Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda ən avara adam Əbülfəz Elçibəy idi”


...Onunla 2003-cü ildə ayaqüstü söhbətimiz olmuşdu. Onda müxalifət şəhərin mərkəzinə hücum etmişdi. Şəhər qoşun hissələri ilə dolu idi. Barrikadalar ölkəni iki düşərgəyə, iki cəhbəyə ayırmışdı. Həmin gərgin və mürəkkəb anlar 42 yaşlı İlham Əliyev hakimiyyətə gəlişinin səhərisi gün yaşanırdı...


“O, hakimiyyəti əlində saxlaya biləcəkmi?” - deyə mən özlüyümdə düşünürdüm.

Heydər Əliyev eynən özünü, ikinci özünü yaradıb getdi. O, hakimiyyəti nəinki saxlayacaq, hətta daha da möhkəmləndirəcək” - deyə həmsöhbətim sanki ürəyimdən keçənləri oxuyurmuş kimi inamla dedi. Onun gözlərində qətiyyət və əminlik vardı...

Beləliklə, virtualaz.org saytının bugünkü müsahibi nazir oğlu, sabiq deputat, YAP Siyasi Şurasının üzvü, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovdur.

-Bütün ölkə gurultulu “erməni işi”nə bulaşmış ər-arvad Yunusların ətrafındakı siyasi qalmaqalı diqqətlə izləyir. Amma çoxu yəqin bilmir ki, Leyla Yunusu erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda açıq ittiham edən, özü də bunu 20 il qabaq deputat kimi Milli Məclisin tribunasından açıqlayan ilk adam məhz siz olmusunuz. Onda hətta MTN-ə deputat sorğusu da göndərmişdiniz. Sizcə, hakimiyyət bu məsələdə niyə düz 20 il gecikdi?

-Haqlısınz. Mən onda bəyanat versəm də MTN-in o zamankı rəhbərliyi dediklərimi təəssüf ki, faktiki olaraq təkzib etmişdi. MTN-in adını indi xatırlamadığım idarə rəisi rəsmi bəyanat verib mənim dediklərimi təkzib etdi. Onda da mən etiraz edib dedim ki, əgər idarə rəisi nazirin əmri ilə təyin edilirsə, mən xaqlın seçdiyi deputatam, mənim sözüm hansısa polkovnikin sözündən daha böyük çəkiyə malikdir. Amma gördüyünüz kimi, onda mənim sözümə əhəmiyyət vermədilər, indi isə üstündən illər keçəndən sonra Leyla Yunusun əməllərini yenidən yada salıblar. Yaxşı ki, bizim xüsusi xidmət orqanları həm Leyla Yunusun, həm də ərinin fəaliyyəti ilə məşğul olmağa başlayıblar.

-Siz bu gün də elə hesab edirsinizmi ki, onun fəaliyyəti bütün bu illər ərzində Azərbaycanın maraqlarına qarşı olub?

-Öncə Leyla Yunusun şəxsi keyfiyyətləri barədə bir neçə söz deyim. Özündən az qala nəhəng demokrat obrazı yaradan Leyla Yunus AXC hakimiyyəti dövründə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri kimi xırda bir vəzifə almışdı. Onun əlində elə də böyük hakimiyyət, səlahiyyət olmasa da özbaşınalıq, dərəbəylik mühiti yaradırdı. O, silahlı şəxslərin müşayiəti ilə gəzirdi. Dəvəyə qanad versən, yıxmadığı dam-daş qalmaz. Təsəvvür edin ki, Leyla Yunusa daha böyük vəzifə verilsəydi, nə edərdi.

-Leyla Yunus Bakının mərkəzində avtomatlı adamların əhatəsində gəzəndə siz onların hakimiyyətini - Xalq Cəbhəsini kəskin tənqid edən müxalifətçi jurnalist idiniz. Belə bir hakimiyyətə qarşı çıxmaqdan qorxmurdunuz?


-Düzdür, onda müxalifətçi idim. O zaman vəziyyət çox ağır idi, biz hər gün ciddi təzyiqlər altında işləyirdik. AXC-Müsavat hakimiyyəti dövründə baş redaktoru olduğum “Səs” qəzetinə qəfildən basqın olmuşdu. Amma biz redaksiyamızı dağıtmağa gələn 5 silahlı boynuyoğuna lazımınca müqavimət göstərə bildik. AXC-nin “demokrat”ları “Zerkalo” qəzetinin müxbirinə və “İstiqlal” qəzetinin baş redaktoru Zərdüşt Əlizadəyə də hücum etmişdilər. İndi isə bu adamlar şikayətlənərək guya sıxışdırıldıqlarını, hüquqlarının pozulduğunu deyirlər.

Bir nümunə deyim. Yadımdadır, 1993-cü ilin mayında deputat Arif Rəhimzadə mətbuat konfransı keçirmək istəyirdi. Mitinq-piket, yürüş-filan yox ha, adicə mətbuat konfransı. Amma nəticə nə oldu? AXC-dən olan şəxslər tədbiri dağıdıb bütün jurnalistləri qovdular. Sonradan məlum oldu ki, AXC-nin adamları tədbiri pozmağa Əli Kərimli ilə Pənah Hüseynovun şəxsi tapşırığı ilə gəlibmiş. Bu adamlar indi demokratiyanın olmamasından şikayətlənirlər.

-Siz YAP-ın yaradıcılarından biri olmusunuz. Əliyev hakimiyyətinin möhkəmləndirilməsində xidmətləriniz var. Son illər isə sanki bir qədər kölgəyə çəkilmisiniz. Niyə?

-Yox, kölgəyə çəkilməmişəm. Siyasi Şurasının üzvü olduğum YAP-ın fəaliyyətində indi də fəal iştirak edirəm. Partiya funksioneri kimi açıq siyasətlə məşğul olmaqla dövlət vəzifəsi tutmaq ayrı-ayrı şeylərdir. Mən dövlət vəzifəsi tuturam. Təsərrüfat hesablı dövlət müəssisəsinin rəhbəriyəm. Həm də elə yaşdayam ki, yerimizi gərək gənclərə verək.

- Yeri gəlmişkən, neçə yaşınız var?

-(gülür) Bu yaxınlarda 60 olacaq.

-Sizinlə eyni yerdə - partiya aparatında birgə işləmişik. Fəaliyyətinizi diqqətlə müşahidə etmiş biri kimi deyə bilərəm ki, dərin analitik qabiliyyətiniz var. Bir çox tərəfdarlarının Heydər Əliyevdən üz döndərdiyi vaxtlarda siz onun hakimiyyətə qayıdacağını deyirdiniz. Sonra da İlham Əliyevin hakimiyyətə gəlməyinin labüdlüyünü deyənlərdənsiniz. İndi də bu suala cavab verin: sonra nə olacaq?

-Siz mənə çox yüksək qiymət verdiniz. Məndən az qala Nostradamus və ya Vanqa düzəltdiniz. Heydər Əliyevin hakimiyyətə qayıdışı qanunauyğun tarixi prosesin nəticəsi idi. Tarixdə belə şeylər çox olub. Bizdə Heydər Əliyev, Türkiyədə Atatürk, Fransada Şarl de Qoll...

90-cı illərin əvvəllərində Heydər Əliyevin hakimiyyətə mütləq qayıdacağını, bunun qaçılmaz olduğunu anlamaq üçün elə də böyük fəhm və istedad sahibi olmağa ehtiyac yox idi. Bunu yalnız məhdud ağıl sahibi olan, SSRİ-nin dağılmasını, Kommunist Partiyasının süqutunu görə bilməyən mütəllibovçu partokratlar anlamırdılar. Ayaz Mütəllibova rəğbətinizin olduğunu bilirəm. Amma bu adam son ana qədər SSRİ adlı qatarın arxasınca qaçdı. Onun hərəkətləri heç bir məntiqə sığmırdı. Mütəllibov 1991-ci il, sentyabrın 8-də Kommunist Partiyasının namizədi kimi prezident seçildi. 6 gündən sonra isə elə həmin partiyanı buraxdı. Məntiq hanı? Bilirsinizmi niyə belə etdi? Öz aləmində Sov.İKP-ni buraxan Rusiyadan nümunə götürürdü. Amma o, Rusiya ilə Azərbaycanın fərqli-fərqli ölkələr olduğunu başa düşmürdü. O, öz partiya strukturlarını saxlayan, islah edib yeni şəraitə uyğunlaşdıran və möhkəmləndirən Nazarbayev, İslam Kərimov, hətta Türkmənbaşıdan da nümunə götürmədi. Dövlət başçısının özünü möhkəm siyasi bazadan könüllü məhrum etməsi nonsens idi. Söhbət təkcə rəhbər işçilərdən getmir, həm də on minlərlə sıravi üzvdən, onların taleyindən gedir. Mütəllibovun bu addımı ilə minlələ peşəkar aparat işçisi, rayon və şəhər komitələrinin, Mərkəzi Komitənin işçisi bir andaca işsiz və havada qaldı, Bu adamlar mütəşəkkil, intizamlı, təşkilatçı adamlar idilər. Dövlət idarəetmə orqanları onların çiyinlərində idi. Onlar AXC funksionerlərindən fərqli olaraq hər gün üzlərini qırxır, kostyum və qalstukda gəzir, səhər tezdən durub işə gəlirdilər. Günortaya yaxın işə zorla gəlib çıxan İsa Qəmbər və ya Pənah Hüseynovdan fərqli olaraq onlar təhsilli və peşəkar dövlət aparatı işçiləri idilər. Bu sistemi bir anda necə dağıtmaq olardı? Bu təcrübəli funksionerlərin yerini Elmlər Akademiyasının kiçik elmi işçiləri tutdular. Mən də akademiyada işləyirdim. Bu sistemi yaxşı bilirəm. Ölkənin ən böyük işsiz-gücsüz avarası baş cəbhəçi Əbülfəz Əliyev (Elçibəy-red.) idi. Mən onunla eyni institutda işləyirdim. Əbülfəz Əliyev bizim şöbənin rəhbəri idi.

Deməyim odur ki, Mütəllibov özü-özünü sosial bazadan məhrum edib dəstəksiz qaldı. Belə bir şəraitdə Heydər Əliyevin hakimiyyətə qayıdacağını, bunun qaçılmaz olduğunu yalnız axmaqlar, bir də bu böyük insana parlamentdə fit çalmaqla etiraz edən, ayaqlarını yerə döyüb çıxışını kəsməyə çalışan deputatlar və raykom katibləri görməyə bilərdi. Bu adamların ən böyük qüsuru şablon təfəkkür tərzinə malik olmaları idi.

-Amma Heydər Əliyevə qarşı çıxaraq ayaqlarını yerə döyüb fit çalan adamların bir çoxu hələ də yüksək vəzifələr tutur. Bu, sizə ağır gəlmir ki, onlar vəzifədədir, amma o vaxt həyatını təhlükəyə atanların bir çoxu kənarda qalıb?

-Mən bunu müzakirə etmək istəmirəm. Amma yəqin sizə də məlumdur ki, istənilən inqilabı dahilər hazırlayır, fanatiklər həyata keçirir, onun bəhrəsini isə...

-Sizə elə gəlmirmi ki, Heydər Əliyevin dövründə azadlıqlar daha çox idi?

-Sizinlə qətiyyən razı deyiləm. Söz, mətbuat, ifadə və sərbəst toplaşmaq azadlığı Azərbaycanda tam təmin olunub. İlham Əliyev Heydər Əliyevin siyasi kursunu davam etdirir. Ölkədə müxalif qəzet və saytlar var. Onların fəaliyyətinə heç kim mane olmur. Problem başqa şeydədir. İlham Əliyev artıq 11 ildir hakimiyyətdədir. Müxalifət isə nəticəsi olmayan səmərəsiz siyasi fəaliyyətdən sadəcə yorulub. Xalq Cəbhəsinin, Müsavatın liderləri və funksionerləri sadəcə yorulublar. Onlar fiziki cəhətdən də yorulublar. Deyərdim ki, onlar möhkəm qocalıblar da. Müxalifətçilər bu günə qədər də başa düşə bilmirlər ki, indi 2014-cü ildir, 80-ci illərin sonları yox. Müxalifətə elə gəlir ki, onlara Azadlıq meydanında mitinq keçirmək imkanı versələr, onlar elə həmin saat, bir andaca hakimiyyətə gələcəklər. 2003-cü ili yadınıza salın. Onlar Azadlıq meydanını cəmi yarım saata ələ keçirdilər. Hansı eyforiyal vəziyyətdə idilər?! Onlar mitinqlər və meydanlar dövrünün çoxdan arxada qalması ilə hələ də razılaşa bilmirlər.

-Bəlkə Heydər Əliyev Azərbaycan siyasi teatrında dekorativ müxalifətə ehtiyac duyurdu, İlham Əliyev isə bu ballastdan sadəcə olaraq xilas olmaq qərarı verərək bu dekorasiyanı pərdənin arxasına atdı?!

-Dekorasiya məsələsində sizinlə razı deyiləm. Bir şeyi nəzərə alın ki, bu adamlar Heydər Əliyevin dövründə 10, İlham Əliyevin vaxtında isə 11 ildir müxalifətdədirlər. 21 il bir igidin ömrüdür. İnsan 21 il ərzində anadan olur, böyüyür, məktəbə gedir, universitet bitirir, əsgərlikdə olur, evlənir, hətta valideyn olur. Amma bizim müxalifət bu 21 ildə heç bir halda dəyişməyib. Müxalifətçilərin çoxu hətta kompüterdən istifadə etməyi də öyrənə bilməyib.

Belə fikirlər var ki, öz sahəsində uğur qazana bilməyənlər adətən siyasətə gəlir. Düzdür, mən bu fikirlə o qədər də razı deyiləm. AXC-nin əksər liderləri Elmlər Akademiyasının əməkdaşları idilər. Orada KQB və Azərbaycan Kommunist Patiyası Mərkəzi Komitəsi tərəfindən yaradılmış “Gənc alimlər klubu” deyilən bir birlik var idi. Laborantlar və kiçik elmi işçilər (KEİ), yəni 20 il ərzində dissertasiya yazıb müdafiə edə bilməyən uğursuz adamlar o klubda birləşmişdilər. Onlar bizim siyasi həyata “KEİ nəsli” kimi daxil olub. Rusiyada belə siyasətçiləri “laboratoriya müdirləri nəsli” adlandırırlar. Bizdə isə təhqiramiz formada “KEİ nəsli”...

-Siz Heydər və İlham Əliyevlərin fəaliyyətini yaxından izləmisiniz. 2003-cü ildə demişdiniz ki, Heydər Əliyev özündən sonra ikinci özünü qoyub getdi. Onda çoxu buna şübhə ilə yanaşırdı. Amma həyat sizin haqlı olduğunuzu göstərdi. Siyasi portretlər və xarakterlər doğrudanmı bu qədər fantastik dərəcədə oxşaya bilər?


-Təəssüf ki, mənim Heydər və İlham Əliyevləri çox yaxından müşahidə etmək imkanlarım olmayıb. Birinci şəxslərə o qədər də yaxın olmamışam. Siyasi nəsillərin varisliyinə gəlincə isə siyasi xətt eynidir, həminkidir. Ona yanaşmalar müxtəlif ola bilər. Təbii ki, biz yanaşmalarda bəzi fərqləri görürük ki, bu da şərait və şərtlərin, zamanın dəyişməsi ilə bağlıdır. Zaman keçir, dünya dəyişir, onunla birgə insanlar da, siyasət də dəyişir. Amma əsas xətt əvvəkli kimi qalır.

-Necə fikirləşirsiniz, hakim partiyaya tənqid lazımdırmı? Əgər lazımdırsa, onu kim səsləndirməlidir?

-Hakim partiyanı hamı tənqid edir -  müxalifət də, mətbuat da. Müxalifətlə iqtidarın bir-birini tənqid etməsi normal siyasi mübarizənin göstəricisi və elementidir.

-Mən YAP-dakı partiyadaxili tənqidi nəzərdə tuturam...


-Elə partiyanın öz daxilində də müxtəlif siyasi müzakirələr olur. Bildiyiniz kimi, hətta ən yüksək rütbəli funksionerlər də partiyadan xaric olunur. Hətta məhkəməyə də verilir. Bununla da partiya özü-özünü təmizləyir, bura təsadüfən düşmüş insanlardan xilas olur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Ən çox oxunanalar