İranda İbrahim Rəisinin boşaltdığı prezident postuna namizədlərin irəli sürülməsi üçün ayrılan 5 günlük müddət başa çatıb...
Poliqon İran mətbuatına əsasən xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının rəhbəri, xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məhəmmədtağı Şahçeraqi məlumat verib. Şahçeraqi qeyd edib ki, göstərilən müddət ərzində struktura müraciət edən 287 nəfərdən 80-i prezidentliyə namizəd kimi qeydə alınıb.
Seçki Qərargahının rəhbəri bildirib ki, növbəti həftə ərzində ölkənin Müşahidə Şurası namizədlərin vəziyyətlərinin öyrənilməsini davam etdirəcək və iyunun 11-də təsdiq olunmuş namizədlərin adları açıqlanacaq.
İran mətbuatı qeyd edir ki, mayın 30-dan iyunun 3-dək keçirilən namizədlərin irəli sürülməsi prosesinin özü bir sıra aspektləri ilə diqqət çəkib ki, bunlardan biri də prezidentliyə namizədlərin çoxluğu olub.
İranın tanınmış siyasətçisi, Tehranın keçmiş meri Qulamhüseyn Kərbaşçi bu vəziyyətə ironiya ilə reaksiya verib.
“Bax, nə qədər adam prezident olmaq həvəsindədir. İndiki və keçmiş mülki və hərbi məmurlar öz namizədliyini irəli sürüblər. Yaxşı olar ki, hörmətli Daxili İşlər Nazirliyi prosesin tamamlanmasının ardından namizədliyini irəli sürməyənlərin siyahısını nəşr etsin”, deyə Kərbaşçi bildirib.
İranın keçmiş vitse-prezidenti Məhəmməd Əli Əbtahi də bu məsələdə oxşar mövqe nümayiş etdirib:
“Qorxuram ki, prezidentliyə namizədlərin sayı seçicilərin sayından çox olacaq”, Əbtahi vəziyyəti şərh edib.
Poliqon.info