Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərdar Cəlaloğlu: “Ateistlərin cəza alacağı şübhəsizdir“


"Allah bu dünyada kişi üçün arvad yaradıbsa, o biri dünyada qadına nə ehtiyac var?!"


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun modern.az saytının “Siyasətçi və din” rubrikasına verdiyi müsahibəni qısa ixtisarla təqdim edirik:

- İslam dinində bu qədər təriqət, məzhəb var. Ortada mütləqlikdən söhbət gedirsə, bütün bu təriqətlərin yaranması nisbilik əlaməti deyilmi?

- İslamda təriqətlərin yaranmasının yeganə səbəbi “Quran”ı düzgün başa düşməməkdir. “Quran”da buyurulur ki, insan bu kitabı oxuduqda, hansısa çətinliyə rast gəlirsə, dayanmalıdır. Amma bəzi alimlər həmin çətin başa düşülən ayələri öz istədikləri kimi yozurlar...

- Sərdar bəy, haqlı deyillərmi? Olmazdımı ki, hər şey açıq-aydın izah olunaydı, ortaya da probləmlər çıxmazdı. Yəni sizə elə gəlmirmi, bu çətinliklər özü alimlərin müxtəlif şərhlərinə imkan yaradır?

- Alimlər, özlərindən bir şey fikirləşəndə, ona ad qoyur. Bu da təriqətlərin yaranmasına gətirib çıxarır...

- Sizin tapdığınız kondisologiya elmi də öz düşüncənizin məhsuludur. Belə olan halda digər İslam alimlərini niyə ittiham edirsiniz?

- “Quranda” kondisologiya sözü yoxdur. Mən “Qurani-Kərim”dən kondisologiya sözünü tapıb çıxarmışamsa, demək ki, “Quran”ın bütün ayələrini yanlış yozacam. Amma mən “Quran”dan tapdığım elmi araşdırmışam. Onun əsasında elm yaradıb adını kondisologiya qoymuşam. “Quran”da elə ayələr var ki, bununla bağlı axundlara, mollalara sual verəndə deyirlər: “Bu, şəri məsələdir”. Yəni cavab verə bilmirlər.

- Məsələn?

- “Quran”da möminlərə cənnətdə nar döşlü qadınlar vəd olunur. Nar şəkilindəki döş ilk baxışda kişilərdə şəhvət yaradır. Onda istər-istəməz sual olunur ki, bunun mənası nədir? “Qurani-Kərimdə”ki bu ifadə ilə bizim başa düşdüyümüz məna eyni deyil.

- Bəs nədir?

- Nar döşlü ifadəsi “Quran”da ayrılmayan addır. Ayrılan adlar onlardır ki, bu adlar müstəqil şəkildə mövcud olur və nəyəsə işarə edir. Məsələn, nar ağacda bitən bir meyvədir. Qadının da döşü nara bənzəyir. Bu konetksətdən yanaşanda həmin ayə səhv anlaşılacaq, düz başa düşülməyəcək. Əslində, bu, bizim anladığımız nar və qadın döşü deyil. Bu, narla döşün fərqli əlamələri bir-birindən kənarlaşdırıldıqdan sonra hər ikisi üçün eyni olan əlamətlərin Allahın bir adına olan işarəsidir...

- Sözünüzü kəsməli olacağam, çünki izah etdiyiniz mexanizmdən bir şey anlamadım.

- (Gülür). Qoymadınız axı fikrimi tamamlayım. Bu dediyim əlamət Alahın yaradan sifətinin mənasından ibarətdir. Biz “Quran”da döşlə bağlı başqa bir ayəyə baxsaq, görərik ki, süd, qan və həzm olunmuş qidanın birləşməsindən əmələ gəlir. Burdan belə bir sual doğulur: qanın əlaməti xalis şəkildə nədə görsənir? Narın suyunda. Narın suyu ilə qanı xarici görünüşü eyni cürdür. Amma qanda olan üzvi maddələrin heç biri narda yoxdur. Deməli, Allah bu ayədə qanın və südün necə əmələ gəlməsini izah edir.

İnsan döşün içini görə bilmir. Amma narın timsalında südün necə əmələ gəlməsini izah etmək olar. Narı açıb giləsini götürsək, görərik ki, həmin gilənin içərisində bərk bir maddə var. Onun qırağında isə su, suyun arxasında isə görünməyən pərdə var. Bu pərdəni deşən kimi oradan su axmağa başlayır. O nar dənəsindən tərləyən su necə şirə kimi axırsa, döşün içərisindəki bərk adacıqlar da elə tərləyir və pərdəni deşib süd çıxır. Beləliklə, Allah başa salır ki, narla döşün bir-birindən fərqli əlamətlərini atdıqdan sonra hər ikisi üçün eyni əlamətlərə malik bir varlıq yaradacaq. Amma bu qadın olmayacaq.

- “Quran”da siz dediyiniz varlıq, qadın obrazında insanın beynində canlanır. Amma siz deyirsiniz ki, həmin varlıq qadın olmayacaq. Heç şübhəsiz ki, kişi də olmayacaq. Bəs o nə olacaq?

- Buyurulur ki, bu, əbədi bakirə olacaq. Yəni əbədi bakirənin bir orqan kimi qızlığı yoxdur. “Quran”da cənnətdə vəd olunan həmin qadının cinsiyyət orqanı yoxdur. Allah buyurur ki, cənnətdəki həmin varlıq adi həyatda bir qadının kişiyə verdiyi zövqdən də yüksək bir həzz yaşadacaq. Bu, bizim dünyamızda ülvi məhəbbətin kişilərdə yaratdığı zövqdən milyard dəfə böyük olacaq. Özü də şəhvət olmadan.

- Sizin fikirlərinizi tam şəkildə qəbul etdiyimi deyə bilmərəm, amma hansısa din xadiminin sizin kimi bir şərh vermədiyini nəzərə alsam, deyə bilərəm ki, maraqlı danışdınız. Bəs din xadimləri niyə bu cür fəlsəfi mühakimə ortaya qoya bilmirlər?

- Bəli, İslam alimləri, axundlar, mollalar bunu başa düşmürlər. Ona görə də başlayırlar axirəti bu dünya kimi təsəvvür etməyə. Deyirlər ki, o dünyada, cənnətdə qadınlar olacaq, kef olacaq. Allah bu dünyada kişi üçün arvad yaradıbsa, o biri dünyada qadına nə ehtiyac var?! Və ya hər iki dünyanın yaranmasının nə mənası var?!

- “Quran” səmavidir, yoxsa adi bir kitab?

- Mən bir neçə dəfə “Quran”ı oxudum. Amma onun səmavi kitab olduğunu ağlım qəbul etmirdi. Hissim isə səmavi olduğunu deyirdi. Məndə çoxlu suallar yaranırdı və bu suallar məndə “Quran”ın səmavi, ilahi bir kitab olmaması fikrini formalaşdırırdı.

- Bəs fikirlərinizdə birdən-birə dönüş nöqtəsi yaradan nə oldu?

- İki il bundan əvvəl orucluq ayından bir neçə ay öncə məndə qəribə bir hiss yarandı. Elə bir içimdən bir səs deyirdi ki, mütləq oruc tutmalıyam. Düzdür, mən əvvəllər də oruc tutmuşdum. Amma indi bu istəyimin motivində daha dərin bir düşüncə olduğunu hiss edirdim. Yoldaşıma dedim ki, orucluq nə vaxt başlayır? O da dedi ki, hələ 3 ay var. Amma özüm də hiss etmədən həftədə bir neçə dəfə bu sualı yenidən yoldaşıma vermişəm. O da mənə sual verdi ki, niyə bu qədər orucluqla maraqlanıram. İçimdə dərin bir hiss var idi, o hiss deyirdi ki, orucluq tez gəlsin və mən oruc tutum.

Nəhayət Ramazan ayı gəldi və mən oruc tutmağa başladım. Daha sonra orucluğun dərin mahiyyətini araşdırmağa başladım. Bir daha “Quran”ı əlimə alıb orucluqla bağlı ayələri oxumağa başladım. Amma yenə də o ayələri tam başa düşmürdüm. Məcbur olub, “Quran”ı yenidən başdan oxudum. Çünki orucluğun fəlsəfəsini dərk etmək üçün “Quran”ı əvvəldən axıra qədər oxumaq lazımdır. Amma yenə də heç nə başa düşmədim. “Quran”ı bir daha oxudum. Amma bu dəfə fundamental şəkildə. Daha sonra isə təriqət və məzhəbləri araşdırmaq üçün “Quran”ı tamam başqa aspektdən oxumağa başladım. Sonra gördüm ki, “Quran”da məzhəb, təriqət yoxdur. Yəni, məzhəbçilik, təriqətçilik düz yol deyil. Mən bu zaman “Quran”ı dərk etməyə başladım...

***

- Siz spirtli içki içmisiniz?

- Açıq danışacam. Hə, içmişəm. Amma içkiyə meylim yoxdur. Bəzi məclislərdə içirdim. Bunlar cəmi 3, ya da 4 dəfə olub. İçkiyə təbii meylim olmayıb.

- Naxçıvanda Aşura günü qeyd olunanda siz də dini mərasimlərə qatılıb sinə döyərdinizmi?

- Mən uşaq olanda yadıma gələrdi ki, şəbehlər oynanardı. Yəni, Kərbəla faciəsini teatr şəklində göstərirdilər. Amma mən heç zaman Məhərrəmliklərdə gedib şəbehlərə tamaşa etməmişəm.

- Ümumiyyətlə, Məhərrəmlik İslam dininə məxsus bir aydırmı?

- Xeyr. Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir.

- Bu iddianızı necə əsaslandırardınız?

- Xristianlar İncili təhrif ediblər. Bəzi xristianlar İsa peyğəmbərin çarmıxa çəkilməsini dəhşətli ağlaşma və özlərinə əzab verməklə qeyd edilər. Hətta bəziləri özlərini İsa peyğəmbər kimi çarmıxa çəkirlər. 
Bizdə də şiələr başlarını yararaq qan çıxarırlar. Halbuki, imam Hüseynin başını kəsiblər. Onda kim ki özünü ona oxşatmaq istəyir, başını kəsməlidir. Xristianlıq İslamdan əvvəl olduğuna görə biz deyə bilmərik ki, onlar öz adətlərini Məhərrəmlikdən götürüblər. Deməli, Məhərrəmlik xristianlığın bəzi qollarından götürülüb. Ümumiyyətlə, şiəlik, xristianlığın, sünnilik isə yəhudiliyin İslam dininə tətbiqidir.

***

- Qardaşınız Qurban Məmmədov da Həccə gedib. O da dindardır, siz də. Amma ikiniz arasındakı münasibətlər çox soyuqdur, hələ də aranızdakı “buzlar” əriməyib. Hər hansı dini bir bayramda, məsələn, Ramazanda barışa bilərdisinizmi?

- Allah “Quran”da deyir ki, haqqın üzə çıxması üçün atanızın da əleyhinə olsa, şahidlik edin. Deyir ki, ata-ananıza itaət edin, amma onlardan hansısa, ya da hər ikisi Allaha şərik qoşsa, onlara itaətdən əl çəkin. Bu o deməkdir ki, bir adam qohumdursa, o adamın mənfi keyfiyyətlərinə göz yumub, onunla qohumluğu davam etdirməlisən. Kiminsə mənim qardaşım olmağı, məsələni həll etmir. Əsas nöqtə bizim düz, ədalətli hesab etdiyimiz məsələlər ətrafında yaranan fikir ayrılığıdır.

Mənimlə Qurban Məmmədovun fikirləri üst-üstə düşmür. Məsələn, bu adam Əli Kərimlini müxalifətçi, siyasətçi hesab edir. Mən isə Əli Kərimlini müxalifətdə olan, çox yarıtmaz biri hesab edirəm.

- Bu fikir ayrılığına görə qardaşların küsməsinə dəyərmi?

- Mən küsməmişəm. Amma məsafə saxlayıram. Mən Qurban Məmmədovun pis hərəkətlərinə yoluxmamaq üçün onunla məsafə saxlayıram. Bunun nəyi pisdir ki?!

- Təriqətlərə inanmadığınızı deyirsiniz. Amma namaz qılanların çoxu təriqətlərin izah etdiyi metodologiya əsasında ibadət edirlər. Siz hansına yaxınsınız?

- Şiələr Əsr namazı ilə Zöhr namazını birləşdirirlər. Hələ müsəlmanlar namazın mənasının nə olduğunu dərk etmir. Ayətullahlar namazın mənasını “Fatihə” surəsi ilə eyniləşdirir. Halbuki, “Fatihə” surəsinin mahiyyəti namazın mənası deyil. Şiələr namazın mənasını nə olduğunu bilmədiyinə görə iki namazı birləşdirirlər. Bəzi şiə alimləri isə oyun oynayır, əlavə sözlər gətirirlər. Həzrəti Əli ilə bağlı namaza gətirilən məsələ yanlışdır. Möhürlə namaz qılmaq “Quran”a ziddir. İstənilən ayətullalarla mən debata hazıram. Hamısı ilə televiziyada mübahisəyə edərəm və onlara sübut edərəm ki, namazla bağlı dedikləri yanlışdır. Allah deyir ki, düz yol onun əmrlərinin düzgün icrasıdır. Şiələr deyir ki, Zöhr namazından bir qədər sonra Əsr namazı başlayır.
Əsr vaxtı kiminsə şəxsi istəyi ilə təyin olunan bir məsələ deyil. Bu, kainatın idarə olunması ilə müəyyən edilən bir vaxtdır ki, buna da Əsr deyərlər.

“Quran”da Allah özü Əsrə and içir. Bu o deməkdir ki, bunda Allahın elə bir sifəti var ki, burada mütləq əhəmiyyətlilik var. “Quran”da deyilir: “And olsun Əsr vaxtına”. Şiələr isə Əsr vaxtını gətirib Zöhr vaxtı ilə birləşdirirlər. Bu nə deməkdir axı?!

- Ətraflı izah idi. Amma mən sualıma cavab tapa bilmədim. Bir daha sual edirəm: Siz özünüz necə namaz qılırsınız?

- Möhürlə namaz qılmıram. İqamədə və azanda imam Əlinin adını çəkmirəm. Çünki bu, “Quran”da buyurulmayıb. Mən 5 dəfə namaz qılıram.

- Yəni, Azərbaycanda və İslam dünyasında namazı düzgün izah edən bir alim olmadığı qənaətindəsiniz?

- Bəli. Azərbaycanda elə bir alim yoxdur. Baxın, şiələrin müəllimi imam Cəfərdir. Sünnilərin isə əsas alimi imam Qəzzali ilə imam Rəbbanidir. Bu alimlər orta əsr alimləridir. Allah buyurub ki, hər şeyi dərəcələyəndir. Yəni, hər dövrün bir insanı var. İndi bunlara sual vermək lazımdır: Siz bu camaatı orta əsr aliminin sözləri ilə niyə aldadırsınız?

***

- Dini araşdırırsınız. Belə bir sual verim: Dəccal harada peyda olacaq?

- Misir alimləri müəyyənləşdiriblər ki, Dəccal Azərbaycan ərazisində peyda olacaq.

- Sərdar bəy, müdaxilə edəcəyəm... Misir alimlərinin fikirlərini yekun dini rəy hesab etmək nə dərəcədə doğrudur?

- Mən Misir alimlərinin qənaətini ona görə təsdiq edirəm ki, bunun 3 nümunəsi Azərbaycanda olub. Həsən Sabbah niyə məzh Azərbaycana gəlmişdi? Çünki onun ideyasının ayaq tutub yeriməsi, yayılması üçün şərtlər məzh Azərbaycanda idi. Babək İslam tarixində yeganə şəxs olub ki, özü müsəlman ola-olan İslam dininə qarşı mübarizə aparıb.

- Sərdar bəy, içində İslam dininin təəssübünü çəkənlər niyə Babəkə qarşı belə aqressiya nümayiş etdirir? Sizin bu fikriniz də aqressiyadan irəli gəlir, yoxsa əlinizdə konkret tarixi faktlar var?

- Bizdə tarix təhrif edilir, Babək qəhrəman kimi təqdim olunur. Xürrəmi hərəkatı Hindistan, Pakistan, Əfqanıstanı əhatə edən bir təriqət olub. Bu təriqətin əsas mahiyyəti atəşpərəstliklə buddizmi İslama tətbiq etmək olub. Xürrəmilər atəşpərəstlikdən kef çəkməyi, buddizmdən isə ruhun keçməsi ilə təlimi əxz ediblər. Babəkin, Azərbaycan xalqına, Azərbaycan tarixinə heç bir aidiyyatı yoxdur.

***

- Donuz əti niyə “Quran”da haram buyurulur?

- Allah deyir ki, o insanların bəzilərini meymuna və donuza çevirib. Deməli, Allah deyir ki, meymunların bəzi növləri insandan əmələ gəlib. Bu, həm də o deməkdir ki, insan varlığı iki yerə parçalanıb, onun bir formasından meymun, bir formasından isə donuz yaranıb. Yəni, insanın mahiyyəti bu heyvanlara keçib. Donuzun İslamda yeyilməsinin qadağan olunmasının səbəbi də budur. Donuz insandan əmələ gəlib. Kim ki, donuz əti yeyirsə, deməli, o, insan əti yeyir.

- Azərbaycanda bir çox ilahiyyatçıları, məsələn Hacı Şahin Həsənlinin, Hacı Taleh Bağırzadənin, Hacı Qamət Süleymanovun və digərlərinin çoxlu sayda tərəfdarları var. Sizcə onlar İslam dinini düzgün təbliğ edirlərmi?

- Müsəlmanların indi bu günə düşməsinin səbəbi odur ki, İslam dinində alim yoxdur. Hacı Şahin Həsənli, Hacı Taleh Bağırzadə və Hacı Qamət “Quran”ı tam və mükəmməl şəkildə bilmədiyinə görə, o alimlərin hamısı İslamı düz təbliğ etmirlər.

- Ateistlərə, dinə inanmayanlara münasibətiniz necədir? Onlar rasionaldırmı?

-Sizin vasitənizlə çağırış edirəm: Azərbaycanda istənilən bir ateistlə televiziyada debat keçirək, o mənə ateizmin bir dənə elmi əsasını gətirsin, mən siyasətdən də, elmdən də gedəcəyəm və namazı tərgidəcəyəm. Elmi ateizmin ən görkəmli akademiki ilə də müzakirəyə hazıram.
Ateizm sofistika üzərində qurulan bir düşüncədir. Yəni zahirən ağıllı görünür, lakin mahiyyət etibarı ilə yalandır. Mən ateistlərin bütün arqumentlərinin yalan olduğunu sübut edərəm.

- Ateistlər, dini leksikonla desək, kafirlər o biri dünyada cəhənnəmə düşəcəklərmi?

- Ateistlərin o biri dünyada cəza alacağı şəksiz və şübhəsizdir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Sevmədiyi adamların əti ilə qidalanan, Rusiyanın ən yaşlı qatili Sofiya Jukova

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Bəzi rənglərdə olan maşınları alan yoxdur: Ən çox satılanlar hansılardır?

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Ən çox oxunanalar