Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mərkəzi Bankın uçot dərəcələri ilə kredit qoyuluşu arasında əlaqə çoxdan itib” - Samir Əliyevlə müsahibə

Ekspert: “Bankların bağlanması arzuolunan deyil. Çünki bu addım bank sektoru üçün problem yaradır və əlavə xərcdir”

“Bu gün bankların fəaliyyətinə həddən çox nəzarətin olması problem yaradır. Təkcə banklara yox, həm də bank müştərilərinin, sahibkarların fəaliyyətinə də problem yaradır”.

Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev bank sektorundakı vəziyyəti PİA.az-a şərh edərkən bildirib.

Məlumdur ki, 2015-ci ildə baş verən devalvasiyalar nəticəsində Azərbaycan manatı dollar qarşısında iki dəfə dəyər itirdi. Son nəticədən də görünür ki, bəzi ekspertlər ötən maliyyə sektorunda sağlaşma tempini müşahidə etdiklərini qeyd etsələr də, aradan 3 il keçdikdən sonra, 2018-ci ildə də ölkənin maliyyə sistemində nəzərə çarpacaq dəyişikliklər baş vermədi. Belə ki, bank sektorunda problemlər olduğu kimi qalmaqdadır. Problemli kreditlərin həcmi artmaqda davam edir, kreditləşmə siyasəti inkişaf etir, həddindən artıq yüksək faizlər kreditləri hələ də əlçatmaz etməkdədir. Nəticədə hazırda banklar maliyyə çatışmamazlığı ilə üz-üzə qalıblar.

Bu baxımdan ekspertlər 2018-ci ili iqtisadi baxımından müəyyən qədər sabit il kimi xarakterizə etsələr də, 2019-cu ildə üçüncü devalvasiyanın gözlənilmədiyini qeyd ediblər. Hətta bir neçə gün öncə Azərbaycan Mərkəzi Bankının (MB) sədri Elman Rüstəmov mətbuat konfransında bildirib ki, 2019-cu ildə devalvasiya olması imkansızdır.

Son günlər isə yayılan xəbərlərə görə, üçüncü devalvasiyanın olmamasına rəğmən, bu il Azərbaycanda bir neçə bankın bağlanması gözlənilir.

Mövcud durumda bank sektorunun vəziyyəti ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Samir Əliyev ilə müsahibə hazırlayıb.

PİA.AZ həmin müsahibəni təqdim edir:

Samir Əliyev: “Birləşmə alınmırsa, iki variant var. Ya həmin banklar bağlanmalıdır, ya da tətbiq edilən mexanizmlə banklar sağlamlaşdırılmalıdır”.

- Samir bəy, maliyyə sektorundakı böhran vəziyyətinin artıq 4 ilə yaxındır davam etməsini nəylə əlaqələndirirsiniz?

- Bunun əsas səbəbi devalvasiya nəticəsində problemli kreditlərin artmasıdır. Yəni, bankların toksik aktivlərinin artmasıdır. Banklar verdiyi kreditləri geri ala bilmirlər. Bunun nəticəsi olaraq, 2015-ci ildən sonra bankların fəaliyyət müstəqilliyi bağlandı. Həmçinin bir neçə bank var ki, onlar hələ də bu problemin burulğanında qalıblar.

Təxminən 2016-cı ildə banklar kredit şərtlərinə yenidən baxdılar. Yəni, müddəti uzatdılar, faizləri aşağı saldılar və s. Nəticədə belə desək, bu problemin ömrü bir qədər uzandı. Müəyyən qədər problemli kreditlər geri qaytarıldı, lakin problem tam həllini tapmadı. İndi yenidən bu problemli kreditlərin qaytarılması aktuallaşıb. Çünki vaxtilə dollarla kredit götürən şəxslər dolların bahalaşması səbəbindən həmin vəsaiti geri qaytarmaqda çətinlik çəkirlər. Əsas səbəb bu problemli kreditlərdir və bəzi banklarda bu problemli kreditlərin payı daha yüksəkdir.

Verilən məlumata görə, bu nisbət ölkə üzrə təxminən 12% civarındadır. Lakin elə bank var ki, bu nisbət dəfələrlə yüksəkdir. Bu da həmin bankın fəaliyyətinə problem yaradır. Fikrimcə, bir neçə bankların konkret olaraq bağlanması ehtimalı var. Başqa variantlardan biri bankların birləşməsidir. Bu isə Azərbaycanda baş vermədi. Cəhdlərə baxmayaraq, cəmi bir neçə bank – “AtaBank”la “Caspian Development Bank” birləşməyə qərar verdi. Amma bundan başqa heç bir bank birləşmə qərarı verməyib, belə desək, nə qədər çalışsalar da alınmadı.

Samir Əliyev: “Bu gün bankların fəaliyyətinə həddən çox nəzarətin olması problem yaradır”.

Birləşmə alınmırsa, iki variant var. Ya həmin banklar bağlanmalıdır, ya da tətbiq edilən mexanizmlə banklar sağlamlaşdırılmalıdır. Qeyd edim ki, banklar bağlanması arzuolunan deyil. Çünki bu addım bank sektoru üçün problem yaradır və əlavə xərcdir. Bankların sağlamlaşdırılması isə ondan ibarətdir ki, hökümət Mərkəzi Bankın timsalında bu bankların toksik aktivlərini öz üzərinə götürür və onları sağlamlaşdırır. Bir müddət sonra əlbəttə ki, həmin hissəni yenidən banka qaytarır. Bank da öhdəlik götürür ki, bir müddətdən sonra bu hissəni geri götürəcək. Belə bir mexanizm tətbiq etməklə bankları sağlamlaşdırmaq olar.

Fikrimcə, bankların bağlanmasındansa, onların sağlamlaşdırılması, dövlət tərəfindən alınması və ya digər mexanizm olan istiqrazlar vasitəsilə müvəqqəti olaraq götürülməsi mexanizmini tətbiq etmək olar. Məncə, bu daha münasibdir. Çünki bankları bu formada saxlamaq bank sektoru üçün təhlükənin miqyasını artıra bilər.

- Bank sektorunun normal fəaliyyətinin nizamlanması üçün atılan addımları qanedici hesab edirsinizmi?

- Bank sektorunun sağlamalaşdırılması üçün atılan addımların qanedici tərəfi odur ki, müəyyən bir kapitala söykənik aktivlərin təftişi üçün qanedici dəyişiklik edildi və bu daha da sərtləşdirildi. Əlbəttə, bu addımların sayəsində banklar gəlirlərlərini müəyyən qədər mühafizə edə bilir. Amma, biz daha çox 2015-ci ildə baş vermiş problemin həlli barədə danışırıq. Məsələ ondadır ki, ötən il atılan addımlar problemi aradan qaldıra bilməyib. Çünki bu gün bankların fəaliyyətinə həddən çox nəzarətin olması problem yaradır. Təkcə banklara yox, həm də bank müştərilərinin, sahibkarların fəaliyyətinə də problem yaradır.

Məsələn, hesabdan pul çıxaranda, köçürülmə edəndə və ya kredit götürülməsində sərtləşmiş qaydalar, əsassız prosedurlar var. Bu prosedurlar həm bank sektoruna, həm də ümumilikdə ölkə iqtisadiyyatı üçün problem yaradır. Düşünürəm ki, məsələ təkcə nəzarəti gücləndirmək, sərtləşdirmək qaydasında aparılmamalıdır. Bank sektoru iqtisadiyyatın güzgüsüdür. Ölkə iqtisadiyyatı inkişaf etmədən bank sektorunu inkişaf etdirə bilmərik. Düşünürəm ki, ölkə iqtisadiyyatında islahatlar həyata keçirilməlidir. Bundan sonra biz bank sektorundan danışa bilərik.

Samir Əliyev: “Ölkə iqtisadiyyatı inkişaf etmədən bank sektorunu inkişaf etdirə bilmərik. Ölkə iqtisadiyyatında islahatlar həyata keçirilməlidir. Bundan sonra biz bank sektorundan danışa bilərik”.

- Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 1-də uçot dərəcəsinin 2018-ci il oktyabrın 30-dan qüvvədə olan 9,75%-dən 9,25%-ə qədər azaldılması haqqında qərar qəbul edib. Mərkəzi Bankın bu qərarı ölkədəki kredit mühitinin sağlamlaşdırılması və bank sektorundakı problemlərin həlli üçün yetərli hesab edirsiniz?

- Xeyr, mən belə düşünmürəm. Azərbaycanda artıq çoxdan təsdiq olunub ki, Mərkəzi Bankın uçot dərəcələri ilə kredit qoyuluşu arasında əlaqə çoxdan itib. Yəni, heç bir dəyişiklik baş verməyib. Tutaq ki, Amerikada, Avropada uçot dərəcələri 0,25% artanda və ya azalanda ümumilikdə ölkə iqtisadiyyatına təsir göstərir. Amma Azərbaycanda uçot dərəcəsi mərhələlərlə 2%-dən 15%-ə qalxıb, lakin heç bir dəyişiklik göstərməyib. Yaxud da 15%-dən 3%-ə salınıb və yenə də heç nə dəyişməyib. Bu asılılıq çox təəssüf ki, yoxdur. Təbii ki, bunun bir neçə səbəbi var.

Birinci səbəb odur ki, Azərbaycanda mal dövriyyəsinin payının yüksəkdir. Mal dövriyyəsi yüksək olduğundan Mərkəzi Bankın uçot dərəcəsi kredit faizlərinə təsir göstərə bilmir və ya bu təsir çox az olur. Bu baxımdan banklar arasında valyuta bazarı da bu gün yox dərəcəsindədir. Bir qayda olaraq, uçot dərəcəsi banklar arasındakı kredit bazarına təsir göstərir. Bu isə ümumilikdə ölkədəki kredit faizlərinə təsir edir. Azərbaycanda bu, təəssüf ki, yoxdur.

Digər bir amil kimi mərkəzləşdirilmiş kreditləri qeyd edərdim. Mərkəzləşdirilmiş kreditlərin payı Azərbaycanda çox aşağıdır. Yəni təsəvvür edin ki, 3-4 il bundan əvvəl belə kreditlərin payı həddindən artıq yüksək idi. İndi isə onların payı təxminən 400 milyona qədər azalıb. Halbuki, bir-iki il bundan öncə söhbət milyarddan gedirdi. Bu, son nəticədə uçot dərəcələrinin kredit qoyuluşuna təsir edir. Misal üçün, 2015-ci il Mərkəzi Bankın verdiyi kreditlərin həddi 6 milyarddan çox idi. Amma indi qeyd etdiyim kimi, bu nisbət 400 milyona qədər düşüb. Fərq aydın şəkildə hiss olunur.

Mərkəzi Bank krediti uçot dərəcəsi həddində verir. Bu baxımdan bankların kredit toksiki depozitlərdən asılıdır. Depozitlərin də faizləri, bu gün gördüyümüz kimi, 15%-ə qədər dəyişir. Əgər 15% olan kreditlərdə depozitlər cəlb olunmursa, bu halda kreditlər ən azı 20%-dən yuxarı olmalıdır. Yəni, əsas səbəb bununla bağlıdır.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Qabil Hüseynli: Paşinyan Moskvadan normal nəticələrlə geri qayıtdı...

Ən çox oxunanalar