Deputat Zahid Oruc AZAL-ı sərt bir şəkildə tənqid etdi...
“AZAL-ı hamının tənqid etməsindənsə, onun idarəedilməsinin necə təkmilləşdirilməsi haqqında düşünmək daha doğru olardı”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli AZAL-ın davamlı olaraq müxtəlif səviyyələrdə tənqid olunmasını PİA.az-a şərh edərkən qeyd edib.
Dünən deputat Zahid Oruc Milli Məslisdə büdcə müzakirələri zamanı AZAL-ı sərt bir şəkildə tənqid edərək bildirib ki, biletləri Gürcüstan və Ermənistandan üç dəfə baha olan AZAL-ın 2.1 milyarda çatan xarici borcları dövlət büdcəsi üçün təhdidə çevrilir. Qeyd edək ki, AZAL-ın davamlı olaraq müxtəlif səviyyələrdə tənqid olunur, lakin qurumun fəaliyyətində heç bir dəyişiklik olunmur. Bilirik ki, AZAL Azərbaycan İnvestisiya Holdinqinə daxil olub.
Azərbaycan İnvestisiya Holdinqinin AZAL-da qayda qanun yarada bilməməsi nəylə əlaqəlidir?
Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.
Natiq Cəfərli: “Hava limanlarının idarərdilməsi AZAL-ın inhisarından çıxarılmalıdır”.
Rəqabət yaranmasa, AZAL-ın düzəlməyəcəyini düşünən ekspert PİA.az-a bildirib ki, ancaq rəqabətli mühit bu tip şirkətləri normal fəaliyyət göstərməyə vadar edir:
“Doğrudur, AZAL-ı artıq ölkə başçısı da, millət vəkilləri də, ictimaiyyət də illərdir tənqid edir. Amma AZAL-da bir dəyişiklik yoxdur. Çünki sistemlə, idarəetmə ilə bağlı dəyişiklik yoxdur. Yəni AZAL-ı işinin, idarəetməsinin dəyişməsi lazımdır ki, işində də bir irəliləyişə nail olmaq mümkün olsun.
AZAL-ın inhisarçılığına son qoymaq lazımdır. Yerüstü xidmətlər AZAL-dan ayrılmalıdır. Eyni zamanda hava limanlarının idarərdilməsi AZAL-ın inhisarından çıxarılmalıdır. Yəni rəqabət yaranmasa, AZAL düzəlməyəcək. Çünki ancaq rəqabətli mühit şirkətləri normal fəaliyyət göstərməyə vadar edir.
Buna görə də AZAL-ı hamının tənqid etməsindənsə, onun idarəedilməsinin necə təkmilləşdirilməsi haqqında düşünmək daha doğru olardı”.
Nərminə UMUDLU
pia.az