Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Qafqaz yeni həyata başlayacaqmı?

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən bir ildən artıq vaxt keçsə də, 2021ci il ərzində Cənubi Qafqazın “qaynar nöqtə” statusunu öz üzərindən atdığı hiss olunmadı. Belə təəssürat yalnız ilin sonuna yaxın yaranmağa başlayıb.

İl boyu ErmənistanAzərbaycan özlərinin müqayisəyəgəlməz imkanlarına uyğun olaraq, insan itkiləri, dağılmış ərazilər, qaçqınlar, iqtisadiyyata vurulmuş “yara”lar, sərhədin delimitasiyası və demarkasiyası haqda mübahisələr, nəqliyyat dəhlizlərinin açılması ilə bağlı fikir ayrılıqları və digər fəsadlara yol açmış müharibə vəziyyətindən çıxmağa çalışıblar. Sərhəd rayonlarında vaxtaşırı atəş səsləri eşidilib, ənənəvi olar tərəflər bir-birini “birinci başlamaqda” günahlandırıb.

Nəhayət, ilin sonuna yaxın ehtiraslar sanki bir qədər yatmağa başlayıb və elə təəssürat yaranıb ki, yaxın qonşular axır ki, bölgədə yeni həyat və dayanıqlı təhlükəsizlik sistemi qurmağı, qarşılıqlı nəqliyyat əlaqələri yaratmağı bacaracaq. Hərçənd, bunun üçün tək zaman yox, həm də möhkəm siyasi iradə tələb olunur.

Avtomobil və dəmir yollarının açılması barədə danışıqlar hələ başa çatmasa da, Ermənistanın baş naziri Nikol Paşinyanın dediyinə görə, bununla bağlı “Azərbaycanla razılıq əldə etmək üçün imkan yaranıb”. Bundan başqa, Yerevan Bakıya Qarabağdakı minalanmış ərazilərin xəritələrin verib, tərəflər əsirləri dəyişdiriblər.

Hər şeyə rəğmən, Azərbaycan-Ermənistan münasibətlərində pozitiv irəliləyişlərin olduğunu Türkiyənin davranışı da təsdiqləyir. Bu ölkə Ermənistanla çarter aviareysləri açmaq niyyətini bildirib və Yerevanla Ankara arasında münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndə təyin edib. Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşmağa başlamasaydı, bütün bunlar baş verməzdi. Çünki Ankara bu məsələdə hər zaman qəti mövqe sərgiləyib. Xatırladaq ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər yoxdur, dövlət sərhədi isə 1993-cü ildən bağlıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan deyir ki, onun ölkəsində bu məsələyə, yəni Türkiyə ilə münasibətlərin bərpasına “çox emosional yanaşma var”. Üstəlik, onun sözlərinə görə, Osmanlı imperiyasında “ermənilərin soyqırımı”nın beynəlxalq səviyyədə tanınması da gündəmdən çıxarılmayıb: baş nazir hesab edir ki, bu, “Ermənistanın təhlükəsizliyinə zəmanət sisteminin möhkəmlənməsinə” xidmət edəcək.

Bununla belə, N.Paşinyan “hərtərəfli sülhün bərqərar olunması” üçün ölkəsinin Azərbaycanla sülh sazişinin imzalanması barədə danışıqlara hazır olduğunu bildirib.

Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsinin dayandırılması, nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin müəyyən edilməsi və digər sülh təşəbbüslərinin irəli sürülməsində həlledici rolu Rusiya oynayıb və onun bu missiyası bu gün də davam edir. Görünür, Moskva bu istiqamətdə sonadək çalışmaq əzmindədir. Yerevanda erməni-rus dostluğuna abidə ucaltmağa hazırlaşsalar da, Rusiyanı nahaq yerə pisləyir və Bakının maraqlarını müdafiə etməkdə günahlandırırlar. Lakin araşdıranda görürsən ki, “Rusiyanın Azərbaycan sevdası”ndan Ermənistan heç bir zərər çəkmir və indi bu ölkə Azərbaycanla münasibətlərin yaxşılaşması və etibarlı sülhün bərqərar olunması üçün ötən ildən qalan bütün maneələri aradan qaldırmalıdır.

Bəs Ermənistan 2021-ci ildə necə yaşayıb? Maliyyə baxımından kasıb, mənəvi baxımdan ağır, siyasi baxımdan son dərəcə qeyri-sabit. Müxalifət Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq cəhdlərindən əl çəkməsə də, buna müvəffəq olmayıb. Yəqin ona görə ki, indiki halda 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli sülh razılaşmasının tədricən də olsa həyata keçirilməsi baxımından, Paşinyan özünün bütün qüsurlarına rəğmən, Ermənistanın dövlət başçısı kimi, Moskva ilə Bakını qismən qane edir.

Prinsipcə, müharibədən sonra Ermənistanda həm siyasi, həm də iqtisadi vəziyyət daha pis ola bilərdi. Lakin ölkə istənilən halda koronavirus pandemiyasının bir qədər də qəlizləşdirdiyi postmüharibə reallıqlarına uyğunlaşa bilib. Müxtəlif mənbələrin məlumatında bildirilir ki, ötən ilin yekunlarına görə Ermənistanın ÜDM-i böhrandan (2019-cü ildən) əvvəlki göstəriciyə çatmasa da, 4-4,5% artıb. Bu dövrdə inflyasiya 8% təşkil edib. Asiya İnkişaf Bankının məlumatına görə, 2022-ci ildə Ermənistanın dövlət borcu müəyyən qədər azalaraq, ÜDM-in 60%-nə çatacaq. Eyni zamanda, Beynəlxalq Valyuta Fondu bu il bu ölkədə ÜDM-in 5,25% artacağını proqnozlaşdırır, hərçənd Ermənistan hökumətinin özü, real olmasa da, 7%-lik artım gözləyir.

Yeri gəlmişkən, ötən il müharibənin yeni bitməsinə baxmayaraq, Ermənistana 900 min turist üz tutubmuş. Hansı ki, böhrandan əvvəlki 2019-cu ildə bu ölkəyə turist axını 2 milyon nəfər olub. Lakin Ermənistanın ənənəvi turizm istiqaməti olmadığını nəzərə alsaq, hətta ötənilki göstərici belə, bu ölkə üçün pis nəticə deyil və bu, Paşinyan hökumətinin marketinq tədbirləri nəticəsində mümkün olub. Ermənistana turistlər əsasən Rusiya, İran və Gürcüstandan gəlir.

Ermənistanın aparıcı ticarət tərəfdaşı və investoru olan Rusiyaya gəldikdə, Yerevan nəqliyyat blokadasının bir az da çətinləşdiyi indiki mürəkkəb vəziyyətdən böyük ehtimalla məhz Moskvanın hesabına çıxa biləcək. Rusiya Ermənistandan kənd təsərrüfatı malları, yüngül sənaye məhsulları alır və öz növbəsində, oraya nəqliyyat vasitələri, sənaye avadanlığı və s. satır. Əsas olansa odur ki, Rusiya “strateji tərəfdaş”ənə təbii qazsız qoymur və Ermənistan üçün qazın qiyməti bu il də artmayacaq.

İnvestisiya əməkdaşlığına gəldikdə, Rusiya baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, Ermənistan iqtisadiyyatına yatırılmış vəsaitlərin 40%-i məhz Rusiyanın payına düşür. Hazırda burada 40-dan çox iri Rusiya şirkəti çalışır. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda onların sayı 1100-ə çatır.

Ermənistandan fərqli olaraq, ciddi daxili siyasi narazılıq yaşamayan Azərbaycan postmüharibə dövründən daha rahat çıxır. Təbii ki, bunu Azərbaycanın “qalib statusu” və ya neft-qaz gəlirlərinin, bir sözlə, ölkənin maliyyə müstəqilliyinin ayağına yazmaq mümkündür. Lakin unutmaq olmaz ki, neftin ucuzlaşmasına və pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Bakı ermənilər tərəfindən işğal olunmuş ərazilərini tam dağıdılmış halda olsa belə, geri qaytarıb və yubanmadan o ərazilərin bərpasına başlayıb – öz hesabına!
Maraqlıdır ki, artıq Qarabağ biznes üçün, o cümlədən xarici biznes üçün cəlbedici bölgəyə çevrilib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, azad edilmiş ərazilərdə aparılan bərpa işlərində iştirak üçün 921 sorğu daxil olub. İndi bu yerlərdə “ağıllı texnologiya”lar əsasında irimiqyaslı layihələr həyata keçirilir.

Nazir həmçinin qeyd edib ki, ərazilər azad edildikdən sonra bölgədə yeni geoiqtisadi reallıq yaranıb. Əgər əvvəl əsasən Qərb ölkələrindən Azərbaycana yatırımlar edilirdisə, indi koronavirus pandemiyası səbəbindən qloballaşmanı regionlaşma tendensiya əvəz etməkdədir və bu da “Azərbaycının bölgədəki əhəmiyyətinin artdığını göstərən dəqiq siqnaldır”.

Yeri gəlmişkən, son 10 ildə Azərbaycan iqtisadiyyatına 57 milyard dollar birbaşa xarici investisiya qoyulub. Təkcə ötən ilin doqquz ayında qeyri-neft sektoruna qoyulan sərmayələrin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16,5% artaraq, 579,3 milyon dollar təşkil edib. Bütövlükdə isə həmin dövrdə ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların həcmi 8% artaraq, 3,6 milyard dollara çatıb ki, onun da 83,5%-i neft-qaz sektoruna yönəldilib.

Onu da qeyd edək ki, ötən ilin 11 ayında Azərbaycanda ÜDM real ifadədə 5,3% təşkil edib. İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu il ÜDM-in 3,9% artacağı gözlənilir. Qeyri-neft sektorunda bu artım 5% təşkil edəcək. Ötən il 6,2% olan orta illik inflyasiya isə bu il də yəqin ki, artacaq.

Bir sözlə, 2021-ci il hər iki ölkə üçün yetərincə çətin olub. Onların hər biri (üstünlük Azərbaycanda olmaq şərtilə) bu və ya digər şəkildə postmüharibə vəziyyətindən çıxmaqda və bölgədə (fərqli səviyyələrdə olsa da) dayanıqlı təhlükəsizlik sisteminin bünövrəsini qoymaqdadır.  
Qarşıda nəqliyyat-logistika layihələrinin reallaşdırılması var. Azərbaycan özünün əsas hissəsinin Naxçıvanla birləşdirilməsi, daha sonra isə Türkiyə, İran, Rusiya və digər ölkələrlə əlaqələrin qurulması üçün Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bu dəhliz faktiki olaraq, Avropa ilə Asiya arasında bənd olacaq, Cənubi Qafqazda nəqliyyat inteqrasiyasını dərinləşdirəcək və demək, buraya əlavə maliyyə axınına səbəb olacaq.

Məlumdur ki, “pullar sakitliyi, böyük pullar isə böyük sakitliyi xoşlayır”. Ehtimal etmək olar ki, yola saldığımız il səs-küylü olsa da, Cənubi Qafqazda nisbi sakitliyin və yeni həyatın başlanğıcıdır.

Müəllif: İrina Corbenadze

(Rus dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: ROSBALT

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Ən çox oxunanalar