Misir lideri Türkiyə prezidentinin on ildən artıq müddətdə ölkəsinə səfərindən məmnunluğunu ifadə edib və Misirin Türkiyənin Afrika qitəsində ilk ticarət tərəfdaşı olduğunu qeyd edib...
Poliqon xəbər verir ki, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının yenidən qurulmasına dair bəyannamənin imzalanmasından sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Ərdoğanla Qəzza zolağındakı vəziyyəti müzakirə etdiklərini deyən əs-Sisi əlavə edib:
“Qəzzada dərhal atəşkəs və İordan çayının qərb sahilində gərginliyin azaldılması məsələsində Türkiyə prezidenti ilə razıyam”.
Türkiyə və Misirin bölgədəki coğrafi mövqeyinə işarə edən əs-Sisi bölgədə fəal olan bu iki ölkənin sülh və sabitliyin təmin edilməsində mühüm rol oynaya biləcəyini də vurğulayıb.
“Biz Liviyada prezident və parlament seçkilərinin keçirilməsinin və hərbi qurumun birliyinin təmin edilməsinə kömək etmək üçün Türkiyə ilə Misir arasında məsləhətləşmələrin gücləndirilməsinin zəruriliyini bir daha təsdiq etdik”, deyə Liviya məsələsi ilə bağlı Misir prezidenti qeyd edib.
Əbdülfəttah əs-Sisi həmçinin Türkiyəyə dəvətə görə Ərdoğana təşəkkür edib.
Poliqon.info