Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

G20 sammiti dünya ticarət savaşını durdura bildimi? – Natiq Cəfəli ilə müsahibə

“Böyük iyirmilər”in Buanes-Ayres toplantısı dünya iqtisadiyyatı bazarlarını nə qədər sakitləşdirə bildi?

Ekspert: “Tramp Adminstrasiyası əldə olunan nailiyyətlərdən sonra bəzi ölkələrə basqısını daha da artıra bilər”.

“Hesab edirəm ki, ABŞ-ın bu cür aqressiv siyasəti bütün dünya ölkələrinin mövqeyinin bir müddət sonra ABŞ-a qarşı birləşməsinə səbəb ola bilər”.

Bu sözləri iqtisadçı Natiq Cəfərli G20 sammitinin nəticələrini və sammitin ən yaddaqalan hadisəsi olan ABŞ-Çin arasında əldə olunan razılaşmanın dünya iqtisadiyyatına təsirini şərh edərkən PİA.AZ-a müsahibəsində qeyd edib.

Xatırladaq ki, noyabrın 30-da Argentinanın paytaxtı Buenos-Ayresdə işə başlayan "Böyük iyirmilik" (G-20) ölkələrinin liderlərinin sammiti dekabrın 1-də başa çatıb. Sammitdə G-20 liderləri bir sıra ikitərəfli görüşlər keçirsə də, gözləntiləri doğruldan bir sammit baş tutmadı. 19 ölkə liderinin qatıldığı sammitin əsas mövzusu isə iqlim dəyişikliyi ilə bağlı olub.

Sammitdə diqqət çəkən məqamlardan biri “G20” (Böyük iyirmilik) Sammiti çərçivəsində ABŞ, Kanada və Meksika arasında 25 illik Şimali Amerika Azad Ticarət Zonası haqqında müqaviləni (NAFTA) əvəzləyəcək yeni üçtərəfli ticarət müqaviləsinin imzalanması olub. Multimilyard dollarlıq yeni ABŞ-Meksika-Kanada Razılaşması (USMCA) müqaviləsini ABŞ prezidenti Donald Tramp, Kanada baş naziri Castin Trüdo və Meksikanın prezidenti Enrike Penya Nyeto imzalayıblar. Son anadək sazişin imzalanması yolunda müəyyən qarşılıqlı mübahisələr olmasına, ABŞ-la ticarətdə tariflərin aradan qaldırılmasilə bağlı Kanada və Meksikanın tələblərini Trampın rədd etməsinə rəğmən, müqavilənin imzalanması tarixi hadisə kimi qiymətləndirilib. “Bu yeni müqavilə Meksika, Kanada və ABŞ-ın gələcək rifahını və innovativ inkişafını təmin edəcək” - imzalanma mərasimindən öncə çıxış edən Tramp bildirib.

Digər diqqətçəkən məqamlardan biri isə Çin lideri Si Cinpinlə Tramp arasındakı görüş olub. Belə ki, görüşdə tərəflər 1 yanvardan etibarən qarşılıqlı olaraq bir-birindən idxal etdikləri məhsullara əlavə gömrük rüsumlarının tətbiq edilməməsi barədə razılığa gəliblər. Danışıqlar zamanı Tramp yanvarın 1-də tarifləri artırmayacağını vəd edib. Çin hakimiyyəti isə ABŞ-dan idxal edilən avtomobillərə tətbiq etdiyi tarifləri azaltmağa və ləğv etməyə razılaşıb. Eyni zamanda Çin ABŞ-dan milyardlarla dollar həcmində kənd təsərrüfatı malları almağı üzərinə götürüb. Onu da qeyd edək ki, Ağ Evin sözçüsü Sara Sanders bəyanatında 90 gün ərzində Çinlə əsas ticarət məsələlərində razılıq əldə edilməzsə, rüsumların 25%-ə qaldırılacağını bəyan edib.

G20 sammitinin dünya iqtisadiyyatına təsirləri ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı Natiq Cəfərli ilə müsahibə hazırlayıb.

Natiq Cəfərli: “Bu sammitdə iqtisadi və ya siyasi mənada hansısa böyük qərarlar verilmədi. G20 sammiti çox gərgin keçən bir sammit kimi yadda qaldı”.

PİA.AZ iqtisadçı Natiq Cəfərli ilə olan müsahibəni oxucularına təqdim edir:

- Natiq bəy, qloballaşmaya marağın azaldığı indiki şəraitdə G20 sammitinin nəticələrini iqtisadi baxımdan necə dəyərləndirərdiniz?

- Təəssüf ki, G20 sammitinin ciddi nəticələri olmadı. Elə sammitin son günlərindəki qeyri-rəsmi görüşlərdə də danışıqlar müxtəlif istiqamətlər üzrə aparıldı. Gecə bağlanışdan bir neçə saat öncə əsasən Çinlə ABŞ arasındakı danışıqlar dünya ticarətinə və iqtisadiyyatına ciddi təsir göstərə biləcək amilə çevrildi. Ən azından yaxın üç ayda, yəni 90 gün ərzində bir-birilərinə qarşı əlavə heç bir gömrük rüsumları tətbiq etməyəcəklərinə və yeni ticarət sazişinin imzalanması baxımından komissiyanın işinin sürətləndiriləcəyi ilə bağlı razılığa gəldilər. Əgər 90 gün ərzində yeni saziş imzalanarsa, bu, dünya ticarətində “ticarət müharibəsi” adı altında başlayan prosesə son verilə bilər. Əlbəttə ki, bu qərar dünya iqtisadiyyatına müsbət təsir edəcək.

Məlumdur ki, ABŞ və Çin dünya ticarətində çox böyük rol oynayır və dünya iqtisadiyyatında böyük gücə malikdirlər. Bu baxımdan razılaşma dünya iqtisadiyyatına pozitiv təsir göstərəcək. Bu razılaşmaya dünən gecədən başlayaraq Asiya birjaları, bu gün səhər saatlarından isə Avropa birjaları müsbət reaksiya verməyə başlayıblar və indekslərin artdığı müşahidə olunur.

ABŞ-la Çinin razılaşmasından başqa, sammit çərçivəsində hansısa ciddi razılaşma olmadı. Əsas müzakirə məsələlərindən biri iqlim dəyişiklikləri idi. Belə ki, son bəyannamədə ABŞ heç imza da atmadı və bu məsələnin müzakirəsində maraqlı olmadığını göstərdi. Yəni, bu sammitdə iqtisadi və ya siyasi mənada hansısa böyük qərarlar verilmədi. G20 sammiti çox gərgin keçən bir sammit kimi yadda qaldı.

Natiq Cəfərli: “ABŞ öz maraqları fonunda digər ölkələrin maraqlarını ikinci dərəcəli qrupa aid etmək istəyir”.

- Bəs, Dünya Ticarət Palatası ətrafında baş verən mübahisələr barədə nə deyə bilərsiniz?

- Əslində Dünya Ticarət Palatası ətrafında baş verən mübahisələr ticarət müharibələrinin tərkib hissəsi kimi yadda qaldı. ABŞ-da başlanan bu proses Trampın hakimiyyətə gəlməsindən sonra baş verdi.

Tramp adminstrasiyası əsasən Amerika maraqlarını önə çəkərək dünya ticarətində uzun illər oturuşmuş qaydaların pozulmasına və dəyişdirilməsinə çalışır.

ABŞ öz maraqları fonunda digər ölkələrin maraqlarını ikinci dərəcəli qrupa aid etmək istəyir. Təbii ki, ABŞ-ın bu marağı Ümumdünya Ticarət Təşkilatı(ÜTT) və ümumdünya ticarəti ilə məşğul olan digər təşkilatlara yaxşı təsir göstərmir. Çünki onlar da oturuşmuş oyun qaydalarının dəyişdirilməsində maraqlı deyillər. Ona görə də bu məsələ ətrafında gedən mübahisələr, diskussiyalar və qarşılıqlı sərt bəyanatlar məhz ticarət, gömrük və vergi müharibələrinin dayandırılması istiqamətində idi. Eyni zamanda bu mübahisələr Amerikanın yeni qaydalar gətirməsinə qarşı müqavimətin nəticəsidir.

-G20 sammitində ABŞ, Kanada və Meksika liderləri NAFTA sazişinin əvəzinə yeni ABŞ-Meksika-Kanada Razılaşması (USMCA) imzalayıblar. Bundan başqa, Tramp G20 sammitində Çin lideri ilə yeni ticarət anlaşmasında razılığa gəliblər. Bu razılaşmalar hazırda dünyada gedən ticarət savaşlarına necə təsir edəcək? Demək olarmı ki, artıq ABŞ dünya ticarətini yüyənləyib?

- ABŞ çalışır ki, bu sazişlərdə öz maraqlarını diqtə etməyə çalışır və müəyyən mənada öz istəyinə nail olur. NAFTA müqaviləsinin yenilənməsi və yeni USMCA müqaviləsinin imzalanması da əsasən Amerikanın lehinə daha çox dəyişikliklərin olması ilə yadda qaldı. Amerikanın iddiası ondan ibarətdir ki, bazarının böyük olması və qonşularının bu bazardan istifadə etməsi fonunda Amerika büdcəsi üçün əlavə ödənişlər olsun. Yəni, Kanada və Meksika Amerika bazarında öz məhsullarını rahat sata bilirlərsə, Amerika malları üçün əlavə güzəştlər təklif etməlidirlər.

İlkin razılaşmada bu məsələ ilə bağlı Trampın mövqeyində az miqdarda yumşalma hiss olunur, amma Amerika maraqları çərçivəsində sazişin imzalandığını gördük. ABŞ 90 gün ərzində Çinlə də buna bənzər anlaşma imzalamalıdır. Əgər bu anlaşmada da ABŞ-ın istəkləri və diqtəsi mövcud olacaqsa, bu, ABŞ və Tramp üçün kiçik qələbə olacaq. Yəni, ticarət məsələsində ABŞ maraqları önə çəkiləcək və Amerika istehsalçılarının bazarlarda daha rahat hərəkət etməsinə rəvac verəcək. Hətta bunun ilkin nəticəsi də oldu. Bu gün səhərə yaxın Trampın sosial media vasitəsilə yaydığı mesaja əsasən Çin artıq ABŞ avtomobillərinin Çin bazarına daha rahat çıxması üçün maneələrin aradan qaldırılmasına söz verib. Məsələn, bu gün Çin ABŞ istehsalçılarına 40% gömrük vergisi tətbiq edir və hal-hazırda bu verginin azaldılması gündəmdədir. Razılaşma əldə olunarsa, gömrük vergisi iki dəfə azaldılacaq.

Natiq Cəfərli: “Amerikanın iddiası ondan ibarətdir ki, bazarının böyük olması və qonşularının bu bazardan istifadə etməsi fonunda ABŞ büdcəsi üçün əlavə ödənişlər olsun”.

Əslində bu vəziyyət hüququn deyil, gücün üstünlüyünü önə çıxarır. Məlumdur ki, Ümumdünya Ticarət Təşkilatının bəlli qaydaları var. ABŞ bu qaydalara yenidən baxmağa və öz gücündən istifadə edərək yeniləməyə çalışır ki, üstünlüklər qazansın.

Hesab edirəm ki, bu cür aqressiv siyasət bütün dünya ölkələrinin mövqeyinin bir müddət sonra ABŞ-a qarşı birləşməsinə səbəb ola bilər. Çünki bir çox hallarda Avropa Birliyi ölkələri , əsasən də Almaniya, Çin, Yaponiya, Kanada və Meksika Amerikanın bu cür aqressiv siyasətindən məmnun deyil. Onlar sadəcə məcburiyyətindən güzəştli addımlar atırlar və bu güzəştlərin bir həddi var. Düşünmürəm ki, bütün ölkələr tərəfindən Amerikaya daim güzəştlər ediləcək.

- Buanes-Ayresdə Trampla Çin prezidenti Si Cinpin arasında əldə olunan ticarət razılaşması onu deməyə əsas verirmi ki, Tramp Çinlə apardığı ticarət savaşında qalib gəldi və faktiki olaraq, Çin ABŞ-ın iradəsinə tabe oldu?

- İlkin nəticə odur ki, Tramp Çinlə apardığı ticarət savaşında qalib gəldi və istədiyinə nail olur. İndiki şəraitdə Amerika məhsullarının Çin bazarına daha rahat daxil olması üçün Çin tərəfindən güzəştlərin alınması məsələsi gündəmdədir.

Nə qədər qəribə səslənsə də, kənd təsərrüfatı və paxlalılar sinfinə aid olan məhsullar üzrə ABŞ şirkətləri və fermerləri Çin bazarında böyük əzici üstünlüyə malikdirlər. Demək olar ki, paxlalıların 40%-dən yuxarı miqdarı ABŞ şirkətlərinə məxsusdur. Bundan başqa, avtomobil sənayesində ABŞ-ın istəkləri var idi. Mövcud vəziyyətdə hər iki istiqamət üzrə Çin tərəfindən ABŞ şirkətlərinə güzəşt olunacağının ilkin siqnalları görünür.

- Çinlə əldə olunan razılaşma reallaşarsa, demək olarmı ki, Trampın dünya çapında başlatdığı ticarət savaşı səngiyəcək, yoxsa Tramp Adminstrasiyası əldə olunan nailiyyətlərdən sonra bəzi ölkələrə basqısını daha da artıracaq? Xüsusilə Avropa İttifaqı ilə ABŞ arasında ticarət mübahisələrində hansı yeniliklər meydana çıxa bilər?

- Tramp Adminstrasiyası əldə olunan nailiyyətlərdən sonra bəzi ölkələrə basqısını daha da artıra bilər. Hətta bu barədə Amerika və dünya mediasında ciddi araşdırmalar var. Əgər Tramp və onun adminstrasiyası apardığı aqressiv siyasətin nəticələr verdiyini və Amerika istehlakçılarına məmnunluq gətirdiyini görməsi fonunda prosesi davam etdirəcək.

Bildiyiniz kimi, 2020-ci ildə Amerikada növbəti prezident seçkiləri keçiriləcək. Amerikanın sistemi elə qurulub ki, seçkilərə iki il qalmış artıq start verilir. Gələn ilin əvvəlindən başlayaraq Tramp özünün yeni seçki kampaniyasının startını verəcək və bu uğurlar onun daha çox xal qazanmasına səbəb olacaqsa, 2020-ci ilə qədər siyasətini daha da aqressiv davam etdirə bilər. Bu proses isə dünya ticarətində və ümumilikdə dünya siyasətində ciddi problemlərə yol aça bilər. Çünki bu aqressivliyin bir həddi olmalıdır.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Ən çox oxunanalar