Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviyada Astana formatı mümkündürmü?.. - Rusiya diplomatiyası Aralıq dənizində...

Türkiyə Liviyada atdığı addımlarla Şərqi Aralıq dənizində imperializmin ona geyindirdiyi kəfəni cırıb atdı...

Onur Sinan Güzaltan

“Aydınlık” qəzeti, Türkiyə, 10 iyun 2020-ci il

Birləşmiş Millətlər Təşkilatının tanıdığı Milli Uzlaşma Hökuməti ilə (MUH) əldə etdiyi razılaşmalar vasitəsilə beynəlxalq hüquq kontekstində güclənlənən Türkiyə MUH-un irəliləməsi ilə birlikdə hərbi üstünlüyü də ələ keçirib.

Misir Prezidenti əl-Sisi general Xəlifə Həftar və Akilə Salehin Qahirədə etdiyi atəşkəs və siyasi həll çağırışı Türkiyənin dəstəklədiyi MUH-un hərbi zərərini sübut edir.

Qısaca, Türkiyə 1974-cü ildə Kipr Sülh Hərəkatına bənzər şəkildə bu sahədə öz hakimiyyətini qəbul etdirib. Buna görə, diplomatiyaya uyğun siyasət inkişaf etdirmək faydalı olar. Əks halda, Türkiyə hərbi baxımdan üstün və qanuni olaraq haqlı olsa da, düzgün diplomatik addımlar atılmadığı üçün beynəlxalq planda Kipr kimi bir vəziyyətlə üzləşə bilər.

Yeni prosesdə Ankaranın qarşısındakı məsələ Liviyadakı hərbi və hüquqi uğurların siyasi arenaya çıxarılması üçün hansı diplomatik addımların atılmasıdır.

Astananı Liviyaya daşımaq

Suriyadakı Rusiya, İran və dolaylı olaraq qurulan Astana mexanizmi Türkiyənin önündə uğurlu bir diplomatiya nümunəsi kimi dayanır. Qonşu ölkələrlə qurulan bu mexanizm Suriya böhranı üçün bir həll yolu olmaqla yanaşı, həm də Türkiyənin öz regional maraqlarını qorumasına da kömək edib.

Liviyada Həftarın məğlubiyyətindən sonra Misirdən gələn atəşkəs və siyasi həll çağırışı, eyni zamanda Moskva və Vaşinqtonun bu çağırışa dəstək verməsinə baxmayaraq, Astana nümunəsi ilə qiymətləndirilməlidir.

Mövzunu daha konkret şəkildə izah edək.

Ötən həftə prezident Ərdoğanla Sərrac arasındakı görüşlə eyni vaxtda Qahirədə Sisi, Həftar və Saleh danışıqlar aparıb və Moskvada da Rusiya xarici işlər naziri Sergey Lavrov sürpriz şəkildə MUH nümayəndəsi Məhəmməd Tahir Siyala ilə görüşüb.

Əsl sürpriz isə Lavrovun rus məhbusların azadlığa buraxılacağı təqdirdə, MUH ilə bir razılaşma əldə olunacağını bildirməsi olub.

Lavrov və Siyala görüşündən əvvəl və sonra Rusiya mətbuatında çıxan Moskvanın Həftara verdiyi dəstəyi geri çəkməsi ilə bağlı xəbərlər isə ortada yeni bir nizam olduğunu və Qahirədən gələn siyasi həll çağırışı ilə Moskvanın həmlələri arasında bir əlaqə olduğunu göstərir.

Bu nöqtədə Liviyada Türkiyə əleyhinə düşərgədə olan Akilə Saleh Qahirədə verdiyi bir açıqlamada dediyi “Həftarsız bir siyasi həll yolu” ifadəsinə diqqət yetirmək lazımdır.

Bir digər önəmli proses isə Liviyada Türkiyənin dəstəklədiyi qüvvələrin irəliləməsi strateji əhəmiyyət daşıyan Vattiyə Hava Bazası da daxil olmaqla, Rusiya dəstəkli qrupların münaqişəyə girmədən geri çəkilməsi idi.

Bütün bu açıqlamaları və prosesləri bir yerə topladıqda Liviyada Moskvanın Türkiyə ilə üz-üzə gəlmək istəmədiyini və digər tərəfdən, Misirlə olan münasibətlərini qoruyaraq ortaq bir zəmin yaratmaq istədiyini görürük.

Nəticədə, Liviyada Ankara-Moskva və Qahirənin ortaq bir zəmində görüşməsi ehtimalı az da olsa yaranıb.

Türkiyənin Liviyada dəniz müharibəsi apardığını, bölgədə Əlcəzair və Tunisin qismən dəstəyi ilə bir sahə açdığını, ABŞ-Körfəz-İsrail-Yunanıstan cəbhəsinin Liviya vasitəsilə Rusiya ilə olan münasibətlərini pozmaq istədiyini, eyni cəbhənin onu Misirlə qarşıdurmaya sürükləmək istədiyini də nəzərə aldıqda görünür ki, Ankara-Moskva-Qahirənin Astana kimi ortaq bir zəmində görüşməsi ehtimalı gücləndirilməlidir.

TSQ-nin və Türkiyənin dəstəklədiyi qüvvələrin uğurları Türkiyənin qurulacaq Liviya masasına güclü bir şəkildə oturmasını təmin edəcək. Ancaq Liviyada aktiv olan dövlətləri nəzərdən keçirdikdə Türkiyə qarşıdakı prosesi ən az itki ilə keçirmək və qazandıqlarını qorumaq üçün ittifaqlara yönəlməlidir.

Bölgənin güclü ölkəsi olan Əlcəzairin Liviyanın birliyini istəməsi, Həftar əleyhinə mövqe tutması və MUH-a da qismən dəstək verdiyi məlumdur. Bu baxımdan, Əlcəzair MUH komponentləri ilə bağlı narahatlıqlarını aradan qaldıracaq həmlələr etməlidir.

Milliyyətçi-sekulyar qruplara və Müsəlman Qardaşlara yaxın olan Nahda hərəkatından ibarət cüt başlı bir quruluşun hakim olduğu Tunis MUH-a dəstək olmaq məsələsində sözügedən siyasi parçalanmaya görə problemlər yaşayır.

Türkiyə Tunisdə Əlcəzairdəkinə bənzər şəkildə milliyətçi-sekulyar qrupları Liviyada gizli bir Müsəlman Qardaşlar gündəliyi olmadığına razı salmalıdır.

Qeyd edək ki, ABŞ da Tunisə qoşun göndərməklə bölgədə daha fəal iştirak etmək üçün fürsət axtarır.

Digər tərəfdən, Əlcəzair və Tunis hökumətləri də tarixi və iqtisadi əlaqələrinə görə birbaşa olaraq Misirlə üz-üzə qalmaq istəməyəcəklər.

Qərb blokunda isə ABŞ-ın iki oyun içində Liviyadakı dəyişən güc balansına uyğun hərəkət etdiyi və son anda iki tərəflə də münasibətlərini qoruyan bir siyasət yürütdüyünü görürük.

AB ölkəsi olan İtaliya da ABŞ-la bənzər bir şəkildə hərəkət edərkən, Həftarın yanında olan Fransa da Türkiyənin aktiv siyasətləri qarşısında boşa çıxıb. Digər tərəfdən, məqalənin əvvəlində qeyd etdiyimiz kimi, Rusiya da Həftara verdiyi dəstəyi geri çəkməyə çalışarkən digər tərəfdən də Akilə Saleh və tərəfdarları vasitəsilə Misiri də kənarda qoymayacaq bir həll yolu axtarır.

Birləşmiş Ərəb Əmirlikləri isə tamamilə anti-Türkiyə siyasəti ilə Ankara və Qahirəni üz-üzə qoymaq üçün əlindən gələni edir.

Ankara və Qahirə arasındakı Moskva

Ümumi mənzərəyə baxsaq görərik ki, Suriyaya bənzər şəkildə əks cəbhələrdə yer alsalar da, Ankara və Moskvanın birbaşa dialoq və hətta əməkdaşlıq yolu ilə böhranı həll etməməsi üçün heç bir səbəb yoxdur. Ankara-Qahirə əməkdaşlığı Əlcəzair, Tunis və Misirin Liviya böhranına olan yanaşmasına müsbət təsir göstərəcək.

Qarşıdakı dövrdə ABŞ-Körfəz-İsrail-Yunanıstan xətti Türkiyə-Rusiya dialoqunu çürütmək məqsədilə Liviyadakı müxtəlif qruplar içində yer alan və özünə yaxın olan şəxsləri hərəkətə keçirə bilər.

Türkiyə lazımi addımlar atsa, təkcə öz maraqlarını qorumaqla kifayətlənməyəcək, həm də bu gün əleyhinə olan ölkələri də öz tərəfinə çəkə biləcək.

Ankara-Moskva-Qahirə xəttində yeni proseslər gözlənilir.

Çin mütəfəkkiri Sun Tzunun əsrlər əvvəl dediyi kimi: “Əsl bacarıq yüz müharibənin yüzündə də qələbə qazanmaq deyil, düşməni döyüşmədən məğlub etməkdir”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar