Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşa Talıblıdan yeni şeirlər –“Əl çək təklikdən, tək adam...”

Bir sevda ver mənə, Tanrım...

Bir sevda ver mənə, Tanrım,
mənə bir, mənə bir sevda!
...aya bir, ilə bir vermə;
günə bir, günə bir sevda!

...bir sevda ki, dərd elə ver!
...bir dərdini dörd elə ver!
...ələklə ver, irdələ ver
dənə bir, dənə bir sevda!

...cütçü yabanı deyirmiş!
...heç nə yabanı deyilmiş!
...o nə dabanı yeyilmiş,
o nə bir, o nə bir sevda?

...bir sevda ver mənə, Pirim!
Hökm eyləsin minə birim!
...yalnız, bəmbəyaz, dipdiri;
yenə bir, yenə bir sevda!


Qələm...

...nə şeyxəm, nə şeyxə qulluq elədim,
nə sufi soyundan gələnəm, lələ!
Ayı para yazan, paradan yazan
aypara şəklində qələməm, lələ!

...göyün ulduzu çox, ayparası tək;
göy də " Qızılağac qoruğu" kimi.
Mən ayın soyundan gələnəm, lələ...
Ay da bir qələm qırığı kimi!

...əhli-hal deyiləm, qələm əhliyəm!
Halələr gəzirdi ay qırağında...
Aypara şəklində şer yazmağa
qələm düzəldirəm ay qırığından!


Canımı günə sərdin...

Mən necəyəm, soruşursan,
mən necəyəm?..bilmirəm ki!
...gülə-gülə ağlayıram,
ağlayıram...gülmürəm ki!

Bir bax...nə gül gətirirəm
nə od, nə kül gətirirəm.
Sənə könül gətirirəm,
əlləri boş gəlmirəm ki!

Canımdan canı dərdin də,
dərdin də, günə sərdin də!
Ölürəm sənin dərdindən,
səndən ötrü ölmürəm ki!


Dünyanın düz vaxtı...

Dünyanın nə gözəl vaxtı varıydı–
Əkinci xırmannan dən aparardı.
...dərdin mini girər, mini çıxardı,
ünlü şairlərin ünü çıxardı.

...dünyanın nə gözəl vaxtı varıydı,
dünyanın nə gözəl baxtı varıydı,
dünyanın nə gözəl taxtı varıydı–
Özü oturmuşdu taxtında hələ.

...hər şeyin öz vaxtı nə gözəliymiş,
şairin söz vaxtı nə gözəliymiş,
dünyanın düz vaxtı nə gözəliymiş,
o vaxtın içində nə gözəliydik–
elə indi də gözəllik, qardaş!

...dağların qarının qurdu çıxardı,
barını görərdik bar ağacının.
Onda asılmağa ağac varıydı,
dibində su vardı dar ağacının;
Gedib asılardıq budaqlarından–
Dünyanın nə gözəl vaxtı varıydı.


Dərd var gözün qarasında...

...daşdı göyün əlindəki,
yerdə haqqın kürəyidi.
Daşı yondu...başdaşıdı!
Bu da vaxtın kələyidir...

İsmi pünhan fələyə bax,
bax, mələyə-mələyə, bax!
Fırlatdığı ələyə bax,
hansı ömrün ələyidi?

Dərd var gözün qarasında...
Göz var üzün harasında?
İki sözün arasında
qalan şair ürəyidi.


Ayrılıqlar uzun çəkəcək...

...üzü ayrılığa yıxıldım mən də,
üzü ayrılığa yıxılır otlar,
üzü ayrılığa yıxılır atlar,
qalır yıxılanlar üzü Allaha.

Üzü ayrılığa yıxılır hamı...
Özümü dərdimdən yıxımmı mən də?
Çıxıb öz çölünə – hamı çöldədi...
Lənət kor şeytana, çıxımmı mən də?

...bir Ay da şehlədi suyun üzündə,
bir su da üzünə yosun çəkəcək.
...üzü ayrılığa yıxılır hamı,
hələ ayrılıqlar uzun çəkəcək.


İçi ələk-vələk adam...

Bax, qoşa görünən dağdı,
cüt uçan kəklikdi elə!
...mən elə görəndən təksən,
səninki təklikdi elə!

Əl çək təklikdən, deyirəm...
Əlin dincələr əl çəksən!
Desəm də heç nə dəyişmir,
bəlkə ona görə təksən?

Baxıram yaxşı durursan,
görürəm, gəzə bilirsən!
Kimsə bilmir niyə təksən...
...ya özün nəsə bilirsən?

...ya təklik hər şeyi bilir?
Hər şey – yoxdumu, vardımı?
Nə var təklikdə, tək adam,
nə varsa sənə yardımı?

Anlamı nədir təkliyin?
Günün biri "şər cümə"di...
Hansı dilin yazısıdı,
hansı dildən tərcümədi?

Bax, bu da sənin təkliyin,
içi ələk-vələk adam!
O da yarımçıq, yarıcan...
Əl çək təklikdən, tək adam!

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar