Serbiya prezidenti Aleksandr Vuçiç ölkənin ali hərbi rəhbərliyi ilə Kosovodakı vəziyyətlə bağlı intensiv danışıqlar aparır...
Poliqon xəbər verir ki, bu barədə Serbiyanın "Novosti" qəzetinə hökumət yanında Kosovo və Metoxiya üzrə ofisin direktoru Petr Petkoviç məlumat verib.
"Hərbi rəhbərliyimizlə intensiv danışıqlar və görüşlər gedir. Biz sülhü qorumaq üçün mübarizə aparacağıq. 24 saat ərzində prezident Vuçiç xalqa müraciət edəcək və əlavə məlumat verəcək", deyə Petkoviç bildirib.
Bir gün əvvəl Serbiya hakimiyyəti NATO Kosovo Qüvvələri (KFOR) etnik serbləri yerli hakimiyyət orqanlarının hərəkətlərindən qoruya bilməsə, Kosovonu yenidən hərbi tədbirlərlə hədələyib.
Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Mojsiloviç deyib: "Mən KFOR komandirinə məlumat verdim ki, biz serb xalqını qorumaq üçün təcili tədbirlər tələb edirik. Bu, KFOR və beynəlxalq təşkilatlardan xahişimizdir".
Onun sözlərinə görə, Kosovo serbləri yerli hakimiyyətin onlara gətirdiyi “terrora” daha dözə bilməzlər. Bununla bağlı general bildirib ki, Serbiya ordusu ölkə konstitusiyasına və prezident Aleksandr Vuçiçin əmrlərinə uyğun olaraq Kosovoda tapşırığı yerinə yetirməyə hazırdır.
Kosovonun şimalında vəziyyət mayın sonunda Kosovo xüsusi təyinatlıları əsasən serb icmalarında yerli hökumət binalarına nəzarəti ələ keçirdikdən sonra daha da pisləşib. Səs qumbarası və gözyaşardıcı qazdan istifadə etməklə qarşıdurma olub. Yerli serb sakinlər aprelin sonunda keçirilən bələdiyyə seçkilərində seçilmiş və serblər tərəfindən boykot edilmiş yerli administrasiyaların başçıları olan Kosovo albanlarının fəaliyyətə başlamasına icazə vermək istəmirlər. KFOR ilə etnik serblər arasında toqquşmalarda onlarla insan yaralanıb.
Poliqon.info