Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - Yenilənib

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib...

Poliqon  xəbər verir ki, tədbirin moderatoru, Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Stiven Murtay çıxış edərək dedi:

-Zati-aliləri cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Bakı Enerji Həftəsinə xoş gəlmisiniz. Artıq 30 ildir ki, biz bu tədbiri keçiririk. Dinamik inkişafı ilə fərqlənən Bakı şəhərində toplaşdığımız bir zamanda enerji sektorunda innovasiya, tərəqqi və əməkdaşlığın artıq üç onilliyini qeyd edirik.

Bu toplantı təkcə ötən nailiyyətlərimizi ifadə etməklə kifayətlənmir, həm də sənaye sektorunu və dünyanı şəkilləndirəcək gələcək nailiyyətlər üçün körpü rolunu oynayır. Bakı Enerji Həftəsinin dünya ictimaiyyəti üçün nə qədər vacib əhəmiyyətə malik olduğunu söyləsək, mübaliğə etmiş sayılmarıq. Bu, enerjinin inkişafına, dayanıqlılığa və bizi daha parlaq, daha səmərəli gələcəyə doğru istiqamətləndirən beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsinə davamlı sadiqliyimizin təzahürüdür.

Otuz il öncə Bakı Enerji Həftəsi Xəzər Neft və Qaz Sərgisi kimi işə başlamış və müasir müstəqil Azərbaycanın enerji sektoruna səyahətinin ilk günləri kimi xatirələrdə qalmışdır. Göründüyü kimi, bu il 30 illiyi qeyd olunan məşhur “Əsrin müqaviləsi”nin imzalanmasından bir qədər əvvəl buna ilkin olaraq təşəbbüs göstərilmişdi. O vaxtdan bəri tədbir dünyanın hər bir guşəsindən enerji ekspertləri üçün əsas toplantı mərkəzinə çevrilib, geniş silsilə mövzuları və yenilikləri əks etdirməklə əhatə dairəsini daha da genişləndirib.

İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi cəsarətli bir addım olub. Bu mövzu Bakı Enerji Həftəsinin gündəliyində daha geniş yer tutacaq.

Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsi bizi çox məmnun edib. Bu, ölkənin mütərəqqi siyasətinin və qlobal miqyasda artan nüfuzunun bir daha göstəricisidir, iqlim dəyişikliyi üzrə məsələlərin həlli, eləcə də dayanıqlılıqla bağlı təşəbbüslərdə ön sırada olmağın bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur.

Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Hökumətinə, Energetika Nazirliyinə göstərdikləri dəstəyə, habelə SOCAR-a səmimi təşəkkürümüzü bildiririk. Bakı Enerji Həftəsinə verdiyimiz dəstək bu tədbirin Azərbaycanın daha parlaq, daha səmərəli gələcəyə doğru strategiyasının əhəmiyyətli bir komponentinə çevrilməsinə kömək edəcəkdir.

Təşəkkür edirəm və tədbirdə xoş vaxt keçirməyi arzulayıram.

İndi isə sözü Zati-aliləri cənab Prezidentə verirəm. Buyurun, cənab Prezident.

Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Sabahınız xeyir xanımlar və cənablar.

Əvvəlcə bütün qonaqlarımızı salamlamaq istəyirəm. Azərbaycana xoş gəlmisiniz. Əvvəla, təşkilatçılara minnətdarlığımı bildirmək istəyirəm. Artıq qeyd edildiyi kimi, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.

Otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu.

Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə biz bəlkə də dünyada birinci yerdə idik və ya birincilərdən biri idik. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı.

Buraya iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə edə bilərik. Bizdə elektrik enerjisi və təbii qaz qıtlığı var idi - bir neçə onilliklər ərzində enerji resurslarına görə məşhur olan bir ölkədə. Çar Rusiyası və Sovetlər İttifaqı dönəmində Azərbaycan bu sahədə təkcə regional yox, qlobal miqyasda lider idi. Lakin müstəqillik böyük bir enerji böhranı ilə müşayiət olundu.

Beləliklə, 1993-cü il dönüş nöqtəsi oldu. Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və əlbəttə ki, iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri.

Bu tədbir, əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Artıq qeyd edildiyi kimi, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər.

Dediyim kimi, bura çox riskli bir ölkə idi, investorlar həmişə siyasi çətinliklərə və geosiyasətə qarşı həssasdırlar. Lakin onlar hökumətə və xalqa etibar etdilər. Qeyd etdiyim kimi, SOCAR və yaradılmış konsorsium arasında çox etibarlı əməkdaşlıq var idi.

Bu, məhz belə başladı və üç il müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi.

Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi və bizim iqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı.

Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.

Beləliklə, “Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.

Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.

Bir az sonra iştirak edəcəyimiz mərasim haqqında danışarkən qeyd etdim ki, bu, sadəcə, başlanğıcdır. Yeri gəlmişkən, ötən ilin oktyabrında “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə verib. İndi isə daha 1 qiqavat enerji həcmi əlavə edilir.

Hazırda iki layihə işlənilməkdədir – onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır.

Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir.

Bu gün həqiqətən də əlamətdar gündür. Bakı Neft və Qaz Sərgisində qaz müqaviləsinin imzalanmasından 28 il sonra, 1 qiqavat həcmində bərpaolunan enerji ilə bağlı artıq imzaladığımız müqavilələr nəticəsində bu gün təməlqoyma mərasimi baş tutacaqdır. Artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır, çünki potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və dediyim ki, “Masdar” yaşıl enerjiyə keçid sahəsində ən öndə gedən şirkətdir.

Hesab edirəm ki, BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi etməsi heç də təsadüf deyil. BƏƏ-nin bizə ötürdüyü miras olduqca dəyərlidir. Birincisi, mən dostum nazir Sultan əl-Cabiri təbrik etmək istəyirəm və salamlarımı qardaşım, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zahid Əl-Nəhyana çatdırmağı xahiş edirəm. Həmçinin COP istiqamətində irəlilədiyimiz bu mürəkkəb yolda qardaşımın dostluğuna, tərəfdaşlığına və dəyərli tövsiyələrinə görə təşəkkürümü bildirirəm.

Bu, asan iş deyil, lakin biz buna hazırıq. Dəfələrlə dediyim kimi, neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir. Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, biz inklüziv cəmiyyət qura bilmişik, biz yoxsulluğu 50 faizdən 5 faizə endirə bilmişik, biz xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq.

Yəni, bizə qiymət verilən zaman bütün bu amillər nəzərə alınmalıdır. Bununla yanaşı, COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik. Ancaq biz bu məsələyə sadiqik.

Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil.

İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq.

Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.

Xanımlar və cənablar, bir daha Azərbaycana xoş gəlmisiniz. Bu gün həqiqətən tarixi bir gündür. Artıq qeyd etdiyim kimi, iyunun 4-ü tariximizdə “Şahdəniz” müqaviləsinin imzalanması, həmçinin yaşıl keçidlə bağlı təməlqoyma mərasimi ilə yadda qalacaqdır. Əlbəttə ki, bu vacib toplantı hər zaman yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnir və əminəm ki, budəfəki Bakı Enerji Həftəsində mühüm nəticələr əldə ediləcək.

Sizə ən xoş arzularımı çatdırır və fürsətdən istifadə edərək, hər birinizi bu ilin noyabrında COP29-da qonağımız olmağa dəvət edirəm.

Diqqətinizə görə sağ olun.

Sonra Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Prezident Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi ilə bağlı məktubunu oxudu.

Tədbirdə çıxış edən Alparslan Bayraktar dedi:

-Cənab Prezident Əliyev.

Xanımlar və cənablar.

Möhtərəm qonaqlar.

Bu gün burada sizin qarşınızda çıxış etmək böyük şərəfdir. Bu unikal tədbir, düşünürəm ki, bizim hamımız üçün xüsusi bir fürsət təklif edir, sıx əməkdaşlığı, dialoqu gücləndirir, eyni zamanda, daha dayanıqlı enerji gələcəyini təmin etməyə kömək edir. Eyni zamanda, mən Azərbaycan Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə, Azərbaycan hökumətinə, Energetika Nazirliyinə və SOCAR-a bu cür gözəl tədbiri təşkil etdiklərinə görə səmimi-qəlbdən təşəkkür edirəm.

Bu gün enerji aləmi, bildiyiniz kimi, çox mühüm istiqamətdə inkişaf etməkdədir. Hazırda dünyada bu sahədə dərin transformasiya getməkdədir. Buna istiqamət, təkan verən texnologiya sahəsindəki dəyişikliklər və inkişafdır. Buna iqlim dəyişikliyi ilə bağlı təxirəsalınmaz addımların atılması da kömək edir. Odur ki, enerji təchizatını təmin etmək hər gün getdikcə çətinləşməkdədir. Xüsusilə də davamlı mübarizələrin, risklərin olduğu dövrdə bu, belədir. İqlim dəyişikliyi, pandemiya, təchizatdakı fasilələr və əmtəə mallarının qiymətinin artması, xərclərin çoxalması – sərmayə xərcləri, geosiyasi risklər, regional münaqişələr – sadəcə son münaqişələrdən bir neçəsidir. Bütün bunların hamısı isə qlobal iqtisadiyyatın dekarbonizasiyaya ehtiyacı olduğu bir dövrdə baş verməkdədir. Düşünürəm ki, buna nail olmağın yeganə yolu fundamental dəyişikliklərin aparılması, siyasətlərin həyata keçirilməsi, əlbəttə ki, nəzərəçarpacaq miqdarda investisiyalar vasitəsilə mümkündür.

Türkiyə bu gün digər ölkələrdə olduğu kimi, bu sahədə də böyük addımlar atmaqdadır və enerji təhlükəsizliyini gücləndirməyə çalışır. Bizim enerji planımızda “2050-ci ilədək 0 itki” hədəflərinə çatmaqla bağlı maddələr yer almaqdadır. Bunların arasında ən böyük vəzifələrdən biri enerji resurslarımızı şaxələndirmək və enerji ilə bağlı yüksək tələbatı ödəmək, eyni zamanda, asılılığımızı azaltmaq və sıfır hədəflərinə doğru irəliləməkdir.

Bütün bunların öhdəsindən gəlmək üçün biz əsas diqqətimizi altı başlıca istiqamətə yönəltməkdəyik. Ən birincisi, bərpaolunan enerji potensialımızdan faydalanmaqdır. Belə ki, hazırda bu, bizim ümumi qoyuluş gücümüzün 53 faizini təşkil etməkdədir. Lakin bizim məqsədimiz bunu 60 qiqavata çatdırmaqdır. Buraya, eyni zamanda, kiçik paylaşımlı, miqyaslı və mərkəzləşdirilmiş layihələr aiddir.

İkincisi, bizdə enerji səmərəliliyidir. Bu yaxınlarda biz ikinci mili enerji səmərəliliyi üzrə tədbirlər planını 2030-cu illər üçün elan etmişik. Burada məqsədimiz 20 milyard dollar investisiyanı enerji səmərəliliyi layihələrinə cəlb etməkdir. Biz təbii qazdan keçid yanacağı kimi istifadə etməyi qarşıya məqsəd qoymuşuq. Eyni zamanda, enerji balansımıza nüvə enerjisini, hidrogen, akkumulyator və digər enerji növlərini əlavə etmək istəyirik. Nəhayət, əsas məqsədimiz təmiz enerji ilə bağlı texnologiyanın inkişaf etdirilməsidir. Burada, eyni zamanda, bir-biri ilə əlaqəli olan üç sahəni qeyd etmək istəyirik. Bu sahələrə investisiyanın cəlb olunmasına ehtiyac var. Ən vacibi, güclü enerji infrastrukturu yaradılması çox önəmlidir. Bu, əsas etibarilə energetika, qaz, eyni zamanda, rəqabətədavamlı enerji bazarını rəqəmsallaşdırmaq üçün önəmlidir.

Enerji təhlükəsizliyinə nail olmaq bizim qarşımızda duran böyük məqsəddir. Heç bir ölkə bunu təkbaşına əldə edə bilməz. Bunun üçün dayanıqlı regional əməkdaşlıq zəruridir. Bildiyiniz kimi, regionda neft, qaz, bərpaolunan enerji sahələrində güclü potensial var. Biz birlikdə çalışmaqla, sinerji yaratmaqla, düşünürəm ki, bu resurslardan daha səmərəli şəkildə faydalana və bundan daha çox yararlana bilərik.

Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu baxımdan sıx əməkdaşlığa dair çox parlaq bir nümunədir və bu, göstərir ki, biz bu yolla necə böyük faydalar əldə edə bilərik. Bizim əlaqələrimiz tarixi, strateji əlaqələrə əsaslanır. Enerji sektoru, əlbəttə ki, bizim qarşılıqlı əlaqəmizin əsas dayağını təşkil etməkdədir. Bunların arasında Bakı-Tbilisi-Ceyhan boru kəmərini və digərlərini qeyd edə bilərəm. Əlbəttə ki, bu, qlobal neft bazarı üçün çox önəmlidir. Xüsusilə də Cənub Qaz Dəhlizi bu baxımdan regional əməkdaşlıq üçün çox önəmlidir. Bu strateji təşəbbüs nəinki Türkiyənin enerji təhlükəsizliyini artırıb, eyni zamanda, Avropanın enerji təhlükəsizliyini və xalqlarımız arasında geosiyasi əlaqələri gücləndirib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə bu yaxında imzalanan Saziş təbii qaz sahəsində əlaqələrimizi daha da gücləndirib. Biz mövcud təbii qaz təchizatını Türkiyə bazarına və Türkiyə vasitəsilə Avropa bazarına çatdırılması ilə bağlı müqavilə imzalamışıq. Bu gün səhər bununla bağlı kommersiya sazişi imzalamışıq.

Biz Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Məqsədimiz burada - Naxçıvan ilə Türkiyə arasında qarşılıqlı enerji bağlantısı imkanlarını artırmaqdır. Bu investisiyaların yekunlaşdırılması ilə daha çox yeni yaşıl enerjini təmin edə və bunları Türkiyə bazarına nəql edə bilərik.

Çıxışımı yekunlaşdırmamışdan əvvəl bildirmək istəyirəm ki, Türkiyə bu istiqamətdə enerji layihələrinin regionda əsas vasitəçisi kimi çıxış edir. Belə ki, Türkiyə Şərq ilə Qərb arasında unikal mövqedə yerləşir. Düşünürəm ki, regional əməkdaşlığı daha da təşviq etməklə, enerji təhlükəsizliyini prioritet kimi görməklə biz dayanıqlı və dinamik enerji landşaftı qura bilərik ki, bu da gələcək nəsillərə xidmət edə bilər.

Sonda, cənab Prezident, mən tam əminəm ki, Azərbaycan qarşıdan gələn COP29 konfransına ev sahibliyini yüksək şəkildə həyata keçirəcək, iqlim dəyişikliyi ilə bağlı məqsədə çatmaqda böyük uğurlar əldə edəcək.

Mən sizin hamınıza çox gözəl, uğurlu həftə arzu edirəm. Sağ olun.

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir çıxış edərək dedi:

-Əssalamu əleykum. Sabahınız xeyirli olsun, hər kəsi salamlayıram.

Zati-aliləri, əziz həmkarlar, xanımlar və cənablar.

Həqiqətən də bu gün bu qədər sayda yaxın dostların, tərəfdaşların yanında – Bakıda olmaq bizim üçün böyük məmnuniyyətdir. Düşünürəm ki, bu, olduqca çox mühüm toplantıdır və bu fürsətdən istifadə edərək, mən sizin qarşınızda çıxış edirəm. Qeyd etdiyim kimi, xeyli sayda yaxın dostlarla, tərəfdaşlarla biz burada əhatə olunmuşuq.

İcazənizlə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ən xoş arzularını, salamlarını Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə çatdırıram. Eyni zamanda, Azərbaycan xalqına onun salamlarını çatdırıram. Bu fürsətdən istifadə edərək, mən bizim SOCAR-dan olan həmkarlarımıza təşəkkür etmək istəyirəm. Eyni zamanda, Bakı Enerji Həftəsinin təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Olduqca mühüm bir həftədir. Eyni zamanda, bu mühüm tədbirdə iştirak fürsəti yaratdığınıza görə sizə təşəkkür etmək istəyirəm.

Bu il, əlbəttə ki, Azərbaycan üçün olduqca xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır. Hazırkı COP prezidenti olaraq Birləşmiş Ərəb Əmirliyi COP29-un sədrliyi ilə sıx əməkdaşlıq etməyə davam edəcək. Əlbəttə ki, burada biz həmkarlarımızla və sədrlərlə daha yaxın əməkdaşlıq etməyə çalışacağıq. Biz bu fürsətdən istifadə edərək, bütün ölkələrə, maraqlı tərəflərə üzümüzü tutaraq deyirik ki, onlar COP29-un heç bir şübhəyə yer qoymayan orqan olmasını təmin etməyə dəstək versinlər. Əlbəttə, bunlar hamısı Dubayda əldə olunan nəticələrin davamı kimi təmin olunacaqdır.

Zati-aliləri, həmkarlar, mənim əziz dostlarım, COP28 həqiqətən də Birləşmiş Ərəb Əmirliklərinin konsensusunda böyük bir tarix yazmışdır. Belə ki, Paris Sazişi imzalanandan indiyədək iqlim sahəsində böyük nailiyyətlərin əldə olunması ilə bağlı ətraflı ən mühüm nailiyyətlər dəstini ortaya qoymuşdur. Çox mürəkkəb, çətin geosiyasi fonda biz sübuta yetirdik ki, həqiqətən də çoxtərəflilik mövcudluğunu qoruyub saxlamaqdadır və biz nikbinliyi təşviq etmişik. Eyni zamanda, biz bir daha sübut etdik ki, çoxtərəflilik hələ də səmərəli şəkildə həyata keçirilə bilər. Faktiki olaraq deyərdim ki, çoxtərəflilik hələ də canlıdır.

Biz bu məqsədlə dünyanı bir araya gətirdik. Belə ki, temperatur artımını 1,5 dərəcədə normal səviyyədə saxlamaq üçün onun praktiki yolları ətrafında bütün dünyanı bir yerə topladıq. Buna paralel olaraq, dayanıqlılığı təmin etmişik, sosial-iqtisadi inkişafı hər kəs üçün təmin etməyi bacarmışıq. Biz proaktiv şəkildə sənayeni, xüsusilə də neft-qaz sənayesini buraya cəlb etmişik ki, onlar bu həllərə dəstək versinlər. Neft-qaz sektoru, sadəcə, bu həllin bir hissəsi deyil, mən deyərdim ki, faktiki olaraq bu həllərdə aparıcı rola malikdir. Bu məqsədlə biz çox aydın ambisiyalı hədəflər müəyyən etmişik. Məqsədimiz 2030-cu ilədək bərpaolunan enerji potensialını üç dəfə artırmaqdır. Böyük məmnuniyyətlə deyərdim ki, Zati-aliləri, cənab Prezident də qeyd etdiyi kimi, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan hazırda üç yeni bərpaolunan enerji layihəsinin təməlqoyma mərasimini qeyd edəcəkdir. BiləsuvarNeftçala Günəş elektrik stansiyaları, Abşeron-Qaradağ külək layihəsi ilə birlikdə Azərbaycanın artmaqda olan enerji ehtiyaclarını təmin etmək məqsədilə 1 qiqavat təmiz enerji hasil edəcək.

Bütün bunlar faktiki olaraq, Birləşmiş Ərəb Əmirliklərinin tərəfdaşlıq tarixinə yazılmaqdadır. Belə ki, burada məqsəd bu ölkənin yaşıl inkişafını, artımını gücləndirmək və Dayanıqlı İnkişaf Məqsədlərini qlobal şəkildə təşviq etməkdədir. Qeyd etmək istəyirik ki, bu cür praktiki tərəfdaşlıqlar bizim bu sahə üzrə öhdəliyimizi bir daha nümayiş etdirir, eyni zamanda, bizim səmimi niyyətlərimizi və bu sahəyə olan həqiqi marağımızı bir daha ifadə edir. Məqsədimiz burada yaşıl artım gündəliyini inkişaf etdirməkdir.

Həmkarlar, biz əlbəttə ki, hər bir maraqlı tərəfi bu prosesə cəlb etməli və bu yolla maksimum enerji, fəallıq, səy göstərmələrini təmin etməliyik. Mən düşünürəm ki, bu, COP prezidentliyinin, “Troyka”nın əsasında duran bir düşüncədir. Belə ki, COP28, COP29 və COP30-u kompleks şəkildə bir araya gətirməkdə, əlaqə yaratmaqda məqsəd milli öhdəlikli töhfələrlə bağlı növbəti raundlarda hökumətin ambisiyalı fəaliyyətinə dəstək verməkdir. Burada məqsədimiz odur ki, bunları səmərəli şəkildə həyata keçirək. COP29-dan sonrakı məqsədimiz COP30 üçün körpü rolunu oynamaqdır.

Hökumətlər tərəfindən həyata keçirilən fəaliyyətlərlə yanaşı, biz əlbəttə ki, özəl sektordan, sənaye sektorundan addımların atılmasını gözləyirik. Əlbəttə ki, burada heç kəs istisna oluna bilməz, heç kəs kənarda oturub gözləyə bilməz. Mən bu fürsətdən istifadə edərək, SOCAR-ın göstərdiyi səyləri alqışlamaq istəyirəm. Mən deyərdim ki, SOCAR COP28-də həyata keçirilən “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qoşulan ilk milli şirkətlərdən biridir. Biz bu gün “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na baxdıqda görürük ki, hazırda bunlar böyük paya sahibdirlər. Hazırda sənayenin 40 faizindən çoxunun 2030-cu ilədək metan tullantılarının səviyyəsini sıfra, 2050-ci ilədək və ondan əvvəl isə xalis sıfra endirməsi öhdəliyini götürməsini təmin etmişik. Hələ də bunu imzalamayanları bu təşəbbüsə qoşulmağa dəvət edirəm. Qısa müddət ərzində kütləvi müsbət təsir yaratmaq üçün sizin gücünüz, resurslarınız və texnologiyalarınız var.

Zati-aliləri, xanımlar və cənablar, bu cür cəsarətli addımları atarkən biz hər zaman praqmatik, real və səmimi olmalıyıq. Bu, sırf bizim daxilimizdən gəlməlidir. Bu, bizim içimizdə olan bir şeydir ki, biz bunları, əlbəttə, COP28-də həyata keçirmişik. Məhz ona görə də bu cür gözlənilməz nəticələrə nail olmuşuq. Odur ki, mən hər kəsə üzümü tutaraq deyirəm ki, müsbət olmağa davam edin, eyni zamanda, praqmatik olmağa davam edin. Biz bunu da etiraf etməliyik ki, enerji keçidi müxtəlif yerlərdə müxtəlif templərlə baş verəcəkdir. Bu, faktiki olaraq bu şəkildə baş verməkdədir. Biz bu reallığı qəbul etməliyik. Qeyd etdiyim kimi, enerji keçidi müxtəlif məkanlarda müxtəlif templərlə baş tutacaqdır. Hər bir sənayenin özü üçün məxsusi həlləri olmalıdır. Əlbəttə ki, heç kəs üçün biz burada eyni həlli tətbiq edə bilmərik. Odur ki, artan enerji tələbatını qarşılamaq üçün bizim hər cür enerji mənbəyinə ehtiyacımız var. Məsələn, bu münasibətlə mən istərdim ki, məlumat mərkəzlərinin artımına diqqət yetirək. Belə ki, bunun genişlənməsinə təkan verən süni intellektin inkişaf etməsidir. Bildiyiniz kimi, hazırda 1600 məlumat mərkəzi mövcuddur. Lakin real proqnozlara əsasən, bu rəqəm 2030-cu ilədək 1600-dən 3000-nə çatacaq. Bütün bunlar, əlbəttə ki, əlavə olaraq minimum 150 qiqavat qoyuluş gücü tələb edir. Bunlar üçün, eyni zamanda, illik 200 milyard kubmetr təbii qaz tələb olunur. Bunlar, əlbəttə ki, bərpaolunan enerji ilə yanaşıdır. Məqsəd burada enerji ilə bağlı ortaya çıxan bu boşluğu aradan qaldırmaqdır.

Burada dəfələrlə praqmatik, real əsaslara qayıtmaq sözlərini ifadə etdik. Burada nəsillər, sadəcə, tənliyin bir hissəsidir. Biz, əlbəttə ki, onların ehtiyatlarını yaxşı başa düşürük. Dayanıqlı, sabit infrastrukturun olması, əlbəttə ki, çox önəmlidir. Belə ki, bunlar istehsal olunan enerjinin nəqli üçün böyük rola malikdir. Süni intellekt, hamımıza məlum olduğu kimi, enerji tələbatına böyük təkan verən amillərdən biridir. Eyni zamanda, süni intellekt emissiyaların azaldılması üçün səmərəliliyə təkan verən digər bir qüvvədir. Faktiki olaraq, süni intellektin inkişafı deyərdim ki, gələcəyimizi formalaşdıran meqatendensiyalardan sadəcə biridir.

Süni intellektin dinamik inkişafı enerjiyə keçid prosesini sürətləndirməklə yanaşı, bütün bunları məsuliyyətli və nizamlı şəkildə həyata keçirməklə ortaya yeni çıxan bazarların yüksəlişi fonunda olduqca çox önəmlidir. Bunlar, əlbəttə ki, meqakeçidlərdir, biz bunları daim nəzərdə saxlamalıyıq. Süni intellekt və enerji arasında əməkdaşlıq nə qədər sıx olarsa, bu o deməkdir ki, daha çox həllər olacaq. Bu həlləri kəşf etməklə dekarbonizasiya edilmiş inkişafı hər yerdə daha dərindən öyrənə bilərik.

Hörmətli həmkarlar, normal sürətlə gedən inkişaf ancaq maliyyə vasitələrinə çıxışla təmin oluna bilər. Burada, əlbəttə ki, mən xeyli həcmdə maliyyə vəsaitindən danışıram. Xüsusilə də qlobal mənbələrlə bağlı bunu qeyd etmək istəyirəm. Faktiki olaraq, mən belə bir faktdan qürurlanıram ki, 100 milyardlıq iqlim maliyyə öhdəliyi nəhayət qarşılanıb. Lakin mən düşünürəm ki, təminatlılıq, çıxış imkanlarının yaradılması, bütün qiymətlərin sərfəliliyinin təmin edilməsi üçün daha çox maliyyə vəsaitinə ehtiyac var. Bir daha təkrarlayıram ki, beynəlxalq maliyyə institutları, çoxtərəfli inkişaf bankları bu baxımdan böyük rol oynaya bilər. Belə ki, onlar yeni ortaya çıxan və inkişaf etməkdə olan bazarların daha çox investisiya cəlb olunması baxımından önəmlidirlər, o cümlədən bir daha qeyd edirəm ki, inkişaf etməkdə olan bazarların investisiya ehtiyaclarını qarşılamaq üçün çox güclü mexanizm rolunu oynayırlar. Düşünürəm ki, özəl sektor bu baxımdan öz səylərini gücləndirməli və milyardları trilyonlara çevirməyə səy göstərməlidir.

COP29 indiyədək digərlərindən fərqli olaraq bu məsələyə xüsusi diqqət yetirəcəkdir və Birləşmiş Ərəb Əmirlikləri yeni innovativ həllərin kəşf olunması prosesinə davam edəcək. “Altira”nı misal göstərmək istəyirəm, COP28 çərçivəsində 30 milyard dollarlıq katalitik iqlim investisiya fonduna start verilmişdir. Bu, sadəcə, həmin həllərdən biridir və innovativ həllərin nə cür nəticələrə gətirib çıxarmasına da bir nümunədir. Bu, xüsusi şəkildə hazırlanmış və ehtiyaclar nəzərə alınaraq yaradılmış fonddur. Belə ki, 200 milyard dollardan çox investisiya növbəti 6 il ərzində təmin olunacaqdır. Düşünürəm ki, bu fond özlüyündə bir örnəkdir və daha geniş maliyyə imkanlarına çıxış əldə etmək üçün bunları daha dərindən öyrənməliyik.

Zati-aliləri, nümayəndələr, həmkarlar, dostlar, xanımlar və cənablar, hazırda biz indiyədək gözlənilməyən çətinliklərlə üz-üzəyik. Bütün bunlara rəğmən, bu çətinliklər arasında bənzəri olmayan iqtisadi fürsətlər, imkanlar yatır. Bu, bizə imkan verir ki, gələcəyimizi yenidən müəyyən edək, dayanıqlılıq trayektoriyasına doğru işlərimizi daha düzgün tənzimləyək. Dayanıqlı iqtisadiyyata keçid, sadəcə, emissiyaların azaldılması ilə bağlı deyil, bu, özündə yeni iş yerlərinin yaradılması, sağlamlığın yaxşılaşdırılması və dünyanın bir çox yerlərində milyardlarla insanın həyat keyfiyyətinin yaxşılaşdırılması deməkdir. Bu, eyni zamanda, ədalət, bərabərlik və dünya üçün bir vəd deməkdir. Belə ki, burada yaşayan hər bir uşaq, - istər Şimalda, yaxud da qlobal Cənubda yaşasın, - onlara daha çox inkişaf etməyə imkan yaradır. Bu, həmrəylik, birlik deməkdir. Bu, sadəcə, ittiham etmək deyil. Kollektiv olaraq bizim üzərimizə böyük bir vəzifə düşür. Biz birləşməli, birlikdə çalışmalıyıq. Birlikdə çalışmalıyıq ki, hər bir uşaq harada doğulmasından asılı olmayaraq, istər Şimalda, yaxud da ki, qlobal Cənubda doğulsun, onların inkişaf etmək fürsətləri, imkanları olsun. Bizim üzərimizə düşən vəzifə, məsuliyyət, cavabdehlik budur ki, biz bunları təmin edə, gerçəkləşdirə bilək. Bu, hər bir xalqı addım atmağa çağıran, hər bir sənayeni, hər bir cəmiyyəti, icmanı və faktiki olaraq, hər bir fərdi daha çox səy göstərməyə, sərhədləri, nəsilləri aşan bu hədəfə xidmət göstərməyə edilən bir çağırışdır. Düşünürəm ki, bunu etməmək üçün heç bir səbəb yoxdur. Odur ki, biz yeni texnologiyaları qəbul etməli, əməkdaşlığı daha çox aşılamalı və transformativ siyasətliliklə bağlı öhdəliyimizə sadiq qalmalıyıq ki, yaşadığımız dünyanı qoruya bilək və hər kəs üçün firavanlığı təmin edək. Hamınızı cəsarətlə və yəqinliklə bu hədəf uğrunda hərəkətə dəvət edirəm. Yadda saxlamaq lazımdır ki, biz müştərək məqsəd üçün birləşirik və bütün bu çətinliklərin öhdəsindən yalnız bu yolla gələ bilərik. Biz COP28-də birləşdik, addımlar atdıq və məqsədlərimizə nail olduq. COP29-a gedərkən, gəlin, bütün bu məqsədlərə nail olmaq üçün səylərimizi daha da gücləndirək və konkret nəticələr ortaya qoyaq. Mən sizin hamınıza təşəkkür edirəm, hamınıza uğurlar arzulayıram. Çox sağ olun.

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian çıxış edərək dedi:

-Cənab Prezident.

Hörmətli qonaqlar, dostlar və həmkarlar.

ABŞ Hökumətini Bakı Enerji Həftəsində təmsil etmək mənim üçün böyük şərəfdir. Birləşmiş Ştatlar və Azərbaycan güclü ikitərəfli əlaqələrə malikdir. Azərbaycan regionda və Avropada enerji təhlükəsizliyinin irəlilədilməsində etibarlı tərəfdaş olmağa davam edir. COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan etibarlı enerji təchizatçısı kimi iqlim hədəflərinə nail olunması və qlobal enerjiyə keçidin sürətləndirilməsi üçün öz mövqeyindən istifadə edə bilər. Amerika Birləşmiş Ştatları COP tədbirinin uğurla keçirilməsi üçün qarşıdan gələn aylarda Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir. İndi isə Prezident Baydenin Prezident Əliyevə ünvanladığı məktubu diqqətinizə çatdırmaq istərdim.

Harri Kemian Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin məktubunu oxudu.

Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru xanım Kristina Lobillo Borrero çıxış edərək dedi:

-Zati-aliləri Prezident Əliyev.

Azərbaycan Hökumətinin möhtərəm nazirləri.

Bakı Enerji Həftəsinin hörmətli iştirakçıları.

Bizi mötəbər Bakı Enerji Həftəsinə təkrar dəvət etdiyinizə görə sizə Avropa Komissiyası adından təşəkkürümü bildirmək istəyirəm.

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson enerji sahəsindəki strateji tərəfdaşlığımıza mühüm əhəmiyyət verirlər. Ortaq məqsədlərimizə nail olmaq üçün yorulmadan çalışdığımız ötən iki il ərzində birlikdə əldə etdiyimiz irəliləyişi həqiqətən təqdir edirlər.

Azərbaycandan Avropaya qaz ixracı 2020-ci ilin axırlarında Cənub Qaz Dəhlizi vasitəsilə başladı. 2021-ci ildən etibarən Azərbaycandan Avropaya qaz təchizatı 40 faizdən çox artmışdır. Məhz bu amil enerji böhranının səbəb ola biləcəyi pis aqibətdən qurtulmaqda və Rusiya yanacağından asılılıqdan digər istiqamətlərə şaxələnməkdə bizim üçün çox faydalı oldu.

Azərbaycan qazının Avropada daha çox istifadəçiyə çatmasını təmin etmək üçün Avropa İttifaqı məkanında infrastrukturu daha da inkişaf etdiririk.

Ölkələr arasındakı qarşılıqlı əməkdaşlıq yaşıl enerjiyə keçid prosesini daha da sürətləndirir. Bu baxımdan, Azərbaycanı yaxın vaxtlarda bütün dünya üzrə 2030-cu ilədək bərpaolunan enerji tutumunu 3 dəfə, enerji səmərəliliyini isə 2 dəfə artırmağa dair Qlobal Öhdəliyə və bütün dünya üzrə cari onillik ərzində metan emissiyalarını minimum 30 faizə qədər azaltmağa dair Qlobal Metan Öhdəliyinə qoşulması münasibətilə təbrik edirəm.

Mən inanıram ki, üzərinə öhdəlik götürən digər tərəfdaşlarımızla birlikdə noyabr ayında Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29) bu mühüm öhdəlikləri daha da irəli səviyyəyə yüksəldə bilərik.

Bərpaolunan enerji sahəsində xüsusi əhəmiyyət kəsb edən iki konkret təşəbbüsü də qeyd etmək istəyirəm. Bunlardan birincisi bölgəmizdə yaşıl enerji dəhlizi yaratmaq üçün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında tərəfdaşlıqdır. Digər qonşu ölkələr də bu təşəbbüsə qoşulmağa maraq göstərirlər. Regional səviyyədə infrastrukturun inkişafı və bazarın inteqrasiyasından daha çox fayda əldə etmək üçün tərəfdaşları inklüziv yanaşma tətbiq etməyə çağırıram.

Digər mühüm təşəbbüs Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Avropa Külək Energetika Kompleksləri Federasiyası (WindEurope) arasında Xəzər dənizində külək enerjisinin istehsalını inkişaf etdirməyə dair razılıqdır. Azərbaycanın nadir potensialı və ambisiyası ilə Avropa İttifaqının dənizdə külək energetika texnologiyaları sahəsindəki sektor üzrə qlobal liderliyinin olması mükəmməl bir uyğunluq təşkil edir.

Mən hesab edirəm ki, bu təşəbbüslər özündə nəhəng bir potensial daşıyır. Bütün tərəflərin ifadə etdiyi yüksək maraq bir daha göstərir ki, bunlar mümkündür və bunları reallaşdırmaq olar.

Bakının COP29-a ev sahibliyi bu baxımdan xüsusi bir imkan daşıyır. Belə ki, enerji təhlükəsizliyimizi gücləndirmək, bərpaolunan enerji sahəsinə sərmayəni artırmaq, sənaye bazalarımızı gücləndirmək, bazar məkanlarında ticarəti təşviq etmək və əsrin ortalarınadək istilik effekti yaradan qazların miqdarını sıfır tullantıya çatdırmaq məqsədilə ölkə iqtisadiyyatlarını buna yönəltməyə dair irəli sürülən ideyaları COP29 çərçivəsində daha aydın şəkildə ifadə etmək olar.

Bütövlükdə, COP29-u ümumdünya uğuruna çevirməkdə Avropa İttifaqının tam dəstəyinə güvənə bilərsiniz.

Dəvətinizə görə bir daha sizə təşəkkür edirəm və hamınıza məhsuldar Bakı Enerji Həftəsi arzulayıram.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays çıxış edərək dedi:

-Mərhəmətli və rəhimli Allahın adı ilə başlayıram.

Zati-aliləri Prezident İlham Əliyev.

Zati-aliləri möhtərəm qonaqlar, xanımlar və cənablar.

Hamınızın gününüz xoş olsun. Həqiqətən də hər dəfə Bakı şəhərinə qayıtmaq bizim üçün xoş bir hissiyyatdır. Həqiqətən də bu gün Bakı Enerji Həftəsinin açılış mərasimində olmaq bizim üçün böyük şərəfdir. Azərbaycan Zati-aliləri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə OPEC-in böyük dostudur, eyni zamanda, əməkdaşlıq bəyannaməsinin dəstəkçisidir. Həm OPEC, həm də qeyri-OPEC neft istehsal edən ölkələr arasında böyük dəstəkçidir. Faktiki olaraq, Zati-aliləri Prezident Əliyev deyərdim, azsaylı qlobal liderlərdən biridir ki, OPEC və qeyri-OPEC istehsalçılarını hələ 2016-cı ildə bir araya gətirmişdir. Belə ki, həmin vaxt əməkdaşlıq haqqında Bəyannamə imzalanıb və o vaxt bu, OPEC+ sazişi kimi tanınmışdır. Zati-aliləri, eyni zamanda, həmin dövrdən etibarən öz dəstəyini daim göstərmişdir. Belə ki, bütün bunların hamısının balanslı, sabit bazarların təmin olunmasında böyük rolu olmuşdur. Bu, sadəcə, neft istehsalçılarının marağında olan məsələ deyil, eyni zamanda, istehlakçıların marağında olan məsələdir. Nəticə etibarilə bunlar daha qlobal iqtisadiyyatın marağında olan məsələdir. Əlbəttə ki, Zati-aliləri fəal şəkildə dəstək vermişdir və mənim əziz dostum Pərviz Şahbazov - Azərbaycan Respublikasının energetika naziri yorulmadan bizim bu ümumi səylərimiz üçün çalışmışdır.

Cənab Prezident, icazənizlə mən istərdim ki, Sizin bu yaxınlarda söylədiyiniz çox əhəmiyyətli fikirlərə diqqət çəkim. Siz dediniz ki, təbii yanacağın zəngin olduğu bir ölkənin rəhbəri olaraq, bu ölkənin hüquqlarını müdafiə edəcəyik, investisiyanı və istehsalı gücləndirəcəyik. Zati-aliləri, əlavə etdiniz ki, bütün bu karbohidrogenlər hamısı Allahdan olan hədiyyədir, nemətdir. Bunlar olduqca çox önəmli sözlərdir. Bu qiymətli nemətlər, resurslar həqiqətən də Allah tərəfindən bizə verilmiş hədiyyədir, nemətdir. Bunlar insanlıq üçün böyük fayda gətirir. Gəlin, bunu unutmayaq.

Neft və ondan hazırlanan məhsullar maşınların, gəmilərin, təyyarələrin, - bizi Bakıya gətirən təyyarələrdir, - onların işləməsini təmin edir, evlərin isidilməsində böyük rol oynayır. Eyni zamanda, neft plastik məhsulların, əczaçılıq məhsullarının, hətta tibbi təchizatların hazırlanmasında böyük rol oynayır. Belə ki, biz çox vaxt bunları ciddi qəbul etmirik. Bu, hələ uzun siyahıda olanların bəziləridir. Bütün bunlar neftin bizim gündəlik həyatımızda rolunu göstərməkdədir. Bu, əlbəttə ki, enerji təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır. Neft həyati əhəmiyyət daşıyır və enerji azlığını aradan qaldırmağa kömək edir və düşünürəm ki, dayanıqlı inkişaf üçün də gələcəkdə də həyati əhəmiyyətini saxlayacaq. Bütün tərəflərin, bunu mən xüsusilə vurğulamaq istəyirəm ki, bütün insanların ehtiyaclarını qarşılamağa kömək edəcək. Bu məsələlər hər zaman aktual olmuşdur. Mən əziz dostum Muxtar Babayevlə görüşəndə bu məsələləri bir daha qeyd etmişdik. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri ilə iki həftə əvvəl Vyanada OPEC-in katibliyində görüşmüşdük. Bu möhtərəm komanda ilə yanaşı, OPEC və qeyri-OPEC ölkələrindən olan üzvlərin iştirakı ilə Azərbaycanın inklüziv yanaşma qəbul etməsi bizi həqiqətən də sevindirir. Belə ki, bu inklüziv yanaşma bütün fikirləri, rəyləri, eyni zamanda, neft sektoru ilə yanaşı, digər tərəflərin də fikirlərini əks etdirir.

Fürsətdən istifadə edərək, Zati-aliləri, bir daha Sizi təbrik etmək istəyirəm və COP28-də əldə edilən uğurlara görə Birləşmiş Ərəb Əmirliklərini təbrik etmək istəyirəm.

Zati-aliləri Prezident Əliyev.

Möhtərəm qonaqlar.

Aydın şəkildə qeyd etmək istəyirəm ki, biz OPEC-də Azərbaycanın konstruktiv rolunu yüksək qiymətləndiririk. İnşallah, COP29-un da uğurlu olacağına tam inanırıq. Mən hələ də COP28 deyirəm. Biz Azərbaycanın bu istiqamətdə konstruktiv rolunu yüksək qiymətləndiririk, hər kəsi dinləyirsiniz, praqmatik olursunuz, eyni zamanda, mütərəqqi yanaşmalar ortaya qoyursunuz. Düşünürəm ki, Sizin uzaqgörən siyasətinizin nəticəsində və komandanızla bu, böyük bir uğur olacaqdır və biz bu işdə sizə daim dəstək verməyə hazırıq.

Beynəlxalq əməkdaşlığın və iqlim fəaliyyətinin gücləndirilməsinə diqqət yetirilməsi bu məqsədlərə, prinsiplərə nail olunması baxımından əlbəttə ki, çox önəmlidir. Biz hər bir ölkəyə imkan verməliyik ki, onlar milli şərtləri nəzərə alaraq öz yolunu, trayektoriyasını seçə bilsin və bu zaman bərabərlik və ümumi məsuliyyətləri nəzərə alaraq bunu həyata keçirsinlər. Bütün bunları əlbəttə ki, nəzərə almaq çox vacibdir. Düşünürəm ki, bu trayektoriyadır, yoldur. Biz milyardlarla insanın fərqli şəraitini, ayrı-ayrı xalqların fərqli şəraitlərini, kontekstlərini nəzərə almalıyıq. Milyardlarla insan hələ də enerji çatışmazlığından əziyyət çəkir. Bildiyiniz kimi, milyardlarla insanın hələ də təməl, müasir enerji xidmətlərinə çıxışı yoxdur. Bundan ən ağrılısı isə çoxunun hətta nə nəqliyyat vasitəsi var, yaxud da yaşadığı ölkədən başqa ölkəyə heç vaxt səfər etməyiblər. Odur ki, gələcək enerji trayektoriyasında bu məsələlər nəzərə alınmalıdır və onun əhəmiyyəti vurğulanmalıdır. Bütün insanlar, bütün enerjilər, bütün texnoloji yanaşmalar burada ehtiva olunmalıdır. OPEC-də biz bu yanaşmanı tam dəstəkləyirik. Neft sahəsinə investisiya yatırmaqla yanaşı, bizim ölkələrimiz, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və tərəfdaş ölkələrimiz, həmçinin Azərbaycan qaz sahəsinə, bərpaolunan enerji sahəsinə və bildiyimiz kimi, karbon emissiyalarının azaldılması texnologiyalarına investisiya yatırırlar.

Həmçinin biz Azərbaycanın ambisiyalı planını alqışlayırıq, bu sahədə təşəbbüslərini yüksək dəyərləndiririk. Eyni zamanda, dənizdə külək enerjisi, günəş elektrik stansiyaları kimi təşəbbüsləri yüksək qiymətləndiririk. Düşünürəm ki, bu, olduqca çox vacibdir. Nəzərə alsaq ki, 2040-cı ilədək qlobal enerji tələbatında 23 faiz artım olacaqdır.

Zati-aliləri, möhtərəm qonaqlar, xanımlar və cənablar.

Biz OPEC olaraq inanırıq və mən bir daha sitata istinad etmək istəyirəm ki, bu enerji Allahdan olan bir nemətdir. Cənab Prezidentin sözlərini burada bir daha xatırlatmaq istəyirəm. Odur ki, hər birimiz gələcək enerji ilə bağlı ən ədalətli yolu seçməliyik. Bu, elə bir yol olmalıdır ki, enerji təhlükəsizliyini təmin etsin və sosial-iqtisadi inkişafın qarşısında maneə, əngəl təşkil etməsin. O, həmçinin zəruri investisiyaların bütün enerji sahələrinə, texnologiyalara yatırılmasına və əlbəttə ki, emissiyaların qarşısının alınmasına kömək etsin.

Cənab Prezidentin çox hikmətli sözlərini nəzərə alaraq, mən əminəm ki, Azərbaycan bütün bu məsələlərin əhəmiyyətini yaxşı anlayır. Xüsusilə nəzərə alsaq ki, bu ölkə, Bakı şəhəri, bildiyiniz kimi, müasir neft sənayesinin beşiyi hesab olunur. Neft sənayesində bir çox inqilablar, inkişaflar burada baş verib. İlklərə imza atan bir ölkə olaraq burada böyük dühalar, dahi insanlar yetişmişdir və dünyanın inkişafına böyük töhfə vermişdir. Bütün bunlara şahid olmaq üçün, sadəcə, Bakıda gəzmək məncə, kifayət edir. Azərbaycan neftin qədrini bilir, dəyərini bilir və eyni zamanda, dünyaya indiyədək verdiyi faydaları yaxşı başa düşür.

Zati-aliləri, möhtərəm qonaqlar, xanımlar və cənablar, çox uğurlu Bakı Enerji Həftəsinə görə təşkilatçılara və nümayəndələrə təşəkkür edirəm. Cənab Prezident, məni dinlədiyinizə görə Sizə təşəkkür edirəm.

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera çıxış edərək dedi:

-Cənab Prezident, əziz Zati-aliləri.

Hörmətli qonaqlar, cənab nazirlər.

Xanımlar və cənablar.

Sabahınız xeyir olsun.

Bu gün Bakı Enerji Həftəsində sizin sıralarınıza qoşulmaq mənim üçün xüsusi şərəfdir. Bugünkü müzakirələr mühüm əhəmiyyət kəsb edir, belə ki, biz birlikdə dayanıqlı enerji gələcəyinin kursunu müəyyən edirik.

COP28 bizim ortaq missiyamızın nə dərəcədə vacib olduğunu bir daha vurğulamışdır. 2030-cu ilədək bərpaolunan enerji tutumunu 3 dəfə və enerji səmərəliliyini 2 dəfə artırmağa dair öhdəliklər ambisiyalı olmaqla yanaşı, sıfır tullantıya nail olmaq yolunda mühüm mərhələləri özündə ehtiva edir.

Əgər biz hər kəs üçün təhlükəsiz iqlimli və enerji təminatlı gələcək istəyiriksə, onda bərpaolunan enerji tətbiqi mümkün yeganə effektiv həlldir.

Qeyd edəcəyim dayaqlar bərpaolunan enerjidən istifadəni sürətləndirməyi dəstəkləmək və strukturla bağlı zəruri dəyişiklikliyə təkan vermək üçün özül formalaşdırır. Bunun üçün əvvəlcə yeni istehsalat məntəqələrini yerləşdirmək, ticarət imkanları və tələbat mərkəzlərini formalaşdırmaq, eləcə də regionlar və ölkələr arasında qarşılıqlı bağlantılar qurmaq üçün zəruri infrastruktur yaradılmalı, şəbəkələr, quru və dəniz marşrutlarına sərmayə yatırılmalıdır.

İkincisi, nəzərdə tutulan sərmayələri yatırmağa kömək edən inkişaf etməkdə olan siyasəti və tənzimləyici qanun arxitekturasını daha da təkmilləşdirməkdir.

Nəhayət, qurulmasını planlaşdırdığımız enerji sistemi ilə bacarıq və qabiliyyətlər arasında uzlaşmanı təmin etməyə kömək məqsədilə institusional potensial imkanları strateji baxımdan təkrar tənzimləməliyik.

Enerjiyə keçid özü ilə mühüm sosial-iqtisadi faydalar, o cümlədən ümumi daxili məhsulda (ÜDM) artım, yeni iş yerlərinin yaradılması və əhalinin rifahının yüksəldilməsi kimi faydalar gətirir.

Enerji səmərəliliyi, elektroenergetika sistemləri və enerji elastikliyi (manevr imkanları), nəqliyyat vasitələrinin elektrik enerjisi ilə yüklənməsi infrastrukturu və hidrogenə sərmayənin yatırılması iş imkanlarının xeyli artması ilə nəticələnə bilər. Hazırda mövcud olan 15 milyon iş yeri sayını 81 milyona çatdıra bilər.

Bununla belə, buna nail olmaq üçün düşüncələrdə dəyişikliyin olması zəruridir. Belə ki, ənənəvi yanaşmalardan əmtəə hesab edilən enerji təhlükəsizliyinə və sənaye təmərküzlü yanaşmadan daha çoxistiqamətli yanaşmaya keçid olmalıdır. Bu çoxistiqamətli yanaşmada enerji təhlükəsizliyinin tələb aspekti, regional ticarət, infrastrukturun təhlükəsizliyinin təmin olunması və yüksək bərpaolunan elektrik enerjisi sistemləri ətrafında konsentrasiya olmalıdır.

Aydın məsələdir ki, bu yeni enerji sisteminə keçiddə energetika müəssisələri aparıcı rol oynayacaq.

Elə bu səbəbdən ötən il IRENA Sıfır Tullantı Alyansında Energetika Müəssisələrini (UNEZA) təsis etdi. UNEZA Afrika, Yaxın Şərq və Asiyadan 27 qlobal energetika və enerji şirkətlərindən təşkil olunub, 2030-cu ilin qabaqcıl məqsədlərinə və 2050-ci ilə kimi isə sıfır tullantılı gələcəyə nail olmaq üçün elektrikləşdirmə, bərpaolunan enerjini qəbula hazır şəbəkələr və təmiz enerjinin tətbiqi sahələrini inkişaf etdirmək ətrafında birləşiblər. UNEZA beynəlxalq əməkdaşlıq, biliklərin paylaşımı və enerjiyə keçid prosesində mövcud maneələri aradan qaldırmaq üçün həllərin müəyyən olunması baxımından mühüm bir platforma kimi çıxış edir.

Azərbaycanda yaşıl enerjiyə keçid prosesinə dəstək vermək üçün COP29-un ilk həftəsində Bakıda Mərkəzi Asiya üzrə İnvestisiya Forumu təşkil edəcəyik. Bu forum özündə ikili məqsəd daşıyacaq. Birincisi, bərpaolunan enerji sahəsinə investisiya yatırmaq üçün əlverişli qanunvericilik mühitinin formalaşması, ikincisi isə uzlaşdırma proqramı vasitəsilə layihəçilərlə potensial maliyyəçilər arasında əlaqələrin yaradılması məqsədidir. Sözügedən Forum bərpaolunan enerjinin 3 dəfə artırılması və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin icrası istiqamətində sürətli və konkret bir addım kimi xüsusiyyət daşıyacaq.

Biz enerjinin planlaşdırılması zamanı aşağıdan yuxarıya yanaşmanı aşılamaq, ən yaxşı investisiya layihələrini müəyyən etmək üçün hökumətlər və investorlarla sıx işləmək və Enerjiyə Keçidin Sürətləndirilməsi üzrə Maliyyə Platforması (ETAF) vasitəsilə maliyyələşdirməyə dəstək vermək istəyirik. Bunun üçün hökumətlərlə və eyni zamanda, investorlarla sıx əməkdaşlığın əhəmiyyətini aşılayırıq. Dediyim kimi, bunlar bu prosesin maneəsiz həyata keçirilməsinə kömək edir və bu xüsusi gündə digər bir mərasim qeyd olunur.

Mərkəzi Asiya IRENA üçün prioritetdir. Ayrı-ayrı ölkələrdə enerjiyə keçid prosesinə dəstək vermək üçün hökumətlər və şirkətlərlə sıx əməkdaşlıq etmək istəyirik. Yeni enerji sisteminin qurulması, sadəcə, texniki vəzifə deyil, bu, bütün maraqlı tərəflərin davamlı öhdəliyini və əməkdaşlığını zəruri edən kollektiv bir səydir.

Diqqətinizə görə təşəkkür edirəm, çox sağ olun.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoydular.

Yeni stansiyalar barədə videoçarx nümayiş olundu.

Daha sonra dövlətimizin başçısı Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri ilə tanış oldu.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR sərgidə geniş təmsil olunur. Dünyada tanınmış və regionun ən böyük neft şirkətlərindən olan SOCAR-ın əsas missiyası Azərbaycan Respublikasının yanacaq-enerji təhlükəsizliyini və neft-qaz, neft-kimya sənayesinin inkişafı üzrə strateji maraqlarını təmin etmək, qabaqcıl və ekoloji təmiz texnologiyalardan istifadə edərək ölkənin elmi-texniki, iqtisadi və intellektual potensialının artırılmasına dəstək olmaq, regional və beynəlxalq enerji layihələrində həlledici mövqe tutmaq, karbohidrogen ehtiyatlarının və emal məhsullarının daxili və xarici bazarlarda satışından maksimal mənfəət əldə etməkdir. Şirkət, həmçinin Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını və işlənməsini, neftin, qazın və qaz kondensatının hasilatını, emalını və nəqlini, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışını, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatını həyata keçirir.

Prezident İlham Əliyev “BP-Azərbaycan”ın stendinə baxdı. BP şirkəti dünyanın ən tanınmış enerji təchizatçılarından biridir. Mühüm enerji mənbələrinin təhlükəsiz işlənilməsi və hasilatı ilə məşğul olan BP insanlara enerji təminatı istiqamətində müxtəlif həllər təklif edir. 2020-ci ilin fevral ayında BP öz yeni məramını, “xalis sıfır” hədəfini və məqsədlərini elan etdi, insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yeniləmək planları olduğunu bildirdi. BP şirkəti Azərbaycanda 31 ildən çoxdur ki, fəaliyyət göstərir və beş böyük enerji layihəsinin operatorluğunu təhlükəsiz və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub və on minlərlə iş yeri yaratmaqla və genişmiqyaslı sosial sərmayə fəaliyyətləri həyata keçirməklə yerli icmalara müsbət təsir göstərib.

Dövlətimizin başçısı “TotalEnergies”in stendi ilə də tanış oldu. “TotalEnergies” şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir, “Abşeron” qaz-kondensat yatağında 35 faiz və BTC boru kəmərində 5 faiz paya sahibdir. “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin birinci fazasının hasilatına 2023-cü il iyul ayının əvvəlində başlanılıb. Gündəlik hasilat gücü 4 milyon kubmetr qaz və 12 min barel kondensat həcmindədir. Qaz Azərbaycanın daxili bazarında satılır.

Çin Xalq Respublikasının “Jınko Solar” şirkəti də sərgidə təmsil olunur. Şirkətin stendi ilə tanışlıq zamanı bildirildi ki, “Jinko Solar Co., Ltd” günəş texnologiyası sahəsində dünyada məşhurdur. Şirkət günəş enerjisi panellərinin hərtərəfli tədqiqi, inkişafı və istehsalı üzrə ixtisaslaşıb və təmiz enerji sahəsində hərtərəfli həllər təqdim edir. “Jinko Solar” məhsullarını dünyanın 190-dan çox ölkəsinə ixrac edir. Beş ildir ki, şirkət modul tədarükü sahəsində dünya liderliyini qoruyur.

Dövlətimizin başçısı Amerika Birləşmiş Ştatlarının “Schlumberger” (SLB) şirkətinin stendi ilə tanış oldu. Bildirildi ki, SLB enerji sahəsində texnologiya şirkətidir. SLB qlobal enerji sənayesinin məhsuldarlığını, davamlılığını təmin etmək üçün qabaqcıl rəqəmsal həllər, innovativ texnologiyalar tətbiq edir və şirkətdə 160-dan çox millətin nümayəndəsi çalışır. Şirkət 120-dən çox ölkədə iş təcrübəsi ilə ümumi mənafe və yeni texnologiya yaratmaq üçün əməkdaşlıq edir.

İtaliyanın “Tenaris” şirkəti isə qlobal enerji sənayesi və bir sıra digər sənaye tətbiqləri üçün boruların və əlaqəli xidmətlərin aparıcı istehsalçısıdır. Şirkət 16 ölkədə polad məhsullarının istehsalı ilə məşğuldur.

“Uzbekneftegaz" ASC-nin stendi ilə tanışlıq zamanı bildirildi ki, müəssisə neft və qazın hasilatı, saxlanması, emalı və satışı ilə məşğuldur və Özbəkistanın ən böyük dövlət şirkətidir. ASC təbii qaz hasilatına görə dünyada 11-ci yerdədir. Neft və qaz sənayesinin fəaliyyəti geoloji kəşfiyyat, neft və qaz yataqlarının işlənilməsi, qazma, hasilat, karbohidrogenlərin emalı, neft məhsulları, neft və qaz, kimya avadanlıqlarının istehsalına qədər bütün neft və qaz əməliyyatları zəncirini əhatə edir və istehlakçıları neft məhsulları ilə təmin edir.

Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkəti sabahın təmiz enerji sistemlərinə sərmayə qoyarkən, bu günün enerjisini daha təmiz etmək üçün transformativ addımlar atan mütərəqqi beynəlxalq enerji şirkətidir. Tam inteqrasiya olunmuş müəssisələrdən ibarət ADNOC şəbəkəsi enerji dəyər zəncirində fəaliyyət göstərir və daim dəyişən enerji bazarının tələblərini məsuliyyətlə qarşılamağa kömək edir.

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin stendi ilə tanışlıq zamanı bildirildi ki, “Masdar” ölkənin təmiz enerji çempionu və qlobal davamlılıq problemlərini həll etmək üçün bərpaolunan enerji və yaşıl hidrogen texnologiyalarının inkişafını və tətbiqini genişləndirərək dünyada öz sahəsinin ən böyük şirkətlərindən biridir. 2006-cı ildə yaradılan “Masdar” bu gün 40-dan çox ölkədə fəaliyyət göstərir və onlara təmiz enerji məqsədlərinə nail olmaqda və davamlı inkişaf etməkdə kömək edir. Şirkət Azərbaycanda ümumi gücü 10 qiqavatadək olan bərpaolunan enerji mənbələri layihələri üzrə müqavilələr imzalayıb. Hazırda gücü 230 meqavat olan Qaradağ Günəş Elektrik Stansiyasının inşası layihəsini icra edir. “Masdar” ən azı 100 qiqavatlıq bərpaolunan enerji portfelini hədəfləyir.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin stendi ilə tanış oldu. Məlumat verildi ki, “ACWA Power” 13 ölkədə istismarda, tikintidə və ya təkmil inkişafda olan 82 aktivə sahib enerji istehsalı və duzsuzlaşdırılma üzrə su stansiyalarının tərtibatçısı, investoru və operatorudur. “ACWA Power”də 4000-dən çox işçi çalışır. “ACWA Power”in portfeli 55,1 qiqavat enerji istehsalı və gündə 8 milyon kubmetr duzsuzlaşdırılmış su istehsal gücünə malikdir. Şirkət bu il fevralın 29-da Cənubi Qafqaz regionunda ən böyük külək enerjisi layihəsi olan 240 MVt-lıq Xızı-Abşeron Külək Elektrik Layihəsi üzrə saziş imzalayıb. Şirkət bu il mayın 3-də 200 MVt Batareya Enerji Saxlama Sazişi də imzalayıb. Bu, Cənubi Qafqaz regionunda ilk Batareya Enerji Saxlama layihəsidir. Həmçinin “ACWA Power” SOCAR ilə 2024-cü ilin aprelində yaşıl gübrələrlə bağlı əməkdaşlıq sazişi imzalayıb.

Rusiya Federasiyasının “Tatneft” şirkəti neft və qaz hasilatı, neft emalı, neft-kimya, şin biznesi, yanacaqdoldurma məntəqələri şəbəkəsi, kompozit klaster, elektrik enerjisi sənayesi, neft və neft üçün avadanlıqların hazırlanması və istehsalı sahələrində dinamik inkişaf edən qabaqcıl şirkətlərdən biridir. Şirkət qaz sənayesi və xidmət strukturları bloku üzrə ixtisaslaşıb.

Sərgidə Qazaxıstan Respublikası tərəfdən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu stendi də qurulub. Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu qədim “İpək yolu” dövründə olduğu kimi, indi öz fəaliyyətinə başlayan yeni “İpək yolu” üzərində bu gün bir sıra ölkələrin və şirkətlərin maraqlarını təmsil edən birləşdirici təşkilatdır. Baş ofisi Qazaxıstanda yerləşən assosiasiyanın üzvləri arasında Azərbaycanın Dəmir Yollarını, Xəzər Dəniz Gəmiçiliyini, Bakı Ticarət Limanını qeyd etmək olar.

Builki sərgidə Almaniya Milli Pavilyonla iştirak edir. Pavilyonda alman şirkətləri ilə əlaqələr yaratmaq, peşəkar vasitəçi xidmətləri almaq mümkündür. Həmçinin mühüm biznes məkanı kimi Almaniya barədə kompleks məlumatlar əldə etmək olar.

“Türkiyə Petrolları A.O.” (TPAO) 70 illik təcrübə ilə öz biznes fəaliyyətini – kəşfiyyat və hasilatı genişləndirməkdədir. Milli neft şirkəti olaraq TPAO-nun əsas məqsədi “Enerjidə müstəqil Türkiyə” ideyasına töhfə verməkdir. Bu məqsədə çatmaq üçün TPAO bir sıra ölkələrdə, o cümlədən Azərbaycan, Şimali Kipr, İraq, Əfqanıstan və Rusiyada fəaliyyət göstərir. TPAO 1994-cü ildən Azərbaycanda investordur və “Şahdəniz” (19 faiz), CQBK (19 faiz) “Azəri-Çıraq-Günəşli” (5,73 faiz), BTC (6,53 faiz) layihələrində iştirak payına malikdir.

Prezident İlham Əliyev sərginin xatirə kitabını imzaladı.

Dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edildi.

Sonda birgə foto çəkdirildi.

Regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi iyunun 6-dək davam edəcək. “Caspian Oil&Gas” və “Caspian Power” sərgilərini özündə birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana cəmləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, bu mühüm tədbirin daimi iştirakçılarına məxsusdur.

Bu il Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. “Əsrin müqaviləsi” görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas istiqamətini müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən təməl hesab edilir. Məhz “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyulub.

Eyni zamanda, bu il Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil&Gas”) sərgisinin təsis edilməsindən 30 il ötür. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və həmin dövrdən etibarən “Caspian Oil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib.

Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında yer alıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və genişmiqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha təsdiqləyir.

Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi “Caspian Oil&Gas” sərgisində müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim ediləcək.

Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji (“Caspian Power”) sərgisində isə beynəlxalq və yerli şirkətlərin energetika və bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaq. Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də təşkil ediləcək.

Bakı Enerji Həftəsi çərçivəsində təşkil ediləcək daha bir mötəbər tədbir isə Bakı Enerji Forumudur. Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaq. Foruma 600-dən çox nümayəndənin qatılacağı gözlənilir. COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə edilib. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub.

Onu da qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində baş tutacaq tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər (B2B, B2G) keçiriləcək.

***

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlətimizin başçısı açılış mərasimində çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Sabahınız xeyir xanımlar və cənablar.

Əvvəlcə bütün qonaqlarımızı salamlamaq istəyirəm. Azərbaycana xoş gəlmisiniz. Əvvəla, təşkilatçılara minnətdarlığımı bildirmək istəyirəm. Artıq qeyd edildiyi kimi, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.

Otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu.

Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə biz bəlkə də dünyada birinci yerdə idik və ya birincilərdən biri idik. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı.

Buraya iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə edə bilərik. Bizdə elektrik enerjisi və təbii qaz qıtlığı var idi - bir neçə onilliklər ərzində enerji resurslarına görə məşhur olan bir ölkədə. Çar Rusiyası və Sovetlər İttifaqı dönəmində Azərbaycan bu sahədə təkcə regional yox, qlobal miqyasda lider idi. Lakin müstəqillik böyük bir enerji böhranı ilə müşayiət olundu.

Beləliklə, 1993-cü il dönüş nöqtəsi oldu. Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və əlbəttə ki, iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri.

Bu tədbir, əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Artıq qeyd edildiyi kimi, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər.

Dediyim kimi, bura çox riskli bir ölkə idi, investorlar həmişə siyasi çətinliklərə və geosiyasətə qarşı həssasdırlar. Lakin onlar hökumətə və xalqa etibar etdilər. Qeyd etdiyim kimi, SOCAR və yaradılmış konsorsium arasında çox etibarlı əməkdaşlıq var idi.

Bu, məhz belə başladı və üç il müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi.

Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi və bizim iqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı.

Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.

Beləliklə, “Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.

Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.

Bir az sonra iştirak edəcəyimiz mərasim haqqında danışarkən qeyd etdim ki, bu, sadəcə, başlanğıcdır. Yeri gəlmişkən, ötən ilin oktyabrında “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə verib. İndi isə daha 1 qiqavat enerji həcmi əlavə edilir.

Hazırda iki layihə işlənilməkdədir – onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır.

Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir.

Bu gün həqiqətən də əlamətdar gündür. Bakı Neft və Qaz Sərgisində qaz müqaviləsinin imzalanmasından 28 il sonra, 1 qiqavat həcmində bərpaolunan enerji ilə bağlı artıq imzaladığımız müqavilələr nəticəsində bu gün təməlqoyma mərasimi baş tutacaqdır. Artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır, çünki potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və dediyim ki, “Masdar” yaşıl enerjiyə keçid sahəsində ən öndə gedən şirkətdir.

Hesab edirəm ki, BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi etməsi heç də təsadüf deyil. BƏƏ-nin bizə ötürdüyü miras olduqca dəyərlidir. Birincisi, mən dostum nazir Sultan əl-Cabiri təbrik etmək istəyirəm və salamlarımı qardaşım, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zahid Əl-Nəhyana çatdırmağı xahiş edirəm. Həmçinin COP istiqamətində irəlilədiyimiz bu mürəkkəb yolda qardaşımın dostluğuna, tərəfdaşlığına və dəyərli tövsiyələrinə görə təşəkkürümü bildirirəm.

Bu, asan iş deyil, lakin biz buna hazırıq. Dəfələrlə dediyim kimi, neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir. Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, biz inklüziv cəmiyyət qura bilmişik, biz yoxsulluğu 50 faizdən 5 faizə endirə bilmişik, biz xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq.

Yəni, bizə qiymət verilən zaman bütün bu amillər nəzərə alınmalıdır. Bununla yanaşı, COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik. Ancaq biz bu məsələyə sadiqik.

Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil.

İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq.

Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.

Xanımlar və cənablar, bir daha Azərbaycana xoş gəlmisiniz. Bu gün həqiqətən tarixi bir gündür. Artıq qeyd etdiyim kimi, iyunun 4-ü tariximizdə “Şahdəniz” müqaviləsinin imzalanması, həmçinin yaşıl keçidlə bağlı təməlqoyma mərasimi ilə yadda qalacaqdır. Əlbəttə ki, bu vacib toplantı hər zaman yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnir və əminəm ki, budəfəki Bakı Enerji Həftəsində mühüm nəticələr əldə ediləcək.

Sizə ən xoş arzularımı çatdırır və fürsətdən istifadə edərək, hər birinizi bu ilin noyabrında COP29-da qonağımız olmağa dəvət edirəm.

Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.

Sonra dövlətimizin başçısı sərgilərlə tanış olub.

***

Bu dəqiqələrdə Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxış edib.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.

***

Bu dəqiqələrdə Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” sərgilərinin açılışında iştirak edir.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

AVRO-2024: Türkiyə və Portuqaliya milliləri mübarizəyə start verir

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti işə başlayıb

Cavanşir körpüsündə işlər nə yerdədir? - Video

Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərib, Qarabağ və Bakıda əkiləcək

Ötən gün 38 kq-a yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Ən çox oxunanalar