Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktorunun Qarabağda müharibə anonsu hansı şərtlərdə reallaşa bilər?

Əliyevlə Dağlıq Qarabağı müzakirə edən Con Bolton Paşinyanla telefon danışığında Qarabağı niyə müzakirə etmədi?

Politoloq: “ABŞ heç bir zaman aktiv olmadığı səviyyədə indi regiona, yəni Cənubi Qafqaza, o cümlədən Dağlıq Qarabağ probleminə diqqətini artırmış vəziyyətdədir”

Sarkisyan hakimiyyətindən fərqli olaraq, yeni erməni höküməti anlayır ki, gələcək iqtisadi perspektivin önünü açmaq üçün mütləq mənada Qarabağ probleminin həllinə ehtiyac var. Yəni bu gün Ermənistanın inkşafının önündə duran ən böyük problem Dağlıq Qarabağ problemidir”.

Bu sözləri Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Con Boltonun İlham Əliyevə zəngini və ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Koutsun Konqresə verdiyi hesabatında 2019-cu ildə Dağlıq Qarabağda müharibənin başlana biləcəyi barədə verdiyi bəyanatı PİA.az-a şərh edərkən bildirib.

Bu ilin ilk ayından Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələrin intensivləşməsi müşaiyət olunur. ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts Konqresə verdiyi hesabatında bildirib ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsi yenidən alovlana bilər və Rusiyanın da böyüyən münaqişənin içində yer almasını istisna etmək olmaz.

Maraqlıdır ki, AzərbaycanErmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyanın dilllərindən müsbət notlar eşidilir. Bəs bu halda ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru niyə pessimistdir?

Bu həftə Dağlıq Qarabağ ətrafında cərəyan edən proseslərdə ən diqqət çəkən məqam isə ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan prezidenti İlham Əliyevə zəng etməsidir. Bu fakt özü-özlüyündə ABŞ-ın Cənubi Qafqaz problemləri ilə artıq ciddi şəkildə məşğul olduğundan xəbər verir.

Qeyd edək ki, İlham Əliyevlə telefon söhbəti ilə bağlı Con Bolton özünün “Tvitter” səhifəsində məlumat verib. Trampın milli təhlükəsizlik üzrə müşaviri bildirib ki, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.

Xatırladaq ki, İlham Əliyevə zəng etməmişdən bir gün əvvəl Con Bolton Ermənistanın baş naziri Nikol Paşinyana da zəng edib. Lakin diqqət çəkən məqam odur ki, İlham ƏliyevDağlıq Qarabağ münaqişəsini müzakirə edən Boltonun Paşinyanla söhbətdə Dağlıq Qarabağ probleminə toxunmamasıdır. Və bu fonda ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts Konqresə verdiyi hesabatında 2019-cu ildə Dağlıq Qarabağda müharibənin başlana biləcəyi barədə verdiyi bəyanat da xüsusi maraq doğurur. Hazırda Dağlıq Qarabağ ətrafında nələr baş verir və AzərbaycanErmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyanın dilllərindən müsbət notlar eşidildiyi bir zamanda ABŞ-dan müharibə anonsunun verilməsi nəyə işarədir? Deniel Koutsun bəyanatı hansı şərtlərdə reallaşa bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Natiq Miri: “Ermənistan yenə də danışıqlardan imtina edərsə, onda düşünürəm ki, yaz aylarında Azərbaycan uzunmüddətli olmasa da, lokal hərbi əməliyyatlara başlaya bilər. Yəni belə bir ehtimal həmişə olub”.

Paşinyanın baş nazir olmas ilə Dağlıq Qarabağ problemində müəyyən ciddi addımların atılması üçün bir imkan yarandığını qeyd edən Natiq Mirinin fikrincə Azərbaycan danışıqların intensivləşdiyi və beynəlxalq aləmdə problemin həlinin aktuallaşdığı indki məqamda Ermənistan tərəfininin yenə də danışıqlar ətrafında imitasiya etdiyini görərsə, torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlaya bilər və bu qaçınılmazdır:

- Natiq bəy, ilin əvvəlindən Dağlıq Qarabağ ətrafında danışıqların intensivləşməsini necə dəyərləndirirsiniz?

- Dağlıq Qarabağ məsələsinin ilin əvvəlindən aktuallaşması təbii ki, Ermənistandakı hakimiyyət dəyişikliyi ilə bilavasitə əlaqəlidir. Bildiyiniz kimi, Sarkisyanın rəhbərlik etdiyi hərbi xuntanı demokratik qaydada hakimiyyətə gəlmiş legitim bir siyasi güc əvəzlədi və bunun başında Ermənistanda inqilab etmiş, xalqın çiyinlərində hakimiyyətə gəlmiş Paşinyan durur.

Paşinyanın baş nazir olması ən azından Dağlıq Qarabağ problemində müəyyən ciddi addımların atılması üçün bir imkan yaradıb. Çünki bütün hallarda yeni demokratik hakimiyyətin baxışı ilə Sarkisyan hakimiyyətinin baxışı arasında fərqlərin olacağı düşünülürdü ki, bu yöndə də Qərb dünyası, o cümlədən ABŞ olmaqla, müəyyən qədər aktiv fəaliyyətə keçdiyi hiss olunur.

Bu konteksdə biz Trampın təhlükəsizlik müşaviri Boltonun regiona səfərini də qeyd edə bilərik. Bildiyiniz kimi, Bolton AzərbaycanErmənistan səfərlərində Qarabağla bağlı müəyyən mesajlar verdi. Bundan sonra Ermənistan mediasında, o cümlədən Rusiya mətbuatlarında da Dağlıq Qarabağla bağlı Boltonun Paşinyana konkret plan təqdim etməsi fikri səsləndi. Bunlar heç də təsadüfi deyildi. Ayrıca, son zamanlar ABŞ-ın Dağlıq Qarabağ məsələsində nisbətən aktivləşdiyini də görürük.

Natiq Miri: “Con Boltonun İlham Əliyevə zəngi onu göstərir ki, ABŞ heç bir zaman aktiv olmadığı səviyyədə indi regiona, yəni Cənubi Qafqaza, o cümlədən Dağlıq Qarabağ probleminə diqqətini artırmış vəziyyətdədir”.

Eyni zamanda, Boltonun Azərbaycan prezidenti ilə telefonda danışığı olduğu haqqında da konkret informasiyalar var və bu danışıq çərçivəsində Dağlıq Qarabağ probleminin də müzakirə olunduğu qeyd olunur. Yəni bu faktın özü də göstərir ki, ABŞ heç bir zaman aktiv olmadığı səviyyədə indi regiona, yəni Cənubi Qafqaza, o cümlədən Dağlıq Qarabağ probleminə diqqətini artırmış vəziyyətdədir. Təbii ki, bu onunla əlaqəlidir ki, ABŞ Ermənistanı Rusiyanın orbitindən – monopoliyasından və nəzarətindən çıxarmaq planını dövriyyəyə buraxıb. Və bu konteksdə təbii ki, mütləq mənada Ermənistanın da böyük problemi olan Dağlıq Qarabağ məsələsini həll etmək lazımdır. Çünki Ermənistanın gələcək iqtisadi perspektivini Dağlıq Qarabağ problemi həll olunmadan təsəvvür etmək mümkün deyil.

Artıq bu gerçəyi Ermənistanın rəhbərliyi, yəni baş naziri Paşinyan da anlamağa başlayır. Dünən Paşinyanın açıqlamasında çox maraqlı bir fikir yer alıb. Paşinyan bu fikirdə bildirir ki, o artıq bir çox qlobal layihələrin Ermənistandan keçməsini çox ciddi şəkildə izləməkdədir. Hətta nəinki izləməkdədir, həmçinin bu qlobal layihələrin Ermənistanda da reallaşmasının marağındadır.

Qlobal layihələr deyəndə təbii ki, Azərbaycandan Qərb dünyasına, Avropaya çəkilən Cənubi Qaz layihəsi kimi böyük layihələrin, yəni neft və qaz layihələrinin Ermənistandan keçməsində maraqlı olduğunu bildirib. Həmçinin Ermənistan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin bu ölkənin ərazisindən keçməsində də çox maraqlıdır. Bu tipli qlobal layihələrdə iştirakı Ermənistanı iqtisadi blokadadan qurtarmış olar. Ancaq bu layihələrin Ermənistandan keçməsi üçün mütləq mənada Dağlıq Qarabağ probleminin həllinə ehtiyac var.

Natiq Miri: “ABŞ Ermənistanı Rusiyanın orbitindən – monopoliyasından və nəzarətindən çıxarmaq planını dövriyyəyə buraxıb”.

Paşinyanın açıqlamaları da göstərir ki, artıq Sarkisyan hakimiyyətindən fərqli olaraq, yeni erməni höküməti anlayır ki, gələcək iqtisadi perspektivin önünü açmaq üçün mütləq mənada Qarabağ probleminin həllinə ehtiyac var. Yəni bu gün Ermənistanın inkşafının önündə duran ən böyük problem Dağlıq Qarabağ problemidir. Bu həm də erməni ictimai rəyinə ötürülür ki, ən azından erməni ictimaiyyəti, siyasi partiyaları Dağlıq Qarabağ probleminin həllində maraqlı olsunlar. Bu baxımdan düşünürəm ki, məhz bu məsələləri nəzərə alaraq ABŞ aktiv şəkildə fəaliyyətə keçib və ola bilsin ki, “Bolton planı” da Paşinyana təqdim olunub.

Doğrudur, bu planın tərkib hissəsi haqqında konkret məlumatlar yoxdur. Ancaq hər bir halda ABŞ-ın aktivləşməsi müsbət haldır. Çünki 26 ildən artıqdır ki, birmənalı olaraq Rusiyanın monopoliyasına və idarə etdiyi bu prosesə görə Dağlıq Qarabağ problemi həll olunmur. Ona görə də, hal-hazırda bu problemin həll olmasına ehtiyac var və bu vəziyyətdə ABŞ-ın aktivləşməsini müsbət hal kimi qiymətləndirmək olar.

Doğrudur, bu məsələdən narahat olanlar da var və onların əksəriyyəti Paşinyan hakimiyyətinin əleyhinə olan müxalif qüvvələr və Rusiyadakı bu prosesi tətikləmək istəyən insanlardır. Onlar iddia edirlər ki, guya ABŞ regionda, xüsusilə də Dağlıq Qarabağda yeni bir müharibənin başlamasını istəyir. Düzü, hələ ki, bunun informasiya və yaxud dezinformasiya olması haqda konkret kəşfiyyat məlumatları yoxdur. Ancaq hər bir halda biz ABŞ-ın bu problemi konkret siyasi nəticələrə daşıyacağı yöndə fəaliyyətini görürük.

Məhz bütün bu amilləri nəzərə alanda ilin əvvəlindən artıq Dağlıq Qarabağ yönündə bir fəallaşmanı, danışıqların intensivləşməsini görürük. Ən azından bir neçə gün bundan əvvəl Davos forumunda növbəti dəfə ayaqüstü olsa da, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri Paşinyan arasında yarım saatlıq danışıq oldu. Bu danışıqlar heç də görüş xatirinə deyil. Təbii ki, burada da konkret məsələlər müzakirə predmeti olub.

Natiq Miri: “Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə artıq üçüncü dəfə qeyri-rəsmi şərtlər altında danışıqlar aparması göstərir ki, artıq Paşinyan höküməti də bəzi gerçəkləri anlamağa başlayıb”.

Yəni bu hadisələri də düşünəndə birmənalı şəkildə demək olar ki, Dağlıq Qarabağ probleminin həlli artıq intensivləşir. Düşünürəm ki, proses bundan sonra da bu qaydada davam edəcək. Çünki ən azından Rusiyadan başqa ABŞ da bu məsələdə maraqlı kimi görünür və bu konteksdə ABŞ-ın Paşinyana müəyyən təsirləri də var.

- ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts bildirib ki, Dağlıq Qarabağ münaqişəsi alovlana bilər və Rusiyanın da böyüyən münaqişənin içində yer almasını istisna etmək olmaz. Deniel Koutsun bəyanatı hansı şərtlərdə reallaşa bilər?

- Dağlıq Qarabağ problemi artıq elə bir səviyyəyə gəlib çatıb ki, zaman qazanmaq və yaxud da sülh notasından imtina etmək Ermənistan üçün böyük bir risk daşıyır. Yəni Azərbaycan bilindiyi kimi hərbi cəhətdən Ermənistandan dəfələrlə güclü olduğunu artıq həm region, həm də qlobal ölkələr yaxşı bilirlər. Bu halda, əgər Ermənistan yenə də danışıqlardan imtina edərsə, onda düşünürəm ki, yaz aylarında Azərbaycan uzunmüddətli olmasa da, lokal hərbi əməliyyatlara başlaya bilər. Belə bir ehtimal həmişə olub.

Ancaq indi, xüsusilə də Rusiyanın Ermənistanla münasibətlərində müəyyən soyuqluğun yarandığı bir ərəfədə təbii ki, belə bir ehtimal daha çoxdur. Eyni zamanda düşünürəm ki, burada həm regional, həm də qlobal səviyyədə beynəlxalq mühitin uyğun olması da əsas şərtlərdən biridir.

Azərbaycan danışıqların intensivləşdiyi və beynəlxalq aləmdə problemin həlinin aktuallaşdığı indki məqamda Ermənistan tərəfininin yenə də danışıqlar ətrafında imitasiya etdiyini görərsə, torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlaya bilər və bu qaçınılmazdır. Bu Azərbaycanın haqqıdır. Çünki danışıqlar 30 ildən artıqdır ki, aparılır və ortada azacıq da olsa irəliləyiş yoxdur. Və Azərbaycan ərazisinin 20%-nin işğalı davam edir.

Rusiyanın özünün Ukrayna və Suriya ilə çox ciddi şəkildə başı qarışıqdır. İndi isə ortaya Venesuela çıxıb. Yəni Rusiyanın beynəlxalq problemlərin həlli ilə bağlı ciddi çətinlikləri var. Həmçinin ABŞ bir həmsədr dövlət kimi də Dağlıq Qarabağ probleminin həlli məsələsində müəyyən mənada maraqlıdır və bu yöndə ABŞ-ın nisbətən aktivləşdiyini də görürük. Belə olduğu təqdirdə, düşünürəm ki, Azərbaycan üçün əgər qısamüddətli hərbi əməliyyatlara başlasa, bu tez bir zamanda işğal olunmuş bir neçə ərazinin azad olunmasına gətirib çıxara bilər. Bundan sonra isə çox rahatlıqla sülh masasında oturmaq mümkün olacaq. Yəni bu cür mühit və imkanlar mövcuddur.

Ancaq Ermənistanın özü də bu gerçəyi anladığı üçün əvvəllər Paşinyan müstəqil bir subyekt kimi Dağlıq Qarabağın sülh masasında müstəqil bir tərəf kimi iştirak etməsini tələb edirdisə, artıq bu tələbdən əsər-əlamət qalmayıb və Ermənistan bu münaqişədə tərəf olaraq Azərbaycanla yenidən danışıqlara başlayıb. Xarici işlər nazirlərinin artıq bir neçə dəfə görüşməsi, eyni zamanda baş nazir Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə artıq üçüncü dəfə qeyri-rəsmi şərtlər altında danışıqlar aparması göstərir ki, artıq Paşinyan höküməti də bəzi gerçəkləri anlamağa başlayıb.

Natiq Miri: “Bir şeyi də unutmaq olmaz ki, bu dönəmlərdə Azərbaycanın Rusiya üçün nə qədər vazkeçilməz bir ölkə olduğu gerçəyini də Rusiya gördü”.

Konkret olaraq müharibənin başlaması məsələsinə gəldikdə isə müharibə o zaman başlaya bilər ki, Ermənistan artıq sülh masasında danışıqlar aparmaqdan birmənalı olaraq imtina edə bilər. Bu da müharibənin başlamasına səbəb olar.

Əgər belə bir müharibə baş verərsə, Rusiyanın prosesdə birbaşa iştirakını düşünmək o qədər də ağlabatan görünmür. Çünki Rusiya indiki məqamda əgər müharibə başlayarsa, bu müharibənin uzunmüddətli olmasında maraqlı olmayacaq. Eyni zamanda Paşinyan hökümətini də cəzalandırmaq üçün Rusiya ən azından Azərbaycana müəyyən zaman tanıya bilər ki, Azərbaycan Ermənistan hakimiyyətini bu yöndə ciddi şəkildə cəzalandırsın.

Nəhayət, bir şeyi də unutmaq olmaz ki, bu dönəmlərdə Azərbaycanın Rusiya üçün nə qədər vazkeçilməz bir ölkə olduğu gerçəyini də Rusiya gördü. Artıq gördüyünüz kimi, Rusiya siyasi çevrələrində Azərbaycan-Rusiya münasibətləri getdikcə daha isti məcrada inkişaf etməyə başlayır.

Bütün bu müsbət tendensiyaların hamısı göstərir ki, əgər regionda hər hansı bir müharibə başlayarsa, Rusiya birmənalı olaraq Ermənistan tərəfindən müharibədə iştirak etməyəcək. Çünki Rusiya anlayır ki, əgər Ermənistan tərəfindən müharibədə iştirak edərsə, bu birdəfəlik Azərbaycanın itirilməsi mənasına gələ bilər. Buna görə də düşünürəm ki, müharibə olduğu təqdirdə Rusiya daha çox ehtiyatlı davranmağa üstünlük verəcək və bu müharibənin bitməsinə çalışacaq.

Məncə, əgər müharibə olarsa, proses təxminən bu yöndə qısamüddətli və sürətli olacaq. Ancaq yenə də qeyd edirəm ki, müharibə ehtimalı o qədər də böyük deyil. Paşinyan anlayır ki, bölgədə yeni bir müharibənin başlaması kövrək Ermənistan iqtisadiyyatını tamamilə darmadağın edə bilər. Həm də Ermənistan ordusunun ağır bir məğlubiyyət alması Paşinyanı siyasi anlamda da ciddi məğlubiyyətlərə düçar edə bilər. Məhz bu baxımdan düşünəndə Paşinyanın Ermənistanın iqtisadi inkşafı nöqteyi-nəzərindən bu danışıqlara başladığını demək olar.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar