Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çindən gələn yeni bəlalar dalğası - Qərb bazarını itirən Pekin hara yönəlir?..

Çin dövlətinin mənfəət və artım arzusu artıq dünyanı yeni bir iqtisadi böhrana sürükləməyə başlayıb...

Evren Devrim Zelyut
“Yeniçağ” qəzeti, Türkiyə, 21 dekabr 2020-ci il

Dünya Çində başlayan epidemiya ilə mübarizəsini davam etdirir. Ancaq Çindən gələn problemlər qarşıdakı dövrdə yalnız virusla məhdudlaşmayacaq. Çin dövlətinin mənfəət və artım arzusu artıq dünyanı yeni bir böhrana sürükləməyə başlayıb. Yüksək artım göstəricilərinə öyrəşən Çin, əslində deyilən qədər günahsız deyil. Başqa sözlə, hər fürsətdə Kommunist Partiyası ideologiyasına istinad edərək hüquq, qanun, ədalət və kollektiv inkişaf barədəki çıxışlarının, əslində boş olduğunu görürük. Eynilə qərblilər kimi çinlilər də “borc ver, asılı et” strategiyası ilə hərəkət edirlər. Çinə yaxın olan bir türk media quruluşunun sözlərinə görə, çinli səlahiyyətliyə niyə Türkiyəyə daha çox yardım göstərmədiklərini soruşub və maraqlı bir cavab alıb: Bizim qazancımız nə olacaq?

Çinli adam, əslində, düzgün cavab verib. Təəssüf ki, hazırda beynəlxalq müstəvidə ən vacib olan şey maraqlardır. Həqiqət və ya etik dəyərlər çox da vacib deyil. Bəs Çin dövləti üçün öz maraqları bu qədər vacib olduğu halda, Türkiyə nələr edir? Türkiyənin hər il 20 milyard dollar verdiyi bu ölkə ona viza belə vermir. Üstəlik, Türkiyə verdiyi pulun əvəzini nə siyasi, nə də iqtisadi sahələrdə ala bilir. Çinə bir qutu albalı, bir vaqon da mal göndərərək ədalət və nizamdan danışmaq olmaz.

İndiyə qədər vurğulamaq istədiyimiz məsələ Çin dövləti ilə münasibətləri pozmaq deyil. Türkiyə FETO, F-35, CAATSA kimi mövzularda Amerikaya səsini qaldırdığı kimi, uyğur tükləri və ədalətsiz xarici ticarət mövzusunda da Çinə səsini çatdırmalıdır. İki millətin ticarət əlaqələrində türk xalqının istismarına əsaslanan ədalətsizlikdən əl çəkib, iki xalqın rifahına əsaslanan yeni bir səviyyəyə keçmək lazımdır. Yalnız bundan sonra “kollektiv anlayışın” sözdə deyil, mahiyyətdə olduğuna inana bilərik.

Mövzu Çin olduqda, təbii ki, Türkiyənin bu ölkə ilə münasibətlərinə toxunmadan keçə bilmərik. Lakin ümumilikdə, Çinin yaratdığı yeni qlobal risk tamamilə maliyyə məsələsidir.

Çin dövlət firmaları bu günə qədər Qərb, xüsusən də Amerika firmalarına söykənərək qarşılıqlı fayda prinsipi əsasında artımlarını təmin etdilər. Qərblilər xərcləri azaldaraq yüksək qazanc əldə etdilər, Çin isə Qərb bazarlarına çıxmaq şansı əldə etdi, texnologiyasını köçürdü və nəhəng bir kənd olan Çini inkişaf etmiş bir ölkəyə çevirmək şansı əldə etdi. Bunu qismən də olsa bacardılar. Çində rifah artdı və yoxsulluğu orta gəlirli qruplar əvəz etməyə başladı.

Ancaq Amerikanın qarşılıqsız dollarlarının Çinin əlində yığılmağa başlaması amerikalılar üçün həyəcan təbili çaldı. Çünki bu balanssız maliyyə axını çinlilərə bir müddət sonra Amerikada istədikləri kimi hərəkət etmək imkanı verə bilər. Beləliklə, Amerika Çindən mal almağı məhdudlaşdırdı və Çinə verdiyi dollarları öz ölkəsində saxlayaraq gələcəyini təhlükəsiz vəziyyətdə saxlamağa başladı.

Amerikanın isti dollarlarına öyrəşmiş Çin şirkətləri də Amerikanın maliyyə, real iqtisadi və siyasi gələcəyini qoruyan və “Trampın ticarət müharibələri” olaraq da bilinən bu həmlə ilə nəğd pul qıtlıqdan əziyyət çəkməyə başladılar. Bunun üstünə gələn epidemiya isə şirkətləri daha da çətin vəziyyətdə saldı.

Çində avtoritar bir partiya rəhbərliyi var. Demokratiyadan uzaq olan hər ölkədə göründüyü kimi, maliyyə məlumatları da aydın və qəti deyil. Lakin Çin firmalarının borclularla bağlı sistemi iqtisadçıların gözündən qaçmır.

Çinli firmaların ödənişləri, əslində, 2020-ci ilin ilk üç rübündə 20% azalaraq 85,1 milyard yuana (13 milyard dollara) düşüb. Bunda hökumət tərəfindən verilən pandemiya dəstəyinin də rolu böyükdür, lakin şirkətlər bu dəstəyə baxmayaraq, zəifləməyə davam edirlər.

ABŞ da zərbə ala bilər

Yüksək səviyyəli çip istehsalçısı olan “Tsinghua Unigroup Co.” noyabr ayında 1,3 milyard yuanlıq yerli istiqrazını ödənişə çevirdikdən sonra 450 milyon dollarlıq istiqrazı geri ödəyə bilməyəcəyini açıqlayıb.

Ödəmə riski yalnız bu firmada da deyil, “BMW” ilə əlaqəli bir avtomobil istehsalçısı “Brilliance Auto Group Holdings Co.” və AAA kredit reytinqinə sahib dövlət şirkəti “Yongcheng Coal & Electricity”də də görülüb. Şirkət istiqraz buraxsa da, defolt vəziyyətinə düşüb.

Bəzi fikirlərə görə, Çinin dövlət ehtiyatları bu yanğının qarşısını almaq üçün yetərli ola bilər. Lakin problem budur ki, həm pandemiya, həm də Amerika siyasətlərinə görə bu defolt fəlakəti qarşıdakı dövrdə daha da yayılacaq. Digər tərəfdən, yeni prezident Bayden Çinin Amerika bazarlarını yenidən işğal etməsinə imkan verəcək qədər sadəlövh deyil. Başqa sözlə, məqalənin əvvəlində qeyd etdiyimiz kimi, Trampın siyasəti dəli bir prezidentin fikri deyil, əslində, Amerika dövlətinin özünü qorumaq refleksi idi və bu vəziyyət eynilə davam edəcək. Beləcə də, Çin şirkətləri defolt vəziyyətə düşəcəklər. FED-dən Çinə çəkilən dollar xətti xarici ticarət yolundan keçdiyinə görə indi bağlıdır.

Digər bir məqam isə Çinin 3 trilyon dollarlıq ehtiyatına qarşı, sahib olduğu istiqraz bazarının (borc bazarı) böyüklüyünün 15 trilyon dollar olmasıdır. Buna görə də, onun Qərb bazarlarına girişi artıq əvvəlki qədər asan olmayacaq.

Bəziləri “Amerika da bu işdən bir zərbə alacaq” deyə bilər. Bəli, Amerikada firma xərcləri artaraq inflyasiyaya gətirib çıxara bilər. Lakin bununla birlikdə, məhsuldarlıq, texnologiya və qlobal bazarlarda Qərb şirkətlərinin üstünlüyü olduğu üçün bu təsir gözlənildiyi kimi dramatik nəticələr verməyəcək.

Pandemiyadan sonra, 2021-2022-ci illərdə Çin Fond bazarlarında kəskin azalmalar bazarların öz borc zəncirlərini etiraf etməsinə səbəb olacaq. Bir sözlə, Çin çətin vəziyyətdədir və qarşısında şiddətli bir rəqabətə hazırlaşan Avropa və Amerika var. Bu vəziyyətdə Çin qazancının bir hissəsini geri qaytarmalı olacaq. İşin sonunda Çin firmalarının birja və bank kanalı vasitəsilə qlobal sistemə ixrac etdiyi qlobal defolt böhranını görəcəyik. Bu böhrana ən hazırlıqsız şəkildə tutulacaq ölkələr isə təbii ki, Türkiyə kimi borcla qayıdacaq. Çünki 13%-lə aldığı borcu ödəyə bilməyib, 20%-lə quran şirkətlər və bunu reallaşdırmağa hazırlaşan bir rəhbərlik var olduqca böyük bədəllərin ödənilməsi heç təəccüblü olmayacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Politoloq: Gürcüstanda inqilabı istisna etmirəm...

Ən çox oxunanalar