Mariya Zaxarova Rusiyanın Moldovada çevriliş etmək planları ilə bağlı iddiaları əsassız bəyanatlar adlandırıb...
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldova prezidenti Maya Sandunun Rusiyanın bu ölkədə dövlət çevrilişi hazırlaması ilə bağlı bəyanatlarını “tamamilə əsassız” adlandırıb.
Polqion.info xəbər verir ki, Zaxarovanın bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
“Biz Rusiyanın Moldova Respublikasındakı vəziyyəti qarışdırmaq istəyi ilə bağlı iddiaları qətiyyətlə rədd edirik. Qərb ölkələrindən və Ukraynadan fərqli olaraq, biz Moldovanın və dünyanın digər ölkələrinin daxili işlərinə qarışmırıq”, deyə Rusiya XİN-nin nümayəndəsi bildirib.
Zaxarova qeyd edib ki, Ukrayna Rusiyanın Moldovada sabitliyi pozmaq planı haqqında dezinformasiya məlumatları yayır ki, Kişnyovu Moskva ilə sərt qarşıdurmaya cəlb etsin.
“Öz növbəsində, Moldova hakimiyyəti Rusiya təhlükəsi mifindən istifadə edərək, Moldova vətəndaşlarının diqqətini daxili problemlərdən yayındırmaq, müxalif fikirlərə və siyasi opponentlərə qarşı mübarizəni gücləndirmək üçün bu saxtakarlığa yol verirlər”, deyə Zaxarova bildirib.
Qeyd edək ki, dünən, fevralın 13-də prezident Maya Sandu Rusiyanın Moldovada hərbi diversantların cəlb edilməsi ilə çevriliş etmək niyyətində olduğunu bəyan edib. Dövlət başçısının sözlərinə görə, çevriliş planı inzibati binalara hücum və girov götürülməsini nəzərdə tutur. Sandunun sözlərinə görə, müvafiq məlumat Ukrayna kəşfiyyatından əldə edilib.
Həmçinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov da Rusiyanın Moldovada hazırladığı dövlət çevrilişindən danışıb. Onun sözlərinə görə, Moskva zəlzələdən sonra Türkiyəyə gedən və xilasedicilər adı altında orada olan çeçenləri dövlət çevrilişinə cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, fevralın 10-da baş nazir Nataliya Qavrilitsanın rəhbərlik etdiyi Moldova hökuməti istefa verib. Sandu baş nazir postuna müdafiə və milli təhlükəsizlik məsələləri üzrə müşaviri, keçmiş daxili işlər naziri Dorin Receanın namizədliyini irəli sürüb.
Moldova hökumətinin istefası ölkədəki enerji böhranı fonunda baş verib. Rusiya şirkəti ölkəyə qaz tədarükünü kəsməklə hədələdikdən sonra Kişinyov Rusiyanın “Qazprom” şirkətini enerji şantajında ittiham edib. “Qazprom” öz hərəkətlərini Moldovaya verilən qazın Ukraynadan taranzit olunmaması ilə əsaslandırıb.
Poliqon.info