Şənbə, 15 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müvafiq təhsili olmayan bağça müəllimləri işdən çıxarılacaqlar? - Rəsmi

Elm və Təhsil Nazirliyinin (ETN) açıqladığı məlumata görə, ötən bir il ərzində məktəbəqədər təhsil müəssisələrində sistemli təkmilləşdirmə işləri aparılıb, işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər həyata keçirilib.

Məlum olub ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5 800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur.

Açıqlanan rəqəmlər müzakirələrə səbəb olduğu qədər də həmin müəllimlərin işlədikləri müəssisələrdə qalıb-qalmayacaqları haqqında suallara gətirib çıxardı.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, hazırda həmin şəxslərin işdən uzaqlaşdırılması haqqında söhbət getmir və ETN-nin belə bir niyyəti də yoxdur. 2026-cı ilə qədər bütün müəllimlər sertifikatlaşdırılma prosesində iştirak edəcəklər. Sertifikasiyadan keçə bilməyən müəllimlər üçünsə bir il ərzində yenidən şans yaradılır.

Elm və Təhsil Nazirliyindən o da bildirilib ki, açıqlanan rəqəmlər yalnız dövlət məktəbəqədər təhsil müəssislərinə aiddir. Özəl müəssisələr buraya aid deyil. Çünki nazirlik ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində müəllimlərin işəqəbulu prosesini test və müsahibə yolu ilə elektron formada mərkəzləşdirilmiş qaydada həyata keçirir.

Uşaq bağçalarında neqativ hallar haqqında Oxu.Az-a danışan təhsil eksperti İlqar Orucov deyib ki, uzun illər məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərinin tərkibində fəaliyyət göstərməsi belə bir vəziyyət yaradıb:

“Təhsilə heç bir aidiyyəti olmayan insanlar işə qəbul olunublar. Elə insan var ki, 25-30 ilini bu sahədə işləməyə həsr edib, onların işdən uzaqlaşdırılması da müşkülə çevrilib. Amma hesab edirəm ki, təhsilimiz naminə bəlli sayda kontingenti işdən uzaqlaşdırmağa məcburuq. Yoxsa təhsilimizi neqativlərdən qoruya bilmərik. Müvafiq sahə üzrə təhsil almayan minlərlə insan hansısa neqativ yollarla, tapşırıq və rüşvətlə həmin bağçalarda fəaliyyət göstərir. Bəlli sayda insanın narazı qalmasını deyil, keyfiyyətli təhsil mühitinin yaranmasını əsas götürməliyik. Bizə məktəbəqədər təhsil daha vacibdir, nəinki həmin şəxslərin işsiz qalmaları.


Müvafiq sahə üzrə təhsili olmayanların yerinə kadr tapmaq mümkündür. Müvafiq sahə üzrə təhsil verən kolleclər, ali təhsil müəssisələri var. Orada yetişən məzunları yoxlayıb, imtahan edərək, işə götürmək mümkündür.

Məktəbəqədər təhsil təhsilin ilk pilləsi, baza və bünövrədir. Təsəvvür edin, təhsili olmayan şəxs bağçada işləyirsə, özünün təhsili yoxdursa, uşaqlara hansı təhsili ötürə biləcək? Ola bilər, həmin şəxslər bu müddət ərzində hansısa təcrübə qazanıblar. Amma yenə də bu, keyfiyyətli təhsil vəd edən durum deyil”.

Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin bağça müəllimlərini imtahan etməsi nəticəsində çox insan kənarda qalacaq, onların yerinə isə müvafiq təhsili olan, savadlı şəxslər qəbul olunacaqlar:

“Uşaq bağçaları ilə bağlı indiyə qədər çox neqativ hallar ortaya çıxıb. Bağçaya verilən ərzağın mənimsənilməsindən tutmuş, təhsil müəssisəsinə ayrılan ərazinin satılmasına, uşaqlara şiddətə qədər bir çox faktlarla rastlaşmışıq. Ona görə də fürsət var ikən bu mühit mütləq sağlamlaşdırılmalıdır. Bağçalara qaydaları sərtləşdirmək, nəzarəti gücləndirmək vacibdir”.

Xatırladaq ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər.

Poliqon.info 


Etiket: Bağça


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Bizə şirniyyat bişirtdirib, Azcake mağazalarında satışa çıxarırlar" - Məhbus qadın

Vəzifəli şəxs icra başçısının xidməti otağında ona külli miqdarda pul veribmiş 

Azərbaycana Belarusdan kiloqramı 5,4 manata pomidor gətirilib – Marketlərdə satılmır

İstanbulun məşhur 15 İyul Şəhidləri Körpüsü bağlanılıb, əraziyə çoxsaylı polis göndərilib

“Zəngəzur dəhlizi” ilə bağlı problemlər öz həllini tapıb?

Politoloq: Ermənistan ordusunda sülhə qarşı olan qüvvələr var...

Polietilen torbaların pulla satılması Azərbaycan ekologiyasını xilas etdimi?

Ən çox oxunanalar