Yunanıstanın dövlət televiziyası ERT-nin məlumatına görə, dekabrın 7-də Afinada keçiriləcək Yüksək Əməkdaşlıq Şurasının iclasında Yunanıstan və Türkiyə ən azı 20 saziş imzalayacaq...
Poliqon xəbər verir ki, Yüksək Əməkdaşlıq Şurasının beşinci iclası Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Afinada iki ölkənin bir sıra nazirlərinin iştirakı ilə keçiriləcək.
"İki tərəf arasında ən azı 20 sazişin imzalanacağı gözlənilir ki, bunlardan da başlıcası miqrasiya ilə bağlı saziş olacaq", deyə dövlət televiziyası bildirib.
Türkiyə diplomatik mənbələrinin məlumatına görə, Ərdoğanı səfərdə 7 nazir, həmçinin onun müşaviri Akif Çağatay Kılıç müşayiət edəcək. Türkiyə prezidentini adətən xaricdə müşayiət edən Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının da gedib-getməyəcəyinə son anda qərar veriləcək.
Məlumata görə, Yunanıstan tərəfdən xarici işlər naziri Giorgos Gerapetritis, müdafiə naziri Nikos Dendias, iqtisadiyyat naziri Kostis Hatzidakis, təhsil naziri Kiriakos Pierrakakis, immiqrasiya naziri Dimitris Keridis, mədəniyyət naziri Lina Mendoni və turizm naziri Olqa Kefaloyanni görüşlərdə olacaq.
Ərdoğanın səfəri zamanı ciddi təhlükəsizlik tədbirləri görüləcək.
Qeud edək ki, NATO müttəfiqləri Yunanıstan və Türkiyə ərazi mübahisələrinə görə dəfələrlə silahlı qarşıdurma ərəfəsində olublar, son vaxtlar münasibətləri yaxşılaşdırmağa çalışırlar. Ərdoğan Yunanıstana qarşıdan gələn səfərinin ikitərəfli münasibətlərdə yeni dövr açacağını gözlədiyini bildirib.
Poliqon.info