Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunis Hüseynov: “Futbolçu tapşırığı yerinə yetirə bilmirsə, yazıq baş məşqçi nə etsin?!”

“Futbolçularımız texnika baxımından estonlardan daha yaxşıdırlar. Onlar atletik futbola üstünlük verirlər. Milli komandamızın fərdi ustalıq səviyyəsi üstün futbolçuları daha çoxdur”...

Bu sözləri Oxu.Az-a müsahibəsində futbol mütəxəssisi Yunis Hüseynov deyib.

O, yığmanın AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriyaya qarşı keçirəcəkləri oyunlar, ölkə futbolunun hazırkı durumu barədə sualları cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Yunis müəllim, milli komandanın Estoniyaya qarşı bugünkü oyunundan nə gözləyirsiniz?

- Hamımız qələbə gözləyirik. Son oyunda İordaniyaya qalib gəlmişik. Bu, komandaya motivasiya verir.

- Amma Bakıda bu rəqibə qalib gəlməyi bacarmamışıq.

- Əslində, Estoniyaya Bakıda da qalib gəlməli idik. Təəssüf ki, 1:1 hesablı heç-heçə olmuşdu. Həmin görüşdə ilk yarıda yaxşı oynamasaq da, fasilədən sonra bərabərlik qolunu vurduq. Matçı stadiondan izləmişdim. İnanıram ki, bu rəqibə səfərdə qalib gəlmək mümkündür.

- Nəyin hesabına?

- Futbolçularımız texnika baxımından estonlardan daha yaxşıdırlar. Onlar atletik futbola üstünlük verirlər. Milli komandamızın fərdi ustalıq səviyyəsi üstün futbolçuları daha çoxdur.

- Əslində qruplar müəyyənləşəndə Estoniya ən zəif hesab edilirdi. Amma hazırda onlarla xalımız eynidir. Bugünkü görüşün məğlubu böyük ehtimalla qrupda sonuncu yeri tutacaq. Bu, oyunçular üçün əlavə təzyiq olmayacaq ki?

- Qrupda heç bir komandanı aşkar autsayder saymaq olmaz. Estoniya ilə Azərbaycan eyni səviyyədədirlər. Bəli, bu gün hansı qalib gəlsə, dördüncü olacaq. Futbolçular bunu dərk edirlər. Qrupda sonuncu olmamaq üçün mütləq qalib gəlmək lazımdır. Qarşılaşma Bakıda olsaydı, oyunçuların üzərində əlavə təzyiq olardı. Hesab edirəm ki, səfərdə daha rahat olacaqlar.

- Estoniyaya da məğlub olsaq, nə olacaq?

- Futboldur, kimsə udmalı, kimsə uduzmalıdır. İstəyərik, yaxşı oynayıb qalib gələk. Amma bütün oyunları udmamışıq ki, hansısa matçda məğlubiyyət faciə olsun. Təbii ki, qalib gəlmək lazımdır. Uduzsaq, beşinci olacağıq. Bu əvvəl də yaşanıb. Altıncı da olmuşuq. Düşünməliyik ki, millinin güclənməsi üçün nə etmək lazımdır.

- Millinin güclənməsi üçün nə etmək lazımdır?

- Bu suala cavab vermək üçün gərək saatlarla danışaq (gülür- red.).

- Mən hazır...

- Həmişə deyirik ki, milli komanda güclənsin, amma 30 il keçib, yerimizdə sayırıq. Bilirsiniz, milliyə futbolçunu klublar verir. Səviyyəli oyunçularla yığma da güclənər. Demirəm, yoxdur, yaxşı futbolçularımız da var. Amma klublar qısamüddətli nəticəyə qaçırlar. Gələcək üçün planlar qurmaq lazımdır. Futbolçular yetişəndə kluba da kömək edərlər, milliyə də faydalı olar. Amma klublarımız dərhal avrokuboklar barədə düşünürlər. Bununla da alınmır. Hər klubun yaxşı akademiyası olmalıdır. Onları da qınamıram. Bunun üçün yaxşı vəsait lazımdır. İndi dövlətdən yardım var, amma daha çox maliyyə lazımdır ki, yaxşı şərait qurulsun. Bu olandan sonra klublar özlərinə də, milliyə də faydalı oyunçular yetişdirərlər.

- Oyunçuların səviyyəsindən gileylənirsiniz, amma hazırda legioner həyatı yaşayan çoxlu futbolçularımız var. Hətta bir çox azarkeşlər hesab edirlər ki, bu milli tarixin ən güclüsüdür, sadəcə, baş məşqçi onların potensialını aça bilmir.

- Bununla razı deyiləm. Hər keçmiş futbolçu öz vaxtındakını daha güclü sayacaq. Bundan da yaxşı millilərimiz olub. Əvvəlki yığmalarımız heç də indikindən geri qalmayıb.

- Bəs baş məşqçi amili? Estoniyanı da udmasaq, Canni De Byazi getməlidir?

- Həmişə yerli məşqçilərin millini çalışdırmasının tərəfdarı olmuşam. Amma De Byazi pis məşqçi deyil. Ümumiyyətlə, millidə həmişə karyerası yaxşı olan, adlı-sanlı əcnəbi məşqçilər çalışıblar. Gəlin, indi də mən sizə bir sual verim: Tutaq ki, sabah məni milliyə baş məşqçi qoydular, nəyi dəyişə bilərəm? Hansı futbolçuları çağıracağam?

- Yəqin ki, 90 faiz eyni oyunçuları.

- Ay yaşa! Böyük futbol ölkələrindəki kimi böyük oyunçu hovuzun varsa, onda seçimin doğru olmamasına görə baş məşqçi günahkar hesab oluna bilər. Yeganə fərq onda olacaq ki, yerli məşqçi başqa motivasiya verə bilər.

- Amma taktika, potensialdan daha doğru yararlanma məsələləri də var axı.

- Məşqlər eyni olacaq. Çağırılanlar da eynidir. Öncə futbolçu potensialı artmalıdır. Meydançada işi görən futbolçulardır. Heç bir məşqçi istəməz ki, komandası uduzsun. Bəli, hər bir məşqçinin öz seçimləri var. Bir-iki futbolçu ilə bağlı yanlış qərarlar ola bilər. Amma bunlar da 100 faizlik səhv olmur. Qarşıdakı oyunçu ustalıq cəhətdən, fiziki baxımdan güclüdürsə, baş məşqçilik bir şey yoxdur. Mən də mütəxəssisəm, bunları görürəm. Futbol da oynamışam. Özü də sizə deyim ki, mən yaxşı futbolçu olmuşam. İncəlikləri yaxşı bilirəm. Futbolçu meydanda tapşırığı yerinə yetirə bilmirsə, yazıq baş məşqçi nə etsin?!

- Oyunlarınızı izləmişəm. Onu da bilirəm ki, 1996-cı ildə Bakıda İsveçrəni məğlub etdiyimiz (1:0) məşhur matçın iştirakçısı olmusunuz və yeganə qolun ötürməsini etmisiniz. Elə bu minvalla: Biz hər seçmə mərhələdə hansısa güclü rəqibi büdrətməklə yadda qalmışıq. Milli Estoniya ilə matçdan sonra Bakıda Avstriya ilə üz-üzə gələcək. Sanki məqam yetişib. Sizcə, növbəti “qurban” Avstriya olacaq?

- Ola bilər. Əslində, az qalmışdı ki, Belçika olsun. Onlara qarşı pis oynamamışdıq. Belçikanın da ən pis oyunu idi. Bir az bəxtləri də gətirdi. Emin Mahmudov oyunun əvvəlində şansdan yararlansaydı, minimum bir xal götürə bilərdik. Belçika bizə yuxarıdan aşağı baxırdı. Fikirləşirdilər ki, rahat qələbə qazanacaqlar. Amma çox qol imkanı da yaratmadılar. Belçika aradan çıxdı. Futbolçular elə oyun keçirsələr, Avstriyadan xal almaq mümkündür. O cür motivasiya ilə qalib gəlmək də olar. İnanaq ki, lap yaxşı oyun göstərəcəklər. Amma o da dəqiqdir ki, çətin olacaq.

- Milli komanda bir neçə il sonra ölkə futbolunun məbədlərindən olan Tofiq Bəhramov adına respublika stadionuna qayıdır. Sizcə, bu, komandaya necə təsir göstərəcək?

- Əla təsir edəcək. Futbolçular orada özlərini daha yaxşı hiss edirlər. Mən oynayanda respublika stadionunda meydana çıxmaqdan həzz alırdım. Orada atmosfer tam başqa olur. Millinin orada oynaması çox düzgün addımdır.

- Qarşıdakı oyunlara proqnozunuz necədir?

- Estoniyada qələbə qazanacağıq. Avstriyadan xal almaq ehtimalımız isə 20-30 faizdir.

Poliqon.info


Etiket: Yunis Hüseynov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Ən çox oxunanalar