Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan üçün təhlükə kimi göstərilən “siyasi İslam” nə qədər realdır?


Azərbaycanda İslamın rolu və mövqeyi ilə bağlı müzakirələr hələ çox əvvəl - 2005-ci il seçkilərindən sonra başlayıb


O zaman bir çox siyasətçilər iddia edirdi ki, siyasi səhnənin boşalması nəticəsində meydana daha radikal qüvvələr - dini müxalifət - gələcək. Ancaq eyni zamanda ikinci bir fikir də bu idi ki, əslində bu vəziyyətin yaranmasında, yəni siyasi müxalifətin radikal dinçi müxalifətlə əvəzlənməsində hakimiyyətin özü də maraqlıdır.

Aradan təxminən 10 ilə yaxın vaxt keçir. Doğrudur, o zaman  proqnozlaşdırıldığı kimi dini müxalifət formalaşmadı. Amma “din təhlükəsi” bir tezis olaraq hələ də siyasi ritorikada aparıcılığını qoruyur. Son günlər dini camiədə baş verən gərginlik və radikal dini qruplarla bağlı narahatlığın artması isə mövzunu yenidən tətikləyir.

Elə isə bir baxışa ehtiyac var: Azərbaycanda iddia olunduğu kimi siyasi İslam və ya şəriətçi qruplar varmı? Ümumiyyətlə, Qərbi və yerli hakimiyyəti (eləcə də cəmiyyətin sekulyar qanadını-  H.B) narahat edən siyasi İslam Azərbaycan üçün nə qədər aktualdır? 

*  *  *

Qeyd edək ki, Qərb üçün qorxulu siyasi İslam adlandırılan proses əslində müsəlman dünyasında 19-cu əsrin sonlarından başlayan “İslam oyanışı” dalğasıdır. Bu dövrdə müstəmləkə ölkələrinin təzyiqləri altında olan müsəlman ölkələrində müstəmləkə əsarətindən qurtulmaq üçün ortaya atılan ideyalardan biri də “İslam oyanışı” və ya “əsl İslama dönüş” kimi ideya cərəyanları idi. Hesab olunurdu ki, müsəlmanların geri qalmasında onların əsl İslam dəyərlərindən uzaq düşməsi səbəb olaraq dayanır. Bu ideyanın ən parlaq nümayəndələrindən biri də Camaləddin Əfqani, Məhəmməd İqbal və digər şəxslər idi. Pakistanda, İranda (əsrin əvvəlində), Misirdə və digər müsəlman ölkələrində başlayan siyasiləşmiş dini hərəkatlar meydana çıxmağa başladı. Misirdə 1927-ci ildə yaradılmış “Müsəlman Qardaşlar” Hərəkatı daha sonra bütün ərəb dünyasına yayılaraq avtoritar rejimlərə və müstəmləkə idarəçiliyinə qarşı əsas qüvvəyə çevrildi. 1979-cu il İran İslam inqilabı siyasi İslamın ilk böyük qələbəsi idi. Və bu hadisədən sonra Qərbdə siyasi İslama qarşı böyük cəbhə açıldı. Ancaq İranla yanaşı digər müsəlman ölkələrində siyasi İslam təşkilatları formalaşırdı. Əfqanıstanda, Afrikada davam edən silahlı münaqişələr nəticəsində radikal İslam fenomen olaraq yayıldı. 

Qərb üçün siyasi İslam və ya radikal İslam eyni mahiyyət daşıyırdı. Çünki hər ikisi xarici asılılığa qarşı mübarizə və İslam hakimiyyəti (formaları fərqli ola bilər - H.B) qurmaq şüarı ilə çıxış edirdi. Təxminən bu dövrdə müsəlman dünyasında “ilımlı İslam” ideyası da ortaya atıldı. Söhbət radikal və Qərbə qarşı sərt xəttin tərəfdarı olmayan dini-siyasi cərəyandan gedir. Pakistanda, Türkiyədə, ərəb ölkələrində Qərblə - ABŞAvropa ilə əməkdaşlıq xəttini davam etdirmək xəttini mümkün sayan mülayim İslamçı qruplar meydana çıxırdı. Təbii ki, bur qruplar sərt xətt tərəfdarları tərəfindən qəbul olunmur, daha çox Qərb layihəsi adlandırılırlar. İranda isə bu cərəyana “Amerika İslamı” adı verildi. Buna baxmayaraq Pakistanda Nəvaz Şərifin, Türkiyədə Rəcəb Tayyib Ərdoğanın hökuməti “ilımlı İslam” kateqoriyasına aid edilirdi. Ancaq bu bölgü ciddi qəbul olunmur. Məsələn, “ilımlı islamçı” Ərdoğanın İsrailə qarşı tutumu çox sərt oldu və Qərb üçün böyük başağrısına çevrildi. Bu mənada Türkiyədə sınaqdan keçirilən “ilımlı İslam” layihəsi Qərb üçün “uğursuz” oldu.  

*  *  *
Azərbaycanda siyasi İslam haqda danışmaq üçün ən azı 15-20 il qabağa getmək olardı. Məsələ ondadır ki, siyasi İslamın formalaşması üçün mühüm olan bir sıra mühüm amillər var. Birincisi, ölkədə dindar əhalinin sayıdır. Məsələn, Misirdə müsəlman əhalinin 90 faizdən çoxu dindar idi. Pakistanda da rəqəmlər təxminən eyni idi. Türkiyədə 2002-ci ildə AKP seçkilərdə 34 faiz səs qazananda ölkə əhalisinin 60 faizdən çoxu dindar idi. Yəni Siyasi (ilımlı və ya radikal) İslamın yayılması üçün ilk növbədə o ölkədə böyük dindar elektorat  -  baza olmalıdır. İkinci mühüm faktor isə dindar kütləyə xitab edən, onları öz arxasınca apara bilən dini liderlər, mərkəzlər, üstqurumlar formalaşmalıdır. Nüfuzlu dini liderlərin və mərkəzlərin olması mühüm faktordur. İranda İslam inqilabının əsas qüvvəsi ruhanilər və min illik Qum dini-elmi mərkəzi idi. Türkiyədə yüz illərə söykənən böyük dini mərkəzlər mövcud idi. Misirdə, Pakistanda və digər müsəlman ölkələrində hansılarda ki siyasi İslam mövcuddur orda dini mərkəzlər çox böyük təsirə malikdir. 
***
Bu mənada Azərbaycanda siyasi İslamdan danışmaq, onun mövcudluğu iddiası ilə çıxış etmək  çox tələsik qərar olardı. Təbii ki, islami kimliyə və böyük tarixi ənənələrə malik Azərbaycanda hətta sovet dönəmində dini dəyərlər qorunub saxlanıb. Amma çox az bir həcmdə. Repressiyalar, davamlı əks-təbliğat nəticəsində Azərbaycanda dini biliklərin əhatə dairəsi xeyli aşağı düşüb. İndi də  - müstəqillikdən 23 il sonra Azərbaycanda dindar əhalinin çəkisi digər müsəlman ölkələri ilə müqayisədə xeyli dərəcədə azdır. Digər tərəfdən, dini mərkəzlərin və savadlı ruhanilərin cəmiyyətə təsiri azdır. Deməli, mühüm olan əsas iki faktor yerində deyil. Bundan başqa, Azərbaycanda artıq 200 ilə yaxın oturuşmuş sekulyar ənənələr cəmiyyəti müəyyən mənada siyasi İslam fikirlərindən uzaq saxlayır. Ancaq Azərbaycan üçün başqa bir narahatedici amil var. 

Məsələ ondadır ki, Azərbaycanda bu prosesi süni şəkildə qızışdırmaq istəyən maraqlı qüvvələr var. Bu qüvvələri dəqiq adla və ya prosesin arxasındakı ölkə ilə qeyd etmək mümkün olmasa da, təsnifat etmək olar. Birincisi, Azərbaycanda maraqları və dini icmalar üzərindən təsiri olan müsəlman ölkələri regiona və ya Azərbaycan hakimiyyətinə təsir göstərmək üçün yerli dini qrupları hərəkətləndirir və bununla da Bakıya təzyiq etməyə çalışır. İkinci maraqlı tərəf Azərbaycan hakimiyyətidir. Rəsmi Bakı üçün bir sıra hallarda İslam və ya “İslam təhlükəsi” faktorunu təmin etmək faydalı olur. İqtidar bu amildən ölkə daxilində siyasi situasiyanı nəzarətdə saxlamaq, eyni zamanda Qərbdən gələn siyasi təzyiqləri “İslam təhdidi” ilə neytrallaşdırmaq üçün faydalanıb. Eyni zamanda, yerli qruplar da bir çox hallarda siyasi İslam faktoru üzərindən müəyyən maraqlar üçün faydalanmağa çalışır. 

Azərbaycan iqtidarı illərdir “İslam təhlükəsi” amilindən ustalıqla istifadə edir və Qərbdə elə bir təəssürat yarada bilib ki, Əliyev hakimiyyəti olmasa, siyasi islam Azərbaycana nəzarəti ələ keçirə bilər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Əməkdar artist vəfat edən xanımından danışdı

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Ən çox oxunanalar