Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Faşizm Avropaya miqrantlarla birgə qayıdır...


Son həftələrin Avropası ölümdən qaçan miqrantlarla yerli əhalinin savaş meydanını xatırladır


Ksenofobiya və narazı xırda burjuanın ideologiyası olan faşizm yenidən “Köhnə dünya”nın seçiminə çevrilir. Xalqların yeni köçünün uğursuzluğa məhkumluğu həm də bütün dnyada insan fəlakətinə yeni, acımasız, humanizm ideyalarından çox uzaq münasibtin formalaşdığından xəbər verir.

Son hadisələrə nəzər salaq. Avqustun 26-da Leyptsiq yaxınlığında qaçqınlar üçün hazırlanmış düşərgə yandırılır. Avqustun 25-də Nauen şəhərində (Almaniya) qaçqınların yerləşdiriləcəyi idman zalı oda verilir.

Avqustun 22-də Drezden yaxınlığındakı Haydenauda yerli əhali qaçqın düşərgəsini mühasirəyə alaraq binaya “Molotov kokteylləri” atırlar. Polislə toqquşmada hər iki tərəfdən onlarla şəxs yaralanır.

Yaxud bu ilin əvvəlindən 110 mindən çox qeyri-leqal miqrantın sərhədini keçdiyi Macarıstanda sərhədləri qaçqın axınından qorumaq üçün ordudan istifadə etməyə qərar verilib. Eyni zamanda Macarıstan Serbiya ilə sərhədinə (miqrantlar ən çox bu ölkədən gəlir) hasar çəkir və bu baryer artıq qışda hazır olmalıdır. Divarın uzunluğu 175 kilometr, hündürlüyü isə 4 metr olacaq.

Serbiyada dəmiryol vağzalının perronunda dincələn miqrantlar

Ən çətin vəziyyət İtaliya və Yunanıstandadır. 800 min qaçqın buradan digər Avropa ölkələrinə keçməyə çalışır, ancaq heç bir ölkə onları qəbul etmək istəyində deyil.

Qaçqınların sayı isə günbəgün artır. Təkcə Suriyanı son 4 ildə 3 milyondan çox adam tərk edib (bu, Suriya əhalisinin üçdə biri deməkdir).

Bu günlərdə Yunanıstanla Makedoniyanın sərhədində Suriyadan qaçan miqrantlarla sərhədçilər arasında əsl insan dramı yaşandı. Fotolarda sərədçilərin qaçqın uşaq və qocalara qarşı amansızlığı özünə yer aldı. Üstəlik, Bolqarıstan qaçqınlardan qorunmaq üçün Makedoniyaya 25 zirehli maşın göndərmək niyyətindədir.

Avqustun 27-də Avstriyanın şərqində içərisində 50 qaçqının cəsədi olan yük maşını tapılıb. Ölümün səbəbi oksigen çatışmazlığıdır. Bu binəsiblər qeyri-leqal qaçqın biznesinin qurbanlarıdır.

Bir sözlə, qaçqınları Avropanın heç yerində istəmirlər. Onların gəlişinə mane ola biləcək adekvat tədbirlər planı da yoxdur. Üstəlik, məhz Avropanın iştirakı ilə yaradılmış obyektiv səbəblər - işğal, müharibə, silah alveri, kubar dövlətlərin dağıdılması kimi şərtlər (o şərtlər ki, qaçqın dalğasını “qidalandırır”), aradan götürülməyib. Deməli, köç davam edəcək.

Bu neqativ prosesdə heç bir səbəbkar özünün cinayətkar rolunu boynuna almaq istəmir. Xaos və dezinteqrasiya proseslərinin sonu görünmədiyindən, qçqınların sayının isə davamlı şəkildə artacağının tamamilə gözlənilən olduğunu nəzərə alsaq, gəlmələrlə yelilərin savaşı da dərinləşəcək.

Bu isə Avropa arenasına yenidən millətçiliyin və faşizmin qayıdışı ilə nəticələnəcək.

***

Fəlakət isə qlobaldır. Çünki onun əsasında həm də əzilənlərə və zəiflərə olan münasibətin radikal şəkildə dəyişməsi dayanır. Yəni dünya yeni “dəyərlər”ə sahiblənir. Və bu yeni “dəyərlər” - antihumanizmdir.

1960-cı illərdən başlayaraq dünyada incidilənlərə münasibətdə dəyişiklik baş vermişdi - bu, həmin əzilənlərin yanında olmaq, onlara haqlı tələblərində kömək etmək konsepsiyası idi.

Bunu humanizm konsepsiyası da adlandıra bilərik. Yəni istər siyasətdə, istər mədəniyyət, ədəbiyyat və incəsənətdə belə bir meyl formalaşır - əzilənlərə birbaşa, yerindəcə kömək etmək lazımdır.

Məhz bunun nümunəsidir ki, Çe Gevara Konqo və Boliviyada vuruşur, alman RAF-ı fələstinlilərlə birlikdə əməliyyatlar keçirir, Argentina “montonerolar”ı Nikaraqua sandinistlərinə kömək edir, fransız intellektuallar Əlcəzair üsyançılarının tərəfinə keçir.

Yaxud kinematoqrafda “Üçüncü kino” cərəyanı formalaşır. Bu cür siyasi filmlərdə tamaşaçı seçməlidir: o, döyüşən haqlılarla bir yerdə mübarizə aparmağa hazırdır, ya yox?

Bu cür filmləri Argentina “montonerolar”ı, Avropada Kosta-Qavras və fon Trotta kimi rejissorlar çəkirlər. Onun çoxsaylı nümunələri seyrçiləri mübarizə aparanlara kənardan ehtiram hissi ilə baxmağa yox, bilavasitə əzilənlərlə birlikdə savaşmağa çağırırdı.

Bu humanist konsepsiya 1980-cı illərin sonlarından başlayaraq humanitar konsepsiya (yəni, inan haqları konsepsiyası) ilə əvəzləndi. Əslində bu, Qiyamdan epataja keçid idi.

Yəni bütün sahələrdə qurbanlıqlara yalnız empatiya hissi bəsləməklə kifayətləndilər. Siyasətdə bu, əzilənlərin mübarizəsinə birbaşa dəstəyin bu əzilənləri miqrant kimi qəbul etməklə əvəzlənməsi idi. Yəni çox-çox uzaqlarda savaş gedir, o savaşda haqlı tərəfə qələbə çalmaq üçün kömək etmək yox, olsa-olsa əzilənlərin müəyyən hissəsini varlı ölkələrdə yerləşdirmək yetərlidir.

Diktaturalar, qan, ölüm, müharibə isə davam etsə də olar. Bir sözlə, qurbanlara haqq işində kömək yox, onlara acımaq bəs edir.

Nəticədə Azadlıq və haqq işi uğrunda mübarizə aparanlara münasibətdə aksent insan haqları fəlsəfəsi ilə əvəzlənir. Yəni mübarizənin müdafiəsi yox, qurbanlıqların müdafiəsi fəlsəfəsi əsas götürülür. Ədəbiyyatda da, kinoda da müəllif və rejissor oxucuya və seyrçiyə münaqişədə hansısa konkret tərəfin mövqeyində dayanmağı, özlərini qəhrəmanlarla identikləşdirməyi təlqin edən sənət nümunələrini yox, vur-tut qurbanlıqlar haqda əsərləri təklif edirlər. Sonunda isə baş verənlər humanizmin fəlakti yox, humanitar fəlakət kimi qavranılır.

Bu, ona oxşayır ki, siyasət, ədəbiyyat, mədəniyyət və incəsənət nümayəndələri, yaxud adi vətəndaşlar Osventsimdə insan hüquqlarını qorumağı Hitlerdən xahiş etsinlər.

İndi isə biz tamaşanın üçüncü aktındayıq. Daha humanitar konsepsiya da yoxdur. İndi var antihumanizm konsepsiyası. Yəni əzilənlərin nəinki mübarizəsinə yardım olunmur, artıq əzilənlərə mərhəmət hissində də imtina olunur. Və bu, sivilizasiyanın sonuna bənzəyir...

Məmməd SÜLEYMANOV(virtualaz.org)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar