Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacızadə İlham Əliyevi təbrik etməyə hazırdır

Niyə Merkel üçüncü dəfə iqtidar ola bilər, İlham Əliyev yox?


Hikmət Hacızadə: “İlham Əliyev demokratik seçkidə hətta 7 dəfə qalib gəlsə, onu təbrik etməyə hazıram”; Elxan Şahinoğlu: “Anqela Merkellə indiki iqtidarın siyasi mübarizələrini müqayisə etmək qüsurludur”

Sentyabrın 22-də Almaniya Bundestaqına seçkilərdə Xristian Demokrat Partiyası ilə Xristian Sosial Birliyinin koalisiyası 41,5 faiz səs toplayaraq qalib gəldi. Bununla da Xristian Demokratların lideri Angela Merkel üçüncü dəfə Almaniya Kansleri seçildi.Yada salaq ki, Angela Merkeldən öncə Konrad Adenauer və Helmut Kol da 3 dəfə Almaniya kansleri seçiliblər.
Avropanın son dönəm ən xarizmatik qadın liderlərindən olan Angela Merkelin üçüncü dəfə seçkiləri qazanacağı bir neçə ay öncə keçirlən rəy sorğularından bəlli idi. Bir neçə il öncədən başlayaraq Avropa iqtisadiyyatına ağır zərbə vuran qlobal iqtisadi böhran dönəmlərində Merkelin Almaniya iqtisadiyyatını ayaqda tuta bilmək üçün atdığı uğurlu addımlar onun siyasi karyerasının uzunömürlü olacağından xəbər verirdi.
Bir neçə gündür iqtidar mediası Markelin üçüncü dəfə kansler seçilməsinə geniş yer ayırır. Ancaq bu məslə ilə bağlı yazılarda vurğu demokratik seçkilərin deyil, Merkelin üç dəfə kansler postuna seçilməsinin üzərindədir. Demək olar bütün yazılarda bu məqam İlham Əliyevin üçüncü dəfə Azərbaycan prezidentliyinə iddiası ilə eyniləşdirilir.
Politoloq Hikmət Hacızadə bu yanaşmanı kökündən yanlış hesab edir: “Bu iki məqam heç bir halda müqayisəyə gəlmir. Ən əsası ona görə ki, Almaniyada söhbət seçkidən, Azərbaycanda isə seçkilərin saxtalaşdırılmasından gedir. Almaniya vətəndaşları parlament seçkilərində Angela Merkelin rəhbərlik etdiyi partiyaya, onun qurduğu koalisiyaya səs verib. İlham Əliyev isə iki dəfə xalqdan səs almayaraq prezident kürsüsündə əyləşib və üçüncü dəfə də bu postu saxlamaq üçün inzibati resurslarını işə salıb. Almaniyada tərəflərin hər birinə azad rəqabət imkanı tanıyan azad seçki mühiti ilə Azərbaycandakı biabırçı saxtakarlıqların baş alıb getdiyi seçki mühitini müqayisə etmək mümkün deyil. Əgər Azərbaycanda demokratik seçki olsaydı və İlham Əliyev hətta 3 deyil, 7-ci dəfə qalib gəlsəydi, mən onu təbrik edərdim. Ancaq indiki halda iki ölkədəki seçkiləri müqayisə etmək heç bir məntiqə sığmır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu isə düşünür ki, bir nəfərin bir neçə dəfə rəhbər posta seçilməməsi prinsipi Qərbdən gəlsə də zaman-zaman istisnalar baş verir: “Güclü prezidentlik institutu ilə parlamentar sistem arasında oxşar və fərqli cəhətlər var. Bəyənmədiymiz İran da Qərbin bu yanaşmasını konstitusiyasına salıb. Bunun mənası odur ki, eyni şəxsin iki müddətdən artıq prezidentliyi hətta ən demokratik ölkədə belə müəyyən kataklizmlərə, o cümlədən avtoritar meyllərə yol aça bilər. Əlbəttə, bunun qarşılığında o da söylənə bilər ki, qərar xalqın əlindədir və xalq istəmirsə eyni şəxsi üçüncü dəfə prezident seçməyə də bilər. Ancaq üçüncü prezidentlik müddətinə yasaq qoyan Qərbin siyasət biliciləri bu yolla xalqları da çətin seçimdən qurtarmaq istəyiblər. Xalqa alternativ seçim imkanı vermək lazımdır. Hətta ən yaxşının belə imkanlarının və enerjisinin tükənmə limiti var. Həmin günü gözləmədən seçim edilməlidir ki, tükənmə limitinə çatdıqda dövlət problemlərlə üzləşməsin. ABŞ tarixində yalnız Ruzvelt 3 dəfə prezident kürsüsündə oturub. Bu da müharibə ilə əlaqəli idi. Ronald Reyqan ABŞ tarixinin ən uğurlu prezidentlərindən sayılır. Onun ikinci müddəti başa çatana yaxın, bəzi məsləhətçiləri ABŞ Konstitusiyasına göz gəzdirməyi və prezidentin vaxtını bir az daha uzatmağı məsləhət bilirdilər. Ancaq Reyqan buna getmədi və bu yalnız onun yaşlaşması və tədricən yaddaşını itirməsiylə bağlı deyildi. Soyuq müharibənin qalibi olan Reyqan anlayırdı ki, estafet başqasına verilməlidir. 

Götürək Cənubi Afrika Respublikasını. Əfsanəvi lider Nelson Mandela həbsxanadan çıxdıqdan sonra ölkə prezidenti seçildi və irqi ayrı-seçkiliyə son qoydu. O, ölkəsində və dünyada məşhurluğunun pik nöqtəsində olmasına baxmayaraq, prezident kürsüsündən imtina etdi və başqalarına ölkəni idarə etməyə şans verdi. Mandela konstitusiyanı dəyişmədi, halbuki populyarlığı sayəsində buna nail ola bilərdi, başqalarına da seçib-seçilmək imkanı tanıdı. Çünki heç nə əbədi deyil. Bu mənada Azərbaycanda referendum keçirilərək prezidentin müddətsiz seçilməsinin yanlış olduğunu düşünürəm, vaxt gələcək biz konstitusiyadakı bu müddəaya yenidən qayıtmalı olacağıq”.

Elxan Şahinoğlu prezidentliyə namizədlərin debatlarında hakimiyyətə yaxınlığı ilə bilinən namizədlərin belə Azərbaycanda parlamentin funksiyalarının artırılması zərurətindən danışdıqlarına da diqqət çəkib: “Parlamentin funksiyalarını artırmaq lazımdır. Ancaq indiki durumda, yəni prezidentlik institutunun üstün olduğu Azərbaycanda konstitusiya islahatları aparmadan bu dəyişiklikləri həyata keçirmək mümkün deyil. Azərbaycanda prezident seçkisini Almaniyada son parlament seçkisi ilə əlaqələndirməyi də qüsurlu hesab edirəm. Bəli, Angella Merkel üçüncü dəfə hökuməti formalaşdırmaq imkanı qazanıb, vaxtilə Helmut Koll və İngiltərənin baş naziri Marqaret Tetçer də uzun illər seçkilərdə qələbə çalaraq uzun müddət hakimiyyətdə qaldılar. Ancaq bu, parlamentar üsul-idarədir, insanlar həm liderə, həm də partiyaya səs verirlər. Ona görə də hər şey bir nəfərin, yəni kanslerin iradəsinə tabe deyil. Kabinetdə onlarla nazir var ki, kansler onları da dinləməli və çoxluq olmasına rəğmən, parlamentdəki azlığın da istəklərini diqqətə almalıdır. 

İkincisi, Angella Merkel Xristian-Demokratlar Partiyasının lideridir, ölkənin idarəetməsində və ya iqtisadiyyatda porblemlər yaşanarsa, partiyadaşları onu başqasıyla əvəz edə bilərlər. Adını çəkdiyimiz uğurlu baş nazir Marqaret Tetçet məhz partiya yerdəyişməsindən sonra baş nazir kürsüsünü itirmiş, hökumət partiyanın yeni lideri Com Meycora həvalə edilmişdi. Oxşar kombinasiyaları Azərbaycanın siyasi həyatında təsəvvür etmək mümkün deyil. Yeni Azərbaycan Partiyasının tezisi bundan ibarətdir ki, ölkədə davamlı sabitlik və iqtisadiyyatda uğurlar varsa, gəminin kapitanı niyə dəyişdirilməlidir ki? Hətta bu tezisi qəbul etsək belə, məsələ burasındadır ki, gəmi kapitana ömürlük verilməyib. Mən də sabitliyin və davamlı inkişafın tərəfdarıyam, xaos mürəkkəb bölgədə varlığını qoruyan Azərbaycana hər tərəfdən ciddi təhlükələr yarada bilər. Ancaq buna yalnız bir nəfərin mütləq hakimiyyəti ilə nail olunacağını düşünmürəm. Şəffaf və ədalətli seçkilər yoluyla hakimiyyət paylaşılmalı, insanlar idarəetməyə cəlb edilməli, güclü parlament və bələdiyyə institutu yaradılmalıdır. Məhz bundan sonra biz Azərbaycanı Almaniya, İngiltərə və ya Türkiyənin siyasi sistemi ilə müqayisə edə bilərik. Bu deyilənlər müxalifətə də aiddir. Yəni obyektiv və ya subyektiv səbəblərdən müxalifət liderləri onilliklər ərzində prezident və parlament seçkilərində uğur qazana bilmirlərsə, onlar da kənara çəkilməli, alternativ fiqurlara imkan yaratmalıdırlar".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı Protokol təsdiqlənib

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

16 saylı cəzaçəkmə müəssisəsindən Əfv sərəncamı çərçivəsində üç nəfər azadlığa buraxılıb

Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

Ombudsman: Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir...

Ən çox oxunanalar