30 sentyabrda Vətən müharibəsi şəhidi Asif Səxavət oğlu Qəribovun Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə şəhid Asif Qəribovun və digər şəhidlərin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Şəhid Asif Qəribovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb.
Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, ölkə rəhbərinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar. Sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edilib ki, Asif Qəribov 2000-ci il sentyabrın 10-da Şirvan şəhərində dünyaya göz açıb. O, hələ məktəb illərində əxlaqı, mədəni davranışı, düşüncələri ilə seçilib. 2019-cu ildə həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıb. Vətən müharibəsi başlayan gündən Asif də ön sıralarda yer alıb. Füzuli, Cəbrayıl istiqamətində cəbhənin yarılmasında və düşmənə ağır zərbələr endirilməsində öz şücaəti ilə seçilib. Sentyabrın 30-da Füzuli istiqamətində gedən gərgin döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhid Asif Qəribov döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Fotolar
Poliqon.info