Britaniya nəşri HƏMAS liderinin öldürülməsindən sonra genişmiqyaslı eskalasiyanın olacağını proqnozlaşdırır...
HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyənin İsrail tərərfində öldürülməsi geniş miqyaslı eskalasiyaya gətirib çıxaracaq və indiyədək Qəzza və Livan sərhədində lokallaşdırılmış Yaxın Şərqdəki münaqişənin parametrlərinə təsir göstərə bilər.
Poliqon xəbər verir ki, bu nəticəyə “Sky News” telekanalının jurnalisti Con Sparks gəlib.
“Bu, kütləvi eskalasiyadır. Hesab edirəm ki, bu, həqiqətən parametrləri dəyişir. Müharibə indiyədək Qəzza və Livan sərhədində lokallaşdırılıb. İndi də son 24 saat ərzində biz İranın dəstəklədiyi qruplaşmaların iki yüksək rütbəli liderinə hücumun şahidi olduq”, deyə jurnalist bildirib.
Sparks, Haniyənin bəyanatlarında sərt olduğunu, lakin Yaxın Şərqdə bir neçə ay davam edən münaqişə ilə bağlı danışıqlar aparan şəxs kimi çıxış etdiyini vurğulayıb. Jurnalist atəşkəs və girovların azad edilməsi ilə bağlı dialoqun indi nə olacağını düşünməyə çağırıb.
Xatırladaq ki, Haniyə iyulun 31-də səhər tezdən Tehranda İsrailin basqını nəticəsində öldürülüb. İranın paytaxtına o, seçilmiş prezident Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün gəlib.
HƏMAS da sui-qəsdi təsdiqləyib. Qruplaşmadan bildiriblər ki, bu hadisənin baş vermə səbəbləri və miqyası araşdırılır, araşdırmanın nəticələri daha sonra açıqlanacaq.
Poliqon.info