Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu boyda dünyada yoxam elə bil" - Paşa Talıblı

Paşa Talıblıdan bir neçə şeir...

Çağdaş poeziyamızın istedadlı ismlərindən olan, hal-hazırda qəriblikdə- Rusiya Federasiyasında yaşayan şair Paşa Talıblıdan bir neçə şeir:


Ən içməli su...

...yazılmamış son alındı -
nə tökülsə su alındı!
...yorğundu, könlüyalındı
sənə yazdığım şerlər.

...ya özüdü, ya xasıdı,
bir buludun yaxasıdı,
balıqların yuxusudu
sənə yazdığım şerlər.

...yurddusa - köçməlisidi,
günahsa - keçməlisidi,
suyun ən içməlisidi
sənə yazdığım şerlər.

Bir hərfi dumanı deşir,
bir hərfi durnanın döşü...
...İlahi, yadına düşür
sənə yazdığım şerlər.


***
(Ömrüm boyu içimdəki qulu öldürməyə çalışdım.)
Anton Pavloviç Çexov

Tanrım, kimdi məndə gizlənən belə?!
...dünya darısqaldımı, sıxdımı...nədi?
Bu kimdi yaşayır mənim içimdə;
öz evi-eşiyi yoxdumu...nədi?

Kimdi?...nədən qaçır kimdən gizlənir?
Qırağa çıxmağa yol yoxdu məndən?
Qısılıb qalmışam bir qıraqdaca;
heç mənim özümə yer yoxdu məndə!

Ən yaxşı yer mənəm - qaranlığımnan -
qaçıb gizlənməyə ən yaxşı yerəm!
Kimdi...göndərmisən mənim üstümə-
Tanrım, göndərmisən ən yaxşı yerə!

Bu yadnan bir yerdə günüm qaradı...
Necə durum belə günün içində?
Mənə də bir yanda yer göstər, Tanrım-
mənə də yer elə mənim içimdə!


Gözləmək bir peşəmi...

...belə nəyi gözləyirəm?
Mənim gözlədiyim nədi?
...bu ömrün-günün altında
mənim gözlədiyim nədi?

...gözüm qorxmur...gözləmək var!
...acmı-toxmu...gözləmək var!
...hələ çoxmu gözləmək var?
Mənim gözlədiyim nədi?

...çətindi gözləyən kəsə!
...yüyürdüm hər gələn səsə!
...gələnə oxşamır nəsə!
Mənim gözlədiyim nədi?


Ayaq izlərim köçürdü...

...gözüm hər yandan küsmüşdü,
bir dağ yolunu kəsmişdi.
...dəli rüzgar da əsmişdi-
keçənə güzəşt deyərlər.

Birdən bir ağrı keçirdim;
...səhradan? Hardan keçirdi?
...ayaq izlərim köçürdü!
Keçənə güzəşt deyərlər...

...odummu?...küləşdə qaldı!
...bir gözem günəşdə qaldı!
...keçənlər güzəştə qaldı!
Keçənə güzəşt deyərlər...


***
(Bir tanınmış şairə)

Çox tanınmaq həyacandı, deyirsən...
Çox olanı çox da anıb, neylədin?
...sən də dövrün çox tanınan şairi!
Canım-gözüm, çox tanınıb,
neylədin?

...əsrin keçər, bitər qeylü-qalların!
...xanım-xatın kəcavələr keçərdi.
...qalvı dağam, kəlləm az-az qarsızdı,
sən tərəfin dağları da keçəldi.

Qalvı dağa qar qalandı, qar qalar...
Yastı dağın yastıqları- alaçıx!
...ay dövrünün çox tanınan şairi,
görək kimin yazdıqları qalacaq.

Gündə az-az artırıram özümü...
...xəzəl altda xəzinələr artırdı!
Gündə az-az artmağımla artığam!
Camım-gözüm, nəyin məndən artıqdı?


Birtərəfli dialoq...

...bələdçilik elə mənə!
Kimdən əskik, nədən başam?
...sən necə mən də eləcə;
qara daşsan, mən də daşam!

...tox görünən göy üzü də
ac suyun üzü kimidi.
...bu gecə səni düşünmək
yoxluğun özü kimidi.

Lap heçlik də demək olar...
...yalnızlığın ya son həddi!
...çəkdiyim necə dərddisə -
düzəlməz yüz ilə qəddim!

Bədəni dolduran cansan...
Saxla yadında-demişdim!
...səni belə tanıyıram-
falçı qadın da demişdi!


Görünməzlik...

...daha baxan yoxdu duruşuma da,
neylim, baxan yoxdu yerişimə də!
Görmək istəmirlər nədi, bilmirəm...
...daha göz yumurlar hər işimə də!

Daha keçən yoxdu mənim əlimə,
daha ələ keçmir yaxam elə bil!
Məni görən yoxdu bu məmləkətdə,
bu boyda dünyada yoxam elə bil!

Gözə gəlməlisən - deyirlər mənə...
...Yaradan yaradıb bu qanda, ətdə!
Amma görünmürəm bu boy-buxunla,
məni görən yoxdu bu məmləkətdə!

Bu boyda dünyada yoxam elə bil...
Məni bu duyğudu yandırıb-yaxan!
...könülsüz baxana mən görünmürəm,
məni görə bilmir könülsüz baxan!

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

pia.az 


Etiket: Paşa Talıblı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Bu il əlilliyi olan şəxslərə 1500-ə qədər reabilitasiya vasitəsi təqdim edilib

Ən çox oxunanalar