Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ömrümüzü yeyən ayı...


Az qala bizim eradan əvvəllərin söhbətidir. Artıq o hadisənin şahidi olan xeyli heyvan həyatda yoxdur


Çaqqallar qırılıb gedib, dovşanlar vurulub yeyilib, ayılar mühacirət edib, tülkülər yaşlaşıb, qarğalar qartıyıb, bir sözlə, Qəbələ civarının flora və faunasında ciddi dəyişikliklər baş verib, amma iş adamı Anar Məmmədov “Ayı söhbəti”ndən hələ də əl çəkməyib.

İndiki cavanlar bilməz, o vaxt onlar uşaq idilər, bu çox qəliz, düyünlü, yarıməzəli, yarıkədərli, “Kurtlar vadisi” serialına dönmüş bir hadisədir. Adam bilmir hansı bölümdən başlasın, hansı bölümdə qurtarsın. 

Köhnə romançıların sözü olmasın, hadisə Qəbələ rayonunda cərəyan edib (bunu yeni nəsil üçün yazıram, yaşıl nəsil olanları xatırlaya bilər). Üç dost, vəzifəli, pullu kişilərin övladları cip növlü avtomobilə oturaraq Qəbələyə istirahət və əyləncəyə gediblər. Hazırda tarix bu barədə bir-birini təkzib edən səlnamələrə malik olduğundan onların özlərinin və atalarının adını çəkmirik, amma hadisənin şahidi olan bir nəfər atasının goruna, bir nəfər çörəyin bərəkətinə, daha bir şimal bölgəsində onsuz da qıt olan ağır seyidlərin cəddinə and içir ki, belə bir hadisə həqiqətən də baş verib. 

Xüləs, vətənpərvər və təvazökar, eləcə də şən və yeyib-içən gənclər uzun yolun yolçuluğundan sonra acıblar və sorağını aldıqları restoranda nahar etmək qərarına gəliblər. Tərs kimi, restorandakı qəfəsdə cürbəcür vəhşi heyvanlarla yanaşı, bir ayı da olub. Gənclərdən biri eşidibmiş ki, ayının yeməli əti olur. Ona görə də o, “fürsət bu fürsət” deyərək, ofisianta ayı kababı sifariş verib. Ofisiant da deyib ki, onlarda ayı əti yoxdur. Belə olanda gənclər qəfəsdəki ayını göstəriblər, yəni kəsin, bişirin, gətirin. 
Bu zaman, oxumuş adamlar demişkən, fors-major hal yaranıb. Gənclərə deyiblər ki, bu ayı ətlik ayı deyil. Gənclər dirəşiblər. Bakıya, ayının (eləcə də restoranın, o tərəflərin) yiyəsinə zəng ediblər ki, burda ayı yemək istəyənlər var. Rəis deyib, yola verin, getsinlər, deyin, ayının qiyməti bahadır, 1 milyondur.

Nağıl dili yüyürək olar, gənclərə belə də deyirlər. Qiymət oxunması onları necə tutubsa, qərar veriblər ki, bu, artıq prinsipial məsələdir, ayı yeyilməlidir. Amma üstlərində o qədər pul yoxmuş, birtəhər yeddi yüz min manat düzəldib veriblər və ayı qəfəsdən çıxarılıb. 
Ta bilmirəm, ayının ətini pörtləmə ediblər, ya basdırma etdikdən sonra şişə çəkiblər, yerdə qalan əti neyləyiblər. Bildiyiniz kimi, babat ayı yaşı keçmiş subayın toy cöngəsi boyda olur, azı 300 kilo ət verir. Gənclər də çox yesinlər, 6 kilo. Heç o qədər də olmaz, çünki şəhər uşaqları ətdənsə salat yeyən olurlar...

Beləcə, kabab qonaqlığı bitib, öz macəralı səfərlərini bitirən gənclər kefikök, qarnıtox, təəssüratları zəngin və eqoları, türkün sözü, tatmin olmuş halda paytaxta qayıtmaqda olsunlar, sizə kimdən deyim, bir mərdiməzar etibarlı mənbədən.
Bu saat o mənbə əlimizə düşsə, onu həmin ayı kimi şişə taxmasaq da, ən azı, it sürütməsi edərik. Çünki bizi zibilə salan məhz odur. Həmin şəxs bu hadisəni adı çəkilməyən qəzetə ötürüb. Hazırda da, bilirsiniz, gör-götür, kopi-past zəmanəsidir, biz də Qafqazın öndə gedən qəzeti olaraq, Qafqaz sıra dağlarının qoynunda baş verən bu unikal hadisəni götürüb yazmışıq ki, oxucularımız da ölkədə vətənpərvər və təvazökar gənclərin varlığından xəbərdar olsunlar. 

Bax, bütün xoşagəlməz haqq-hesablar da ondan sonra başladı. Xəbərdə adı çəkilənlərdən biri bu haqq-hesabdan yazanların əvvəlcə hamısını, sonra yarısını, daha sonra ilk yazanları məhkəməyə verdi. Biz də çevik tərpənənlərin sırasında olduğumuzdan məhkəməyə çəkiləsi olduq. Uzun sürən intriqadan, məhkəmədən, söz-söhbətdən sonra “Ayı macərası”nı yazıb ölkəyə duyuran, camaatın dilinə söz salan qəzet bağışlandı, bizi isə cərimələdilər. İndi baha qiymətdə ayı ətini yeməkdə şübhəli bilinən, ancaq belə bir işə qol qoyması heç bir məhkəmə qərardadı ilə təsbit olunmayan şəxs bu haqq-hesaba görə baş redaktorumuzu tutdurmaq istəyir. 
Bax, belə bir macəra. Ayını kim yedi artıq, maraqlı deyil, amma o ayı ömrümüzü yeyir.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar