Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Talıbovların Dubay və Gürcüstandakı mülklərinin də sahibi dəyişir – Araşdırma

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbov istefa verəndən sonra övladları Rza və Seymur Talıbovlar milyonlarla dollar dəyəri olan mülk və bizneslərini adlarından çıxarıb...

Sənədlər göstərir ki, Talıbovlar bunu həm Gürcüstanda, həm də Dubayda edib.

OCCRP, “Mikroskop Media” və “iFact.ge” hansı ölkələrdəki mülk və bizneslərin kimlərə transfer edildiyini araşdırıb.

Harada hansı mülkün sahibi dəyişib?

OCCRP-nin 2022-ci ilin əvvəlində dərc etdiyi araşdırma göstərir ki, Rza və Seymur Talıbovlar Credit Suisse və digər banklar vasitəsilə 20 milyon ABŞ dollarından çox şübhəli vəsait alıb və onlar Dubay və Gürcüstanda ümumi dəyəri 63 milyon dollardan çox olan mülklərə sahib olub.

Azərbaycan

Xarici ölkərlə yanaşı Talıbovların Azərbaycanda da biznesi olub və bir neçə ay əvvəl onların səhmdarı olduğu Naxçıvanbank ASC-də də dəyişikliklər olub. Əvvəllər bankın 100 faiz səhmdarı olsalar da, 2023-cü ilin fevralında dərc edilən illik hesabata görə, səhmdarlar dəyişib. Mikroskop Media səhmdarların necə dəyişdiyi barədə məlumat dərc etmişdi.

Dubay və Gürcüstan

Dubayda Rza və Seymur Talıbovun 39 milyon dollar dəyəri olan 6 mülkü başqa şəxs və şirkətlərin adına keçirilib. Eləcə də Rza Talıbovla yanaşı bacısı Baharxanım Talıbovanın da adında olan iki mülkün sahibi dəyişib, onların yeni sahibi Vasif Talıbovdur.

QEYD: Rza Talıbovun 8 yaşlı oğlunun da adı Vasif Talıbovdur və jurnalistlər bu mülklərin nəvə, yoxsa baba Vasif Talıbova transfer edildiyini müəyyənləşdirə bilməyiblər.

Gürcüstanda isə sahibi dəyişən mülk Divan Suites Batumi adlı 5 ulduzlu oteldir.

Mülklərin yeni sahibləri kimlərdir?

C4ADS qeyri-kommersiya araşdırma təşkilatının sənədlərinə görə, Dubayda yerləşən The Class Hotel Apartments-in sahibi Seymur Talıbov olub. Hazırda isə sənədlər göstərir ki, bu mülkün yeni sahibi Türkiyə vətəndaşı Fatih Aydındır.

Aydın Talıbovlarla adı hallanan digər bir şirkət – Reges Turizm İnşaat Sanayi ve Ticaret A.Ş.-nin də rəhbəridir.

Bununla yanaşı Fatih Aydın ötən il Türkiyə şirkəti Opera Otel Yatırımları A.Ş.-nin sədr müavini olub. Başqa bir şəxs isə bu şirkətə sədr seçilib. 2020-ci ilə qədər isə bu şirkətə əvvəl İlqar Nağıyev, daha sonra isə İlham Nağıyev rəhbərlik edib. Onlar Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin oğullarıdır. Bundan öncə isə həmin şirkətin şəriki Əli Nağıyevin qardaşı Vəli Nağıyev idi ki, o da Rza Talıbovun da çalışdığı Miqrasiya Xidmətində yüksək rütbəli məmurdur.

Fatih Aydının vəkili onun Talıbovlarla şəxsi tanışlığı və Dubaydakı mülkün necə alındığı ilə bağlı sualları cavablamaqdan imtina edib.

“Nə cənab Fatih, nə biz, nə də Fatih bəyin əməkdaşlıq etdiyi şirkətlərin onun biznes və şəxsi əlaqələri barədə açıqlama vermək məcburiyyəti yoxdur”.

Jurnalistlərin Fatih Aydına sorğu göndərməsindən dərhal sonra o, sosial media hesablarını dondurub və cavab verməkdən imtina edib.

Sənədlər göstərir ki, Seymur Talıbov Dubaydakı daha iki mülkünü başqa bir şirkətə transfer edib. Dubay reyesteri açıq olmadığından əlavə detalları tapmaq mümkün olmayıb. Rza Talıbovun isə 3 mülkü başqa bir şirkətin adına keçib.

Gürcüstandakı dəyişiklik

Dekabrda Naxçıvanda əməliyyatların davam etdiyi və Vasif Talıbovun istefa ərəfəsində olduğu günlərdə Rza Talıbov Divan Suits Batumi otelini 18 milyon dollara satışa çıxarıb.

Gürcüstan reyesteri göstərir ki, satışın baş tutması üçün Rza Azərbaycan vətəndaşı Zamin Qədimov adlı şəxsə etibarnamə verib.

Qədimovun sosial media hesablarına görə, o, yanvarın 11-də Gürcüstana səfər edib.

Reyestr məlumatları göstərir ki, o, elə həmin gün “Divan Suits”in sahibi olan Karvan Turizm LTD şirkətini satıb. Şirkəti Leven Abi adlı Türkiyə vətəndaşı 8.5 milyon dollar ödəyərək satın alıb ki, bu da satış elanındakı məbləğdən azı 10 milyon azdır.

Z.Qədimovun LinkedIN sosial şəbəkəsindəki şəxsi hesabında yazdığına görə, o, Azərbaycan şirkəti Gəmiqaya Turizm MMC-nin icraçı direktoru olub.

OCCRP-nin məlumatına görə, bu şirkət Talıbovlar ailəsinin idarə etdiyi Gəmiqaya Holdinqə daxil olub. Yanvar ayında Fatih Aydın rəhbərliyə gələnə qədər Zamin Qədimov həm də Talıbovlara bağlı olan Reges Turizm İnşaat-ın rəhbəri olub.

“Qeyd edim ki,daha əvvəl adı çəkilən şəxslərin şirkətlərində rəhbər vəzifədə işlədiyim doğrudur.Təbii olaraq Karvan Turizmin satışında iştirak etməyimin səbəbi də budur”, – Qədimov OCCRP-ə açıqlamasında deyib.

Ondan fərqli olaraq Levent Abi bu satışla bağlı şərh verməkdən imtina edib.

Üç ay ərzində iki dəfə satılan şirkət

Üç ay sonra Qədimov yenidən Gürcüstana qayıdıb və B-Pearl Turizm MMC adlı şirkəti satın alıb. Həmin şirkətin satın alınmasından 2 gün sonra isə Z.Qədimov bu şirkət vasitəsilə Divan Suites Batumi otelinin məxsus olduğu Karvan Turizm MMC şirkətini Levent Abidən geri satın alıb və o da bunun üçün 8.5 milyon dollar ödəyib.

B-Pearl-un əvvəlki sahibi İlham Mirzəliyev olub və onun sosial media hesabları göstərir ki, o, Divan Suites Batumi otelində müvəqqəti menecer və marketinq meneceri kimi müxtəlif vəzifələrdə çalışıb.

Qədimov ödənilən məbləğin Talıbovlar tərəfindən verildiyini təkzib edib və deyib ki, o, alış-veriş üçün Azərbaycan banklarından kredit götürüb.

“Sözügedən şəxslərlə hal-hazırda heç bir biznes əlaqəm yoxdur”, – Qədimov açıqlamasında deyib.

Ekspertlər baş verənlərin səbəbini necə izah edir?

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, Talıbovların Naxçıvanı itirməsi Azərbaycanda oliqarx idarəçilik sistemindən menecer idarəçilik sisteminə keçidlə bağlıdır və bu proses əvvəl Azərbaycanda başladı, daha sonra isə Naxçıvanda davam etdi:

“Əvvəllər belə idi ki, oliqarxlar ancaq paket maaş almırdılar, həm də korrupsiyadan pul qazanırdılar. Yəni onların korrupsiyada pay iştirakı var idi. Məsələn, topladıqları vəsaitin 30-40%-ni özlərinə istifadə etmək haqları var idi, amma menecerlər üçün isə yalnız paket ödənişlər və bonuslar var. Onlar payçı deyillər və bu baxımdan menecerlər həm də oliqarxlardan ona görə fərqlənir ki, siyasi mənsubiyyətləri yoxdur. Onlar daha az siyasiləşmiş kadr kimi qəbul oluna bilir və hakimiyyətə çox sadiqdirlər”.

Qubad İbadoğlunun sözlərinə görə, Talıbovlar ailəsinin mülklərinin sahiblərinin dəyişməsi isə onların iz itirməyə çalışmağı ilə əlaqədardır.

“Bizim idarəetmə sistemi odur ki, sən hakimiyyəti itirirsənsə, onda biznesi, əmlakı, mülkü də itirirsən. Bu da bir çox oliqarxların, eyni zamanda siyasi hakimiyyətdə təmsil olunan şəxslərin təcrübəsində görünüb”.

“Açıq Azərbaycan”ın təsisçisi Zöhrab İsmayılın fikrincə Seymur və Rza Talıbovlar hazırda vəzifədə olduğundan onlara məsləhət görülüb ki, mülkləri öz adlarından çıxarsınlar:

“Müxtəlif yerlərdə mülkü olan bəzi məmurlar bir çox hallarda onları idarə edə bilmir və iş adamları ilə sövdələşməli olurlar. Ümumən bütün bunlar göstərir ki, Vasif Talıbovun nəzarətində olan iqtisadi varidatının da ətrafında probləmlər var, ona görə də onlar hansısa formada bu vəziyyətdən çıxmaq istəyirlər”.

Nə baş verib?

Vasif Talıbov Azərbaycanın “Şimali Koreyası” adlandırılan Naxçıvana 27 il rəhbərlik edib və 2022-ci il dekabrın 21-də Ali Məclis sədri vəzifəsindən istefa verib. Bu müddətdə o və ailə üzvləri Azərbaycan və digər ölkələrdə mülk və şirkətlərə yiyələniblər.

Talıbov bu vəzifəyə 1995-ci ildə eks-prezident Heydər Əliyev tərəfindən təyin edilib. 2022-ci ilin son aylarında Naxçıvanda anti-korrupsiya əməliyyatları başlayıb və bu zaman muxtar respublikanın bir çox vəzifəli şəxsi, eləcə də Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov da prokuror müavini vəzifəsindən azad edilib.

Hazırda Rza Talıbov Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi vəzifəsində çalışır. Seymur Tallıbov isə 2025-ci ildəki növbəti seçkilərə qədər Naxçıvan Parlamentinin deputatıdır.

Müəlliflər:
Aydan Yusif (iFact)
Fatimə Kərimova (Mikroskop Media)
Kelly Bloss (OCCRP)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Ən çox oxunanalar