Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəmiyyət Nərminin qatilinə edam cəzasını istəyir - Ölüm hökmü reallaşa bilərmi?

Edam üçün imza toplanır, məşhurlarımız da işə qarışdı...

Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın ölüm xəbəri hamını dərindən sarsıldıb.
Cəmiyyət tərəfindən xeyli müzakirə olunan məsələnin fonunda ölüm hökmünün bərpası tələbləri də irəli sürülür. Hətta Azərbaycanda ölüm hökmünün bərpa olunması ilə bağlı internetdə kampaniya başladılıb və 47 mindən yaxın vətəndaş kampaniyanı imzalayıb.

Bu faciəyə məşhurlar da biganə qalmayıb. Onlar sosial şəbəkə hesablarında bununla bağlı paylaşım ediblər. Bəzi məşhurlar, sənətçilər da qatilin edam edilməsini tələb edib.

Müğənni Nigar Camal paylaşımında bu cinayətə görə ölüm cəzası istəyib: “Bu, ağır itkidir. Biz bilmirik Nərmin balamıza hansı xəsarətləri yetiriblər. Belə insanları, pedofilləri məhv etmək, diri-diri yandırmaq lazımdır. Başqa yol görmürəm”.

Müğənni Elvin Abdullayev “Bu körpənin günahı nədir? Bunu edən hər kimdirsə, çarmıxa çəkilməlidir” sözləri ilə bu vəhşiliyi törədənə (və ya törədənlər) ölüm cəzası istəyib.

Müzakirələrə müğənni Nadir Qafarzadə də qatilib, belə cinayət törədənlərin güllələnməsini tələb edib: “Bu vəhşiliyi törədən cinayətkara deməyə söz tapa bilmirəm. Düşünürəm ki, Azərbaycanda bu cür cinayətləri törədənlər güllələnməlidir. Həmin şəxsə təxminən 15-20 ilə qədər iş verəcəklər. Çıxıb yenə də kefini çəkəcək. Amma bir qızcığazın həyatı məhv oldu. Ona görə də qanuna “güllələnmək” cəzası əlavə olunmalıdır”.

Bəs görək, ölüm hökmünün Azərbaycanda yenidən tətbiq edilməsi nə dərəcədə realdır? İmza toplamaqla bu barədə nəyəsə nail olmaq mümkündür?

Mövzu ilə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənovla əlaqə saxladıq. “Yeni Sabah”a danışan hüquqşünas ölüm hökmü bərpa edilsə belə Nərminin qatilinin edam edilməyəcəyini bildirib:

“Onu deyim ki, Azərbaycan Konstitusiyası ölüm cəzasının olmasını istisna etmir. Sadəcə Konstitusiyaya görə əgər həmin cəza Cinayət Məcəlləsində nəzərdə tutulubsa, tətbiq oluna bilər. Cinayət Məcəlləsində isə hazırda belə cəza nəzərdə tutulmayıb. Bu da o deməkdir ki, Cinayət Məcəlləsinin əsas prinsiplərindən biri odur ki, cinayətkara qarşı cinayət törədilən anda yalnız mövcud olan cəza tətbiq edilə bilər. Yəni bundan sonra ölüm cəzası Cinayət Məcəlləsinə daxil edilsə belə, Nərmini vəhşicəsinə öldürən qatilə heç bir halda tətbiq edilə bilməz. Çünki həmin adam sözügedən cinayəti törətdiyi anda belə bir cəza yox idi”.

Ə.Həsənov özü ölüm cəzasının tərəfdarı olduğunu desə də, hazırda Azərbaycanda belə cəzanın tətbiqinin mümkünsüzlüyünü də vurğulayıb:

“Şəxsən mən özüm də ölüm cəzasının tərəfdarıyam, bunu dəfələrlə demişəm, amma müəyyən şərtlərlə. Birincisi, yalnız uşaqlara, qadınlara qarşı olan cinsi zorakılıq və xüsusi amansızlıqla insanların öldürülməsi hallarında ölüm cəzasının tətbiq olunmasının tərəfdarıyam.

O halda ki, həmin cəza qərarını hakimlər yox, münsiflər məhkəməsi çıxarsın. İngiltərədə olan kimi 12 nəfər münsiflər heyəti olsun, onlar da adi insanlardan seçilsin. Çünki Azərbaycanda məhkəmə sistemi biabırçı vəziyyətdədir. Bizim məhkəmələr qanunsuz qərarlar çıxarmağa adət ediblər. Belə olan halda da təhlükə var ki, günahsızları da edam etsinlər, yaxud pul istəsinlər. Bizdə belədir. Buna görədə bu cəzanın tətbiqini hakimlərə həvalə etmək olmaz. Mütləq cinayətin törədilmə faktını münsiflər məhkəməsi təsdiqləməlidir. İngiltərədə belədir. Məsələn, münsiflər məhkəməsi təsdiq edir ki, bu adamın günahı var, bundan sonra cəzanı hakim tətbiq edir. Mən hesab edirəm ki, bizdə də təqsirləndirilən şəxsin günahının olub-olmamasını adi məhkəmə hakinmi yox, münsiflər məhkəməsi təyin etməlidir. Bu şərtlərlə mən də ölüm cəzasının tərəfdarıyam.

Ancaq hazırkı məqamda bu real görünmür. Ona görə ki, Azərbaycan Avropa Şurasının üzvüdür və bu şuranın əsas prinsiplərindən biri budur ki, heç bir halda ölüm cəzası olmamalıdır. Yəni biz bu cəzanın tətbiqinə başlasaq, bizi Avropa Şurasından çıxaracaqlar. Ölkəmiz də hazırda elə vəziyyətdə deyil ki, biz duraq Avropa Şurasından çıxaq.

Qərbə ölüm cəzasının tətbiq edildiyi yerlər də var. Məsələn, Amerika Birləşmiş Ştatlarında bu var.

Lakin, biz indiki vəziyyətdə belə düşünürük ki, Nərminin qatili tapılsa, ona ömürlük azadlıqdam məhrumetmə cəzası veriləcək. Və hamımız başa düşürük ki, onun üçün bəlkə də, ölüm cəzasının olması həbsxanada başına açılacaq oyunlardan daha yaxşıdır”.

Hüquqşünas belə ağır cəzaların tətbiqinin cinayət faktlarını azaltması barədə fikir müxtəlifliyi olduğunu da vurğulayıb:

“Belə ağır cəzaların tətbiq edilməsi barədə fikirlər müxtəlifdir. Bəziləri deyir ki, ağır cəzaların tətbiqi bu tipli cinayətlərin qarşısını alır. Statistika da fərqlidir. Amma belə bir məsələ var: əgər cəza cinayətlərin qarşısını almırsa, onda niyə tətbiq olunur? Niyə cəzalar var? Ölüm cəzasını demirəm, lap elə götürək, azadlıqdan məhrumetmə cəzasını... Hər bir insan günah etməyə, cinayət törətməyə meyillidir. Hər bir insanda bu var. Onlar bu cəzadan qorxub cinayət törətmirlər. Əks halda, hamı bir-birini vurardı və ya oğurluqlar baş alıb gedərdi.

Baxın, Azərbaycanda niyə korrupsiya cinayətləri çoxdur? Çünki məmurlar bilirlər ki, heç kəs onları cəzalandırmayacaq. Son vaxtlar fikir verdinizsə, yerli icra başçıları qorxdu. Niyə qorxdular, çünki birini tutdular deyə, hamısı qorxuya düşdü. Deməli, istər-istəməz cinayətə görə cəzanın təsiri var. Əks halda cəza niyə var? Cəzanın tətbiq edilməsinin bir neçə səbəbi var, birincisi, həmin şəxsin islah edilməsidir, ikincisi, həmin şəxsin cəmiyyətdən təcrid edilməsidir, (təhlükəli olduğu halda) üçüncüsü isə potensial cinayətkarlara siqnaldır.

İnsandan-insana fərq var, elə insan var ki, onu heç bir cəza saxlamayacaq. Lakin, elə insanlar da var ki, onlar hansısa cəzadan qorxaraq belə əməllər törətmirlər. Mən düşünürəm ki, heç olmasa bir insan belə cinayəti törətməyəcəksə, qorxacaqsa, bunu tətbiq etmək lazımdır.

Bir məsələdə var. Tutalım, qatil tapıldıqdan sonra onu ömürlük azadlıqdan məhrum etdik. Və onu elə bir kameraya saldıq ki, orada tək olsun. Çünki o kamerada tək olmasa, digər məhkumlar onu cəzalandıracaqlar. Bəs yaxşı niyə o tək kamerada dövlətin hesabına ömrünün axırına kimi qalmalıdır? Vətəndaşların hesabına, vergi hesabına orada saxlanılmalıdır. Mən vergi verirəm. Niyə mənim hesabıma onu yedizdirməli, içizdirməlidirlər? İstəmirəm, mən buna razı deyiləm. Mən bir də deyirəm, hər cinayətə görə ölüm hökmü olsun demirəm. Məsələn, zorlama, uşaqları öldürmə cinayəti. Beləsini öldürmək lazımdır. Biz ona görə niyə dözməliyik?!”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar