10 gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu” ilə bağlı görüş tam məxfi şəraitdə keçirilib...
Poliqon xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Nazirin sözlərinə görə, görüşdə Qərb ölkələri və Qlobal Cənubun bəzi dövlətləri iştirak edib.
“On gün əvvəl daha bir belə görüş baş tutub, “Böyük yeddilər” və üstəgəl inkişaf etməkdə olan bəzi ölkələr bu görüşdə Zelenskinin “sülh formulu”nu müzakirə ediblər. Lakin bu məxfi görüşdə dünyanın əksər ölkələrinin nümayəndələri iştirak etməyib, bəziləri isə dəvətdən imtina edib. Görüş tam məxfi şəraitdə keçirilib əldə olunan nəticələr barədə heç bir məlumat verilməyib. Bu görüş barədə heç bir yerdə, heç bir sızma da olmayıb”, deyə Lavrov “RİA Novosti” Agentliyinə və “Rossiya 24” telekanalına bildirib.
Qeyd edək ki, Vladimir Zelenskinin 2023-cü ilin əvvəlində təqdim etdiyi “sülh formulu” Rusiya qoşunlarının Ukrayna torpaqlarından tamamilə çıxarılmasını, Ukraynanın 1991-ci il sərhədləri daxilində ərazi bütövlüyünün bərpasını, bütün məhbusların azad edilməsini, nüvə, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsini nəzərdə tutur.
Lavrov qeyd edib ki, görüşdə iştirak edən Rusiyanın yaxın müttəfiqləri və həmfikirləri “heç kimə bizdən sirr saxlamağa söz verməyiblər”. Rusiya XİN rəhbərinin sözlərinə görə, tərəflər yanvarda görüş, fevralda isə sammit keçirmək barədə razılığa gəliblər ki, bu sammitdə isə “sülh formulu” təsdiqlənəcək.
Lavrovun qeyd edib ki, Qərbin “Rusiyanın strateji məğlubiyyəti” strategiyası iflasa uğrayıb.
Poliqon.info