Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus testlərinin növləri – “Sky News”

Novator.az saytı Böyük Britaniyanın “Sky News” kanalının əməkdaşı Aliks Kalbertsonun koronavirus testlərinin növləri haqda yazısını ingiliscədən çevirərək təqdim edir. Yazı “Sky News” kanalının internet səhifəsində yerləşdirilib.
Koronavirus testləri iki fərqli məqsədlə – birincisi, insanın hazırda virusa yoluxub-yoluxmadığını, ikincisi, virusa yoluxmuş adamın orqanizmində antitellərin yaranıb-yaranmadığını öyrənmək üçün aparılır.

Bunlar fərqli test metodlarıdır. Amma test olunan şəxsdə həmin anda COVİD-19 virusu varsa, hər iki test bunu göstərir.

Gəlin koronavirus testlərinin hər iki məqsədə xidmət edən növlərinə nəzər yetirək.

PZR testi – yaxma üsulu

Polimeraz zəncirvarı reaksiya (PZR) ilə aparılan test hazırda testlərin ən geniş yayılmış formasıdır və kifayət qədər etibarlı hesab olunur.

COVİD-19 testləri aparan laboratoriyalar PZR testlərinin 99% effektiv olduğunu bildirir.

PZR testləri üçün xəstənin badamcıqlarından və burun boşluğundan çubuqla RNT nümunəsi (DNT-ni zülallara çevirən nuklein turşusu) götürülür.

RNT virus barədə genetik informasiyanı özündə saxlayır. Ona görə də xəstədən RNT nümunəösi götürülərək laboratoriyaya göndərilir. Laboratoriyada qızdırılaraq və soyudularaq çoxaldılır, nəticədə külli miqdarda DNT-lər yaranır.

Yalnız bundan sonra bioloqlar SARS-CoV-2 virusunun (koronavirus xəstəliyinə səbəb olan virus) mövcud olub-olmadığını görə bilirlər.

PZR testinin nəticəsi təxminən iki günə hazır olur.

PZR testləri 99% effektiv sayılır

Dövrəvi izotermal amplifikasiya testləri

Dövrəvi izotermal amplifikasiya PZR-ə bənzəyir. Lakin o, PZR-ə nisbətən virus RNT-sinin surətlərini daha sabit temperaturda yaradır. Ona görə də dövrəvi izotermal amplifikasiya bir neçə saat ərzində, bəzən daha qısa müddətdə nəticə əldə etməyə imkan verir.

Dövrəvi izotermal amplifikasiya zamanı burun və ya boğazdan nümunə götürmək üçün yaxmadan istifadə olunur, öskürək anında selikdən də nümunə götürmək olar. PZR-dən fərqli olaraq yaxma üçün böyük miqdarda nümunə lazım deyil.

Nümunələr daha sonra reagentlər (RNT-ni aşkarlamaq üçün kimyəvi reaksiya yaradan maddələr) olan flakonlarda yerləşdirilir və xüsusi avadanlıqda 20 dəqiqə qızdırılır.

Bunun ardınca avadanlıq nümunəni analiz edir və SARS-CoV-2 RNT-sinin olub-olmadığını müəyyənləşdirir.

Ötən il Böyük Britaniyanın Liverpul şəhərində bu test metodu üzrə pilot layihə həyata keçirilib. Xəstəxanalarda, həkimlərin test mərkəzlərində və sosial yardım evlərində aparılan pilot layihə uğurla başa çatıb. Bundan sonra ölkədə COVİD-19-la bağlı nəzərdə tutulan 500 milyon funt-sterlinqlik maliyyə yardımının bir hissəsi dövrəvi izotermal amplifikasiya testlərin aparılmasına ayrılıb.

90 dəqiqəlik PZR testi

90 dəqiqəlik PZR testində RNT götürmək üçün yerində genetik analiz apara bilən avadanlıqlardan istifadə olunur. Bu metodla qrip virusunu da aşkarlamaq mümkündür.

RNT götürmək üçün yaxmadan istifadə olunur. Nümunələr kartricdə yerləşdirilir və kartric avadanlığa qoyulur. Avadanlıq PZR testi apardıqdan sonra virusun mövcud olub-olmadığını müəyyənləşdirir.

COVİD-i 90 dəqiqəyə aşkarlayan test

Yaxmasız tüpürcək testi

Pasiyentlər evdə bu testi apara bilərlər. Bunun üçün iki millimetrlik tüpürcəyi nümunə qabına qoymaq və laboratoriyaya göndərmək lazımdır.

Nümunə laboratoriyada dövrəvi izotermal amplifikasiya texnologiyasından istifadə edilməklə yoxlanır və nəticə barədə pasiyentə yazılı məlumat verilir.

Nəticə təxminən 48 saata hazır olur.

Bu test zamanı pasiyentin evdən çıxmasına və ya yaxma götürmək üçün ağız-burun boşluğuna çubuq salmasına ehtiyac qalmır.

Antigen testi

Bu testlər zamanı antigenlərin – virusun səthindəki zülalların orqanizmdə olub-olmadığı araşdırılır.

Antigenlər tüpürcəkdə asanlıqla aşkarlana bilir və laboratoriyada test aparmağa ehtiyac qalmır. Məhz bu səbəbdən antigen testləri sosial yardım evi kimi yerlərdə və tibb işçisi olmadan aparıla bilər.

Antigen testləri üçün bəzi sistemlər əvvəlki vaxtlardan mövcud olduğuna görə bu testlərin nəticələri PZR testləri ilə müqayisədə daha tez hazır olur.

Lakin COVİD-19-la bağlı bir antigen testinin tədqiqi zamanı məlum olub ki, testi tibb işçiləri yox, əhali özü aparanda dəqiqlik dərəcəsi azalır. Bu o deməkdir ki, testi təcrübəsiz adam aparanda yanlış olaraq “neqativ” nəticə göstərilə bilər.

İngiltərə İctimai Səhiyyə Xidmətinin “Porton Daun” texnoparkı və Oksford Universtiteti ilə birgə hazırladığı hesabata əsasən, SARS-CoV-2 virusu üçün sürətli və keyfiyyətli “İnnova” antigen testini laboratoriya işçiləri aparanda nəticə 79%, tibb işçiləri aparanda 73%, əhali özü aparanda 58% dəqiq olub.

Damcı testləri

Bu testlər xəstəliyi simptomsuz keçirən şəxsləri müəyyən etmək üçün nəzərdə tutulub.

Damcı testlərində istifadə olunan texnologiya hamiləlik testinə bənzəyir.

Yaxma götürmək üçün çubuğu burun və ya ağız boşluğuna salıb, nümunə götürüb, onu tez içərisində su olan boruya qoyurlar. Orada COVİD-19 infeksiyasının olub-olmadığını müəyyənləşdirən molekul çıxarılır.

Heç bir laboratoriya avadanlığına ehtiyac qalmır. Cüzi miqdarda maye kiçik zolağın üzərinə damcıladılır.

Nəticə “pozitiv” olarsa, 15 dəqiqə ərzində kağız zolaqda iki xətt görünəcək, nəticə “neqativ” olarsa, zolağın yuxarı hissəsində bir xətt olacaq. Test etibarsız olduqda zolağın aşağı hissəsində bir xətt görünəcək.

Testin nəticəsi çox tez hazır olsa da, onun dəqiqliyi sual altındadır. Bu metod virus konsentrasiyası yüksək olan şəxslərin 95%-də xəstəliyi aşkarlaya bilsə də, virus konsentrasiyası az olan və xəstəliyi simptomsuz keçirən adamlarda xəstəliyi yaxşı aşkar edə bilmir.

Damcı testləri hamiləlik testinə bənzəyir

20 saniyəlik test

Ötən ilin sentyabrında təqdim olunan “Virolens” sistemində portativ mexanizm mövcuddur. Bu mexanizm tüpürcək nümunələrindəki virusu 20 saniyədə aşkarlamaq üçün mikroskopik holoqrafik görüntü yaradır.

Britaniyada yerləşən “iAbra” və “TT Electronics” şirkətlərinin hazırladığı bu testdə mikroskopa qoşulu olan rəqəmsal kameradan istifadə edilir. Kamera məlumatları kompüter vasitəsilə ötürür. Kompüter isə digər hüceyrələrdə virusun olub-olmadığını müəyyənləşdirir.

Bu cihaz Hitrou Beynəlxalq Hava Limanında sınaqdan keçirilib. Hava Limanının baş icraçı direktoru Con Holland-Key hökuməti Böyük Britaniyada bu texnologiyanın inkişafını sürətləndirməyə çağırıb.

Virusu 20 saniyəyə aşkarlayan test

Antitel testi

Antitel testi orqanizmin virusa qarşı antitellər yaradıb-yaratmadığını müəyyənləşdirmək üçün aparılır.

Qan testi COVİD-19 simptomları üç-dörd həftə əvvəl yoxa çıxan şəxsdən götürülür.

Laboratoriyada virusun yaratdığı unikal protein götürülür və qanda həmin proteinlə bağlı antitellərin olub-olmadığı müəyyənləşdirilir.

İnsanların öz qan testlərini təqdim edə bilmələri üçün hazırda iynə testlərinin hazırlanması üzərində iş gedir. Lakin bu testlər hələ qeydiyyatdan keçməyib.

Böyük Britaniya hökuməti və Dünya Səhiyyə Təşkilatı bildirir ki, digər xəstəliklərdən fərqli olaraq koronavirus antitellərinin inkişaf etdiyi orqanizmin yenidən bu infeksiyaya yoluxmayacağına dair heç bir sübut yoxdur.

İmperial Kollecin apardığı tədqiqat zamanı məlum olub ki, COVİD-19 xəstəliyi keçirən adamın orqanizmində yaranmış qoruyucu antitellərin sayı çox sürətlə azalır.

Digər bir tədqiqat isə xəstə sağalandan altı ay sonra onun orqanizmində infeksiyaya yoluxmuş hüceyrələrə hücum edən T hüceyrələrinin (immuniteti gücləndirən yardımçı hüceyrələr) antitellərlə müqayisədə daha uzunömürlü olduğunu aşkarlayıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Ən çox oxunanalar