Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Astrologiya elminə ulduz falı deyənlər var”


Astroloq Səbuhi Rəhimli: “Elə vəzifəli adamlar zəng vurub xahiş edirlər ki...”


1997-ci ildən bəri astroloji proqnozları ilə məşhurlaşan, “Qoroskop” qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli redaksiyamızın qonağı oldu.

S.Rəhimlinin bürclərə görə gündəlik astroloji proqnozlar verməsinin maraqlı tarixçəsi var. Müsahibimizin sözlərinə görə, 1996-1997-ci illərəd mətbuatda asrtologiyaya aid sırf elmi məqalələrlə çıxış edirmiş. 1997-ci ilin sonunda “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu S.Rəhimlini redaksiyaya dəvət edərək ondan bürclərə görə proqnoz verə bilmə imkanını xəbər alır. Sualı müsbət cavablandırdıqdan sonra S.Rəhimli həftədə 3 dəfə bürclərlə bağlı astroloji proqnozlar verir. İnsanların marağını cəlb etmiş bu rubrika get-gedə populyarlaşır və rəğbətlə qarşılanır. Həmin vaxtdan indiyədək - 17 ildir bu rubrika davam edir.

Beləcə, ümumi söhbətdən sonra Səbuhi bəylə müsahibəmizə start verdik.

- İnsanların inamı, güvəni onların sizə müraciətlərinə səbəb olur. Bu müraciətlər əsasən hansı xarakterli olur?

- Bəzən mənə deyirlər ki, bir gündə 3 proqnoz verirsən, üçü də düz çıxır. İnsanlar verdiyim proqnozlar silsiləsini izləyir, ona görə də bir çoxlarında fikir formalaşır ki, məndə öncədən görmə var. Xeyr, əsla elə deyil. Mən jurnalistəm. Bu iş isə mən hobbi kimi seçmişdim. Sadəcə insanların diqqətinin artması mənə stimul verdi ki, bu işi daha dərindən öyrənim. O vaxt mən proqnozları yazanda nə imzamı, nə də şəklimi qəzetə verirdim. Rauf bəy deyirdi ki, gəl kimliyini açıqlayaq, imtina edirdim. Sonra insanların suallarına cavab olaraq Rauf bəy dedi ki, proqnozları Moskvadan faksla alırıq. Açığı bu, mənə toxundu. Axı bu qədər əziyyət çəkirəm, niyə adımı açıqlamayım?! Sonra adım verildi, daha sonra şəkilim. Bundan sonra tanındım və artıq televiziyalar da məni dəvət etdi. Beləliklə, jurnalistlər müxtəlif məsələlərdə suallar verməyə başladı. Məsələn, Qarabağ məsələsi ilə bağlı, Günəş tutulması ilə bağlı və sair. Mən də məcburən bu sahələrə dair incəlikləri mənimsədim.

““Saat qoroskopu deyilən bir anlayış var. Sən demə, hər iki saatdan bir planetar sürüşmə baş verir. Bu da insanın yaşayışında çox şeyə, hətta səhhətə belə təsir edir”

Hazırda şəxsi kitabxanamda astrologiya elmi ilə bağlı 200-dən çox kitab var. Bu kitablar əsasən rus və Azərbaycan dilindədir. Bəzən elə olur ki, mənə lazım olan informasiya ingilis, yaxud fransız dilində qələmə alınmış kitablardadır. Onda həmin hissələri özəl olaraq tərcümə etdirirəm.

- Maraqlıdır, astrologiyanı peşə kimi qəbullanmağınız necə oldu? Azərbaycan cəmiyyətində sizin bu peşənizi necə dəyərləndirilir?

- Düzdür, astrologiya artıq peşəmə çevrilib. 20 ildir ki, bu işlə məşğulam və 15 ildir "Qoroskop" qəzetinin baş redaktoruyam. Bu peşəyə marağım Sovetlər Birliyi dağıldıqdan sonra yarandı. Belə ki bir çox elmlər kimi astrologiyanın da inkişafı müstəqillik qazandığımız illərdən sonra formalaşdı. Başladım astrologiyanı araşdıraraq, öyrənməyə. Mənə maraqlı gəlirdi ki necə ola bilər axı bir bürc altında dünyaya gələn insanlardan biri alim, biri cinayətkar olur?! Yaxud əkiz uşaqlar doğulur, onlar bir-birindən necə bu qədər fərqlənə bilir?! Bu kimi suallara cavab tapmaq üçün çoxlu elmi ədəbiyyatlar əldə etdim. Məlum oldu ki, saat qoroskopu deyilən bir anlayış var və sən demə, hər iki saatdan bir planetar sürüşmə baş verir. Bu da insanın yaşayışında çox şeyə hətta səhhətinə belə təsir edir. Bunları öyrəndikdən sonra isə insanların addımları, həyatları ilə bağlı verdiyimiz proqnozların 30-40 faizinin doğru çıxdığı məqamı şübhəsizdir. Düzü, bundan artıq proqnoz da vermək olmaz, çünki gündəlik yazı imkanımız 3-4 cümlədən ibarətdir.

- Bəzən proqnozlarınız tövsiyə xarakteri daşıyır. Bu, şəxsi mövqeyinizdir?

- Bəli. Çünki, bəzən elə olur, həmin bürc üçün neytral gündür. Elə günlərdə insanların ziyarətgaha getmələrini, qohumlarına baş çəkmələrini məsləhət görürəm. İnsan rayona gedib, baba-nənəsini görəndə, yaxınlarına baş çəkəndə, təbiətlə baş-başa qalanda ruhu təzələnir. Çünki, gündəlik standart iş rejimi adamı bezdirir.

- Astrologiya elmi adı ilə işbazlıq edənlər də az deyil. Belələrinə münasibətiniz necədir?

“Bir qadın var, müəllimədir. İnanın, kartof almağa gedəndə də zəng vurub məndən soruşur ki, hansı bazardan alım?”


- İlk növbədə onu deyim ki, bəzən jurnalistlər də qəribə suallar verir. Verilişə çağırıb qara pişikdən, gözdəymədən danışırlar. Mən elə suallara cavab vermirəm. İnsanlar arasında hələ də astrologiya elminə ulduz falı deyənlər var. Hətta bəzi qəzetlər də ulduz falı adı altında bürclərə görə proqnozlar yazırlar. Bəli, özləri oturub redaksiyada yazırlar. Ya da Rusiya qəzetlərindən tərcümə edirlər. Amma unudurlar ki, ölkələr arasında nə qədər böyük fərqlər var. Biz Əqrəb bürcü altında bərqərarıq, onlar isə sutökən. O cümlədən, mental məsələlərdə də fərqlər var. Elə dələduzlara gəldikdə isə onlar pul qazanmaqla yanaşı, həm də insanları aldadırlar. Mən heç vaxt özümü reklam etmirəm, çünki mən “klient” qəbul eləmirəm. Amma dələduzlar puldan sarı nəyə desən gedirlər. İnsanlar elələrinə aldanmasın. Bir də onu bilsinlər ki, bu elmə dair məqamlar dində də var. Necə ki, yuxu elmi Yusif peyğəmbərə verilmişdi, göydəki elmlərin yerə təsirini də bilən Nuh peyğəmbərin babası İdris peyğəmbər idi.

- Sizin bürclərə görə illik proqnoz verən kitablarınız da satışdadır. Bəzi insanlar buna o qədər aludə olub ki, hər gün kitabı oxumasa əli işə yatmır. Bu maraq isə heç şübhəsiz asılılıq yaradır. Sizcə o insanların həyatı ilə oynamırsınız?

- Hər səhər duranda insanlar bir iş üçün evdən çıxır. “Necə, nə cür olacaq?” - deyə, düşünürlər. Bizdə nə qədər desələr də ki, demokratik cəmiyyət var, boş sözdür. Bizdə hələ keçid dövrü bitməyib. Buna görə də insanlar çoxu bədbin düşüncəyə qapılır. Hətta pulu, vəzifəsi olan adamların da qayğıları az deyil. Mən isə bütün bunları bilərək neqativ ruhlu nəsə yazmıram. Hər kəsin içində qeyri-müəyyənlik, bir nisgil, bir ah var. Mənəvi ağrılara mübtəla olmuş cəmiyyət üçün mənfi proqnozlar verilsə daha betər olar. Ümumilikdə isə hər nə olur olsun, həddindən çox aludə olmaq olmaz. Bir qadın var, müəllimədir. Hətta kartof almağa gedəndə də zəng vurub məndən soruşur ki, hansı bazardan alım? Bu, təbii ki, anormal haldır.

Düzü bir maraqlı məqamı da sizinlə paylaşmaq istəyirəm. Buna şok, sensasiya da demək olar. Belə ki, bəzən 1 ay özümə istirahət verib, “Yeni Müsavat”a yazmıram. İnandırım sizi, çox yüksək vəzifəli şəxslər zəng vurub deyirlər ki, məhz o qəzetə yaz. Hətta bəzən başqa qəzetə yazsam da deyirlər, yox, oranı boş qoyma, məhz “Yeni Müsavat”a yaz.

- İllik siyasi proqnozlarınız da olur. İnsanların buna münasibəti necədir?

“Hansısa bir kənddə 5-6 cəsarətli adam məişət problemləri ilə bağlı etiraz edən kimi onları elə zərərsizləşdirirlər ki, digərlərinə də görk olur”  


- Siyasi proqnozlarımın böyük hissəsi özünü doğruldur. İlin əvvəlində verdiyim 25 proqnozdan 20 dən çoxu öz təsdiqini tapır. İnsanlar bunu başqa qüvvələrlə deyil, elmlə təhlil etməlidirlər. Çünki, dünyanın inkişaf etmiş ölkələrində tibbi astrologiya deyilən fənn tədris olunur. Bununla insanların psixologiyalarını, hansı gündə hansı tibbi müayinə edilməyini öyrənirlər. Mən elmə əsaslanaraq 2071-ci ildə olacaq Günəş tutulmasını hesablayıb, deyə bilərəm. Bir məsələni deyim ki, 2012-ci ildə dekabrın 21-i mövzusunda (həmin gün Yerdə həyatın dayanacağı haqda gəzən söz-söhbətləri nəzərdə tutur – F.A.) heç kəs danışmırdı. Özünə öncəgörücü deyənlərin hamısı susmuşdu. Mən elmi müddəalara əsaslanaraq açıqlama verdim və ondan sonra insanlar təsəlli tapdılar.

- Tələbələriniz var?

- Yox, tab gətirən olmur. Bu elm ağırdır. Çünki astrologiya özündə həm humanitar, həm də dəqiq elmləri cəmləşdirir. Bəziləri pul qazanmaq niyyəti ilə öyrənməyə gəliblər. Niyyətləri və imkanları bəlli olduqdan sonra yanımda qalmayıblar, təbii ki. Amma deyim ki, Tibb Universitetindən bəzən gələnlər olur. Onları öyrədirəm.

- İllərdir “Yeni Müsavat” qəzeti ilə əməkdaşlıq edirsiniz. Eyni zamanda "Lider" telekanalında çalışmısınız. Bu neytrallığı qorumaq sizin üçün çətin deyil ki?

- Mənim öz əqidəm var. Təbiətcə narazı adamam. Qarabağda vuruşmuşam, amma hələ layiqi imtiyazlarıma sahib deyiləm. Deyirlər rüşvət ver, lap sənə ev də verək. Mən isə həyatı boyu heç kəsə rüşvət verməmişəm, verməyəcəm də. Mən artıq deyil, haqqımı tələb edirəm.

- Azərbaycan cəmiyyəti ilə birbaşa əlaqədəsiniz. Bu günkü  cəmiyyəti necə xarakterizə edə bilərsiniz?

- Cəmiyyət bir quruluşdan digərinə keçəndə, bir sistem digəri ilə əvəzlənəndə həqiqətən öz yerini itirir. SSRİ təzə dağılanda Azərbaycanın tanınmış professorları bazarda tərəvəz, göyərti satırdı. Çörək tapılmırdı. İqtisadi böhran, dərəbəylik ölkəni başına almışdı.
Orta məktəb müəllimlərinin hamsı taksi sürürdü, pul yox idi. Belə olanda insanların inamı tükənir, nostalji hisslərə qapılır. Amma məsələ budur ki, görürlər ki, bu da reallaşmayacaq. Bunun da üstünə Qarabağ müharibəsini, torpaq itkisini, xarici ölkələrin təsirini, yalançı vədləri gəlsək insanların inamına nə qədər böyük zərbə vurulduğunu görə bilərik.

Bu gün televiziyalarımız əxlaqsızlığı təbliğ edir. “Azərbaycan namusum mənim” deyənlərin adları cəmiyyətdə necə pis əməllərdə hallanır, bunu hamı bilir. Mənəvi, əxlaqi dəyərlər yoxdur. Olsa da epiloqu, proloqu məddahlıqla başlayır, məddahlıqla bitir.

Məsələ ondadır ki, SSRİ zamanı mövcud olan kolxoz, sovxozların alternativi təqdim edilmədən birdən ləğv olundu. Bu da böyük boşluq yaratdı. Bunun üzərinə bir də müharibədə dünyasını dəyişən, şikəst olan gənclərimizi gəlsək, görün necə ağır bir tablo cızılır. Bu gün həm də sürətlə cavan qızlarımızın yoldan çıxarılması gedir. İş yerlərində yazılır ki, 25 yaşadək qızlar işə tələb olunur. Onlar həqiqətənmi iş üçün lazımdır?! 25 yaşdan yuxarı olanlar o işi bacarmaz?!

Bu gün həm də fərqli fikir deyənləri bir-bir dənləyirlər. Hansısa bir kənddə 5-6 cəsarətli adam məişət problemləri qabardan kimi onları elə zərərsizləşdirirlər ki, digərlərinə də görk olur. Artıq kimsə nəsə demək istəyəndə evdəkiləri imkan vermir ki: “Gördün, filankəs də danışırdı, axırı nə oldu?!" Beləcə, insanları tədricən cılızlaşdırılar. Son illər bir fikir də insanlara təlqin olunub. Artıq insanlar deyir ki: “Əşi Qarabağ getdi”.
Digər bir klişə isə odur ki, insan ölümü ucuzlaşıb. Qəsdən ağır cinayətlər barədə xəbərləri yayırlar ki, adiləşsin.

Belə olan halda da insanlar söyür ki, bizim millət elədir, belədir. Nəticə isə odur ki, insanlara ruhi psixoloji sarsıntılar təlqin olunur. Bunu aradan götürmək üçün Qarabağı almaqdan daha çox zaman tələb olunacaq.

İnsanlarda çox uğurla ümidsizlik halını yaradıblar. Xüsusən də gənclərdə. Həyata bu gün AzTv-nin pəncərəsindən baxmaq olmaz. Bugünkü Azərbaycan reallıqları televiziyalarda əks olunmur.

Bütün bunlara baxmayaraq, cəmiyyəti düzəltmək üçün lazım olan “komponentlər” həmişə var.

Biz də gənc olanda diskotekalara gedib, avaralıq etmişik. Amma Qarabağ müharibəsi zamanı, Xocalıdan sonra sanki bir oyanma baş verdi. Özümüz könüllü döyüşə getdik. Yəni insanlarda bu ruh halını yaratmaq gərəkdir. İnsanlar mübariz, inamlı olmalıdır. Reytinq üçün münaqişələrə, ucuz qalmaqallara getmək olmaz.

Hər kəsə xoş gün diləyirəm və deyirəm ki, unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar