Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bir tənhalıq başlamışam..." - Paşa Talıblı

Çağrılmamış qonaq...

...məni heç kim çağırmadı,
heç kim çəkmədi qabağa.
..."bir qonağam bu dünyada",
çağrılmamış bir qonağam!

...gəldim yorula-yorula,
usana-usana gəldim!
...çağrılmamış bir qonağam,
bir dəli ozanam, gəldim!

...yüyürüb qonşu səsinə,
çəpəri basıb gəlmişəm.
...gəlməzdim yolunu bilsəm,
dünyaya azıb gəlmişəm.


Deyin haranız ağrımır...

Siz ey, qan-tərə batmışlar,
siz ey, bağrıqan şairlər!
...özü içindən doğulan,
sözü ağrıdan şairlər!

Deyin, haranız ağrımır?
..gün dəymir, dəriniz ağdı.
..ağrımaq xilas eləmir,
ağrıyan yeriniz sağdı.

Siz ey, əli daş altında,
qəlbi gül altda qalanlar!
...özü yanıb kül olanlar,
odu kül altda qalanlar!

...ölümü nəzmə çəkənlər,
bir az da həyatı çəkin.
Deyin, haranız ağrımır,
bir yanıq bayatı çəkim.


Birtərəfli dialoq...

...bələdçilik elə mənə!
Kimdən əskik, nədən başam?
Sən necə, mən də eləcə;
qara daşsan, mən də daşam!

...tək görünən göy üzü də
ağ suyun üzü kimidi!
...bu gecə səni düşünmək
yoxluğun özü kimidi!

Lap heçlik də demək olar,
yalnızlığın ya son həddi!
...çəkdiyim necə dərddisə
düzəlməz yüz ilə qəddim.

Bədəni dolduran cansan...
Saxla yadında, demişdim!
...səni belə tanıyıram -
falçı qadın da demişdi!


Möhür...

...vaxtın bu başında tarixdi duran,
vaxtın o başından əl eləyən də!
Tarixnən yanaşı şahın tacıdı,
vurulmuş başlardı qızıl ləyəndə!..

...qırdı bir-birini oğuz bəyləri,
tarixdi başımız çəkənlər, bala!
Tarixi çəkdilər edam yerinə-
şairi edama çəkənlər, bala!

Qılıncın kölgəsi düşür tarixə...
Hər tarix bir qılınc kölgəsindədi!
...ölkələr fəth edir şairlər, bala,
baxmır hansı şahın ölkəsindədi.

Yüz ilin, min ilin tarixinə bax:
keçdi karvanları, it hürdü elə!
...sözün tarixinə möhür basdılar,
şairlər tarixdə möhürdü elə!


Yazan kimi köhnəlir...

...elə bil ki ,təzə-təzə yazıram,
ruhum sözə təzə-təzə köhlənir.
...bu şer də bu axşamın təzəsi,
təzə yazdım, daşa bükdüm köhnəni!

...durub desəm, göy üzündən damatdı,
söz misalı, ölüncə də həm addı.
...ilham mənim içimdəki xam atdı,
şahə qalxır ilhamımın köhləni.

...ötən ötdü, ötəni kim bəzəsin?
Astarında ötələrin məzəsi!..
...amma yenə köhnələrin təzəsi,
amma yenə yazan kimi köhnəlir.


Sarıdı yarım...
(təcnis)

...ağdı, ayüzlüdü hamının yarı!
Neyləyim, bir mənim sarıdı yarım...
Nə gözəl- mən sarı yarım sarıdı!
...var olsun, yaşasın sarı diyarım!

Eh...gəlmirsə yumaq, ha sarı, gəlməz!
...divarı böyüməz, hasarı gəlməz!
...bəxtdi- sarımasa ha sarı gəlməz!
Şükür, üzü mənə sarıdı yarım.

...bu payız da yarpaq sarı sarıdı;
saralıb, sarıya sarı sarıdı!
...yalvardım: yaramı sarı, sarıdı!
Yaramı yarpaqnan sarıdı yarım.


Qəhvəyi rəngli başlıq...

...xatırlamadığım bir şey
bilmədiyim bir şey deyil!
...qəhvəyi rəngli başlıqdı,
bu yazı da şer deyil!

...fəhm ilə bilənlərdənəm;
hara göy, hara buluddu!
Nə fərqi, necə bilirəm -
xatırladım ya unutdum!

Bilmirdim niyə unutdum,
niyə gedirəm daşlıqnan?
...bir tənhalıq başlamışam
qəhvəyi rəngli başlıqnan.

...bu mənəm, ya mən deyiləm?
...bu yazı da şer deyil?
...bir tənhalıq başlamışam,
tənhalıq da bir şey deyil!

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Poliqon.info 


Etiket: Paşa Talıblı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Ən çox oxunanalar