Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağı tərk edən ermənilər Azərbaycana qarşı kompensasiya məhkəmələri aça bilərlərmi?

Bu il Ermənistan 4 dəfə Azərbaycanla münasibətlərini Beynəlxalq Məhkəmədə çözməyə çalışıb...

Beynəlxalq hüquq üzrə mütəxəssis: “90-cı illərdə Qarabağdan qaçmaq məcburiyyətində qalan vətəndaşlarımızla, hazırda Qarabağdan köçən ermənilərin statusu eyni deyil”.

“90-cı illərdə Qarabağdan qaçqın düşən vətəndaşlarımız üçün nədən bu cür imkan yaranmadı. Burada mühüm amil, beynəlxalq sərhədi keçməkdir. Yəni, “qaçqın” statusunun alınması üçün bir ölkədən başqa ölkəyə keçid etmə şərtdir. Qarabağı tərk edib Ermənistana gedənlər isə elə Ermənistan vətəndaşlarıdır”.

Bu sözləri Beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova Qarabağı könüllü olaraq tərk edən ermənilərin Azərbaycana qarşı kompensasiya məhkəmələri açmaq imkanlarını Poliqon-a şərh edərkən qeyd edib.

Son bir ildə Ermənistan 4 dəfə Azərbaycanla münasibətlərini Beynəlxalq Məhkəmədə çözməyə çalışıb. Qarabağı könüllü olaraq tərk edən ermənilər geri qayıtmaqdan imtina edərək Azərbaycana qarşı kompensasiya məhkəmələri aça bilərlərmi?

Mövzunu Poliqon-un əməkdaşı Beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Qarabağdan kütləvi köçün səbəbi müharibədən uzaq olmaqdır və yəqin ki, Qarabağı tərk edənlər heç Ermənistanda da qalmayacaqlar”.

“Qaçqınların hüquqi statusuna dair Konvensiya”ya görə, sığındıqları ölkə qaçqınlara vətəndaşlıq vermə, iş, yaşayış yeri və sosial müavinətlər daxil olmaqla hər cür imkanlarını təmin etməli olduğunu vurğulayan ekspert bildirib ki, ermənilərin Qarabağda yaşamaq hüquqlarını Azərbaycan hökuməti təmin edib:

“Təəssüf ki, silahlı münaqişələr zamanı “qaçqın” və “məcburi köçkünlərin” müdafiəsi məsələsi beynəlxalq humanitar hüquqda tam təfsilatı ilə öz əksini tapmayıb. Ancaq, insan hüquqları baxımından 22 aprel 1954-cü il tarixli “Qaçqınların hüquqi statusuna dair Konvensiya” və 31 yanvar 1967-ci il tarixli “Qaçqınların hüquqi statusu haqqında Protokol” birlikdə beynəlxalq qaçqın hüququnun əsasını təşkil edir. 1951-ci il tarixli “Qaçqınların hüquqi statusuna dair Konvensiya” “qaçqın” anlayışını belə müəyyənləşdirir: “qaçqınlar, irqinə, dininə, milliyyətinə, müəyyən sosial qrupa mənsub olduqlarına və ya siyasi baxışlarına görə təqib olunacaqlarından əsaslı qorxuya düşərək vətəndaşı olduqları (yaşadıqları) ölkədən qaçan və bu qorxu səbəbindən həmin ölkənin müdafiəsindən faydalana bilməyən və ya faydalanmaq istəməyən və ya həmin ölkəyə qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxslərdir”. Konvensiyasının ilk maddəsindən də göründüyü kimi, “qaçqınlar” yaşadıqları ölkədəki ağır şərait və təqib riskinin qurbanı kimi həmin ölkəni tərk edərək başqa dövlətdən sığınacaq alan şəxslərdir.

Burada ən önəmli amil, qaçqının irəli sürdüyü “təqib olunma qorxusu”nun həqiqi olub olmadığıdır. Əslində, Konvensiyanın 1-ci maddəsində qeyd olunan “irqi, dini, milliyyəti və ya müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib olunmaq qorxusu”nun silahlı münaqişələr zamanı yaranması təbii haldır. Lakin, yaşadığı ölkədən qaçan və başqa ölkədən sığınacaq almaq istəyən ərizəçi əsaslı qorxusunu isbatlaya bilməlidir. Sığındığı ölkə, qaçqının təqib qorxusuna obyektiv qiymət verərək onun statusu ilə bağlı qərar qəbul edir. Dediyim kimi, ərizəçinin subyektiv qorxusu ola bilər, lakin qorxunun əsaslı olub-olmadığını müəyyən etmək üçün yaşadıqları ölkədəki vəziyyət obyektiv qiymətləndirilməlidir. “Qaçqınların hüquqi statusuna dair Konvensiya”ya görə, sığındıqları ölkə qaçqınlara vətəndaşlıq vermə, iş, yaşayış yeri və sosial müavinətlər daxil olmaqla hər cür imkanlar təmin etməlidir. Zatən Qarabağdan kütləvi köçün səbəbini də mən bununla izah edərdim. Tarixi fürsət yaranıb, dəyərləndirmək istəyirlər.Yəni Qarabağdan kütləvi köçün səbəbi müharibədən uzaq olmaqdır və yəqin ki, Qarabağı tərk edənlər heç Ermənistanda da qalmayacaqlar

Deyilə bilər ki, 90-cı illərdə Qarabağdan qaçqın düşən vətəndaşlarımız üçün nədən bu cür imkan yaranmadı. Burada mühüm amil, beynəlxalq sərhəddi keçmədir. Yəni, "qaçqın" statusunun alınması üçün bir ölkədən başqa ölkəyə keçid etmə şərtdir. Bu baxımdan da, 90-cı illərdə Qarabağdan qaçmaq məcburiyyətində qalan vətəndaşlarımızla, hazırda Qarabağdan köçən ermənilərin statusu eyni deyil. 90-cı illərdə Qarabağdan qovulan vətəndaşlarımız “məcburi köçkün” yəni, ölkə içində yer dəyişdirmiş şəxslər (internally displaced persons) sayılırlar. Bu səbəbdən, “məcburi köçkünlər” “qaçqınlar”la eyni vəziyyətdə və şəraitdə, hətda onlardan daha acınacaqlı vəziyyətdə olsalar da, 1951-ci il Konvensiyası və 1967-ci il Protokolunun əhatə dairəsinə düşmürlər və “qaçqın” statusu əldə etmələri mümkün olmur. Hazırda, Qarabağdan köçən ermənilərin isə hər-hansı bir xarici ölkəyə sığınaraq “qaçqın” statusu almaq hüququ yarana bilər.

Vüsalə Əhmədova: “Ermənilərin Qarabağda yaşamaq hüquqlarını Azərbaycan hökuməti təmin edib”.

Qaçqınların əvvəl yaşadıqları ölkəyə qarşı hər-hansı bir sanksiya tətbiqinə gəlincə, bu baxımdan 1949-cu il tarixli Dördüncü Cenevrə Konvensiyasını və 1977-ci il tarixli 1 nömrəli Əlavə Protokolu əsas hüquqi mənbə hesab edə bilərik. Bu sənədlərdəki prinsiplər mövcud beynəlxalq humanitar hüququ əks etdirir və qaçqınların qayıdış, məskunlaşma və reinteqrasiya daxil olmaqla müdafiəsi üçün beynəlxalq çərçivəni müəyyən edir. Yaşadıqları ölkənin vətəndaşı olmayan sivillərə (və ya qaçqınlara) tətbiq ediləcək əsas qaydalar nələrdir? “Mənfi ayrı-seçkiliyə məruz qoymadan humanist rəftar, hərbi əməliyyatların təsirindən ümumi müdafiə, məhkəmə təminatı, münaqişədən əvvəlki vəziyyətin qorunması, ərazidən məcburi çıxarmama, ərazini öz istəklərinə görə tərk etmək hüququ vermə, yardımlardan faydalanmaq hüququ təmin etmə”.

Göründüyü kimi, bu hüquqları, yəni ermənilərin Qarabağda yaşamaq hüququnu Azərbaycan hökuməti təmin edib. Günlərdir ərazidə yerli və xarici jurnalistlər fəaliyyət göstərir, vəziyyəti işıqlandırırlar. Bunlar əlbətdə ki, dəlil təşkil edir. Əgər sivillərin məcburi köçürülməsi, həmçinin işgəncə, qeyri-insani rəftar, alçaldıcı davranış və s. baş versəydi bu “etnik təmizləmə” olaraq səciyyələndirilə bilərdi. Bu isə, Cenevrə Konvensiyaları və əlavə Protokolların kobud şəkildə pozulması deməkdir. Yalnız belə olan halda, Ermənistan dövlətinin Azərbaycan dövlətinə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti və ya erməni vətəndaşların fərdi qaydada Avropa İnsan Hüquqları Məhkəməsinə müraciəti üçün hüquqi əsas yaranır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar