Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uyğur türklərinin əsirlik tarixi necə başlayıb - Çin tarixində Sovet İttifaqının həyati rolu...

1930-40-cı illərdə Moskva Sovet nəzarəti altındakı iki qonşu dövlətlərin - Mancuriya və Şərqi Türküstan respublikalarının yaradılması prosesinə mane olurdu...

Vitaly Naumkin
“Şarkul Avsat” qəzeti, 3 fevral 2021-ci il

Bu günkü yazıda Çinin şimal-qərb bölgəsində 80-90 il əvvəl baş verən, lakin bu gün Yaxın Şərq də daxil olmaqla, bütün dünyadakı proseslərdə əks-sədasını hiss etdiyimiz hadisələrdən bəhs etmək istəyirəm. Bu hadisələr bu günkü siyasətçilər üçün də müəyyən mənada faydalı ola bilər.

Bu bölgədəki müsəlman əhali (əsasən Sincan ya da türkdilli uyğurların təmsil etdiyi Şərqi Türküstan), etnik çinli müsəlmanlar (çincə “Hui”, rusca “donqquanlılar” adlanan) və xüsusən də, bəzi qazax və qırğız qrupları ölkənin siyasi parçalanma dövrlərində tez-tez çinli avtoritar hakimiyyətlərə qarşı çıxıblar. Bir çox uyğur türkü və çinli huilər 19-cu əsrdən etibarən Rusiya imperiyasına qaçıb və Rusiyanın Mərkəzi Asiya ərazisində etnik azlıq qruplar şəklində yaşayıblar. Həmçinin, 1917-ci ildə bolşevik İnqilabından və 1917-1922-ci illərdə Rusiya Vətəndaş Müharibəsindən sonra Ağ Qvardiya ordusunun əsgərləri Sincanda özlərinə bir sığınacaq tapmışdılar. 1930-cu illərin əvvəllərində bu anti-bolşevik rus icmasının tərkibində 30 mindən çox adam var idi. O vaxt Çində davam edən vətəndaş müharibəsi Sincanda qeyri-sabitlik yaratdığı üçün bu vəziyyət Sovet İttifaqını narahat edirdi. Eyni zamanda, Sovet İttifaqının daima milli azadlıq hərəkatlarını, xüsusilə də kommunizm şüarlarını dəstəklədiyini də xatırlamaq lazımdır.

1930-cu ildə Sincanda əyalət qubernatoru və faktiki hökmdar olan Çen Şuzen tərəfindən yeni bəhanələrlə müsəlmanlara göstərilən təzyiqlərdən sonra qiyamlar baş qaldırmışdı. Çan Kay Şekin (Tayvanın sonrakı prezidenti) rəhbərlik etdiyi Çin Milli Ordusunda bölmə komandiri olan huili General Ma Çonyin də üsyançılar sırasına qatılmışdı. Sincandan çox da uzaq olmayan Nanjinqdəki Çin mərkəzi hökuməti qüvvələri isə yerli kommunistlər və Çinə nəzarət etmək istəyən yaponlarla müharibə apardığı üçün bu böhranla məşğul ola bilmirdilər. Türküstan türkləri və yapon hərbi məsləhətçiləri də üsyançılara kömək etdilər. Bu, birbaşa müdaxilə demək deyildi, lakin yenə də xarici faktorlar düşmən həmlələrində mühüm rol oynadı.

1931-ci ilin aprelində donqquan və uyğur qoşunları əyalətin cənubuna köçdükdə milli ordu birlikləri onları dayandırmağa çalışdı, lakin buna müvəffəq ola bilmədilər. Nəticə olaraq, radikallar da daxil olmaqla bütün qəzəbli üsyançılar intiqam almaq üçün başqalarını öldürməyə başladılar. Yerli hakimiyyətin üsyanı yatırmağa gücünün çatmadığı ortaya çıxdı. Ancaq gözlənilməz bir yerdən kömək gəldi. Sincanın şimalında yaşayan və böyük bir müharibə təcrübəsi olan rus mühacirlərindən ibarət qoşunlar yardıma gəldilər. General Ma Çonyinin komandanlığı altında donqquan və uyğur ordusu yüksək döyüş təcrübəsinə sahib olan Ağ Qvardiya ordusunun qalıqları ilə döyüşlərdən sonra geri çəkilmək məcburiyyətində qaldılar.

Bu qarşıdurmanın açıq bir dini tərəfi yox idi. Bölgədəki Çinli qonşularının aqibətini görən rus mühacirlər də eyni hadisələri yaşamaqdan qorxur və bir digər şiddətli vətəndaş müharibəsinə girməyin daha yaxşı olacağına inanırdılar. Rus ordusunun gücünü və təhsilini qiymətləndirən Çin səlahiyyətliləri isə onlardan 1500 nəfərlik döyüşə hazır bir hərbi vahid yaratdılar.

Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, Sovet İttifaqının bu bölgə ilə sərhədləri olduğundan hadisələrə cavabsız qala bilməzdi. Bolşeviklərin, xüsusən zülmə məruz qalan müsəlmanlar arasındakı inqilabi hərəkata rəğbət bəsləməsi, həmçinin müsəlmanların düşmənlərinin həm də Sovet İttifaqına düşmən olan Ağ Qvardiya olması Moskva üsyançıları dəstəkləməyə şövq edirdi. Lakin praqmatik yanaşmalar üstünlük təşkil etdi, çünki Çinə qarşı mübarizə aparmaq Sovet İttifaqı üçün təhlükəli idi. Eyni zamanda, uyğur türklərinin millətçi tələbləri Moskvanın xoşuna gəlmədi. Bəzi üsyançıların fanatik dini düşüncələri də Moskvanı qorxutdu. Buna görə, müxalif qruplara qarşı mübarizə aparan yerli hərbi feodal sistemi dəstəkləməyə və Sincanda hərbi rəhbərliyə kömək etməyə qərar verdi. Hər iki tərəf yay aylarında sərhəd bölgələrində ortaq bir əməliyyat təşkil etdi.

Bununla birlikdə, yerli əhalinin dəstəyinə güvənən (təkcə 12%-i çinli idi) üsyançılar qüvvələrini gücləndirdilər. İş o yerə çatdı ki, 1933-cü ilin yanvarında Sincanın paytaxtı Urumçiyə doğru hərəkət etdilər və 21 fevralda ağ rusların dəstəklədiyi, hökumət qüvvələrinin müdafiə etdiyi şəhəri ələ keçirmək üçün hücuma başladılar. Şahidlər müharibədə hər iki tərəfinin də hədsiz dərəcədə şiddət nümayiş etdirdiyini qeyd edirlər. Edamlar çox yayılmışdı və təxminən 6000 mülki şəxs öldürülmüşdü. Üsyançılar şəhəri ələ keçirə bilməsələr də, üsyan bölgəyə yayıldı və anarxiya hakim oldu. Qazaxlar və qırğızlar da üsyan etdilər, ancaq ittifaqın iki vacib tərəfi olan türk qrupları ilə donqquanlar arasında qarşıdurma başladığı meydana çıxdı. Uzlaşma əvəzinə, anlaşmazlıq davam edirdi.

Əlbəttə ki, bu gün Yaxın Şərqdə və dünyada baş verən bəzi hadisələrlə yuxarıda qeyd etdiyimiz hadisələr arasında birbaşa müqayisə aparmaq yersiz olardı, ancaq oxşar olduqlarına dair müəyyən işarələr də var.

Sincanda vəziyyətin pisləşməsi Sovet İttifaqının təhlükəsizliyi üçün ciddi bir təhlükə doğururdu. Bununla da Sovet rəhbərliyi yapon ordusundan qaçarkən 1931-ci ildə rus torpaqlarına girən və həbs edilən çinlilərdən ibarət könüllü ordunun Sincandakı qarşıdurmaya daxil olmasına şərait yaratdı. 12 aprel 1933-cü ildə Ağ Qvardiyaçılar Sincanda Çen Şuzeni qaçmağa məcbur edən bir çevriliş etdilər. Yeni hərbi rəhbər Şin Şikai Sovet İttifaqından olan məsləhətçilərin tövsiyəsi ilə bölgədəki bütün etnik qruplara bərabər hüquqlar verdi. Şinkai Ağ Qvardiyanın dəstəyi və Sovet İttifaqının köməyi ilə bölgəni idarə etmək üçün Çin qüvvələrinə güvənirdi.

Ancaq Şin Şikai ilə Çin mərkəzi hökuməti arasında mübahisələrin baş verməsi mərkəzi hökumətin General Ma Çonyinin komandanlığı altında 36-cı Donqquan Alayını bölgəyə göndərməsinə səbəb oldu. General 12 yanvar 1934-cü ildə Ağ Qvardiyaçılar və Çin qoşunları tərəfindən müdafiə olunan Urumçini mühasirəyə aldı. Lakin ruslardan ibarət Altay Ordusu qoşunlarının paytaxt yaxınlığında qəfil meydana çıxmasından sonra vəziyyət gözlənilməz şəkildə qarışmağa başladı. Altay Ordusu əvvəllər bu bölgədə görünməmiş tanklar, toplar və hətta təyyarələrlə silahlanmışdı. Buna görə də 36-cı Donqquan Korpusu Urumçi mühasirəsini qaldıraraq Altay Ordusunu dayandırmaq üçün hərəkətə keçdi. Lakin müharibədə məğlub oldu.

Altay ordusu da əsləndə SSRİ-nin ordusu idi və Sovet İttifaqının müdaxiləsini pərdələmək üçün Ağ Qvardiya formasını geyən Qırmızı Ordu döyüşçülərindən təşkil edilmişdi. Ancaq maraqlısı budur ki, Rusiyada vətəndaş müharibəsində iştirak etməyən və əlləri qana bulaşmayan Ağ Qvardiyaçılar və onların uşaqları da bu ordunun Çindəki qoşunlarına qoşuldular. Zirehli və topçu maşınları tərəfindən dəstəklənən Ağ Qvardiya formasında 1000 nəfərlik süvari alayı istisna olmaqla, Ağ Ordu ilə çiyin-çiyinə vuruşan Qırmızı Ordu hissələrinin əksəriyyəti vətənlərinə qayıda bilmişdi. Bölgədə yalnız bir neçə rus hərbi məsləhətçi qaldı. Onların arasında daha sonra məşhur marşal olmuş və iki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş Pavel Rıbalko da var idi.

1937-ci ildə Sincanda vəziyyət pisləşdiyi üçün Sovet İttifaqı yenidən Ağ Qvardiyadan istifadə edərək buraya vahid siyasi idarədən qüvvələr (Dövlət Təhlükəsizliyi Komitəsi, əks-inqilab və sabotaj üzrə Ümumrusiya Fövqəladə Komissiyasının varisi olan “Çeka”) göndərdi. Sözügedən qüvvələr 1938-ci ilin yanvarına qədər orada qaldı.

Beləliklə, Sovet İttifaqı o dövrdəki bolşeviklərin ideoloji iddialarının əksinə olaraq, Çində hökm sürən hərbi-feodal rejimə Türküstandakı milli azadlıq hərəkatlarını yatırmağa kömək etmişdi. Qırmızı Ordu qoşunları bolşeviklərin ən pis düşməni olan Ağ Ordu ilə birgə mübarizə aparırdı. Ağ Ordu Moskvadan silah və maddi yardım alırdı. İki ordu ölkələrinin ortaq milli maraqları naminə misilsiz şəkildə əməkdaşlıq etməyi qəbul etmişdilər. Bu gün Rusiyanın Yaxın Şərqdəki bəzi tərəfdaşları arasında tez-tez deyildiyi kimi, bu, onlar üçün “vətənpərvərlik prinsipi” əsas idi. Lakin təəssüf ki, bu əməkdaşlığın başlanmasına 1930-cu illərin sonlarında Böyük Təmizləmə (Böyük Terror) Hərəkatı zamanı mane oldular. Maraqlısı odur ki, Sincandakı əməliyyat komandiri və daha sonra Daxili İşlər Xalq Komissarlığının müavini və Böyük Təmizləmə Hərəkatının əsas təşkilatçılarından biri kimi təyin olunan Nikolay Podvoiski də sonradan bu hərəkatın qurbanı oldu.

1930-cu ildən etibarən Sovet İttifaqının Urumçidəki konsulu İlya Zlatkin oradakı əməliyyatların aparılmasında fəal rol oynayıb. 1898-ci ildə anadan olmuş, 1915-ci ildən bəri partiya üzvü olan, 1917-ci il inqilabının fəal iştirakçısı, diplomat və monqolşünaslıq üzrə mütəxəssis olan bu keçmiş bolşevik həm də təcrübəli bir əsgər idi. Yerli Monqol Kereyit (Turqut) tayfalarının da etibarını qazanmışdı. Bu sayəsdə Kereyit tayfaları Şin Şikai ilə müharibəyə qoşulmuşdu. Zlatkindən söz düşmüşkən, o, uzun həyat yolunun son 10 ilində Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi kimi də çalışmışdı.

Moskvanın Sincandakı münaqişədə birbaşa hərbi iştirakı və sabitləşmə prosesinə nəzarəti 1940-cı illərin sonlarına qədər davam edib. Bundan sonra bu bölgəyə nəzarət Çindəki vətəndaş müharibəsinin qalibi olan yerli tərəfə verildi. Moskva Sovet nəzarəti altındakı iki qonşu dövlətlərin - Mancuriya və Şərqi Türküstan respublikalarının yaradılması prosesinə mane olurdu. Bunun əvəzinə, yaranma mərhələsində olan Çin Xalq Respublikasının ərazi bütövlüyünü dəstəkləməyə qərar verdi.

Lakin, görünür, Sincandakı bu önəmli tarixi faktlar hələ hər kəs tərəfindən tam başa düşülməyib.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar