Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana ən çox kredit verən təşkilatlar

Dünya Bankı, Avropa və Asiya bankları...
Azərbaycan çoxsaylı xarici maliyyə-kredit təşkilatları ilə əməkdaşlıq edir

Müstəqilliyimizin ilk illərindən başlayan əməkdaşlıq çərçivəsində həmin təşkilatlar Azərbaycana çoxsaylı və böyük həcmli kreditlər ayırıblar.

Maliyyə Nazirliyinin məlumatına görə, 01 iyul 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 milyard 600,2 milyon ABŞ dolları (16 milyard 320.3 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21.9 faiz təşkil edib.

Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Azərbaycan ən çox krediti hansı təşkilatlardan alır, qısa nəzər yetirək

Asiya İnkişaf Bankı ilə əməkdaşlıq

Oktyabrın 21-də prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib. Görüş zamanı verilən məlumatdan aydın olur ki, Azərbaycan 1999-cu ildən bu bankla əməkdaşlığa başlayıb.

Ötən dövr ərzində Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana 4 milyard dollardan yuxarı kreditlər və maliyyə zəmanətləri verilib, bundan başqa, texniki dəstək göstərilib. AİB-in ayırdığı kreditlərin 1 milyard dollardan çoxu Cənub Qaz Dəhlizinə verilib.

Bununla yanaşı, bank tərəfindən bir sıra digər infrastruktur layihələrinə, o cümlədən elektrik enerjisi layihələrinə təqribən 250 milyon dollar, dəmir yolu layihələrinə 400 milyon dollar həcmində kreditlər ayrılıb. 2016-cı ildə makroiqtisadi sabitliyin dəstəklənməsi məqsədilə bankın qısa müddətdə ayırdığı 500 milyon dollar məbləğində kontrsiklik krediti ölkəmiz artıq bu il vaxtından xeyli əvvəl qaytarıb.

Azərbaycan Asiya İnkişaf Bankı ilə 2019-2023-cü illər üçün əməkdaşlıq strategiyası hazırlayır.

Dünya Bankı bizə nə qədər kredit verib?

Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlığa başlayıb. 25 ildən yuxarı tərəfdaşlıq müddəti ərzində bankın ölkəyə yatırdığı investisiyaların ümumi məbləği 50 layihə çərçivəsində 3,5 milyard dollardan artıq olub. Bu layihələr dövlət sektorunun idarəçiliyi, səhiyyə və təhsil sistemlərindən tutmuş maliyyə və infrastruktur kimi müxtəlif sektorları əhatə edir. Bankla əməkdaşlıq birgə strategiya olan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ) üzərində qurulur. Hazırkı ÖTÇ 2015-2020-ci illəri əhatə edir.

Hazırda Dünya Bankı Azərbaycanın dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə və Azərbaycan Dəmir Yolları QSC-nin institusional potensialının müasirləşdirilməsinə yardım edir. Bank həmçinin 2001-ci ildən etibarən Azərbaycanın yol sektorunda müxtəlif layihələri maliyyələşdirir. Dünya Bankı tərəfindən Azərbaycanın nəqliyyat sektoruna 1,8 milyard dollardan artıq investisiya yatırılıb.

Böyük Bakının Su Təchizatı Sisteminin Yenidənqurulması Layihəsi bankın Azərbaycanda ilk layihələrindən idi. Çirkab sutəmizləyici qurğuların bərpası və şəbəkənin təmir olunması ilə bu layihə Bakının supaylayıcı sisteminin tamamilə çökməsinin qarşısını alıb. Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi yeni su və kanalizasiya şəbəkələrinin tikintisi, su və çirkab sutəmizləyici qurğuların inşası və bu sahədə kommunal xidmət müəssisələrinin maliyyə dayanıqlığının gücləndirilməsinə yardım edir. 1992-ci ildən etibarən bu sektora 700 milyon ABŞ dollarından artıq vəsait yatırılmışdır.

Bank Azərbaycan Dəmir Yolları QSC, Azərsu ASC və digər kommunal dövlət müəssisələri daxil olmaqla, onların Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun avtomatlaşdırılmış mühasibat sisteminə keçidinə yardım edir.

Dünya Bankı Azərbaycanda nərə balığı kürüsünün istehsalı potensialının bərpası sahəsinə Xəzər regionunda ən iri və müasir balıqartırma zavodunun tikintisinə; Abşeron yarımadasında civə və neftlə çirklənmiş konkret sahələrin təmizlənməsinə, o cümlədən ətraf mühitin idarə olunması sahəsində Azərbaycanın tənzimləyici və institusional potensialının artırılmasına dəstək verib. Dünya Bankı Təhlükəli Tullantılar Poliqonunun tikintisini dəstəkləmişdir, bu poliqon Azərbaycanda yeganə belə müəssisədir və beynəlxalq standartlara tam cavab verir. Bank Bakının Balaxanı qəsəbəsində ən iri bərk məişət tullantıları ərazisinin təmizlənməsi layihəsini maliyyələşdirib.

Avropa banklarından aldıqlarımız

Azərbaycan uzun illərdir Avropa Yenidənqurma və İnkişaf Bankı ilə də sıx əməkdaşlıq edir. Bu bankdan alınan kreditlərin həcmi 3 milyard dollara yaxındır.

2016-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankı “Avtomobil yollarının təmiri və bərpası” layihəsi üzrə 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılması haqda Azərbaycan hökumətinin müraciətinə müsbət cavab verib. Bu vəsait Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi magistral avtomobil yolunun birinci kateqoriyaya çatdırılmasına, yəni əlavə iki zolağın tikilməsinə yönəldilir.

Qurum 2017-ci ildə Azərbaycanın dövlət və özəl sektorunda 9 layihənin reallaşdırılmasına 456 milyon avro kredit ayırıb. 2016-cı ildə isə bank respublikada 9 layihənin maliyyələşdirilməsinə 63 milyon avro kredit ayırıb.

AYİB-lə münasibətlərdə proses birtərəfli olmayıb. 2016-cı ildə Dövlət Neft Fondu bankın səhm fonduna 100 milyon avro həcmində kapital yatırıb.

2017-ci ildə AYİB tərəfindən Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinin maliyyələşdirilməsinə 500 milyon dollar məbləğində kredit ayrılıb. 31 dekabr 2017-ci il tarixinə bankın Azərbaycanda 50 layihə üzrə cari portfeli 1 milyard 176 milyon avro məbləğində qiymətləndirilib. Bu vəsaitlərin 61 faizi energetika, 29 faizi infrastruktur, 6 faizi maliyyə, 4 faizi istehsala yönəldilib.

2016-cı ilin iyununda Azərbaycan 254.1 milyon ABŞ dolları (bankın kapitalının 0.2541 faizi) həcmində iştirak payı ilə Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) tamhüquqlu üzvü olub. Dekabrda isə bank 600 milyon dollarla TANAP layihəsinin maliyyələşdirilməsində iştirak qərarını təsdiqləyib.

Qeyd edək ki, son illərdə xaricdən kredit alınması prosesində artım qeydə alınıb. İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, yalnız 2016-cı il ərzində 14 beynəlxalq maliyyə institutu ilə əməkdaşlıq çərçivəsində toplam məbləği 8 milyard 762 milyon ABŞ dolları dəyərində 44 layihənin icrası davam etdirilib. Bunların 7-nin icrasına 2015-ci ildə başlanıb. Həmin layihələr üzrə cəlb olunan kreditin dəyəri 1,5 milyard dollara çatır.

1 yanvar 2018-ci ildə xarici dövlət borcu 9 milyard 398,3 milyon ABŞ dolları, onun ÜDM-ə nisbəti 22,8 faiz olub. Avqustda prezident tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına əsasən xarici dövlət borcunun 3 milyard 331,4 milyon dolları və ya 35,5 faizi xarici valyuta nominallı dövlət qiymətli kağızlarından, 5 milyard 510,4 milyon dolları və ya 58,6 faizi hökumətin birbaşa cəlb etdiyi kreditlərdən, 556,5 milyon dolları və ya 5,9 faizi isə xarici dövlət borcu hesab edilən şərti öhdəliklərdən ibarətdir.

Azərbaycanın xarici dövlət borcunun 45,1 faizi 1 yanvar 2018-ci ildən sonra 10 ilə qədər olan müddətdə, 51,2 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 3,7 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.(“Yeni Müsavat”)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Ən çox oxunanalar