Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çevriliş yelləri əsən İranda İslam inqilabı kapitalizmə qalib gələ bilmir


Əziz Rzazadə


İranda dövlət içində dövlət olan Qum dini hövzəsi getdikcə daha çox siyasət meydanına çevrilir. Həqiqətən, Tehran paytaxt olsa da, ölkənin ürəyi bu ziyarətgah şəhərdə döyünür.

Qumun müstəsnalığına əsaslanan bəzi ruhanilər hətta şəhərin dövlət içində dövlətliyini rəsmiləşdirmək təklifini irəli sürüblər. Amma “Qumun, Vatikan kimi, ayrıca dövlət elan olunması İslam Respublikasının siyasi idarəçiliyinə əsla zidd deyil” təklifi ən ali ruhanilərin etirazını doğurub. O cümlədən Ayətullah Məkarim Şirazi “Qum Vatikan deyil!” – deyə qəti hökmü ilə təşəbbüsü beşiyindəcə boğub.

Bu günlərdə isə Baş Prokurorluq dini hövzənin adı hallanan açıqlama verib: “Qumda bəzi sözdə ruhanilər Vilayəti-fəqih anlayışını Əsas Qanundan çıxarmağa səy göstərirlər”.

Vilayəti-fəqih üsul idarəçiliyinin açıq və gizli əleyhdarlarının mövcudluğu özlüyündə yeni xəbər deyil. Amma bu xəbərdarlığın siyasi rejimin köhnə əleyhdarlarına aid olmadığına dair fikirlər var. Belə bir məqamda hakim rejimin müdafiəsinə qalxan Nəzarətçilər Şurasının 92 yaşlı sədri Ayətullah Cənnəti Vilayəti-fəqih üsul-idarəsinin banisi barədə əndazəni aşan cümlə işlədib: “Ayətullah Xomeyni hətta Bəni-İsrail peyğəmbərlərindən üstün şəxsiyyətdir”.

Açıq müzakirələr, çıxışlar və bəyanatlarda rejimin gələcəyi ilə bağlı fikir mübadilələrinin bir ucu da Ali Rəhbər Xamneinin gələcək varisi mövzusuna bağlanılır. Hətta İranın ilk prezidenti olmuş və hazırda Parisdə mühacirət həyatı yaşayan (Ayətullah Bənisədrin oğlu) Əbülhəsən Bənisədr də bu möhtəkirliyə bir “tvit”lə öz töhfəsini verib. O iddia edib ki, “Sepah” gizli şəkildə Qumdakı ruhanilər arasında Xamneinin oğlu Seyyid Müctəbanın varisliyi yönündə hazırlıq tədbirləri görür.

İslam Keşikçiləri onsuz da bu arada xarici cəbhədən başqa, “daxili cəhbə”də sinə gərməli olur. Prezident Həsən Ruhaninin Ordu Günü “Hərbçilər siyasətdən yaxşı baş çıxarırlar, ancaq siyasi oyunlara heç vaxt baş qoşmayıblar” sözünü əksinə qavrayan sərbazlar və “Bəsic” qüvvələri ard-arda bəyanatlar verərək “ordunu xalqla üz-üzə qoyan üzdəniraq dostlar və bəzi nəşrlər”i qınayıblar. Ayətullah Nuri Həmədani isə Ruhaninin mənsub olduğu islahatçı qanadı “nadan” adlandırıb.

Əslində, “Sepah”-Ruhani administrasiyası qarşıdurmasında ilk həmlə elə birincilərdən gəlib. “Ölkə prezidenti hərbçi olmalıdır” açıqlaması ilə aranı qızışdıran sabiq “Sepah”çı politoloqdur.

Yeri gəlmişkən, hərbçilərin, ilk növbədə, İranda geniş ehtiram qazanmış general Qasim Süleymaninin reytinqi, Ruhani ilə müqayisədə, xeyli yüksəkdir.

Buna görə də, İranda hərbi çevriliş mövzusunun ciddi müzakirəsinə ekspertlər qara eynəklə baxmır.

Mübahisənin qaynağı, şübhəsiz ki, ətrafı daralan İranın iqtisadi durumudur. Kəmərlər qarına daha çox yapışdıqca, İranın 1979-dan sonra haradan haraya gəlib çıxdığı ətrafında bir-birindən fərqli fikirlər səslənir.

Çağdaş İslam fəlsəfəsinin tanınan nümayəndəsi olan Ayətullah Cavadi Amulinin Qumda səsləndirdiyi “Millət qiyam etsə, bizi dənizə tökəcək!” xəbərdarlığı bu günlərdə İran mediasının ana mövzusu olub (Doğrudur, sonradan Amulinin dəftərxanası (ofisi), “Etemead” başda olmaqla, nitqin KİV-lərdə təhrif olunduğunu bəyan edib).

Mövzu ilə bağlı ən yaxşı başlığı “Qanun” qəzeti verib: “İkinci tarixi xəbərdarlıq”.

Niyə 2-ci?

İş ondadır ki, vaxtilə sovet rəhbəri Mixail Qorbaçova Xomeyninin məktubunu çatdırmaq vəzifəsi Cavadi Amuliyə tapşırılmışdı.

Sovet rəhbərliyini labüd süqutdan agah edən İran elitasının özü indi çarəsiz durumdadır. (Sitat: “Keçmiş kommunist liderlərin iqtisadiyyat sahəsindəki səhvlərinin Qərbin cənnət kimi görülməsinə yol açması mümkündür. Amma həqiqət başqadır. Siz əgər sosializm və kommunizmin iqtisadi problemlərini Qərb kapitalizminə qucaq açaraq həll etmək istəyirsinizsə, sadəcə, cəmiyyətinizin heç bir dərdinə çarə tapa bilməməklə qalmaz, başqalarının gəlib səhvlərinizə çarə aramaq məcburiyyətində qalmasına da yol açmış olarsınız. Çünki əgər bu gün marksizm və onun ictimai-iqtisadi tövsiyələri bir çıxılmaz vəziyyətlə üz-üzə gəlmişdirsə, Qərb dünyası da başqa sahələrdə və başqa şəkillərdə böhranlarla qarşı-qarşıyadır”.)

Cavadi Amuli deyib: “Necə olur ki, 800 milyonluq kommunist və dinsiz rejimlər ölkələrini idarə edə bilirdilər, amma biz 80 milyonluq bir ölkəni idarə edə bilmirik?”; yaxud “Almaniya İkinci dünya müharibəsində külə döndükdən sonra millətin iradəsi ilə gülüstana çevrildi”…

Əlbəttə, sanksiyalar İranı dalana çox dirəyib. Amma xalqın rifahsızlığına səbəb olan iqtisadi problemlərin bəlkə də ən başlıcası bank sektoru ilə bağlıdır. Yaxın zamanlara qədər (BVF-nin rəyincə, dünyada ən yüksəklərdən biri sayılan) 18%-lik kredit həddi dolların məzənnə yüksəlişindən sonra 20%-ə çatıb.

Qum müctəhidlərinin ard-arda ribanın (sələmin) haram olması barədə fətvaları da kara gəlmir.

Ruhani hökumətinin “vahid valyuta siyasəti”nə uyğun olaraq sərraf məntəqələrində 1$ – 4200 tümənə dəyişdirilir, amma “qara bazar”da kurs – 6 min tüməndir. Türkiyədəki kimi, “faiz mafiyası” maliyyə bazarının iplərini hələ də əlində tutur. Onun öhdəsindən necə gəlməyə dair ən sərt resepti Ayətullah Məkarim Şirazi dilə gətirib: “Edam olunmalıdırlar!”

Görünən budur ki, teokratik siyasi rejim – “Vilayəti-fəqih” və kapitalist iqtisadi münasibətləri bir-birinə uyğunlaşdırma hələ ki uğursuzdur. İranın “İslam iqtisadiyyatı modeli” axtarışı yolunu iri bir daş kəsib və bu, Bisutun dağı deyil.

Həm də Fərhad ola biləcək iqtisadi sehrbazın ayaq izləri görünmür. Bəlkə də elə buna görə “Tecarət-e fərda” dərgisi Türkiyənin 1980-ci illərdən başlayan iqtisadi möcüzəsinin banisi Turqut Özala xüsusi məqalə (“Sərdar-e Sazəndegi” – “Quruculuq sərdarı”) həsr edərək sual edir: “Niyə İranın Özalı yoxdur?”

P.S. “İkinci tarixi xəbərdarlıq”dan Azərbaycanın da nəsibinə düşən pay var: yüksək bank faizləri və devalvasiyadan sonra ödənməsi qeyri-mümkün kreditlər… Göründüyü kimi, hələ də İranla eyni tarixi bölüşürük…(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var - Video

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxılıb...

NATO qoşunlarını Ukraynaya göndərilir? - Sunak aydınlıq gətirdi

Qurban bayramı ərəfəsində mal bazarında vəziyyət necədir?

Ən çox oxunanalar