Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağ Ukraynanın kölgəsində - Tomas de Vaal yazır

Dağlıq Qarabağ Ukraynanın kölgəsində - Tomas de Vaal yazır

Britaniyalı yazar, Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi, "Qara bağ: ErmənistanAzərbaycan sülh və savaş yollarında" kitabının müəllifi Tomas de Vaal Azərbaycan-Ermənistan problem ilə bağlı yeni məqalə yazıb. ABŞ-da iki aydan bir yayımlanan və dünyanın ən ciddi beynəlxalq münasibətlər və iqtisadiyyat nəşri sayılan “Foreign Affairs” dərgisində dərc olunan “Dağlıq Qarabağ Ukraynanın kölgəsində” sərlövhəli məqalənin tərcüməsini olduğu kimi Ovqat.com oxucularının diqqətinə çatdırırıq:


Tomas de Vaal

Rusiyanın Ukraynaya təcavüzünün dalğaları zahirə çıxdıqca, tamamilə başqa bir regionda - Cənubi Qafqazda vəziyyət qeyri-sabit hal alır. Ukrayna münaqişəsi Xəzər və Qara dənizlər arasındakı bu sahədə həm növbəti döyüşlərin, həm də danışıqlar yolu ilə sülhün əldə olunması ehtimalını paradoksal şəkildə artırır.

Region 2020-ci ildə Azərbaycanın tərkibində ermənilərin məskunlaşdığı anklav olan Dağlıq Qarabağın adlı mübahisə ərazisi və ona bitişik rayonlar uğrunda ErmənistanAzərbaycan arasında amansız müharibə meydanına çevrilmişdi. 44 günlük müharibə 7000-ə yaxın insanın ölümünə yol açdı və Azərbaycanın 1990-cı illərdə döyüşlərdə verdiyi ərazi itkilərini geri qaytararaq Ermənistanı sarsıdıcı məğlubiyyətə uğratdı. Müharibə həm də həll olunmamış suallar, uzanan mübahisələr və qaynayan gərginliklər buraxdı. Mart ayında Ukrayna Rusiya qüvvələrini dəf etmək üçün Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçan aparatlarından istifadə etdiyi kimi, Azərbaycan da Qarabağda erməni qoşunlarına həmin pilotsuz təyyarələrlə zərbələr endirərək qələbəyə imza atdı.

İndi Rusiya Ukraynadakı müharibə bataqlığına batdığı üçün onun bu münaqişənin hər hansı həllində - öz arxa bağçası olaraq gördüyü yerdə - hakim güc olması şübhə doğurur. Artıq Avropa İttifaqının himayəsi altında Ermənistanla Azərbaycan arasında sülh danışıqları gedir. May ayında Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə görüşüb, Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel “məhsuldar” danışıqlar aparıb. Tərəflər iki əsas məsələdə irəliləyiş əldə ediblər: qapalı sərhədlərdən keçən nəqliyyat marşrutlarının açılması və Ermənistanla Azərbaycan arasında rəsmi sərhədin demarkasiyası. Üçüncüsü, 1988-ci ildən bəri münaqişənin əsas məsələsi olan Qarabağın erməni əhalisinin gələcək statusu, hətta müzakirə şərtləri ilə bağlı gərgin çəkişmələr davam edir.

Hazırda bu danışıqlar Ukraynadakı müharibənin kölgəsi altındadır. Kreml 2020-ci ilin noyabrında Qarabağa sülhməramlı qüvvələr yerləşdirdiyi atəşkəs sazişinin imzalanmasına kömək edib. Rusiya Ermənistanın ən yaxın hərbi və iqtisadi müttəfiqidir və həmçinin Ukraynanın işğalından iki gün əvvəl Azərbaycanla dostluq elan edən və daha dərin iqtisadi əməkdaşlıq vəd edən tərəfdaşlıq sazişi imzalayıb. İndi isə onun Ukraynadakı uğursuzluqları Rusiyanın qonşuluğunda problemi çözmək imkanlarını məhdudlaşdırıb. Onun hərbi və diplomatik rəisləri diqqəti yayındırır və yerli hakimiyyətlər onun göstəriş və təhdidlərinə daha asanlıqla məhəl qoymurlar. Bu çətinliklər həm Qarabağda və onun ətrafındakı zorakılığın niyə artdığını, həm də Aİ-nin Rusiyanı iki tərəf arasında əsas vasitəçi kimi nə üçün sıxışdırdığını izah etməyə kömək edə bilər. Rusiyanın rolunun azalması qeyri-sabitliyə səbəb olsa da, bu vəziyyət ErmənistanAzərbaycana, əgər onlar bundan istifadə etmək istəsələr, qəti və tarixi sülhün bərqərar olması istiqamətində işləmək imkanı verir.

Güc mövqeyi

30 illik münaqişənin kəfkiri qəti şəkildə Azərbaycanın xeyrinə yellənir. 1994-cü ildə ermənilər Azərbaycanla birinci müharibədə hərbi qələbə qazandılar və bunun ardınca nəinki Qarabağı ələ keçirdilər, həm də anklavın ətrafındakı yeddi rayonu qismən və ya tamamilə işğal etdilər, orada yaşayan yarım milyondan çox insanı didərgin saldılar. 2020-ci ildə azərbaycanlılar bu yeddi rayonu geri aldılar və Dağlıq Qarabağ ərazisinin təxminən üçdə birini ələ keçirdilər və ən azı 20 min ermənini qovdular. İndi Rusiya sülhməramlı qüvvələri olmasaydı, öz evlərini tamamilə tərk etmək məcburiyyətində qalacaqlarından narahat olan Qarabağ erməniləridir.



Mart ayında gərginlik və zorakılıq yenidən artdı. Ermənistandan Qarabağa gedən qaz kəməri kəsildi, bu da təchizatı dayandırdı və Qarabağ ermənilərini soyuq havada istiliksiz qoydu. Ermənilər boru kəmərinin kəsilməsində azərbaycanlıların rolu olduğunu iddia edirlər, azərbaycanlılar isə bu barədə əsasən hər hansı şərh verməkdən yayınırlar. Eyni zamanda, Azərbaycan qüvvələri erməni kəndlərinin kənarında səsgücləndiricilər quraşdıraraq, Azərbaycan himnini səsləndirir və erməni dilində sakinlərə çantalarını yığıb getməyi tələb edən qorxulu mesajlar veriblər. Daha sonra Azərbaycan əsgərləri rus sülhməramlılarına meydan oxuyaraq Ermənistanın (əslində Qarabağ - Ovqat.com) Fərrux kəndinə yürüş ediblər. Yerli erməni qüvvələri azərbaycanlıları kəndin üstündəki hündürlükdən sıxışdırmağa çalışsalar da, azərbaycanlılar onlara 2020-ci il müharibəsində qalib gəlməyə kömək edən qorxunc Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrini yerləşdirməklə cavab verib və ən azı üç erməni əsgərini öldürüblər.

Döyüşün ardınca müxtəlif mülahizələr ortaya atıldı. Bəziləri belə qənaətə gəldilər ki, Rusiya Ermənistana xəbərdarlıq mesajı vermək üçün Azərbaycanla əlbir olub; mart ayında BMT Baş Assambleyasında Ukraynaya təcavüzü pisləyən səsvermədə Ermənistan Rusiyanı dəstəkləmək əvəzinə bitərəf qalmışdı. Digərləri isə hesab edirdilər ki, Bakı Rusiya sülhməramlılarının qətiyyətini və Moskvanın bu missiyaya siyasi öhdəliyini sınaqdan keçirir. AzərbaycanRusiya heç vaxt sülhməramlı əməliyyat üçün yazılı mandat barədə razılığa gəlməyib və bölgədəki Rusiya qüvvələrinin dəqiq fəaliyyət qaydaları yoxdur. Ukraynada müharibə başlayandan bəri Qarabağ bölgəsindəki rus qoşunlarının sayı zirvədən bir qədər azalaraq 1960-dan 1600-ə düşüb. Rusiyanın separatçı Abxaziya və Dnestryanı dövlətlər kimi qoşun yerləşdirdiyi digər münaqişə zonalarından fərqli olaraq, onun Qarabağdakı missiyasının bitmə tarixi var: 2025-ci ilin noyabrına qədər.



Missiyanın müddəti daha beş il müddətinə uzadıla bilər, lakin o, həm də dayandırıla bilər. 2020-ci il müqaviləsinin üç tərəfindən biri - çox güman ki, Azərbaycan - bitmə tarixinə altı ay qalmış razılığını geri götürərsə bu reallaşacaq.

Azərbaycan özünü inamlı hiss edir. Ukraynadakı müharibə Rusiyanın enerji təchizatını əvəz edən Azərbaycan qazına möhtac qalan Avropa rəsmilərini Bakıya tələsdirdi. Demək olar ki, bütün azərbaycanlılar 2020-ci il müharibəsinin uğurundan həzz alırlar və bunun öz ölkələri üzərindəki üç onillik boyu davam edən milli lənəti birtəhər aradan qaldırdığını hiss edirlər. Qələbə 2003-cü ildən prezident olan Əliyevə yeni mandat verdi. O, ermənilərin daha çox güzəştə getməsi üçün bundan istifadə edib, vaxtaşırı güc və siyasi ritorika tətbiq edir. Azərbaycanlı ekspertlərdən biri mənimlə söhbətində bu taktikanı “məcburi diplomatiya” adlandırdı. 2020-ci ilin amansız müharibəsində məğlubiyyət Ermənistan cəmiyyətini hələ də sarsıtmaqdadır. Cəmi altı həftə ərzində 4000-ə yaxın erməni gənc öldü.

Ermənistanın baş naziri qonşuları ilə münasibətlərdə yeni səhifə açmağa hazır görünür. Paşinyan 2018-ci ildə dinc inqilab yolu ilə hakimiyyətə gələndən bəri onun əsas gündəliyi Ermənistanın daxilində islahatlar və dövlət quruculuğu olub, özünü Qarabağdan olan və həmin ərazinin Azərbaycan nəzarətindən azad edilməsini təməl hədəfləri hesab edən iki sələflərindən fərqləndirib.

Müharibədə uduzmasına baxmayaraq, Paşinyan 2021-ci ilin iyununda seçkiləri inamlı şəkildə qazandı. Onun fikrincə, bu, ona həm Azərbaycan, həm də Türkiyə ilə qeyri-populyar sövdələşmələr aparmaq mandatı verib. Apreldə Paşinyan Azərbaycan tərəfindən irəli sürülən onun ərazi bütövlüyünü tanımağa və Qarabağın Azərbaycandan ayrılmasına verdiyi dəstəyi geri götürməyə çağıran beş bəndlik təklifə ehtiyatla müsbət cavab verdi.



Aprelin 13-də Paşinyan parlamentdə Qarabağla bağlı ənənəvi erməni mövqelərindən geri çəkildiyi barədə çıxış etdi. O, “Qarabağ məsələsi ərazi deyil, hüquq məsələsidir” dedi və əslində Bakıdan erməni əhalisinin müdafiəsi üçün təminatların alınmasının İrəvanın ərazi iddialarını əvəzlədiyini bildirdi. Siyasətdəki bu dəyişiklik İrəvanda keçmiş erməni liderləri və Qarabağ ermənilərinin ittifaqı ilə böyük küçə nümayişlərinə səbəb oldu. İctimaiyyət ümumiyyətlə baş nazirin arxasındadır, böyük ölçüdə ona görə ki, onun sələfləri çox populyar deyillər, lakin siyasi hakimiyyətin böyük hissəsi Paşinyanın indiki siyasətinin Qarabağın 30 illik milli müstəqilliyinə xəyanət kimi təqdim olunmasına qəti şəkildə qarşıdır.

Aİ-nın addımları

Paşinyanın öz ölkəsindəki populyarlığı Azərbaycanla danışıqlara təkan verib. Ancaq hələ də həll edilməli olan bir çox çətin məsələlər var. Avropa Şurasının prezidenti Mişel mübarizəyə ən təsirli vasitəçi kimi daxil olub. Münaqişə tərəflərinin Moskvadan daha vicdanlı broker kimi gördüyü Mişel hər tərəfdən iki xüsusi məsləhətçi arasında yeni ikitərəfli kanalın qurulmasına şərait yaratdı. Birinci ev tapşırığı həll edilməmiş humanitar məsələləri həll etməkdir: Ermənistan ermənilər tərəfindən hərbi əsir hesab edilən, hələ də Azərbaycanda həbsdə olan 38-ə yaxın məhbusun azad edilməsinə çalışır; Azərbaycan isə qarşı tərəfi ermənilərin 2020-ci ildə itirdiyi ərazilərdəki minalanmış ərazilərin mövqeləri və 1990-cı illərdə hələ də müharibədə itkin düşmüş 4000-ə yaxın Azərbaycan əsgərinin məzarlarının yerləri barədə məlumatları gizlətməkdə ittiham edir.

Məsələnin daha böyük hissəsi, “regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin” açılmasını tələb edən 2020-ci il atəşkəs sazişinin yekun nöqtəsi üzrə hərəkət etməkdir. Müqavilədə Ermənistanİran arasında sıxışdırılmış və 30 ildir Azərbaycanın qalan hissəsindən təcrid olunmuş Naxçıvan eksklavı ilə ölkənin materik hissəsini birləşdirən yeni marşrutun açılması xüsusi qeyd olunur.

Brüsseldə hər iki tərəf, belə görünür ki, nəqliyyat marşrutlarına dair prinsiplərlə razılaşıblar. Lakin bir çox çətin detallar hələ də qalmaqdadır. Ermənistan tərəfi bir deyil, bir neçə marşrutun açılmasında israr edir və Azərbaycan tərəfi isə yeni marşrut boyunca minimal rəsmi erməni varlığına zəmanət istəyir. Bu marşrutlar üzrə razılaşmanın mühüm nəticələri olacaq. Bu, təkcə ErmənistanAzərbaycana deyil, həm də İran və Türkiyəyə yeni beynəlxalq dəmir yolu əlaqələri verəcəkdir. Ukraynadakı müharibənin fonunda əldə olunan razılaşma Rusiyanı kənarda qoyaraq Orta Asiya, Xəzər dənizi və Cənubi Qafqazdan keçən Qərbi Çin və Türkiyə arasında Orta Dəhliz adlanan tranzit marşrutunu gücləndirəcək.

Bəs Rusiya necə olacaq?

Danışıqlarda danışılmayanlar danışılanlar qədər açıqlayıcıdır. Avropa İttifaqının bir neçə aylıq ictimai mesajında rəsmilər ardıcıl olaraq iki söz təkrarlayırlar: “Rusiya” və “Qarabağ”.

Ukrayna üzərində Avropanın Rusiya ilə titanik mübarizəsi Moskva ilə Qafqazda hər hansı formal əməkdaşlığı istisna edir, lakin Moskvanın iştirakı qaçılmazdır. Ruslar Qərbin başlatdıqları sülh prosesini oğurluq cəhdi kimi görür və buna sərt reaksiya verirlər. Aprel ayında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aİ-ni 2020-ci ilin noyabrında əldə edilmiş “məşhur Rusiya-Azərbaycan-Ermənistan razılaşmalarının məzmununu həyasız mənimsəmək cəhdində” günahlandırır.

Moskva və Brüssel, ehtimal ki, Rusiyanın vasitəçi kimi üstünlüyü məsələsi istisna olmaqla, mahiyyət etibarilə əksər məqamlarda razılığa gələ bilərlər. Qərb ölkələri Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrini sabitləşdirici amil kimi dəstəkləyir və ondan başqa heç kim bu rolu öz üzərinə götürməyə hazır deyil. Amma şübhəsiz ki, qarşıda rus sülhməramlılarının missiyası 2025-ci ildə başa çatdıqdan sonra nə baş verəcəyi ilə bağlı suallar dayanır. Rusiya qeyri-müəyyən müddətə Naxçıvana aparan yeni yolun təhlükəsizliyinin təminatçısı olmalı idi, amma indi ordusu Ukraynanı dağıdarkən bu müddəa indi daha az cəlbedici görünür.



Mişel mayın 23-də verdiyi bəyanatda ilk dəfə olaraq “Qarabağ” sözünü xatırladıb: “Mən hər iki liderə Qarabağdakı etnik erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğunu da vurğuladım”. Onun əvvəlki bəyanatlarda “Qarabağ erməniləri” məsələsinin yer almaması Azərbaycanın hazırkı danışıqlarda mövqeyinin möhkəmliyinə dəlalət edir. Bakı indi təkid edir ki, Qarabağ artıq ərazi qurumu kimi mövcud deyil və ermənilər əvvəllər regionun Azərbaycanın tərkibində muxtariyyətini müzakirə etməyə heç vaxt razı olmadıqlarına görə, bu haqqı itiriblər. Müharibədən əvvəl Azərbaycanın özünüidarə ilə bağlı ilkin təklifinə toxunan azərbaycanlı məmurlardan birinin dediyi kimi, “biz təklif verdik, siz isə rədd etdiniz”. Buna görə də Bakı beynəlxalq kommünikelərdə Qarabağ adının çəkilməməsində israr edir – baxmayaraq ki, Əliyevin imzaladığı 2020-ci ilin noyabr müqaviləsində “Dağlıq Qarabağ münaqişəsi zonası” qeyd olunur. Azərbaycan öz güclü mövqeyindən Qarabağ ermənilərinin təkcə ayrılmaq fikrindən deyil, həm də özünüidarə etmək istəyindən vaz keçirəcəyinə ümid edir.

Lakin gec-tez Qarabağ ermənilərinin gələcək statusu, region hələ Sovet İttifaqının tərkibində olan 1988-ci ildə bu fəlakətli münaqişəyə səbəb olan məsələ ilə bağlı dialoq başlamalıdır. Bakı Qarabağın erməni sakinlərinə hansı hüquq və müddəaların tətbiqinə hazır olduğunu açıqlamalı, Qarabağ erməniləri də etiraf etməlidirlər ki, coğrafiyaya, enerji və iqtisadi ehtiyaclarına görə, onların gələcəyi Azərbaycanın daxilindədir.

Zehni dəyişiklik

30 ildən artıqdır ki, Qarabağ münaqişəsi həm ermənilərin, həm də azərbaycanlıların müasir milli kimliklərinin mərkəzi rolunu oynayır. Bu, onların beynəlxalq ambisiyaları və ya daha böyük qonşuları olan İran, Rusiya və Türkiyənin çağırışlarıyla bağlı digər, ehtimal ki, daha vacib olan mülahizələri kölgədə qoydu. Hər iki tərəf hələ də digərini istisna edən üslubdan istifadə edir: məsələn, ermənilər Qarabağı köhnə erməni adı ilə “Artsax” adlandırır, azərbaycanlıların olmadığı bölgəni nəzərdə tutur. Azərbaycanlılar isə ermənilərin yaşadığı Stepanakert şəhərini azərbaycanlı adı ilə Xankəndi adlandırırlar.

Bu situsiyanı aradan qaldırmaq üçün zehni dəyişikliyə ehtiyac var. Ermənistan rəsmiləri deyirlər ki, Paşinyan indi belə bir dəyişikliyin başlanmasına işarə edir və buna görə ölkə daxilində şiddətli reaksiya ortaya çıxır.

Əliyevin mövqeyi isə daha birmənalı deyil. Zaman-zaman, xüsusən də beynəlxalq həmsöhbətlərə barışdırıcı bəyanatlar verir. Öz ictimaiyyəti qarşısında danışarkən, o, daha sərtdir, erməniləri ələ salan zəfər nitqlərini söyləməyə davam edir. Məsələn, aprelin 22-də 2020-ci il müharibəsinin sonunda ermənilərdən geri alınan Şuşa şəhərində çıxış edən Əliyev bəyan etdi: “Ermənistan bizim qarşımızda diz çökdü, başını aşağı saldı, kapitulyasiya aktına imza atmağa məcbur oldu.. . və indi də o vəziyyətdədir”.

Bu fərqli mövqelər üç onillikdə hər iki tərəfin də maço inadkarlığına bənzəyir. Bir-birinə zidd sərt üslublar bu münaqişədə diplomatiyanın deyil, yalnız güclə nəticə əldə etmənin mümkünlüyünə inamı əks etdirir. 1990-cı illərdə hər iki tərəf sistematik etnik təmizləmə apardı. Nə Ermənistanda, nə də Qarabağda və onun ətrafındakı Azərbaycan rayonlarında heç bir azərbaycanlı qalmadı, onlar Ermənistanın nəzarətinə keçdikdən sonra tamamilə dağıdıldılar. Eyni şəkildə ermənilərin nə bir zamanlar böyük icma yaratdıqları Bakı şəhərində, nə də Azərbaycanın nəzarətində olan hər hansı rayonunda bir nəfər də olsun erməni qalmayıb. Azərbaycanda çoxları açıq-aydın hesab edir ki, yenə də həmin taktikalardan istifadə etməklə və erməni əhalisini Qarabağı tərk etməyə məcbur etməklə münaqişənin həlli hələ də mümkündür. Onlar hətta uğur qazana da bilərlər, lakin bu, şübhəsiz ki, Ermənistanda yeni zorakılıq dövrünə və qəzəbin dərinləşməsinə səbəb olar. (Tərcümə etdi: Ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar