini bir odun içinə atacaq”.

-İran nüvə proqramını bərpa edərsə, bu o anlama gələ bilərmi ki, Trampın sanksiyaları özünü doğrultmadı və faktiki olaraq, Trampın İsraili daha ciddi şəkildə müdafiə etmək cəhdləri uğursuzluqla nəticələndi?

- Trampın sanksiyasının uğurlu olması məsələsi o qədər də ağlabatan deyil. Görünən mənzərə budur ki, İranı o cür sanksiyalarla çökdürmək mümkün olmayacaq. Çünki İran birinci sanksiyalar dönəmində hazırladığı mexanizmlər çərçivəsində öz enerji daşıyıcılarını yenə də satmaqda davam edir. Rəsmi olmasa da, qeyri-rəsmi formada bu satışlar aparılacaq. Düşünürəm ki, bu kontekstdə İran iqtisadiyyatını çökdürmək mümkün olmayacaq. Əgər İran yenidən nüvə araşdırmalarına başlayacaqsa, gedişat ilk növbədə ABŞ-ın Yaxın Şərqdəki strateji müttəfiqi İsrail üçün daha çox təhlükə yaradacaq. ABŞ hesabatlı davranmış olsa, müəyyən zaman çərçivəsindən sonra sanksiyaları dayandırar və İranla konkret danışıqlara gedər. Təhdid dili və sanksiyalarla İranı çökdürmək bütövlükdə Yaxın Şərq bölgəsini bir odun içinə atacaq. Məlumdur ki, ABŞ-la İsrailin regionda bir ərəb NATO-su yaratmaq layihəsi mövcuddur. Sadəcə olaraq, Səudiyyəli jurnalist Camal Qaşıqçının vəhşicəsinə öldürülməsindən sonra bu məsələ ikinci plana keçirilib. Çünki indiki həssas dönəmdə Səudiyyədə vəziyyətin necə olacağı və vəlihəd şahzadəsinin öz postunda qalıb-qalmayacağı həll olunmalıdır. Hər bir halda plandan vaz keçilməyib. ABŞ-la İsrail hələ də ərəblərdən ibarət hərbi struktur yaratmaqla, digər müsəlman ölkəsi olan İrana qarşı yönəltmək istəyir.

-Bəzi iddialara görə, İran hazırkı sanksiyalara tab gətirə bilməyəcək. Tehranın sanksiyalara dözə bilməyib, ABŞ-la danışıqlar masasına otura biləcəyini düşünürsünüzmü?

- ABŞ-ın təklif etdiyi 12 maddəli şərtlər o qədər ağırdır ki, İranın bu şərtlər altında danışıqlara başlayacağına inanmıram. Bu şərtlərin qəbul olunması Tehran ictimaiyyəti tərəfindən də böyük qəzəblə qarşılana bilər. Hər bir halda bütün məhdudiyyətlərə rəğmən, İranın sanksiyaların öhdəsindən gələ biləcəyini düşünürəm. Bu gün İran sanksiyalarının işləməməsini istəyən bir çox böyük dünya dövlətləri mövcuddur. Onlar da ABŞ-a qarşı İranın bu səviyyədə dirənməsində, ABŞ-ın getdikcə zəiflədilməsində və qlobal səviyyədə təklənməsində maraqlıdırlar. Bu baxımdan həmin ölkələr üçün İranın özü də müəyyən mənada alət kimi istifadə olunur. Hesab edirəm ki, iqtisadi sanksiya məsələsində İranı çökdürmək mümkün olmayacaq.

Gülşən ŞƏRİF
pia.az


Etiket: ABŞ İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Ən çox oxunanalar